Məhkəmə qərarları › İş №2-1(112)-5381/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5381/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5381/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) “pasport qeydiyyatına alınma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı1 Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) “pasport qeydiyyatına alınma” iddia tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, yeni massiv, 1- ci küçə, 44 ünvanına qeydiyyata alınması vəzifəsinin Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1, X5 və X6 ünvan 3 ünvanında 2000-ci il tarixdən bir ailə olaraq yaşayırlar. Onların 2000-ci il tarixdən indiyə kimi, ünvan 3 ünvanında yaşamadıqlarını nəzərə alaraq hesab edirlər ki, onlar həmin evə pasport qeydiyyatına alınmalıdırlar. Bu məqsədlə onlr ərizə ilə Qaradağ Rayon Polis İdarəsinin pasport qeydiyyat şöbəsinə müraciət etmişdir. Qaradağ Rayon Polis İdarəsindən xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilir ki, ünvan 3 ünvanına qeydiyyata alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin təqdim olunması vacibdir. Lakin həmin evin sənədləri olmadığına görə həmin ünvana qeydiyyata alınmaqları cavabdeh orqanın imkanı xaricindədir. Onlar cavabdeh orqanın imtinasını əsassız hesab edirlər. Çünki onlar 2000-ci il tarixdən indiyə kimi ünvan 3 ünvanında yerləşən evdə yaşayırlar. Belə olan halda hesab edirlər ki, yaşadıqları yer üzrə qeydiyyata alınmalıdırlar. Hesab edirlər ki, məhkəmə qərarı ilə cavabdeh Qaradağ Rayon Polis İdarəsinin üzərinə onlarin, İddiaçı1 , X5 və X3 Qaradağ rayonu, Qaradağ qəsəbəsi, Natavan küçəsi, ev 4 ünvanına qeydiyyata alınması barədə öhdəliyi qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5381/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə prosesində iştirak edən iddiaçı iddianı müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir. Şifahi məhkəmə prosesində iştirak edən üçüncü şəxs iddiaçıların ona məxsus ünvana qeydiyyata alınmlarına etiraz etmədiyini bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli imtina məktubu; - İddiaçılara məxsus şəxsiyyət vəsiqələrinin surətləri; - Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ümid qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli Arayışı; - Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 81 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamının surəti; - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli məktub və ona əlavə edilmiş sənəd; - üçüncü şəxs X1 razılıq ərizəsi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslıdır və təmin edilməlidir. İşin hallarından görünür ki, iddiaçılar faktiki olaraq nənələri X4 ilə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, yeni massiv, 1- ci küçə, 44 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. İddiaçılar faktiki yaşadıqları yer üzrə qeydiyyata alınmasını istədiyindən, faktiki yaşadığı yer üzrə qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsələr də, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilən sənədlərin təqdim olunduğu təqdirdə, yaşayış yeri üzrə qeydiyyata alınmanın mümkün olduğu bildirilmişdir. Məhkəmə qeyd edir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan yaşayış evinin tikintisi üçün Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 81 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamı ilə X2 torpaq sahəsi ayrılmışdır. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ümid qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli Arayışına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, yeni massiv, 1- ci küçə, 44 ünvanında müvəqqəti qeydiyyatdadırlar. Məhkəmə iclasında iştirak edən X4 məhkəməyə ərizə təqdim edərək, nəvələri İddiaçı1, İddiaçı2 və İddiaçı3 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, yeni massiv, 1- ci küçə, 44 ünvanında yerləşən evə qeydiyyata alınmalarına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin birneçə yaşayış yeri ola bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. - 5-ci maddəsinə əsasən Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları “ünvan üzrə” qeydiyyatını deyil, “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat”ı nəzərdə tutur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədləri üçün qanunverici “şəxsin yaşayış yeri” anlayışını həmin Qanunun özündə təsbit etmişdir. Qanunun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Yuxarıda sadalanan qanunvericiliyin normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, qanunvericilik şəxsin “ünvan üzrə” qeydiyyatını deyil, “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat”ı nəzərdə tutduğundan, həmçinin iddiaçıların qeyd edilən ünvan üzrə qeydiyyata alınmasına əsas verən sənəd (Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 81 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamı) və üçüncü şəxsin iddiaçıların həmin ünvana qeydiyyata alınmalarına dair razılığı mövcud olduğundan iddiaçıların hal-hazırda faktiki qeydiyyatsız yaşadıqları ünvana qeydiyyata alınmaları vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair iddiaları təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, yeni massiv, 1- ci küçə, 44 ünvanında yerləşən yaşayış sahəsi üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, yeni massiv, 1- ci küçə, 44 ünvanında yerləşən yaşayış sahəsi üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar