Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5381/2024 10.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 10 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 1.11.1958-ci il təvəllüdlüdür. İddiaçıya 1.11.2023-cü il tarixindən 372,41 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2023cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 30473,22 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyanın məbləğində (372,41 manat) dəyişiklik olmamışdır. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 5.12.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “.. təqdim etdiyiniz sənədlərin surətinə əsasən əmək fəaliyyəti dövləriniz, o cümlədən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajınız 21 il 6 ay 23 gün olduğu halda, sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək (işdən çıxma əmri qeyd olunmayıb) və xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək (işə daxilolma və işdən çıxma əmrləri, tarixləri qeyd olunmayıb) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Eyni zamanda sözügedən dövrlər üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrlərin sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanlara əsasən bildiririk ki, yaşa görə əmək pensiyanızın məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Respublika üzrə Avtoərzaq nəqliyyat birliyində texniki təchizat şöbəsinin rəisi, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" şirkətinin direktoru vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Respublika üzrə Avtoərzaq istehsalat birliyində texniki təchizat şöbəsinin rəisi, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "FİTS” şirkətinin direktoru vəzifəsində işləmişdir. Lakin cavabdeh tərəfindən pensiya hesablanarkən həmin dövrlər nəzərə alınmamışdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd olunması xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazı edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən 5.12.2023-cü il tarixli məktubla imtina etmiş, lakin həmin məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair sübut olomadığından və iddiaçı 9.01.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən iddia müddətinə əməl edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən iddiaçının 1.11.2023-cü il tarixindən 372,41 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı bununla razılaşmayaraq əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 30473,22 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyanın məbləğində (372,41 manat) dəyişiklik olmamışdır. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini təmin etmək imtina edərkən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək (işdən çıxma əmri qeyd olunmayıb) və xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək (işə daxilolma və işdən çıxma əmrləri, tarixləri qeyd olunmayıb) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığına istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız, cavabdehin imtinası əsaslıdır. Belə ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı tələbin faktiki əsasını onun, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Respublika üzrə Avtoərzaq nəqliyyat birliyində texniki təchizat şöbəsinin rəisi, xx.xx.1997ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" şirkətinin direktoru vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Hazırkı işin hallarında müəyyən edilir ki, cavabdeh iddiaçınının əmək kitabşasında olan xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Respublika üzrə Avtoərzaq nəqliyyat birliyində texniki təchizat şöbəsinin rəisi, xx.xx.1997ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" şirkətinin direktoru vəzifəsində işlədiyi illərlə bağlı qeydlərin mötəbərliliyini mübahisələndirir. İddiaçının əmək kitabçasına baxış keçirdikdə onun xx.xx.1997-ci il tarixində işdən çıxma əmri, xx.xx.1997-ci il tarixində işə qəbul, həmçinin xx.xx.2002-ci il tarixində işdən çıxma əmrlərinin qeyd edilmədiyi müəyyən edilir. Eyni zamanda məhkəmə araşdırması zamanı sözügedən müəssisələrin həmin dövrlərdə mövcud olub-olmamasını müəyyən etmək üçün aidiyyəti orqanlara sorğular verilmişdir. Belə ki: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 19 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Avtoərzaq istehsalat birliyi və "xxxx" şirkəti barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 22 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, qeyri-kommersiya qurumlarının dövlət reyestrində adı çəkilən təşkilatlar barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinni 24 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Azərbaycan Respublikası Respublika üzrə Avtoərzaq istehsalat birliyinə və "xxxx" şirkətinə dair məlumat mövcud deyildir. "xxxx" firması 05 avqust 1997-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 22 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Respublika üzrə Avtoərzaq istehsalat birliyinin və "xxxx" şirkətinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 10 may 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, "xxxx" Firması (VÖEN **********) xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və hüquqi ünvanı ünvan 1sının ad dəyişikliyi və hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Dövlət reyestrində X3 adlı kommersiya qurumu aşkar edilməmiş, lakin xx.xx.1994-cü il tarixdə KOL-159 nömrə ilə dövlət qeydiyyatına alınmış "Avtoərzaqnəqliyyat" X2 aşkar edilmişdir. “Avtoərzaq nəqliyyat” X1 ad dəyişikliyi və hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Təqdim edilən sənədlərdən görünür ki, “Fits" Firması xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış, 05 avqust 1997-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Lakin iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən xx.xx.1997-ci il tarixdə "xxxx" şirkətinə direktor təyin edilməsi qeyd edilmişdir. Göründüyü kimi, hüquqi şəxs yaranmadığı halda, firmanın yaranmasından əvvəlki tarixə iddiaçının faktiki olaraq mövcud olmayan şirkətə direktor təyin edilməsinə dair nömrəsiz əmr verilmişdir. Ona görə də, cavabdeh iddiaçıya pensiya təyin edərkən həmin şirkətdə olan dövrləri nəzərə almamaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Respublika üzrə Avtoərzaq nəqliyyat birliyində texniki təchizat şöbəsində olan staja gəldikdə isə, məhkəmə qeyd edir ki, əmək kitabçasında göründüyü kimi, iddiaçının həmin müəssidədə işdən çıxması barədə əmrin nömrəsi qeyd edilməmişdir. Əmək kitabçasındakı sıralamaya görə, həmin qeyd isə, mötəbər olmayan "xxxx" şirkətindəki qeyddən əvvəl gəlir. Həmin müəssidə dövrü nəzərə alınsa belə, Qanunun 22.-1.1-ci maddəsi nəzərə alınaraq iddiaçının sığorta stajı 25 ilə çatdırılmışdır. Göründüyü kimi iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Respublika üzrə Avtoərzaq nəqliyyat birliyində texniki təchizat şöbəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" şirkətində işləməsinə dair əmək kitabçasında aparılmış qeydlər qanunvericiliyin tələblərinə uyğun doldurulmayaraq əmrlər qeyd edilməmiş və məhkəmə araşdırması zamanı həmin qeydlərin mötəbərliliyi öz təsdiqini tapmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsassız olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5381/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5381/2024
10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver