Məhkəmə qərarları › İş №2-1(112)-5391/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5391/2023

13.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5391/2023 13.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən müəyyən edilmiş 518.4 manat borcun (abonent **********04210) əsassız olduğu üçün silinməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini araşdırmağı mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (bənd 5.1). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdirBu baxımdan inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 06 oktyabr 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 3-cü bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən təbii inhisar subyekti - təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən təbii inhisar subyektlərinin fəaliyyət sahələri aşağıdakılardır: 1.3. Elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri; 1.12. İstilik təchizatı xidmətləri. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: -istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. -istehsalçı - mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkardır. -satıcı - alğı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkardır. Beləliklə, müəyyən olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti olan qurum inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Qeyd edilməlidir ki, qazdan istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir. İctimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su, qaz, istilik, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Lakin nəzərə almaq lazımdır ki, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 93-38 ünvanında quraşdırılmış abonent kodu **********04210, xx.xx.2022-ci il tarixdə quraşdırılmış **********228 nömrəli sayğaca 518,40 manat boc hesablanmışdır. İddiaçı sözügedən ünvanda cavabdeh tərəfindən sayğac dəyişdirildikdən sonra iddiaçının abonent hesabına əsassız olaraq əlavə borcun hesablandığını əsas gətirərək həmin borcun silinməsini inzibati məhkəmə icraatında mübahisələndirir. Halbuki yuxarıda da qeyd edildiyi kimi təbii inhisar subyekti ilə yaranmış mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün təbii inhisar subyektinin konkret fəaliyyəti, tərəflər arasındakı münasibətin hüquqi təbiəti, fəaliyyətin publik hüquq sahəsi, ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Bu baxımdan iş üzrə müəyyən olunur ki, iddiaçı təbii qazın istehlakçısıdır. İddiaçı ilə Cavabdeh İB arasında təbii qazın alqı-satqısına dair müqavilə mövcuddur, yaşadığı ünvana sayğac quraşdırılmış, iddiaçının adına **********04210 abonent kodu açılmış və cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqinə borc hesablanmışdır. Göründüyü kimi tərəflər arasında qazın alqı-satqısına dair müqavilə münasibətləri, istehlak münasibətləri mövcuddur. İstehlak münasibətləri isə öz hüquqi təbiətinə görə mülki hüquq xarakterli, istehlak qaydalarını tənzimləyən məsələlər bilavasitə mülki hüquq normaları ilə tənzimlənir. Mülki hüquq öhdəliklərinin yaranması təkcə mülki müqavilə əsasında deyil, həm də müqavilədənkənar da yaranması mümkündür. Bu baxımdan mülki müqavilə iştirakçıları arasında müqavilə şərtlərinin pozulması və ya müqavilə tələbindən kənar hərəkətlərin edilməsi tərəflər arasında istehlak münasibətlərinin mahiyyətini dəyişdirmir. Nəzərə alınmalı olan hal münasibətin xarakteri, aid olduğu hüquq sahəsinin hüquqi təbiətidir. Təbii inhisar subyekti mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına və ya müqavilə olmadan istehlak qaydalarının pozulması zəmnində qəbul etdiyi akt, hərəkət və ya hərəkətsizlik “İnzibati İcraat haqqında” Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Başqa sözlə, istehlak münasibətlərindən irəli gələn, istehlakçının hüquqlarının qorunmasına yönəlmiş tələb inzibati hüquqdan irəli gələn tələb, mübahisə isə inzibati mübahisə hesab olunmadığından hazırkı iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. Bundan əlavə “Qaz təchizatı haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən maddədə ifadə olunan “inzibati qaydada” şikayət verilə bilər müddəası “İnzibati icraat haqqında” Qanunun tələbinə uyğun inzibati icraat qaydasında şikayəti deyil, qaz paylayıcısının tabe olduğu yuxarı quruma (Cavabdeh İB-nə münasibətdə Dövlət Neft Şirkəti) edilmiş şikayəti nəzərdə tutur ki, bu hala inzibati icraat qanunvericiliyinin müddəaları tətbiq edilmir. Eyni zamanda, həmin maddədə birbaşa “inzibati məhkəmə” ifadəsi işlənilməmiş, ümumən “məhkəməyə şikayət verilə bilər” müddəası qeyd edilmişdir ki, hazırkı işə münasibətdə şikayət verilə bilən məhkəmə inzibati məhkəmə icraatını həyata keçirən məhkəmə deyildir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər -tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iş üzrə mübahisə inzibati məhkəmə icraatının predmetinə aid olmadığından iddianın mümkünlük şərti ödənilmir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar