Məhkəmə qərarları › İş №2-1(112)-5394/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5394/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5394/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək hüququnun yarandığı 15 yanvar 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1959-cu ildə anadan olub və 15 yanvar 2021-cı il tarixindən yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranıbdır. Yaşa görə əmək pensiyasına çıxmaq üçün cavabdeh quruma müraciət etsə də, müraciəti təmin edilməyibdir. Cavabdeh inzibati orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, o, əmək fəaliyyətinə Xəzər (keçmiş Əzizbəyov) rayonu 124 saylı məktəbdə başlayıb. Həmin məktəbdə 01.09.1992- ci ildən 02.05.1994- cü ilə kimi xadimə işləyib - 1 il 08 ay; Səbuhi Koperativində 01.07.1994-cü ildən 02.02.1997-ci ilə kimi xadimə işləyib-2 il 07 ay; Sahil (Primorsk) stansiyasında 01.08.1997-ci ildən 01.03.1999-cu və 01.04.1999- cu ildən 01.05.2001-ci ilə illərdə fəhlə işləyib - 3 il 07 ay; Azərbaycan Dövlət Dəmir yolu daşıma prosseslərini idarəetmə birliyi Sahil stansiyasında 01.05.2001-ci ildən 01.09.2009-cu ilə kimi bağban işləyib 8 il 04 ay; Sabunçu rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olub - 29.01.2010-cu ildən 31.07.2010- cu ilə kimi- 06 ay; Azərsu ASC Sabunçu rayon su kanal departamentində 25.04.2013- cü ildən 02.08.2014- cü ilə kimi xadimə işləyib 1 il 03 ay 08 gün; Sabunçu rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olub 31.01.2017- ci ildən 31.07.2017- cu ilə kimi- 06 ay; həmçinin 1 sentyabr 1975 ci ildən 20 iyul 1977- ci ilədək texniki peşə məktəbində oxuyub, imtahan komiyasının 21 iyul 1977- ci il tarixli qərarı ilə ona 3973 saylı Attestat verilibdir- 2 il; Üç uşağına - 31 may 1985- ci il təvəllüdlü X1, 01 fevral 1988-ci il təvəllüdlü X2 və 11 oktyabr 1989-cu il təvəllüdlü X3 3 yaşınadək qulluq edib. Uşaqlarına 3 yaşına çatanadək göstərdiyim qulluq müddəti üst- üstə ona 6 il iş stajı hesab olunur. İş materiallarına əlavə etdiyi əmək kitabçasının, uşaqlarının doğum haqqında şəhadətnamələrinin və texniki peşə məktəbin Attestatının təsdiq edilmiş surətlərindən əsasən ümumi stajı 26 il 06 ay 08 gün təşkil edir.

3. Cavabdeh inzibati orqan 05 mart 2021-ci il tarixli imtina məktubunda bildirir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci il 1 iyul tarixdən 01.07.2021- ci il tarixədək qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Əmək kitabçasına əsasən ümumi iş stajı 01.01.2006-cı il tarixədək 8 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006- cı il tarixədn sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2562,44 manat olmaqla tələb olunan 28800 manatdan azdır.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında cavabdeh iddiaya yazılı etiraz təqdim edərək etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin imtinası qanuni və əsash olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yasına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası 62 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı yaşa görə əmək pensiyasına hüququ “Əmək pensiyaları haqqımda” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 62 ildə, yəni 15.01.2021-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq İddiaçı həmin tarixə azı 25 İİ sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İşin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir: İddiaçı 01.09.1975 - 20.07.1977-ci illər ərzində təhsil aldığı dövr; İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına müvafiq olaraq işlədiyi dövrlər. İşin mübahisələndirilməyən birinci halı ilə bağlı qeyd edilməlidir ki, İddiaçı məxsus 3973 nömrəli attestata müvafiq olaraq o, 01.09.1975- 20.07.1977-ci illər ərzində Texniki Peşə məktəbində təhsil almışdır. Sözügedən mübahisələndirilməyən illər ərzində İddiaçı sosial sığorta stajı 01 il 10 ay 19 gün təşkil edir. İşin mübahisələndirilməyən birinci halı ilə bağlı qeyd edilməlidir ki, İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına müvafiq olaraq 01.09.1992 - 02.05.1994 (01 il 08 ay 01 gün), 01.07.1994- 02.02.1997 (02 il 07 ay 01 gün), 28.07.1997- 10.03.1999 (01 il 07 ay 12 gün), 01.04.1999 - 27.04.2001 (02 il 27 gün). 01.05.2001 - 01.09.2009 (8 il 04 ay), 29.01.2010 - 31.07.2010 (06 ay 02 gün), 25.04.2013 - 02.06.2014 (01 il 01 ay 07 gün), 31.01.2017 - 31.07.2017-ci (06 ay) illər ərzində işlədiyi dövrlərdir. Sözügedən mübahisələndirilməyən illər ərzində İddiaçı sosial sığorta stajı 18 il 04 ay 19 gün təşkil edir. İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 20 il 03 ay 08 gün təşkil edir. İşin mübahisələndirilən halı isə İddiaçı uşaqa qulluq etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsindən ibarətdir. İş materiallarına əlavə edilən 491688 nömrəli doğum haqqında şəhadətnaməyə müvafiq olaraq X5 11.10.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilən 474401 nömrəli doğum haqqında şəhadətnaməyə müvafiq olaraq X4 31.05.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilən 294051 nömrəli doğum haqqında şəhadətnaməyə müvafiq olaraq X6 01.02.1988-ci il tarixdə anadan olmuşdur. İddiaçı 31.05.1985, 01.02.1988 və 11.10.1989-cu il tarixlərdə uşaqları doğulduğundan və o, həmin tarixdən etibarən körpə uşaqlarına qulluq etdiyindən həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətə tətbiq edilməlidir. İddiaçı körpə uşaqlarına qulluq müddətlərinin onun iş stajına daxil edilməsi körpə uşaqlarına qulluq etdiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, eləcə də körpə uşağa qulluq etdiyi müddət və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni qözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasicə: ər 'ə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Körpə uşaqlara qulluq müddətinin əmək stajına daxil edilməsi” məsələsi körpə uşaqlara qulluq edilən vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan körpə uşaqlara qulluq müddətinin sosial sığorta stajına (iş stajına) daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. “Dövlət pensiya təminatı haqqında” SSRİ-nin 14 iyul 1956-cı il tarixli Qanunun 10- cu maddəsinə müvafiq olaraq 5 və daha çox uşağını doğub və onlara 8 yaşına kimi qulluq etmiş qadınlar 50 yaşına çatdıqda və azı 15 il iş stajına malik olduqda onların pensiya hüququ vardır. Sözügedən Qanunun müvafiq maddəsinin tələblərinə əsasən, qadınları pensiya hüququnun yaranmsı üçün 3 şərt mövcud olmalıdır: 5 və daha çox uşağı doğub və onlara 8 yaşına kimi qulluq etmək; 50 yaşına çatmaq; Azı 15 il iş stajına malik olmaq. Sözügedən Qanunda uşağa qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi məsələsi nəzərdə tutulmamışdır. İddiaçı istinad etdiyi 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddət iş stajına daxil edilir. Lakin qeyd edilməli məqam ondan ibarətdir ki, İddiaçı 11.10.1983, 31.05.1985 və 01.02.1988-ci il tarixlərdə uşaqları doğulduğu və daha sonra onlara 3 yaşma çatana kimi qulluq etdiyi dövrdə “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunu qüvvədə olmuş və həmin Qanunda işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddətin iş stajına daxil edilməsi məsələsi nəzərdə tutulmamışdır. Ali Məhkəmənin “qazanılmış hüquq” prinsipi də hal-hazırki işə tətbiq edilə bilməz. Belə ki, sözügedən prinsipin tələblərinə müvafiq olaraq əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Məlum olduğu kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu 1992 - 2006-cı illər ərzində belə bir norma nəzərdə tutulub və vətəndaşın vəziyyətini yaxşılaşdıran qanunun geriyə qüvvəsi prinsipinə müvafiq olaraq əgər şəxsin pensiya hüququ 1992 - 2006-cı illər ərzində yaransa idi, bu zaman şəxsə münasibətdə həmin dövrlər sosial sığorta stajına daxil edilə bilərdi. Göründüyü kimi İddiaçı 1956 - 1992-ci illər ərzində qüvvədə olan “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunu ilə uşağa qulluq etdiyi dövrün iş stajına daxil edilməsi hüququnu qazanmamışdır. Belə olan halda 1992 - 2006-cı illər ərzində qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanun mübahisələndirilən məsələyə tətbiq edilə bilməz. Beləliklə, İddiaçı körpə uşaqlarına qulluq müddətlərinin onun sosial sığorta stajına daxil edilməsi üçün iki haldan biri mövcud olmalıdır: - İddiaçı yaşa görə əmək pensiyası hüququ “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun qüvvədə olduğu 1992 - 2006-cı illər ərzində yarandıqda; - İddiaçı körpə uşaqlarına “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun qüvvədə olduğu 1992- 2006-cı illər ərzində qulluq etdikdə. Yuxarıda qeyd edilən işin hallarından göründüyü kimi İddiaçı təhsil aldığı və işlədiyi müddət ərzində onun ümumilikdə 20 il 03 ay 08 gün sosial sığorta stajı vardır. İddiaçı uşağa qulluq etdiyi dövr istər hal-hazırda qüvvədə olan qanunvericiliyin, istərsə də həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq sosial sığorta stajına daxil edilə bilməz. Belə olan halda İddiaçı qanunla tələb edilən 25 sosial sığorta stajına malik deyildir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə müvafiq olaraq onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən İddiaçı yaşa görə əmək pensiyası hüququ yaranmayacaqdır. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallan nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 62 ildə, yəni 15.01.2021-ci il tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir.

II. İddianın növü və mümkünlüyü

6. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

7. Pensiyanın təyin edilməsi və ya yenidən hesablanması tələbi zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

8. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

12. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

13. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

14. İddiaçının pensiya təyin edilməsinə dair müraciətinə cavabdeh tərəfindən imtina edilmişdir.

15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

16. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

19. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

20. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

21. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hisssəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

22. Göründüyü kimi yaşa görə pensiya təyini üçün aşağıdakı şərtlər tələb olunur: i) yaş (hazırda qadınlarda 62 yaş) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya; ii) yaş (hazırda qadınlarda 62 yaş) və 25 il sığorta stajı.

23. Cavabdeh quruma müraciət tarixinə iddiaçının pensiya təminatına imkan verən 62 yaşı tamam olmuşdur.

24. İddiaya etirazdan görünür ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir.

25. Odur ki, məhkəmə iddiaçının 25 il sığorta stajının mövcudluğunu araşdıracaq.

26. İddiada qaldırılan və cavabdehin imtinasında qeyd edilən məsələlər hüququn tətbiqi ilə bağlıdır.

27. 01.10.1956-cı ildə qanuni qüvvvəyə minmiş və 23.09.1992-ci ilədək qüvvədə olmuş Dövlət pensiyaları haqqında SSRİ qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, otra ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

28. 01.01.2006-cı ilədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin ğ) bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

29. Həmin Qanunun 67-ci maddəsinin e) bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddət iş stajına daxil edilir.

30. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017- ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçilməsi və ödənilməsi Qaydalarından: 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdaklardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006- cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 2006- cı il yanvarın 1- dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996- cı il tarixli, 186 saylı qərarının 1.1- ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

31. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 20 il 03 ay 19 gün təşkil edir (bax 5-ci bənd).

32. İddiaçının 11.10.1983-cü il, 31.05.1985-ci il və 01.02.1988-ci il təvəllüdlü olmaqla üç uşağı var. İşin mübahisələndirilən halı iddiaçının uşağa qulluq etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsindən ibarətdir (bax 2-ci və 5-ci bənd).

33. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

34. Məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.01.2014-cü il tarixli qərarında ifadə edilən mövqeyə əsasən, hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür.

35. Məhkəmə qeyd edir ki, iddiaçının uşaqlara qulluq etdiyi zaman qüvvədə olan (01.10.1956-cı ildə qanuni qüvvvəyə minmiş və 23.09.1992-ci ilədək qüvvədə olmuş) Dövlət pensiyaları haqqında SSRİ qanununda olmasa da, sonrakı (01.01.2006-cı ilədək qüvvədə olan) "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin e) bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddət iş stajına daxil edilmişdir. Bu müddəa “əvvəllər verilməmiş hüquqların verilməsi” kateqoriyasına aid olmaqla fiziki şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran hal hesab olunmalıdır.

36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Odur ki, cavabdeh qurum məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin etməlidir. Məhkəmənin hüquqi mövqeyi isə ondan ibarətdir ki, iddiaçının uşaqlarına qulluq etdiyi müddət 6 il olmaqla onun sosial sığorta stajına daxil edilməlidir.

38. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 62 yaşının tamam olduğu 15 yanvar 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab edilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar