Məhkəmə qərarları › İş №2-1(112)-5389/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5389/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5389/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə (əvvəlki adı Cavabdeh ASC) (Mənzil Kommunal Təsərrüfatı Departamenti, Suraxanı Rayon İcra Hakimiyyəti, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi) qarşı “su təchizatı sisteminin balansa qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh ASC-yə qarşı “su təchizatı sisteminin balansa qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə verilmiş ünvan 1 ünvanda yerləşən çoxmənzilli yaşayış binasının su təchizatı sisteminin (nasosxana, su və kanalizasiya xətləri) balansa qəbul edilməsi öhdəliyinin cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə (əvvəlki adı Cavabdeh ASC) həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Zığ şossesi 21 b ünvanda yerləşən yaşayış binası qəza nəticəsində yaşayış üçün yararsız vəziyyətə düşməsi ilə əlaqədar sökülmüş, qısa müddətdə İdris Süleymanov küçəsi 1 C ünvanda çoxmərtəbəli yaşayış binası inşa edilərək bina sakinlərinin istifadəsinə verilmişdir. Binada qaz, işıq və istilik sistemləri müvafiq qurumların balansına verilsə də, uzun müddətdir ki, binanın nasosxanası, su və kanalizasiya xətləri cavabdeh tərəfindən balansa qəbul edilməmişdir. Bina Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında tikildiyindən digər qurumlar tərəfindən heç bir maneə olmadan balansa qəbul edilmişdir. Balansa qəbul edilməmə səsəbindən sakinlər tərəfindən hər kub metr su sərfiyyatı üçün 1 m hesabı ilə hər ay ödənildiyi halda, əlavə olaraq nasosxanada istifadə edilən elektrik enerjisinə görə də "xxxx" ASC tərəfindən borcun yaranması barədə bina sakinlərin xəbərdarlıq edilir və pulun ödənilməsi tələb edilir. Ödəniş edilmədiyi təqdirdə elektrik enerji təchizatının dayandırılacağı bildirilir. Kollektiv müraciətdən sonra suyun verilməsi müvəqqəti bərpa olunsa da, sonradan nasosxananın elektrik mühərrikləri cavabdeh tərəfindən təmir adı ilə aparılmış, qaytarılmamışdır. Nasosxanaya verilən elektrik enerjiosi təchizatı da "xxxx" ASC tərəfindən dayandırılmış bərpa edilməmiş, bina sakinləri üçün su problemləri yaranmışdır. Əvvəllər binanın su hovuzlarından istifadə etməklə mənzillərə 24 saaat şəbəkə suyu verilsə də, balansa qəbul edilməmə səbəblərindən hazırda sutka ilə suyun verilmədiyi hallar olur. Nasosxana işləmədiyindən balansa qəbul edilmə barədə müraciət edilmiş, borc ödənildikdən sonra əmlakın balansa qəbul ediləcəyi bildirilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı və üçüncü şəxslərə su sisteminin balansa verilməsi məsələsinə Nazirlər Kabinetinin müvafiq qərarı və Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi verildiyi halda baxıla bilməsi bildirilmişdir. İddianın əsasını dövlət mülkiyyətində olan əmlak təşkil edir. Sonuncu orqan tərəfindən məktubda Dövlət Proqramının tələblərinə əsasən dövlət əmlakının registrindən çıxarış olmadan müəssisə və təşkilatların tabeliyindən asılı olmayaraq dövlət mülkiyyətində olan daşınmaz əmlakın yol verilməsi izah edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının subyektiv hüququnun mövcudluğuna münasibətdə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər hazırkı inzibati mübahisə dövlət əmlakının bir balansdan digər balansa qəbul edilməsi ilə əlaqədar olsa da, nə qədər ki, Bakı İnzibati Məhkəməsinin hazırkı mübahisənin həlli ilə əlaqədar üçüncü şəxs və cavabdehə üst qurum vasitəsi ilə həll edilməsinə dair mövqe bildirilmiş və iddia qeyri mümkün sayılmışdır ki, həmin binanın sakini kimi balansdan balansa verilmədən imtinanın istər faktiki, istərsə də hüquqi baxımından marağında olan iddiaçı tərəfindən hazırkı iddia subyektiv hüquq baxımından mümkünlük şərtini ödəməkdədir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi balans mənsubiyyətinin dəyişdirilməməsi sudan istifadə, eləcə də borcun tələb edilməsi kimi iddiaçının hüquqi marağı çərçivəsində qiymətləndirilməli olan vəziyyətə gətirib çıxarmışdır. Bu zaman binanın sakinlərinin kollektiv müraciəti necə inzibati icraat haqqında qanunvericilik çərçivəsində qiymətləndirilir və inzibati icraatın yoxlanılmasına dair inzibati məhkəmə icraatında işə mahiyyəti üzrə baxıla bilirsə, məhkəmə hesab edir ki, kollektiv müraciət tərəfindən hər hansı birinin, indiki halda iddiaçının da hazırkı mübahisə üzrə iddia qaldırılması mümkünlük baxımından istisna edilməməlidir. Belə ki, iddiaçı balansdan balansa əmlakın verilməməsi ilə əlaqədar sudan istifadə və borcun tələb edilməsinə münasibətdə məhdudiyyətlərlə üzləşdiyini iddia edir ki, məhkəmə həmin məhdudiyyətlərin mövcudluğunu istisna etmir, lakin həmin istisna olunmamanın qanuni olub-olmamasına qiymət verilməsini zəruri hesab edir ki, bu baxımından da həmin məhdudiyyətin cavabdehin qanunvericiliyin tələblərinə uyğun olan davranışından irəli gəlib-gəlməməsinin qiymətləndirilməsi hazırkı işə mahiyyəti üzrə baxılmasını tələb edir. Odur ki, hazırkı iddia mümkün iddiadır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, binanın su nasosxanasının enerjisinə görə debitor borc yaranmışdır. Borc ödənilməyəyi təqdirdə elektrik enerjisi təchizatı dayandırılacaqdır. Cavabdehin 18 sentyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət əmlakının bir təşkilatın balansından digərinin balansına verilməsi balanssaxlayıcı təşkilatın müraciəti əsasında hər iki təşkilatın razılaşdırılmış layihəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi əsasında Nazirlər Kabinetinin Sərəncamı əsasında icra edilir. Balansa qəbul ilə əlaqədar qurğu və avadanlıqların layihə-smeta sənədləri, təsdiq olunmuş texniki və iqtisadi göstəricilərini əks etdirən sənədlər təqdim edilməlidir. Cavabdehin 27 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirlər Kabinetinin 345 s Sərəncamı 21 dekabr 2012-ci il tarixədək mövcud olan əsas vəsaitlərin balansa qəbul edilməsi ilə əlaqədardır. Həmin sərəncam 21 dekabr 2012-ci il tarixdən sonra balansa qəbul edilmiş əsas vəsaitlərin balansa qəbul edilməsinə şamil edilmir. Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli 345 S saylı Sərəncamında qeyd edilmişdir ki, Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri cavabdehin balansına verilməlidir. Suraxanı Rayon İcra Hakimiyyətinin 04 iyul 2016-cı il tarixli cavabdehə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 03 sentyabr 2013-cü il tarixli sərəncamı ilə inşa edilmiş yaşayış binasının su anbarının nasosxananın balansa götürülməsi və xidmətlərin göstərilməsi xahiş edilir. Birliyin Suraxanı rayon Sukanal İdarəsinə ünvanlanmış 27 iyul 2015-ci il tarixli məktubdan görünür ki, məktub, sınaq aktı, qəbul komissiyasının aktı və sərəncam əlavə edilməklə əmlakın balansa qəbul edilməsi xahiş edilmişdir. Mənzil Kommunal Təsərrüfatı Departamentinin 21 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 03 sentyabr 2013-cü il tarixli sərəncam əsasında İdris Süleymanov küçəsi 1C ünvanda yerləşən bina balansa qəbul edilərkən təhvil-təslim zamanı binanın layihə-smeta, texniki və iqtisadi göstəricilərini əks etdirən sənədlər təhvil verilməmişdir. Cavabdehin 06 avqust 2024-cü il tarixli məktubunda qeyd edilir ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olduğu təqdirdə su təchizatı sisteminin balansa qəbul edilməsinə etiraz edilmir. Dövlət Proqramı və digər qanunvericilik aktlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Xİdməti ilə razılaşdırılmaqla Nazirlər Kabinetinin müvafiq Sərəncamı əsasında balansa qəbul edilmə aparılır. Departament tərəfindən layihə-smeta sənədləri, texniki-iqtisadi göstəriciləri əks etdirən təsdiq edilmiş sənədlərin Xidmətə təqdim edilməsi və əsas vəsaitlərin balansdan-balansa verilməsi günə qədər elektrik enerjisindən istifadəyə görə ödənişin təmin olunması və yaxud debitor borc barədə üzləşmə aktının tərtib edilməsi zəruridir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun: M a d d ə 1 . Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: su təchizatı sistemi - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir; kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; su təchizatı və kanalizasiya obyektinin (obyektin) sahibləri - su təchizatı və kanalizasiya obyektlərinin və ya su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektlərin (müəssisələrin, qurğuların, binaların, evlərin, mənzillərin) mülkiyyətçiləri, icarəçilərdir; 24-1.1. Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt verilir. 24-1.2. Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə sifarişçi su təchizatı müəssisəsinə qoşulma xidmətinə görə ödəniş həyata keçirir. 24-1.3. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edildikdən sonra texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri su təchizatı müəssisələri tərəfindən həyata keçirilir. 24-1.4. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş həyata keçirilir və su təchizatı sistemlərinin layihəsinin hazırlanması və tikinti obyektlərindən su təchizatı sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı, yaxud su təchizatı müəssisələri tərəfindən sifarişçinin hesabına həyata keçirilir. 24-1.5. Su təchizatı müəssisələri sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə onun tələbatına və şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun su təchizatı sistemlərinin mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.

1. Su kəmərləri və ya kanalizasiya sisteminin tərkib hissəsi olan və su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən alınmış və ya tikilmiş mühəndis-texniki qurğular, su kəmərləri, avadanlıq və digər əmlak ayrıca müqavilədə digər şərtlər nəzərdə tutulmayıbsa, onların əmlakı hesab olunur.

2. Qanunvericiliyə zidd olmayan hallarda su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən və ya onun tapşırığı ilə başqasının mülkiyyətində olan torpaq sahəsində quraşdırılmış qurğu və digər əmlak müəssisənin mülkiyyəti hesab olunur. Qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada müəssisə ilə torpaq mülkiyyətçisi arasında bağlanmış müqavilədə başqa şərt nəzərdə tutulmadıqda, belə qurğular torpaq mülkiyyətçisinə keçmir və ona onların istismarından əldə olunmuş gəlirdən pay almağa hüquq verilmir. “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın: 5.1. Dövlət Proqramının məqsədləri üçün dövlət əmlakı dedikdə, Azərbaycan Respublikasının mülkiyyətində olan daşınmaz və daşınar əşyalar, qiymətli kağızlar, habelə onlar üzərində əmlak və əşya hüquqları nəzərdə tutulur. 5.3. Dövlət əmlakının idarə edilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının adından dövlət əmlakı üzərində sərəncam verilməsini həyata keçirən, dövlət müəssisələrinin əmlakına dair dövlətin adından mülkiyyətçi hüquqlarını təmsil edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti), öz səlahiyyətləri çərçivəsində digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, tabeliyində dövlət müəssisə və obyektləri olan idarəetmə orqanları iştirak edirlər. 5.6. Dövlət əmlakı üzərində mülkiyyət hüquqlarının dəyişdirilməsi dövlət əmlakının özəlləşdirilməsini və bələdiyyə mülkiyyətinə verilməsini tənzimləyən qanunvericilik aktlarına uyğun həyata keçirilir, dövlət əmlakına sahiblik və istifadə hüquqlarının verilməsi, dövlət əmlakının balansdan silinməsi Dövlət Proqramına və müvafiq qanunvericiliyə uyğun aparılır. 6.5. Dövlət mülkiyyətində olan əsas vəsaitlərin, o cümlədən binaların və qeyriyaşayış sahələrinin büdcədən maliyyələşən dövlət orqanları arasında bir-birinə verilməsi, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçirilir. 6.8. Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən məsələnin zəruriliyi və məqsədəuyğunluğu göstərilməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir. Qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciətə baxıldıqdan və Dövlət Xidmətinin yazılı rəyi alındıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul edir. Sudan istifadə Qaydaları”nın: 1.2.6. su təchizatı sistemi – suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir; 1.2.7. kanalizasiya sistemi – yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantıları təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydaları”nın: 1.1. Bu Qayda “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin 5-ci hissəsinə uyğun olaraq hazırlanmışdır və aşağıdakı tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir: 1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. su təchizatı və tullantı sularının axıdılması sistemləri (STTSAS) - suyu mənbədən götürən, təmizləyən və istehlakçılara çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsi, həmçinin yaşayış məntəqəsi və sənaye müəssisələrində əmələ gələn tullantı sularını qəbul edən, nəql edən, təmizləyən və kənarlaşdıran şəbəkə və qurğular kompleksi; 1.2.2. texniki şərtlər - tikinti obyektlərinin STTSAS-yə qoşulması məqsədilə layihə sənədlərinin (bundan sonra – layihə sənədləri) hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; 1.2.3. su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) (STKM) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxs; 1.2.4. sifarişçi - su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və digər əşya hüquqları əsasında sahiblik edən şəxs; 1.2.5. tikinti obyektləri - tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular; 3.1. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektinin STTSAS-yə qoşulması məqsədilə texniki şərtlərin və layihə sənədlərinin hazırlanması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 3.2-ci bəndində qeyd olunan məlumatları real vaxt rejimində Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə xidmət nöqtələrində STKM-ə ərizə ilə müraciət edir. 3.2. Bu Qaydanın məqsədləri üçün Sistemə aşağıdakı məlumatlar daxil edilir: 3.2.1. sifarişçi hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və VÖEN-i, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs olduqda - adı, ünvanı və VÖEN-i, sifarişçinin telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda); 3.2.2. sifarişçinin STTSAS-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və digər əşya hüquqlarına dair hüquqmüəyyənedici sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr və qeydiyyat nömrələri) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda); 3.2.3. tikinti ərazisinin vəziyyət planı, tikinti layihəsinin surəti, tikinti obyektinin sahəsi, həcmi və mərtəbəliliyi, yaşayış binalarında mənzillərin sayı, qeyri-yaşayış sahələri, yeraltı mühəndis kommunikasiya təminatı sistemləri barədə məlumat; 3.2.4. suya olan tələbatı, axıdılacaq tullantı sularının miqdarı (həcmi). “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi”nin: 1.1. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (bundan sonra – Xidmət) Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində (bundan sonra – iri şəhərlər) istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması (bundan sonra – müvafiq sahə) xidmətlərini göstərən publik hüquqi şəxsdir. 2.1. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Agentliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.2. iri şəhərlərdə suyun mənbədən götürülməsi, emalı, nəqli və satışı sahəsində fəaliyyəti həyata keçirmək; 2.1.3. iri şəhərlərə xidmət göstərən su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını həyata keçirmək; 2.1.4. iri şəhərlərdə istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının axıdılması xidmətlərini göstərmək; 2.1.5. balansında olan hidrotexniki qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək; 2.1.6. su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək; 2.1.7. müvafiq sahənin inkişafını təmin etmək; 2.1.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə 03 sentyabr 2013-cü il tarixli sərəncam əsasında mövcud vəziyyətə istismara qəbul edilməsi üzrə dövlət komissiyanın aktı təsdiq edilən və 15 noyabr 2013-cü il tarixli sərəncamla Birliyin balansına verilmiş İdris Süleymanov küçəsi 1 C ünvanda yerləşən binanın su təchizatı sisteminin-nasosxana, su və kanalizasiya sisteminin həmin Birliyin balansından alınaraq cavabdehin balansına qəbul edilməsi ilə əlaqədardır. İddia tələbindən, eləcə də üçüncü şəxslərin mövqeyindən aydın olur ki, iddiaçı tərəf və üçüncü şəxslər hesab edir ki, Nazirlər Kabinetinin müvafiq sərəncamları və digər qanunvericilik aktlarının tələblərinə əsasasən adıçəkilən su təchizat sisteminin balansa qəbul edilməsini həyata keçirməlidir. Qeyd olunmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından hazırkı iddianın təminini istisna edən şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həmin sübut etmə təmin edildiyindən iddia tələbinin təmini istisna edilməlidir. Belə ki, işin faktiki hallarından, eləcə də yuxarıda adıçəkilən qanunvericiliyin müddəalarından göründüyü kimi dövlət əmlakının balansdan balansa verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi və buna dair Nazirlər Kabinetinin Sərəncamın qəbulu mütləqdir ki, iş materiallarından da göründüyü kimi həmin icraatın aparılmasına dair mövcud sənədlər cavabdehə təqdim edilməmişdir. İş materiallarından da göründüyü kimi cavabdeh həmin sənədlərin təqdim ediləcəyi təqdirdə müraciətin təminindən imtina etmədiyini bildirmiş, balansdan balansa qəbul ilə əlaqədar balansaxlayıcı təşkilat olan Departament tərəfindən layihə-smeta sənədlərinin, texniki iqtisadi göstəriciləri əks etdirən sənədlərin təqdim edilməsi və əsas vəsaitlərin balansdan-balansa verilən günə qədər elektrik enerjisindən istifadəyə görə ödənişin təmin edilməsi və ya debitor borc barədə üzləşmə aktının təqdim edilməsini zəruri hesab etmişdir ki, iş materiallarından da göründüyü kimi həmin sənədlərin təqdim edilməsi həyata keçirilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdehə balansdan balansa götürülmə ilə əlaqədar məktublar, eskiz surət, sınaq aktı, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqqında akt, binada su sayğaclarının quraşdırılmasına dair siyahı, kollektiv müraciətlər, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş akt və sxem kimi sənədlər təqdim edilsə də, iddiaçı nəzərə almamışdır ki, həmin sənədlər əmlakın balans mənsubiyyətinin dəyişdirilməsi üçün əsas qismində çıxış etmir. Belə ki, cavabdehin mövqeyindən də aydın olur ki, balansaxlayıcı təşkilat olan Departament tərəfindən layihə-smeta sənədlərinin, texniki iqtisadi göstəriciləri əks etdirən sənədlərin təqdim edilməsi və əsas vəsaitlərin balansdanbalansa verilən günə qədər elektrik enerjisindən istifadəyə görə ödənişin təmin edilməsi və ya debitor borc barədə üzləşmə aktının təqdim edilməli olması nəzərə çatdırılmışdır ki, həmin sənədlərin tam qaydada təqdim edilməməsi hazırkı müraciətin təminindən imtinanı qanuni və əsaslı edir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisənin əsasında balansdan-balansa verilən günə qədər elektrik enerjisindən istifadəyə görə ödənişin təmin edilməsi və ya debitor borc barədə üzləşmə aktının təqdim edilməməsi dayanır. İşin faktiki hallarından da göründüyü kimi su təchizatı sisteminin mövcud olduğu binanın balansaxlayıcısı su təchizatı sisteminin onun balansında olmadığını, bu səbəbdən də elektrik enerjisindən istifadəyə görə borcun onlar tərəfindən ödənilməli olmamasına istinad edərək ödənişin edilməsindən və ya üzləşmə aktının tərtibatının həyata keçirilməsindən imtina edir. Halbuki, istər iddiaçı, istərsə də balansaxlayıcı təşkilat nəzərə almır ki, bina kimin balansındadırsa ona xidmət edən əmlak, eləcə də su təchizatı sistemi də həmin təşkilatın balansında hesab edilir. Binanın bir hissəsinin balansda olub, digər hissəsinin, eləcə də ona xidmət edən avadanlıq və digər əmlakın balansaxlayıcılığından birtərəfli qaydada imtina etmək, nəzərə alınmalıdır ki, digər dövlət orqanının həmin imtinanı hər hansı əsas olmadan qəbuluna səbəb olmur. İndiki halda iddiaçı və balanssaxlayıcı təşkilat balans saxlayıcının Birlik olduğu dövrdə yaranmış onun məsuliyyət sferasına aid olan su təchizatı sisteminin istifadəsindən yaranmış elektrik enerjisindən istifadəyə dair borcun yeni balansaxlayıcı təşkilata ötürülməsi mövqeyindədir ki, göstərilən mövqe qanunsuz və əsassız hesab edilir. Nə iddiaçı, nə də balansaxlayıcı təşkilat nəzərə almamışdır ki, cavabdeh Nizamnaməsinin 3.1.43-cü yarımbəndinin tələbinə əsasən idmətə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək vəzifəsi daşıyır və digər bir dövlət orqanının balansaxlayıcı olduğu binada su təchizatı sistemindən istifadəyə görə yaranmış elektrik enerjisinin borcunun ödəməsini həyata keçirmək səlahiyyətinə malik deyildir. Odur ki, binanın balansaxlayıcı kimi su təchizatı sisteminin də balansında olduğu Birlik və ya onun üst qurumu olan Departament cavabdehin istinad etdiyi sənədlər, o cümlədən də elektrik enerjisindən istifadəyə görə borcun ödənilməsini təmin edərək və ya üzləşmə aktı tərtib edərək sənədləri cavabdehə təqdim etməli, göstərilən halda balansa qəbul edilmə həyata keçirilməzsə iki dövlət orqanı kimi üst qurumları vasitəsi ilə həmin mübahisəli məsələnin həllinə çalışmalıdır. Məhkəmə, onun da qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı və üçüncü şəxslər tərəfindən su təchizatı sisteminin balansdan balansa götürülməsinə dair Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli 345 S saylı Sərəncamına istinad da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, həmin Sərəncam adıçəkilən dövrə icra hakimiyyəti orqanlarının balansında olmuş su təchizatı sisteminin balansaxlayıcısının dəyişdirilməsi ilə əlaqədardır ki, iddiaçının yaşadığı bina isə həmin tarixdən sonra istismara yararlı hesab edilmiş bina olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar