Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5392/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan iddiaçı X2 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X7 cəlb olunmaqla) «mənzildən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı X5 cavabdeh Bakı şəhəri Nəsimi RPİ-yə qarşı «mənzildən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu. Cavadxan küçəsi, 36 saylı evin 13 saylı mənzili iddiaçı X2 mülkiyyətindədir. Belə ki, o, həmin mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. X7 həmin mənzildə qeydiyyatda olmuş və mənzilin satılmasına müvafiq razılıq vermişdir. Buna baxmayaraq, adıçəkilən şəxs iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışdır. Ona görə də iddiaçı cavabdeh Bakı şəhəri Nəsimi RPİ-yə müraciıt edərək mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadsan kiyəsi, ev 36 saylı evin 43 saylı mənzilindən X6 qeydiyyatdan çıxarilmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının qaldırdığı məsələ təmin edilməmiş, eləcə də ərizəyə cavab verilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyası Konstitusiyanın 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 19.1-ci maddəsinə, İPM-in 2.2.2, 11.1, 14.3, 33.1, 73.1-ci maddələrinə əsaslanaraq, onun (iddiaçının) mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 36 sylı evin 43 saylı mənzilindən X7 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə saxil olmamışdır. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, satıcı X4 ilə alıcı X5 arasında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 36 saylı evin 43 saylı mənzilinin satıcı tərəfindən alıcıya satılması barədə 30 may 2022-ci il tarixdə notarial qaydada müqavilə bağlanmışdır. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli ********* qeydiyyat nömrəli “Hüquqların Dövlər qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 36 saylı evin 43 saylı mənzili X2 mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 28 sentyabr 2022ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X7 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 36 saylı evin 43 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 27 fevral 2023-cü il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 36 saylı evin 43 saylı mənzili X2 adına qeydiyyata alınmışdır. Qeyd olunan mənzil üzərində X6 istifadə hüquqlarının qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon MKTB-nin müvafiq sorğuya cavab olaraq, məhkəməyə ünvanlanmış 6/2017 nömrəli 30 mart 2023-cü il tarixli məktubunda bildirilir ki, 33 saylı MKİS-in verdiyi arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 36 saylı evin 43 saylı mənzilində X5 yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarından göründüyü kimi hazırda Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 36 saylı evin 43 saylı mənzilinə sahiblik, istifadə və sərəncam hüquqları iddiaçı X3 məxsusdur. Təbii ki, bu hüququn yaranmasının əsası kimi müqavilə çıxış edir. Həmin hüquq isə, iddiaçıya köhnə mülkiyyətçidən keçmişdir ki, köhnə mülkiyyətçi əvvəllər əmlaka dair ona məxsus olmuş mülkiyyət hüququndan müqavilədə nəzərdə tutulan haqq müqabilində imtina edərək onun başqa şəxsə keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Eyni zamanda, köhnə mülkiyyətçi ilə qohumluq əlaqəsində, habelə onun ailə üzvü olan və evdə qeydiyyatda olan X7 həmin müqavilənin bağlanmasına etirazı olmamış və o, yaşayış yeri üzrə qeydiyyatdan çıxmağını öz öhdəsinə götürmüşdür. Buna görə də iş üzrə üçüncü şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 36 saylı evin 43 saylı mənzili üzərində hər hansı hüququnun olması ehtimalı qalmır. Üçüncü şəxs keçmiş mülkiyyətçinin qohumu, ailə üzvü olmadığı, o cümlədən də əmlakın alqı-satqısı zamanı öz iradə ifadəsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini götürdüyü halda, iddiaçının müraciəti üzrə qeydiyyatdan çıxarılmalıdırlar. Çünki, hazırkı məhkəmə icraatında üçüncü şəxsin iddiaçıya məxsus həmin mənzilə hər hansı hüququnun mövcudluğunun müəyyən edilməsinə dair nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxs özü hər hansı sübut, dəlil təqdim etməmişlər. Nəzərə alınmalıdır ki, məhkəmə icraatı üzrə ona ünvanlanmış məhkəmə bildirişləri üçüncü şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Aidiyyəti səlahiyyətli qurum kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən alınmış sorğuya cavabda da Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 36 saylı evin 43 saylı mənzilinə üçüncü şəxsin istifadə hüquqlarının qeydiyyata alınmadığı təsdiqini tapır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 36 saylı evin 43 saylı mənzildən üçüncü şəxs X6 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 36 saylı evin 43 saylı mənzildən üçüncü şəxs X6 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5392/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5392/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver