Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5382/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərimin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 20 ildən çox AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, 2018-ci ilin fevral ayından xx.xx.2023-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında intensiv terapiya bölməsinin baş ordinatoru vəzifəsində xidmət etmiş, AR Müdafiə Nazirinin müvafiq əmrinə əsasən “polkovnik-leytenant” hərbi rütbəsində ehtiyata buraxılmışdır. İddiaçı baş ordinator vəzifəsində xidmət edərkən 44 günlük Vətən müharibəsində iştirak etmişdir. Belə ki, iddiaçı AR Müdafiə Nazirliyi Tibbi Baş İdarəsinin 489 №-li, xx.xx.2020-ci il tarixli teleqramı əsasında Silahlı Qüvvələrin Baş Klinik Hospitalı rəisinin müvafiq əmri ilə cəbhə zonasında yerləşən N №-li hərbi hissəyə ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissədən isə N №-li hərbi hissəyə (Sarıcallı hərbi hospitalına) ezam olunmuşdur. Ezamiyyət müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Ezamiyyət vaxtı iddiaçının vəzifəsi Ağdam rayonu, Tərtər rayonu, Ağdərə rayonu istiqamətlərində gedən döyüşlərdə yaralanmış hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsindən, reanimasiya tədbirlərindən, cərrahiyyə əməliyyatlarında və ondan sonrakı müalicəsində iştirak etməkdən ibarət olmuşdur. Lakin iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi barədə qərar qəbul edilməsi xahişi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə və AR Müdafiə Nazirliyi Aparatı nəzdində yaradılmış müvafiq komissiyaya müraciət etmişdir. Lakin müraciətlər bu günə qədər cavabsız və nəticəsiz qalmışdır. İddiaçı müraciətlərin cavablandırılmasını imtina kimi qiymətləndirir və hesab edir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlər adıçəkilən komissiya tərəfindən AR Nazirlər Kabinetinə göndərilməlidir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd edilir ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 277 nömrəli əmrindən çıxarışda İddiaçı hərbi hissənin siyahısına daxil edildiyi və xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin siyahısından çıxarıldığı qeyd edilmişdir. Bundan başqa inzibati iş materialında olan iddia ərizəsində və hərbi hissə komandirinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli aktın surətində görünür ki, 44 günlük vətən müharibəsi zamanı N nömrəli hərbi hissəyə ezam edilmiş İddiaçı Ağdam rayonu, Tərtər rayonu Suqovuşan qəsəbəsi, çaylı kəndi və Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə yaralanmış yaralıların ilkin tibbi yardımın göstərilməsindən, cərrahi əməliyyatlarında, reanimasiya tədbirlərindən və ondan sonrakı müalicəsində iştirak etdiyi qeyd edilmişdir. İş materialına əlavə edilmiş sənədlərdən də göründüyü kimi İddiaçı Ağcabədi rayonu Sarıcalı kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuş və Ağdam rayonu, Tərtər rayonu Suqovuşan qəsəbəsi, çaylı kəndi və Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə yaralanmış yaralıların ilkin tibbi yardımın göstərilməsindən, cərrahi əməliyyatlarında, reanimasiya tədbirlərindən və ondan sonrakı müalicəsində iştirak etmişdir. İddiaçı Vətən müharibəsi zamanı Ağcabədi rayonu Sarıcalı kəndi ərazisində yerləşən N nömrəli hərbi hissədə döyüş əməliyyatlarının tibbi təminat üzrə tapşırıqlarını yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci abzaslarına əsasən: - 10-cu abzas- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 11-ci abzas- 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. -2-ci bəndə əsasən bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən N hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteram” adı və vəsiqəsi verilir: 1) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteram” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan vəzifəsini icra etdiyi ərazi Ağcabədi rayonu Sarıcalı kəndində olmuşdur. Göründüyü kimi Ağcabədi rayonu Sarıcalı yaşayış məntəqəsi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının tibbi təminatları üzrə tapşırıqları verinə yetirmiş və tibbi təminat üzrə tapşırığı verinə yetirərkən Əsasnamənin 1ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən məlum olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17).
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan yazılı vəsatətdə qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsində inzibati işə baxılır. Müdafiə Nazirliyinin Hüquq İdarəsinə daxil olmuş Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli 3-25-2/2-5-109xx-xx/2024 nömrəli məktubundan görünür ki, İddiaçı“ müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün toplanmış sənədlərə komissiyanın iclasında baxılmış və müsbət qərar qəbul edilərək razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcəkdir. Hörmətli məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-cä hissəsinin 9cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteram, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə Müdafiə Nazirliyinin üzərinə qoyulmuş öhdəliklər Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən yerinə yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbinə əsasən: maddə 67.1: mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir; maddə 67.3: bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir; Odur ki, İddiaçı müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi ilə bağlı Müdafiə Nazirliyinin üzərinə qoyulmuş öhdəliklər yerinə yetirildiyindən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən Müdafiə Nazirinin Katibliyinə ünvanlanan məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı “Müharibə Veteran” adının və vəsiqəsinin verilməsi üçün göndərilən sənədləri Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış, müsbət qərar qəbul edilərək sənədləri razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcək.
6. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
7. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının tələbi faktiki olaraq təmin olunduğundan (İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün göndərilən sənədləri Komissiyada baxılmış və müsbət qərar qəbul edilərək sənədləri razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcəkdir) işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir.
8. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva