Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5384/2023 17.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X2, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X7, X9, X5 və X6) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X7, X9, X5 və X3 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən ümumi sahəsi 16.59 kv.m olan 1 saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları” barədə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən ümumi sahəsi 16.59 kv.m olan 1 saylı mənzil xx.xx.1986-cı il tarixdən etibarən Bakı İxtisaslaşdırılmış Avtomobil Zavodu tərəfindən verilmiş 218578 saylı orderə əsasən onun mülkiyyətindədir. X7, X9, X5 və X6 ilə heç bir bağlılığı yoxdur. Onların Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən ümumi sahəsi 16.59 kv.m olan 1 saylı mənzildə pasport qeydiyyatına düşməsindən xəbərsiz olmuşdur. X7, X9, X5 və X1 mənzildə pasport qeydiyyatında olmasına baxmayaraq həmin mənzildə heç vaxt yaşamamışlar. Belə ki, onların həmin mənzildə pasport qeydiyyatı yalnız formal xarakter daşıyır. Bundan başqa, X7, X9, X5 və X6 qeydiyyatda olması mülkiyyətçi kimi hüquqlarını pozur, əlavə kommunal xərclərin ödənilməsində çətinlik yaradır və əlavə xərclər çəkməli olur. Mənzili özəlləşdirə bilmir, o cümlədən qanunla müəyyən edilən hüquqlarını realizə edə bilmir. Sözügedən şəxslərin qeydiyyatdan çıxarılmaları üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla şəxslərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasından imtina etmişdir. Odur ki, cavabdeh tərəfindən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7, X9, X5 və X6 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. İddiaçı tərəfindən təqdim edilmiş Bakı Şəhər XDS-nin İcraiyyə Komitəsi tərəfindən verilmiş 218578 saylı xx.xx.1986-cı il tarixli orderin surətindən görünür ki, Zığ şossesi, ev 26 mənzil 1 ünvanında yerləşən 1 ci mərtəbə, 16.59 kv.m sahəsi olan 1 otaqlı yaşayış sahəsi İddiaçı verilmişdir. Üçüncü şəxs tərəfindən təqdim edilmiş yaşayış evinə dair 1988-ci il tarixli texniki pasportdan görünür ki, Zığ Şossesi ev 26 ünvanında ümumi sahəsi 79,9 kv.m, yaşayış sahəsi 43.6 kv.m olan yaşayış sahəsi yerləşir. Azərbacan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-03002/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, vətəndaşlara mənzillərə dair verilmiş orderlər Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməni sorğusuna cavab olaraq 3-52/2- 2566/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı Şəhər Xalq Deputatları Soveti tərəfindən verilən 1986-cı ilə dair orderləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-6503/2023 **********03 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, ünvan 1 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən X7, X9, X5 və X6 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-4715/2023 saylı xx.xx.2023cü il tarixli məktubla bildirilmişdir ki, X7, X9, X5 və X3 qeyd olunan ünvan 1 ünvanına qeydiyyata alınmasına və onalara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv eddiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-55/2-17649 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X9 xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyata alındığından həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. X7, X5 və X3 adına sənədləşən fərdi uçot kartoçkasının surəti təqdim edilmişdir. Mənzil-Kommunal Təsərrüfat Birliyi 27 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 404, 405, 406, 407 saylı xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, X7, X9, X5 və X6 ünvan 3 ünvanında qeydiyyatda olsalar da, orada yaşamırlar. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 495-d saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, 8 noyabr prospekti 26 saylı bina Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla 27 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət göstərdiyi binadır. MKİS-nin verdiyi məlumata əsasən 8 noyabr prospekti 26, mənzil 1 ünvanı dövlət mənzil fonduna aid özəlləşdirilməmiş mənzildir. Həmin mənzildə 1986-cı ildən hal-hazıradək X12 ailə üzvləri ilə birgə qeydiyyatda olmaqla yaşayırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 iddiaya etiraz edərək bildirmişdir ki, Bakı şəhəri Xətai rayonu Zığ Şossesi ev 26 ona məxsusdur, orada 1988-ci il tarixdən halhazıradək ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçını tanımır. Yaşadığı ev fərdi yaşayış evidir, çoxmənzilli bina deyil. Ünvanlar eyni olsa da, onun yaşadığı evin yaxınlığında çoxmənzilli bina, o cümlədən iddiaçının yaşadığı bina yerləşmir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs X9, X5 və X6 məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkün və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 101-423388 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:
1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən;
2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən;
3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə, ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;
4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə- məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı biri təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər.
III. Məhkəmənin mövqeyi
Məhkəmə tərəfindən müəyyən olunur ki, mənzilə dair iddiaçının mülkiyyət (sərəncam vermək) hüquqları dövlət qeydiyyatına alınmayıb, 26 saylı bina Xətai Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla 27 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət göstərdiyi binadır. MKİS-nin verdiyi məlumata əsasən 8 noyabr prospekti 26, mənzil 1 ünvanı dövlət mənzil fonduna aid özəlləşdirilməmiş mənzildir. Qeydiyyat ünvanları eyni göstərilsə də, əslində üçüncü şəxslərin yaşadığı yaşayış evi fərqli ünvanda yerləşən fərdi yaşayış evidir. İddiaçı və üçüncü şəxslərin yaşadıqları evlər müxtəlif olmaqla bərabər, hər birinin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslar da fərqlidir, belə ki, iddiaçı 218578 saylı xx.xx.1986-cı il tarixli order əsasında, üçüncü şəxslər isə 1988-ci il tarixli texniki pasport əsasında eyni ünvana yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Məhkəmə müəyyən etmişdir ki, qeyd edilən evlərin ünvanı eyni göstərilmiş olsa da, ayrı evlərdir və onlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur... Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş hüququn çox mühüm olduğunu bir daha xatırladır və hesab edir ki, həmin hüququn real və səmərəli həyata keçirilməsi sadəcə dövlətin müdaxilə etməmək üzrə öhdəliyindən asılı deyil, bu, həm də pozitiv müdafiə tədbirlərini tələb edə bilər. Pozitiv öhdəliklərin mövcud olub-olmadığını müəyyən edərkən cəmiyyətin ümumi marağı ilə fərdin maraqları arasında ədalətli tarazlığın gözlənilməsinə diqqət yetirilməlidir, bu tarazlığın axtarılması Konvensiyanın bütün mətni üçün səciyyəvidir. Bu öhdəlik, ərizəçinin dövlət orqanlarından gözlədiyi tədbirlərlə ərizəçinin öz mülkiyyətindən istifadə etməsi arasında birbaşa əlaqə olan hallarda qaçılmaz olaraq yaranır. (Avropa Məhkəməsinin Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı iş üzrə 18 iyun 2002-ci-ci il tarixli Qərarı, § 145) Məhkəmə nəzərə alır ki, qeyd edilən ünvanlar eyni ünvanlar deyil, mənzil və yaşayış evi olmaqla faktiki olaraq iki ayrı ünvan mövcuddur. Üçüncü şəxslər qeyd edilən ünvanda faktiki olaraq yaşayır və kommunal xidmətlərdən istifadə edir və iş üzrə cavabdeh qurumun hazırki imtinası qanunsuz deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova