Məhkəmə qərarları › İş №2-1(112)-5385/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5385/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5385/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinə qarşı «travma barədə arayışın verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinə qarşı «travma barədə arayışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 1956-cı ildə Bakıda doğulmuşdur. 1 mart 1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq üçün könüllü olaraq Azərbaycan Qarabağ könüllü müdafiə batalyonuna yazılmış və 1992-ci ilin iyul ayınadək döyüşlərdə iştirak etmişdir. İlk dəfə Azərbaycan-Qarabağ könüllü müdafiə batalyonunun şəxsi heyətinin tərkibində Şuşa şəhərində hərbi əməliyyatlarda iştirak etmişdir. Şuşanın Kosalar kəndində olarkən onlar mərmi atəşinə tutulmuşlar. Mərmilər onun çox yaxınlığından keçərkən nəfəs almağı çətinləşmiş və o, boğularaq yerə yıxılmışdır. Yoldaşları ona yaxınlaşanda huşunu itirmişmiş, nəfəs almağı çox çətinləşmişdir. Orada göstərilən ilk tibbi yardımın ona köməyi olmamışdır. Döyüş dostları onun nəfəs almağını asanlaşdırmağa çalışsalar da alınmamışdır. Buna görə də batalyon komandiri ona göndəriş verərək müalicə üçün Bakıya göndərmişdir. O, Bakıda hazırkı C.Məmmədquluzadə küçəsində yerləşən hərbi qospitala getmişdir. Orada yer çatmadığına görə yaralı xəstələr olan çarpayılar dəhləzlərdə qoyulmuşdur. O, xəstəxanada yer tutmamaq üçün anasının evində həkim bacısının köməyi ilə müalicəyə başlamışdır. Evdə qismən müalicədən sonra, boğulma azalan kimi döyüş bölgəsinə, yoldaşlarının yanına qayıtmışdır. Sonralar Laçında, Turşsuda, Ağdamda erməni quldur dəstələrinin irəliləməsinin qabağını almaq üçün döyüşmüşdür. 1992-ci il iyul ayının ortalarında nəfəs almağı daha da pisləşmişdir. Bu səbəbdən də o, döyüşlərdə iştirakını dayandırmalı olmuşdur. 1992-ci ildə döyüş bölgəsindən Bakıda müalicə üçün göndərilərkən hərbi qospitalda müavinə olunmadığına görə indi hərbi həkim komissiyasına təqdim etmək üçün arayışı yoxdur. Bu səbəbdən də iddiaçı hərbi əlil olduğunu sübut edə bilmir. Halbuki, onun qan qusmağı və boğulmağı döyüş yoldaşlarının yanında olmuşdur. İndiki boğulmalarına səbəbin, yəni həkim komissiyasının (2013 və 2021-ci illərdə) təsdiq etdiyi xəstəliyinin, 1992-ci ildə döyüş bölgəsində aldığı xəsarət olduğunu sübut etmək üçün yuxarıda qeyd edilənləri və şahidlərin təsdiqini nəzərə alaraq, məhkəmədən xəsarətin hərbi travma nəticəsində yaranmış xəstəliyin “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” arayışının verilməsi haqqında qərar qəbul edilməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxiul olmamışdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. O, bildirdi ki, iddia qaldırmamışdan əvvəl cavabdehə yazılı müraciəti olmamışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Həmin Əsasnamənin 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. Həmin Əsasnamənin 7.3-cü bəndinə görə hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı işin aşağıdakı xüsusatlarını diqqətə çəkir: - iddiaçının verilməsini tələb etdiyi arayışın tərtibi hazırkı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin deyil, onun xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatın, hərbi müəssisənin, digər qoşun və ya orqanın rəhbərinin səlahiyyəti daxilindədir; - iddiaçı hazırkı iddianı qaldırmamışdan əvvəl tələbində göstərilən məsələ, yəni ona travma haqqında arayış verilməsi ilə bağlı cavabdehə müraciət etməmişdr. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar