Məhkəmə qərarları › İş №2-1(112)-5389/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5389/2021

24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5389/2021 24.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinə qarşı “məktubun ləğv edilməsi, araşdırılmanın aparılaraq müvafiq qərarın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehin 23 fevral 2021-ci il tarixli, **********5 nömrəli məktubunun qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, ödənilməmiş əmək haqqının ödənilməsi, əmək haqqı kartının poçt və ya hər hansı digər vasitə ilə ona təqdim edilməsi barədə araşdırma aparılaraq nəticəsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 8 nömrəli Bakı Peşə Liseyində (bundan sonra - Lisey) işləyir. Əmək haqqı kartının müddəti bitdiyindən Lisey tərəfindən onun adına yeni kart alınmışdır. Lakin “Covid-19” pandemiyasına görə risk qrupuna daxil olduğu üçün İddiaçı onun adına alınmış yeni əmək haqqı kartını Liseydən götürə bilməmişdir. Bu səbəbdən o, 2020-ci ilin noyabr ayından həmin karta köçürülmüş əmək haqqını ala bilmir. Liseyə müraciət edərək əmək haqqı kartının ona poçt vasitəsi ilə xəbərnaməli məktubla göndərilməsini xahiş etmişdir. Lakin ona bunun mümkün olmadığı bildirilmişdir. İddiaçı 12.09.2020-ci il tarixdən 07.01.2020-ci il tarixədək dərs hissə müdiri vəzifəsində işləmişdir. 07.01.2020-ci il tarixdə vəzifəsi ixtisara düşdüyü üçün əmək müqaviləsinə müvafiq dəyişikliklər edilərək müəllim vəzifəsinə keçirilmişdir. Lakin ona dərs hissə müdiri vəzifəsi üzrə son haqq-hesab ödənilməmişdir. Bununla bağlı Lisey rəhbərliyinə ikinci dəfə müraciət etmişdir, lakin nəticəsi olmamışdır. Hüquqlarının pozulduğunu hesab edən İddiaçı əmək haqqının ödənilməsi istiqamətində lazımi tədbirlərin görülməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, Nazirlik isə öz növbəsində ərizəni aidiyyəti üzrə Cavabdehə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün .hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən aydın olur ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı 19.01.2021-ci il tarixdə 8 nömrəli Bakı Peşə Liseyinin onun əmək hüquqlarını pozması (əmək haqqının ödənilməməsi) ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə müraciət etmişdir. Həmin müraciətə Cavabdeh qurumda baxılmış, 23 fevral 2021-ci il tarixli, **********5 nömrəli məktubla bu müraciət cavablandırılmışdır. Cavab məktubunda bildirilmişdir ki, 8 nömrəli Bakı Peşə Liseyinin təqdim ediyi məktub və sənədlərə əsasən İddiaçı hazırda Liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində çalışır, əmək müqaviləsinə xitam verilməmişdir və 14 yanvar 2020-ci il tarixdən Liseyə getmir. Liseyin rəhbərliyi tərəfindən İddiaçıya əmək haqqı kartının ona verilməsi üçün iştirakının zəruri olması və imzası ilə təsdiq edildikdən sonra təqdim olunacağı barədə dəfələrlə yazılı və şifahi məlumat verilmişdir. Habelə yuxarıda qeyd edilən məktubda əmək haqqı kartının alınması və işçiyə təqdim olunması işəgötürənin səlahiyyətinə aid olduğu üçün, müraciətdəki əmək haqqı kartının ona poçt vasitəsi ilə göndərilməsinə dair tələbi ilə bağlı məsələnin Cavabdehin səlahiyyətlərinə aid olmadığı bildirilmiş, İddiaçıya aidiyyəti üzrə Liseyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, hazırda yaranmış mübahisə iddiaçının işəgötürən tərəfindən əməyinin ödənilməməsi ilə bağlı yaranmış, iddiaçının istinad etdiyi əsaslara görə səbəb kimi əmək haqqı kartını alması üçün şəxsən iş yerinə getməməsi, işəgötürənin isə poçt vasitəsilə kartı İddiaçıya təqdim etməməsidir. Göründüyü kimi, hazırkı mübahisə işçi ilə işəgötürən arasında yaranmışdır ki, iddiaçı əmək hüquq münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədar mülki mühakimə icraatı qaydasında işəgötürənə qarşı ümumi məhkəmədə iddia qaldırmaqla mübahisənin həllinə nail olmaq əvəzinə inzibati orqana qarşı iddia qaldırmışdır. Lakin həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Yuxarıda qeyd olunduğu kimi hazırda iddiaçının hüquqi marağı ona əmək haqqının ödənilməsinə yönəlmişdir ki, bu tələbə cavab verməli olan subyekt Cavabdeh deyil, İddiaçının işlədiyi müəssisədir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi həmin Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə (əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi və sair) bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar