Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-539/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair inzibati işə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, 6-cı mkr, 122-120-li evin yanında torpaq sahəsində yerləşmiş, bünövrəsi betondan olan, ümümi sahəsi 18.0 kv.m (faktiki sahəsi 22.0 kv.m)-dən ibarət olan daş qarajın sökülməsi nəticəsində vurulan 20.000 (iyirmi min) manat məbləğində maddi ziyanın və 10.000 (on min) manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3400/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 ilə aralarında bağlanmış 04 iyun 2005ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş, xx.xx.2005-ci il tarixli, №30/10837 saylı arayışa əsasən ümümi sahəsi 18.0 kv.m (faktiki sahəsi 22.0 kv.m) olan Bakı şəhəri, 6-cı mkr, 122-120-li evin yanında olan qaraj mülkiyyətinə verilmişdir. Həmin qarajdan təyinatı üzrə istifadə edilmişdir. Eyni zamanda adına həmin qarajın texniki inventarlaşdırma və qiymətləndirilməsinə dair texniki pasport da tərtib edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən məhkəmə qərarı təqdim etmədən, yuxarıda göstərilən ünvanda yerləşən ona məxsus qaraj qanunsuz olaraq sökülmüş və bu vaxta qədər qarajın sökülməsi nəticəsində dəymiş ziyana görə heç bir kompensasiya ödənilməmişdir. Qarajın sökülməsi nəticəsində vurulmuş 20.000 (iyirmi min) manat məbləğində maddi ziyanın əvəzinin və 10.000 (on min) manat məbləğində mənəvi zərərin əvəzinin ona ödənilməsi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətindən xahiş edilsə də ərizəsinin icrası barədə heç bir cavab verilməmişdir. Hesab edir ki, mübahisəli olan əmlak qaraj onun qanuni istifadəsində olduğundan, həmin qarajın sökülməsi ilə əlaqədar maddi zərərin əvəzinin ödənilməsi üzrə maraqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə uyğun olaraq müdafiə olunmalıdır. O qarajın qanuni əsaslarla istifadəçisi olduğundan, həmin qarajın sökülməsi ilə əlaqədar kompensasiyanın verilməsini tələb etməkdə haqlıdır. Yuxarıda da qeyd etdiyi kimi qarajın qanuni əsaslarla istifadəçisi olmuşdur. Bu iddia ərizəsinə əlavə edilən sənədlərlə tam təsdiq olunur. Hesab edir ki, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Çünki baş vermiş hadisə, yəni əmlakının qanunsuz sökülməsi və ondan məhrum edilməsi nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsi mübahisəsizdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddia tələbi ilə bağlı verdiyi izahatında bildirdi ki, 2013-cü ildə Bakı şəhəri, 6-cı mikrorayon, 122-120 №-li evin yaxınlığında yerləşən qarajlar tərəflərindən sökülərək yerində vətəndaşların istirahətlərinin təmin edilməsi məqsədi ilə yaşıllıq zonası – istirahət parkı salınmışdır. İddiaçıya məxsus qaraj da sökülmüş və həmin qarajın əvəzinə digər yerdə qaraj tikilərək iddiaçının istifadəsinə verilmişdir. İddiaçının istifadəsinə verilmiş qaraja dair sənədlərin rəsmiləşdirilməsi rayon icra hakimiyyətinin səlahiyyətində deyildir. İddiaçı qaraj ilə təmin edildiyindən tərəflərindən iddiaçı hər hansı ziyan vurulmamışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 150 -li sərəncamının surətindən görünür ki, Bakı şəhəri, 6-cı mikrorayon, 7-ci Binəqədi küçəsi, ev 1, mənzil 159-da yaşayan Qarabağ müharibəsi iştirakçısı X4 ərizə ilə RİH-nə müraciət edərək, 1993-cü ildə yaşadığı mikrorayonun ərazisində şəxsi avtomobilini saxlamaq məqsədilə tikidirdiyi qarajın sənədləşdirilməsinə icazə verilməsini xahiş etmiş, qeyd olunanları nəzərə alaraq Bakı şəhəri, 6-cı mikrorayon, 7-ci Binəqədi küçəsi, ev 1, mənzil 159-da yaşayan Qarabağ müharibəsi iştirakçısı X2 yaşadığı mikrorayonun ərazisində 1993-cü ildə tikdirdiyi qarajın qanuniləşdirilməsinə sərəncam verilmişdir. - X1 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş xx.xx.2005-ci il tarixli, №30/10837-li, arayışa əsasən ü/s 18,0 kv.m olan Bakı şəhəri, 6 mkr. 122-120-li evin yanında olan qarajı alıcının mülkiyyətinə verir, satılan qaraj Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsindən tərəfindən ver.kitab 02.08.01-ci il tarixli texniki pasport əsasında satıcıya məxsusdur. Müqavilə bağlananadək qaraj ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı qarajı 14,400000 (on dörd milyon dörd yüz min) manata satdı, Alıcı isə həmin qiymətə aldı. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən tərtib edilmiş vətəndaş İddiaçı məxsus Binəqədi rayonu, 6-cı mkr, 122-120 №-li evin yanında yerləşən qaraja dair tərtib edilmiş xx.xx.2005ci il tarixli texniki pasportun surətindən görünür ki, qarajın sənədlə tutduğu sahə 18.0, faktiki tutduğu sahə 22.0 kv.m. –dir. Qaraj 1993-cü ildə tikilmiş, bünövrəsi beton, divarları kubik, dam örtüyü ruberoiddir. Qarajın həcmi 55.1 kub.metrdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********68 nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, idarənin arxivində Binəqədi rayon İcra Hakimiyyətinin 150 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, 6-cı mikrorayon, 122-120 nömrəli evin yanında yerləşən qaraja dair tərtib edilmiş texniki pasport mövcuddur və həmin qaraja dair müvafiq sənədlərin surətləri təqdim edilir. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, Ç-260 №-li məktuba əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, 122-120 nömrəli evin yanında sökülmüş daş qarajın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, 122-120 nömrəli evin yanında torpaq sahəsində yerləşmiş, İddiaçı mülkiyyətində olan, 1993-cü ildə tikilmiş, bünövrəsi beton olan, 18.0 kv.m ümumi sahədən ibarət sökülmüş daş qarajın 2013-cü ilə bazar qiyməti 30000 (otuz min) manat, hazırki bazar qiyməti 35000 (otuz beş min) manat təşkil edir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 02/09-11-11/G-7- 150 №-li məktubun surətindən görünür ki, Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli, G-7-150 saylı müraciətinə baxılmışdır. Qarajın sökülməsində cavabdeh şəxsləri müəyyən edərək, hüquqmüəyyənedici sənədlər əsasında aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ümümi sahəsi 18.0 kv.m (faktiki sahəsi 22.0 kv.m) olan Bakı şəhəri, 6-cı mkr, 122-120-li evin yanında yerləşən daş qaraj İddiaçı istifadəsində (mülkiyyətində) olmuşdur. Həmin qaraj cavabdeh tərəfindən 2013-cü ildə Binəqədi rayonu ərazisində istirahət parkının salınması zamanı sökülmüşdür. Hazırda iddiaçı qanuni istifadəsində (mülkiyyətində) olan qarajın sökülməsi nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini cavabdehdən tələb edir və ona dəymiş maddi ziyanı 20000 manat, mənəvi ziyanı 10000 manat məbləğində qiymətləndirir. İş üzrə keçirilmiş ekspert rəyinə əsasən mübahisəli qarajın 2013-cü ilə bazar qiymətinin 30000 (otuz min) manat, hazırki bazar qiyməti 35000 (otuz beş min) manat olması müəyyən edilmişdir. Cavabdeh inzibati orqan ilkin imtinasını söküntünün onlar tərəfindən aparılmaması ilə əsaslandırmış, məhkəmə icraatı zamanı isə iddiaçıya digər qaraj sahəsinin verilməsini əsas göstərərək tələbin rədd edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının istifadəsində olmuş ümümi sahəsi 18.0 kv.m (faktiki sahəsi 22.0 kv.m) daş qaraj daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla həmin qaraja dair müvafiq texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. - 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. - 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Qeyd olunan normalardan göründüyü kimi dövlət ehtiyacları mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır. Lakin mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə də əməl olunması zəruridir. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Konkret mübahisəyə münasibətdə iddiaçının hüququna onun qanuni istifadəsində olan qarajın (qeyri-yaşayış sahəsinin) sökülməsində ifadə olunan müdaxilə yuxarıda qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, mülkiyyət hüququna müdaxilə ilə bağlı yuxarıda qeyd olunan tələblər və prosedurlar yalnız şəxsin mülkiyyətində deyil, həm də onun qanuni istifadəsində olan torpaq sahəsinə və daşınmaz əmlaka münasibətdə də tətbiq olunmalıdır. Başqa sözlə, belə hallarda şəxsin qanuni istifadə hüququ da müdafiə olunmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən iddiaçıya məxsus qarajın alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onun dəyərinin müəyyən edilməsi, iddiaçı ilə müqavilənin bağlanması və ona əmlakın dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə iddiaçıya məxsus qaraj qanuna zidd olaraq və onun iradəsi əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçının hüququna qanunsuz müdaxilə edilmişdir. Məhkəmə qeyd edir ki, rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və şəhərsalma fəaliyyəti ilə bağlı digər tədbirlərin, o cümlədən həmin fəaliyyət çərçivəsində müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin nümayəndələrinin rayonda keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə qarajın sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir. Mübahisələndirilən qarajın yerləşdiyi ərazidə söküntü işlərinin bilavasitə iş üzrə cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən aparılmaması onun məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə cavabdeh digər yerdə qaraj tikilərək iddiaçının istifadəsinə verilməsini iddia etsə də bunu təsdiq edən təkzibolunmaz sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza zamanı İddiaçı qanuni istifadəsində (mülkiyyətində olan) olmuş və sökülmüş daş qarajın 2013-cü ilə bazar qiyməti 30000 (otuz min) manat, hazırki bazar qiyməti 35000 (otuz beş min) manat təşkil etdiyi müəyyən edilsə də iddiaçı daş qaraja görə ona 20000 manat məbləğində maddi ziyanın dəydiyini iddia edir və həmin məbləğin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən işə iddia tələbi həddində baxmalı olduğundan iddiaçıya dəymiş maddi ziyanın həddinin 20000 manat olması ilə razılaşaraq həmin məbləğin cavabdehdən tutulmasını ədalətli və əsaslı hesab edir. Məhkəmə iddia tələbinin “10000 manat mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı qanuni istifadəsində (mülkiyyətində) olan qarajın qanunsuz olaraq sökülməsi nəticəsində mənəvi sarsıntılara və iztirablara məruz qalmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı qanuni istifadəsində (mülkiyyətində) olan qarajın qanunsuz olaraq sökülməsi nəticəsində mənəvi sarsıntılara məruz qaldığından mənəvi ziyana görə ona ödənilməli olan məbləğin 300 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, 122-120 nömrəli evin yanında torpaq sahəsində yerləşmiş, 18.0 kv.m (faktiki sahəsi 22,0 kvm.) ümumi sahədən ibarət daş qarajın sökülməsinə görə vurulmuş maddi ziyana görə 20000 manat məbləğində, qarajın sökülməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 300 manat məbləğində, cəmi 20300 manat məbləğində pul cavabdeh Bakı Şəhər Binəqədi rayon İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iş üzrə ekspert xərcinin 60 manatı cavabdehdən, 40 manatı isə iddiaçıdan tutularaq aidiyyatı üzrə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, 122-120 nömrəli evin yanında torpaq sahəsində yerləşmiş, 18.0 kv.m (faktiki sahəsi 22,0 kvm.) ümumi sahədən ibarət daş qarajın sökülməsinə görə vurulmuş maddi ziyana görə 20000 (iyirmi min) manat məbləğində, qarajın sökülməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində, cəmi 20300 (iyirmi min üç yüz) manat məbləğində pul cavabdeh Bakı Şəhər Binəqədi rayon İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatın 60 (altmış) manatı cavabdeh Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətindən, 40 (qırx) manatı isə İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********; "xxxx" ASC Neftçilər filialı; Bankın kodu: 507376; VÖEN: **********; M\h: AZ27NABZ********************; S.W.İ.F.T. BİC: JBBKAZ22; H/h:AZ82JBBK**********147293A67) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-539/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-539/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver