Məhkəmə qərarları › İş №2-1(112)-539/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-539/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-539/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı (üçüncü şəxs "xxxx" QSC) “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 160.000 manat kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti iş üzrə cavabdehlər sırasından çıxarılmışdır.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3809/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.

4. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2710/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3809/2024 saylı 05 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərinin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

6. Məhkəmənin hazırkı iş üzrə qərardadı ilə "xxxx" QSC-nin üçüncü şəxs qismində (zəruri cəlbetmə) işə cəlb edilməsi qərara alınmışdır.

7. Tələb onunla əsaslandırılmışdır ki, 1958-ci ildə Naxçvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuşdur. 1978-ci ildə Rusiya Federasiyası Krosnoyarsk şəhərində Krosnoyarsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra həmin şəhərdə 10 ilə yaxın hüquq mühafizə orqanlarında işləmişdir. 1987-ci ildə Azərbaycana gəlmiş və Azərbaycan Respublikasının Dəmir Yol Polis idarəsində fəaliyyətini davam etdirmişdir. 1990-cı ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünü erməni işğalçılarından qoruduğu zaman güllə yarası alaraq ağır yaralanmışdır. 1998-ci ildə dəmir yol polis işçisi və 2-ci qrup Qarabağ müharibə əlili kimi Azərbaycan Dəmir Yol İdarəsi tərəfindən bağçılıq məqsədi ilə 8 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Binəqədi rayonu 7-ci mikrorayon, Biləcəri-Keşlə dəmir yol stansiyasının 3097 st. Məhəllədə yerləşir. Həmin torpaq sahəsi 10 ildən artıq onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsini iri qaya daşlardan təmizlətdirərərk, orada abadlıq işləri aparmış, meyvə ağacları əkmiş və ora yaşayış və təsərrüfat işlərini aparmaq üçün vaqon yerləşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 noyabr tarixli 354 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və korporativ bağların, dövlət bağçılıq təsərrüfatının tərkibindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməyə əsaslanaraq həmin torpaq sahəsinə 4000 mişar daşı, 6 kub taxta, yerə döşəmək üçün piltə daşlar, qum, sement, dəmir darvaza, 3 ədəd taxta qapı və digər təmir-tikinti avadanlıqları gətirmişdi, lakin maddi imkanı olmadığına görə, tikintini başa çatdıra bilməmişdir. 2009-cu ildə Azərbaycan Respublikasının müvafiq dövlət proqramına əsasən Metronun Müşfiq stansiyasının ona ayrılan torpaq sahəsinə düşdüyü bildirilmişdir. Həmin vaxtlar həmin əraziyə tapşırıq verilmişdir ki, tikinti həmin torpaq sahəsinə düşdüyü üçün müvafiq torpaq sahəsi ilə təmin edilməlidir. Bundan sonra həmin ərazidən çıxmalı olmuşdur. Çıxarkən tikinti və işlərinin aparılması üçün bağ sahəsinə gətirdiyi avadanlıqları saxlanmağı istənilmişdir. Həmin sahəyə gətirdiyi bütün təmir-tikinti işləri ilə bağlı avadanlıqlar müvafiq şirkət tərəfindən satın alınmışdır. Daha sonra torpaq sahəsinin ayrılması üçün Azərbaycan Dəmir Yoluna müraciət etmişdir. Və oradan bildirilmişdir ki, hazırda bağçılıq bölməsi ləğv olunub. Bundan sonra indiki "xxxx" QSC-yə müraciət etmişdir. Ona bildirilmişdir ki, müvafiq icra hakimiyyətinə müraciət etməlidir. Bundan sonra aidiyyəti dövlət orqanlarına müraciət etməli olmuşdur. Lakin 12 ildən çoxdur ki, problemini həll edən bir dövlət orqanı tapa bilməmişdir. 2009-cu ildə Müşfiq metrosunun tikintisini ilə əlaqədar olaraq olaraq bir daha aidiyyəti qurumlara müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. 2023-cü ildə yenidən Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı Metropaliteni QSC-yə müraciət etmişdir. Həmin qurumlar tərəfindən onlarda belə bir məlumat olmadığı bildirilmişdir. Halbuki həmin illərdə ona ayrılan torpaq sahəsinin ətrafında olan qonşulara müvafiq kompensasiyalar verilmişdir. Lakin kompensasiya verəcəklərini bildirsələr də, 1 ildən sonra imtina edilmişdir. Əgər torpaqlar dövlət üçün alınıbsa, ona da kompensasiya ödənilməlidir. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd etmişdir ki, Azərbaycan Dəmir Yol İdarəsi ona, dəmir yolu polisi işçisi və 2-ci qrup Qarabağ müharibəsi əlili olduğunu nəzərə alaraq, bağçılıq məqsədi ilə Binəqədi rayonu, 7-ci mkr., Biləcəri-Keşlə dəmir yol stansiyasının 3097 st. məhəlləsində yerləşən 8 sot torpaq sahəsi ayırmış, orada abadlıq işləri görmüş, meyvə ağacları əkmiş, yaşayış və təsərrüfat işləri aparmaq üçün ora vaqon yerləşdirmiş, yaşayış üçün tikinti materialları (4000 mişar daşı, 6 kub taxta, yerədöşəmək üçün plitələr, qum, sement, dəmir darvaza, taxta qapı və diər təmir-tikinti materialları) gətirmiş lakin maddi imkanı olmadığına görə tikintini başa çatdıra bilməmiş, sonradan həmin sahənin yeni metro stansiyasının tikintisi ərazisinə düşdüyündən ona kompensasiya verilmədən alınmışdır. Əvvəla, qeyd olunan ərazidəki topaq sahəsi İddiaçı ayrılmamışdan əvvəl həmin torpaq sahəsinin Azərbaycan Dəmir Yol İdarəsinin mülkiyyətində (və ya balansında) olmasını təsdiq edən və ona sərəncam vermək səlahiyyətini əks etdirən sənəd olmalı idi. Belə bir sənəd iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmayıb. İkincisi, iddiaçı iddia ərizəsinə surətini əlavə etdiyi Azərbaycan Dövlət Dəmir Yollarının Р-119 (П-119) nömrəli xx.xx.1998-ci il tarixli sənəddə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 270 nömrəli 13 avqust 1973-cü il tarixli Sərəncamına və Yol İdarəsinin rəisinin 29 nömrəli 03 aprel 1979-cu il tarixli Əmrinə əsasən dəmir yollarının təhkim zonasında Biləcəri Keşlə sahəsinin sağ tərəfi, 2652 km hissəsində 4-90m - 5-25m ərazidə 8 sot torpaq sahəsi iddiaçıya heç bir əsaslı tikinti işləri aparılmadan bağçılıq məqsədilə ayrılmışdır. Sənədin məzmunundan göründüyü kimi, həmin torpaq sahəsi dəmir yollarının təhkim zonasına aid olmuşdur. Məqsədli təyinatına və hüquqi rejiminə görə nəqliyyat təyinatlı torpaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 33 nömrəli 23 fevral 2005-ci il tarixli Qərarı ilə təsdiq olunmuş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın 2-ci bəndinə əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır; Yəni, həmin Qaydalarda verilən izahdan görnür ki təhkim zolağı”: - dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır; - dəmir yolunun mühafizə zonasına aiddir; - dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilə bilər. Qaydaların 17-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Qaydaların 19-cu və 20-ci bəndlərinin tələbinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahəsindən müddətli istifadəçilərin uçotunu aparır. Təhkim zolağı hüdudlarında qısamüddətli istifadəyə verilmiş torpaq sahələrinin saxlanması və yaxşılaşdırılması ilə bağlı tərəflərin öhdəlikləri "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə və ya dalan yolları olan başqa təşkilat, müəssisə və idarə ilə torpaq sahələrindən müvəqqəti istifadə edən şəxs arasında bağlanmış müqavilədə müəyyən edilir. İddiaçı belə bir müqavilə təqdim etməmişdir, təqdim etsə idi belə həmin müqavilə qısa müddətli olmalı idi. İddiaçı iddia ərizəsində qeyd edir ki, ora yaşayış və təsərrüfat işləri aparmaq üçün vaqon yerləşdirmiş, yaşayış üçün tikinti materialları (4000 mişar daşı, 6 kub taxta, yerədöşəmək üçün plitələr, qum, sement, dəmir darvaza, taxta qapı və diər təmir-tikinti materialları) gətirmiş lakin maddi imkanı olmadığına görə tikintini başa çatdıra bilməmişdir. Əvvəla bunları təsdiq edəcək heç bir mötəbər sübut təqdim olunmayıb. İkincisi, əgər iddiaçı dediklərinin həqiqət olduğunda israrlıdırsa sual olunur: Qeyd olunan əraziyə vaqon yerləşdirməmişdən, yuxarıda sadalanan tikinti materialları gətirib tökməmişdən, maddi imkanı olmadığına görə başa çatdıra bilmədiyi tikinti işlərinə başlamamışdan əvvəl bu hərəkətlərini rəsmi razılaşdırmışdır? Qaydaların 17-ci bəndinin ikinci cümləsində (bu cümlə sonradan, Nazirlər Kabinetinin 5 dekabr 2016-cı il tarixli, 492 nömrəli Qərarı ilə çıxarılmışdır, yəni həmin dövr üçün hüquqi qüvvəyə malik idi) qeyd olunmuşdur ki: “Təhkim zolağı hüdudlarında müəyyən obyektin yerləşdirilməsinə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi icazə verilə bilər.” Qaydaların 21-ci bəndinin tələbinə əsasən Təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Qaydaların 29-cu bəndinin tələbinə əsasən iddiaçının bu hərəkətləri qanunazidd idi, Qaydaların tələblərinin pozulması kimi qiymətləndirilməli və həmin şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunmalı idi. İddiaçı sahəyə gətirdiyi bütün təmir-tikinti işləri ilə bağlı avadanlıqların müvafiq şirkət tərəfindən satın alınmasını qeyd etsə də, heç bir mötəbər sübut təqdim etməmişdir. 2, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 6-cı maddəsində dövlət mülkiyyətində saxlanılan torpaqlar sadalanmışdır ki, nəqliyyat obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar da bu siyahıya aiddir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi"nin 62-cı maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Qanunun 66-cı maddəsinin 2-ci bəndinə əsasən Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Qanunun 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 662 nömrəli Sərəncamı əsasında metropoliteninin İİİ növbəsinin Şimal sahəsinə aid olan “Dərnəgür stansiyasının tikintisi üçün, Binəqədi rayonu 7-ci mikrorayon, S.S Axundov küçəsində 3,42 ha torpaq sahəsi ayrılmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən tikinti üçün nəzərdə tutulmuş ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mövcud qanunvericiliyə uyğun olaraq köçürülməsi Bakı Metropoliteninə həvalə olunmuşdur. İnşaat sahəsinə düşən daşınmaz əmlakların inventarizasiyası işləri aparılmış, müvafiq qaydada köçürülmə işləri həyata keçirilmiş, Bakı metropoliteninin “Dərnəgül” stansiyasının tikintisi və yerüstü sahənin abadlıq işləri 2011-ci ilin iyun ayında başa çatdırılmış, ölkə başçısının iştirakı ilə metro stansiyasının açılış mərasimi həyata keçirilərək sərnişinlərin istifadəsinə verilmişdir. Stansiyanın abadlaşdırılmış yerüstü sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2011-ci il tarixli 381 s nömrəli Sərəncamı ilə Bakı Metropoliteninin balansından çıxarılaraq Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. “Dərnəgül” stansiyasının tikinti zamanı layihə altına düşən və köçürülməyə məruz qalan əmlakların siyahısında hər hansı şəxsə aid torpaq sahəsi barədə heç bir məlumat qeydə alımamışdır ki, bu barədə iddiaçıya əvvəlki illərdə ünvanlanmış məktublarla cavab verilmişdir. İddiaçı hüquqmüəyyənedici sənədlər (ayrıc aktı, kadatstr nöqtələrini, topoqrafik koordinatları əks etdirən sənədlər, müvafiq müqavilə, torpaq haqqında şəhadətnamə və s.) təqdim etməyib. Bütün qeyd olunanlara əsasən iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsindən Azərbaycan Dəmir Yol İdarəsi tərəfindən ona, dəmir yolu polisi işçisi və 2-ci qrup Qarabağ müharibəsi əlili olduğunu nəzərə alaraq, bağçılıq məqsədi ilə Binəqədi rayonu, 7-ci mkr., Biləcəri-Keşlə dəmir yol stansiyasının 3097 st. məhəlləsində yerləşən 8 sot torpaq sahəsi ayrıldığını, orada abadlıq işləri gördüyünü, meyvə ağacları əkdiyini, yaşayış və təsərrüfat işləri aparmaq üçün ora vaqon yerləşdirdiyini, yaşayış üçün tikinti materialları gətirdiyini, lakin maddi imkanı olmadığına görə tikintini başa çatdıra bilmədiyini, sonradan isə həmin sahənin yeni metro stansiyasının tikintisi ərazisinə düşdüyündən ona kompensasiya verilmədən alındığını qeyd edir. ““Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı X2” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xx.xx.2008-ci il tarixli, 34 saylı sərəncamının icrası haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 662 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində İİİ növbə, metrostansiya üçün 3,42 ha torpaq sahəsi Bakı Metropoliteninin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamın 1.1-ci bəndində Bakı Metropoliteninin daimi istifadəsinə ayrılmış, tikinti üçün nəzərdə tutulmuş ərazidə yerləşən yaşayış sahələrinin və qeyri-yaşayış obyektlərinin mövcud qanunvericiliyə uyğun olaraq köçürülməsi və sökülməsi Bakı Metropoliteninin vəsaiti hesabına aparılması qeyd olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının 662 saylı xx.xx.2008-ci il tarixli sərəncamının 6-cı bəndinə əsasən Rayon İcra Hakimiyyəti başçısına yalnız ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahəsinin özbaşına zəbt olunmasının qarşısını aımaq üçün tədbirlər görmək tapşırılmışdır. Qeyd olunan sərəncamla Rayon İcra Hakimiyyəti başçısına başqa səlahiyyətlər verilməmişdir. Beləliklə də göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 662 nömrəli Sərəncamı əsasında Bakı Metropoliteninə ayrılmış və tikinti üçün nəzərdə tutulmuş ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi Rayon İcra Hakimiyyətinə deyil Bakı Metropoliteninə həvalə olunmuşdur. Bu səbəbdən də, iddiaya əlavə olunmuş sənədlərdən də göründüyü kimi iddiaçının Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətlər aidiyyəti üzrə baxılması üçün Bakı Metropoliteninə göndərilirdi. Belə olan halda İddiaçı tərəfindən Binəqədi Rayon icra Hakimiyyətinə qarşı belə bir iddia qaldırması tamamilə əsassızdır. İddiaçı mübahisələndirdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Azərbaycan Dövlət Dəmir Yollarının Р-119 (П-119) nömrəli xx.xx.1998-ci il tarixli sənədini təqdim edir. Həmin sənəddə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 270 nömrəli 13 avqust 1973-cü il tarixli sərəncamına və Yol İdarəsinin rəisinin 29 nömrəli 03 aprel 1979-cu il tarixli əmrinə əsasən dəmir yollarının təhkim zonasında Biləcəri-Keşlə sahəsinin sağ tərəfi, 2652 km hissəsində 4-90 m - 5-25 m ərazidə 8 sot torpaq sahəsi iddiaçıya heç bir əsaslı tikinti işləri aparılmadan bağçılıq məqsədilə ayrılmışdır. Lakin həmin torpaq sahəsinin İddiaçı ayrılmamışdan əvvəl Azərbaycan Dəmir Yol idarəsinin mülkiyyətində (və ya balansında) olmasını təsdiq edən və ona sərəncam vermək səlahiyyətini əks etdirən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Sənədin məzmunundan göründüyü kimi, həmin torpaq sahəsi dəmir yollarının təhkim zonasına aid olmuşdur. Məqsədli təyinatına və hüquqi rejiminə görə nəqliyyat təyinatlı torpaqdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 33 nömrəli 23 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci bəndinə əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır. Qaydaların 17-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Qaydaların 19-cu və 20-ci bəndlərinin tələbinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahəsindən müddətli istifadəçilərin uçotunu aparır. Təhkim zolağı hüdudlarında qısamüddətli istifadəyə verilmiş torpaq sahələrinin saxlanması və yaxşılaşdırılması ilə bağlı tərəflərin öhdəlikləri "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə və ya dalan yolları olan başqa təşkilat, müəssisə və idarə ilə torpaq sahələrindən müvəqqəti istifadə edən şəxs arasında bağlanmış müqavilədə müəyyən edilir. İddiaçı iddia ərizəsinə mübahisələndirdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər (ayrıc aktı, kadatstr nöqtələrini, topoqrafik koordinatları əks etdirən sənədlər, müvafiq müqavilə, torpaq haqqında şəhadətnamə və s.) əlavə etməmişdir. İddiaçı iddia ərizəsində mübahisələndirdiyi torpaq sahəsinə yaşayış və təsərrüfat işləri aparmaq üçün ora vaqon yerləşdirdiyini, yaşayış üçün tikinti materiallarının gətirdiyini qeyd etsə də iddia ərizəsinə bunları təsdiq edəcək heç bir mötəbər sübut əlavə etməmişdir. Həmin dövrdə qüvvədə olan "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın 17-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında müəyyən obyektin yerləşdirilməsinə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi icazə verilə bilər. Belə bir tələbin Qaydalarda qeyd olunmasına baxmayaraq, iddiaçı vaqon yerləşdirilməsinə dair hər hansı icazə sənədini iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin həmin Qaydaların 21-ci bəndinin tələbinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansi əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 6-cı maddəsində dövlət mülkiyyətində saxlanılan torpaqlar sadalanmışdır ki, nəqliyyat obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar da bu siyahıya aiddir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 68-ci maddəsinə əsasən isə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasını, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin Qərarın 4.1ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.

9. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, ““Dərnəgül” stansiyasının tikintisi zamanı layihə altına düşən və köçürülməyə məruz qalan əmlakların siyahısında hər hansı şəxsə (o cümlədən ona) aid torpaq sahəsi haqqında məlumat qeydə alınmamışdır.”

10. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktub ilə bildirilmişdir ki, ““Dərnəgül” stansiyasının tikinti sahəsindən köçürülən obyektlərin siyahısında hər hansı şəxsə ayrılmış torpaq sahəsi haqqında heç bir məlumat olmamışdır.”

11. Bakı Şəhər İcra Hakimiyyətinin ““Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı X2” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 34 saylı sərəncamının icrası haqqında” 662 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən:

1. “Bakı Metropoliteninin Perspektiv İnkişafı ilə bağlı X2” Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2008-ci il tarixli, 34 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 17/5918-12/26 saylı tapşırığı və Bakı Metropoliteninin xx.xx.2008-ci il tarixli, 40N-10/2-560 saylı müraciəti nəzərə alınaraq yem metri stansiyalarının tikintisinin layihələndirilməsi üçün aşağıdakı ünvanlarda torpaq sahələr, Bakı Metropoliteninin daimi istifadəsinə verilmişdir: a) Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Moskva prospektinin (keçmiş Sumqayıt şosesi) cənub-qərb hissəsi. Yeni avtovağzalın yaxınlığında 2,89 ha torpaq sahəsi; b) Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində İİİ növbə, M.Müşfiq stansiyası üçün 3.42 ha torpaq sahəsi; c) Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə “Memar Əcəmi” stansiyasında İİ əlavə keçid stansiyası üçün 2,5 ha torpaq sahəsi. 1.1. Tikinti üçün nəzərdə tutulmuş ərazidə yerləşən yaşayış sahələrinin və qeyri-yaşayış obyektlərinin mövcud qanunvericiliyə uyğun olaraq köçürülməsi və sökülməsi Bakı Metropoliteninin vəsaiti hesabına aparılmışdır.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən icavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.

II. İddianın mümkünlüyü

16. Azərbaycan Respublikası İPM-nin: 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;.

17. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

18. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

19. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

20. İddia tələbindən görünür ki, iddiaçı ““Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı X2” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xx.xx.2008-ci il tarixli, 34 saylı sərəncamının icrası haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 662 saylı xx.xx.2008-ci il tarixli sərəncamı nəticəsində ondan dövlət ehtiyacı üçün alınmış torpağa dair kompensasiyanın ödənilməsini tələb edir.

21. İddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.

22. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

23. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

24. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

25. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

26. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

27. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır.

28. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etsə idi belə, iddiaçının hazırki iddianı qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Belə ki, iddiaçının torpaq sahəsinə hüquqi marağını əsaslandıran hər hansı hüquqmüyyənedici sənəd mövcud deyildir. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. İddiaçının məhkəməyə təqdim edilmiş Azərbaycan Dövlət Dəmir Yollarının Р-119 (П-119) nömrəli xx.xx.1998-ci il tarixli sənədi kompensasiya tələb etmək üçün əsas hesab edilə bilməz.

29. Belə ki, "xxxx" QSC-nin məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Biləcəri-Keşlə dəmiryol stansiyasının 3097 st. məhəlləsində iddiaçıya dəmir yolunun təhkim zolağında vaqonun yerləşdirilməsində, orada onun yaşamasına əsas olan icazənin verilməsi və torpaq sahəsinin ayrılmasına dair hər hansı sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir.

30. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.

31. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

32. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar