Məhkəmə qərarları › İş №2-1(112)-5394/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5394/2022

16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5394/2022 16.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 05 yanvar 2022-ci il tarixli **********4 saylı cavab məktubunu qanunsuz və əsassız hesab edərək ona ikinci qrup əlilliyə görə pensiya təyin edilməsinin bərpa edilməsi və bu günədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Xüsusi fakultəsini bitirdikdən sonra 2003-cü ilədək Müdafiə Nazirliyinin hərbi hissələrində xidmətini davam etdirmişdir. 2002-ci ildə Ağdam rayonu ərazisində N saylı hərbi hissədə xidmətdə olarkən hərbi hissə komandirinin əmrini yerinə yetirərkən 09 aprel 2002-ci il tarixdə hərbi avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində qəlpə yarası almışdır. Bu fakt Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə də təsdiq olunmuşdur. Həkimlər tərəfindən ona “kəllə beyin travması”, “qapalı kəllə beyin travması” xəstəliyinin nəticəsi postravmatik ensofalopatiya tez-tez baş verən kloniki toniki qıcolmalarla müşahidə olunan tutmalar, astenevrotik sindrom diaqnozu qoyulmuş və ona 2-ci dərəcəli əlil kimi 25 sentyabr 2019-cu il tarixdə 5 il müddətinə, yəni 25 sentyabr 2024-cü il tarixədək pensiya təyin edilmişdir. 2020-ci ilin avqust ayınadək təyin olunan pensiyanı müntəzəm olaraq almışdır. İddiaçının əlillik vəziyyətini qiymətləndirmiş Xocasən Sağlamlıq Mərkəzində Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu 2020-ci ilin avqust ayında apardığı yoxlama ilə əlaqədar olaraq oranın göndərişi ilə verilən bütün pensiyaların ödənişini dayandırdı və pensiyaçıların əlillik dərəcəsini təkrarən müəyyənləşdirməyə başladı. Həmin vaxtdan ona verilən pensiyanın da ödənişini dayandıraraq əlillik vəziyyətini təkrar yoxlamaya yönəltdilər. Onu əyani müayinəyə dəvət etdilər. Təxminən bir ay sonra onu Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəvət etdilər və yenidən sənədlərini və özünü yoxlamaq üçün təhqiqat apardılar. Həmin vaxt onu iki dəfə məhkəmə-tibb ekspertizasına göndərdilər və ekspert də 2 dəfə təsdiq etdi ki, o, həqiqətən də hərbi travma almış və sənədlərində heç bir saxtakarlıq və qanunsuzluq yoxdur. Akademik M.Ə.Qasımov adına xəstəxanada onu müayinə edərək “keçirilmiş kəllə-beyin travmasının qalıqları, posfiqmatik emefalopsiya kəllə daxili perfeniya, davamlı setololgin insotnin sindromu dağınıq mikronevroloji və stasionol effektiv pozulmalarla yanaşı gedən sağ baldırın yuxarı 1/3-nin odlu silah mərmi partlayışından sonrakı çapıq” diaqnozu qoydular. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi- Ekspertiza və X3 14 may 2018-ci il tarixli rəyi və Mərkəzi Hərbi Həkim Komissiyasının 06 iyul 2018-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, “Mina partlayışı nəticəsində sol üst göz qapağında bir ədəd və sağ diz oynağının ön səthində bir ədəd köhnə çapıq toxumalar, hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır. Eləcə də yoxlayıcılar tərəfindən ona əlilliyə görə pensiya təyini zamanı qanunsuzluğa yol verilib-verilməməsi faktının araşdırılması üçün Respublika Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yazılı müraciət edilmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 07 sentyabr 2021-ci il tarixli cavabında göstərilmişdir ki, “Əlillik vəziyyətinizin qiymətləndirilməsi zamanı aşkar edilmiş pozuntular barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Baş İdarəyə daxil olmuş material üzrə araşdırma aparılmış və əlillik vəziyyətinin təyin olunması ilə bağlı hər hansı bir qəsdən törədilmiş saxtakarlıq və digər qanunsuzluq halı müəyyən edilməmişdir”. Pensiyasının bərpa edilməsi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də oradan X6 sədr müavininin imzası ilə 05 yanvar 2022-ci il tarixli **********4 saylı məktubla cavab verilmişdir ki, “əlillik vəziyyətiniz Bakı Xocasən Sağlamlıq Mərkəzinin 2740003AAB7K nömrəli göndərişi əsasında 25.09.2019-cu il tarixində qiymətləndirilmiş və sizə Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Aparılan əsassız əlillik təyinatlarının araşdırılması çərçivəsində müəyyən edilmişdir ki, 2740003AAB7K nömrəli göndərişdə qeyd olunmuş xəstəxanada stasionar müalicə müddətlərinə və xəstəlik vərəqələrinə dair məlumatlar təsdiqini tapmamışdır. Qeyd olunanlar əsas götürülməklə, 2740003AAB7K nömrəli göndəriş əsasında aparılmış əlillik təyinatı Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız edilmişdir. Siz dövlət səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə edildikdən sonra düzgün tərtib olunmuş (forma 088) rəsmiləşdirildiyi halda əlillik vəziyyətiniz qiymətləndirilib, müvafiq qərar veriləcəkdir”. Agentliyin bu cavabı tamamilə qanunsuz və əsassız olmaqla aşağıdakılara əsasən etibarsız hesab edilməli və ona təyin edilmiş ikinci qrup əlilliyə görə pensiya ödənişi bərpa edilməlidir. Toplanmış sənədlərdən göründüyü kimi onun hərbi xidmət zamanı aldığı xəsarətlər mübahisəsiz olaraq öz təsdiqini tapmış və 05 may 2019cu ildə ona 2-ci dərəcəli əlil kimi pensiya təyin edilərək 11 ay müddətində qanuni əsaslarla ödənmişdir. Əsassız əlillik dərəcəsinin araşdırılması çərçivəsində Nazirliyin apardığı təkrar yoxlama zamanı da onun hərbi xidmətdə olarkən aldığı xəsarətlər və bu xəsarətlər əsasında təyin edilmiş 2-ci qrup əlillik dərəcəsi rəsmi sənədlər əsasında tam təsdiqini tapmışdır. Respublika Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən də onun əlillik dərəcəsinin qanuni əsasla verilib-verilməməsi faktı yoxlanarkən müəyyən edilmişdir ki, əlillik dərəcəsi müəyyən edilərkən heç bir qanunsuzluğa və saxtakarlığa yol verilməmişdir. Agentlik bu qanuni sənədlər əsasında ona ikinci qrup əlilliyə görə pensiya təyin etmək barədə qərar vermək əvəzinə lüzumsuz süründürməçiliyə yol verir, əsassız olaraq pensiya təyinatına maneçilik törədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Xocasən Sağlamlıq Mərkəzinin 19.09.2019-cu il tarixli 2740003AAB7K saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: kəllə daxili travma (2002) qapalı kəllə beyin travması baş beyinin travmatik xəstəliyinin nəticəsi postravmatik ensefalopatiya tez-tez baş verən kloniki toniki qıcolmalarla müşahidə olunan tutmalar (ayda 10-12 dəfə) astenovrotik sindrom; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 2017-2020-ci illər ərzində əlillik təyinatı aparılmış şəxslər üçün rəsmiləşdirilmiş göndərişlərdə qeyd olunmuş stasionar və ambulator müalicə müddətinə dair məlumatlar “Əlillik” siyasəti şöbəsi tərəfindən araşdırılmışdır. Həmin şəxslərə dair məlumatlar Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Sığorta edənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərin emalı” və “Sığorta” altsistemlərində olan məlumatlarla qarşılaşdırılmışdır. Müəyyən olunmuşdur ki, həmin şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətlərinə dair məlumatlarla, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar mövcuddur. Bundan savayı, stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmişdir ki, bu da vətəndaşa rəsmiləşdirilmiş göndərişdə qeyd olunan məlumatların saxtalaşdırılması və əlillik təyinatı üçün əsas götürülmüş stasionar müalicə faktının təhrif edilməsidir. Göstərilənlər nəzərə alınaraq 208 nəfərə aparılmış əlillik təyinatları etibarsız edilmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (122ci sıra), “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə 19.06.2020-ci il tarixdən etibarsız hesab edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5394/2022 nömrəli, 10.02.2022-ci il tarixli qərardadı ilə İddiaçı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 05 yanvar 2022-ci il tarixli **********4 saylı cavab məktubunu qanunsuz və əsassız hesab edərək, ikinci qrup əlillik dərəcəsinin bərpa edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı 04.05.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək cavabdehin əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və ona 25.09.2019-cu il tarixdən təyin olunmuş əlillik dərəcəsinin etibarsız hesab edildiyi 19.06.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinə əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı Xocasən Sağlamlıq Mərkəzinin 19.09.2019-cu il tarixli 2740003AAB7K saylı göndərişi əsasında 25.09.2019-cu il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: kəllə daxili travma (2002) qapalı kəllə beyin travması baş beyinin travmatik xəstəliyinin nəticəsi postravmatik ensefalopatiya tez-tez baş verən kloniki toniki qıcolmalarla müşahidə olunan tutmalar (ayda 10-12 dəfə) astenovrotik sindrom; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 06.07.2018-ci il tarixli, 1177 nömrəli qərarında göstərilmişdir ki, Ucar RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən 2002-ci ilin aprel ayında aldığı və 14.05.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnoz: “Mina partlayışı nəticəsində sol üst göz qapağında bir ədəd və sağ diz oynağının ön səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Ucar rayon şöbəsinin 25.06.2018-ci il tarixli 2 nömrəli göndərişi, 25.06.2018-ci il tarixli 23 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin 14.05.2018-ci il tarixli 389 nömrəli aktı, Sumqayıt Şəhər Məhkəməsinin 21.05.2018-ci il tarixli 2(060)- 3196 nömrəli qətnaməsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07.09.2021-ci il tarixli, 02/2-18263-21/2707 nömrəli məktubda bildirilmişdir ki, 2020-ci ilin avqust ayından 2019-cu ilədək sizə verilmiş təqaüdün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən dayandırılması və bununla bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmanın nəticəsi barədə ona məlumat verilməsi, həmçinin keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəylərinin surətlərinin verilməsi barədə müraciətinizə Baş İdarədə baxılmışdır. Müəyyən edilmişdir ki, əlillik vəziyyətinizin qiymətləndirilməsi zamanı aşkar edilmiş pozuntular barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Baş İdarəyə daxil olmuş material üzrə araşdırma aparılmış və əlillik vəziyyətlərinin təyin olunması ilə bağlı hər hansı bir qəsdən törədilmiş saxtakarlıq və digər qanunsuzluq halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı ünvanladığı 05.01.2022-ci il tarixli, **********4 nömrəli məktubunda bildirilmişdir ki, əlilliyinizin bərpa edilməsi ilə bağlı müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, əlillik vəziyyətiniz Bakı Xocasən Sağlamlıq Mərkəzinin 2740003AAB7K nömrəli göndərişi əsasında 25.09.2019-cu il tarixində qiymətləndirilmiş və sizə Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Aparılan əsassız əlillik təyinatlarının araşdırılması çərçivəsində müəyyən edilmişdir ki, 2740003AAB7K nömrəli göndərişdə qeyd olunmuş xəstəxanada stasionar müalicə müddətlərinə və xəstəlik vərəqələrinə dair məlumatlar təsdiqini tapmamışdır. Qeyd olunanlar əsas götürülməklə, 2740003AAB7K nömrəli göndəriş əsasında aparılmış əlillik təyinatı Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan qiymətləndirilir. Siz dövlət səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə edildikdən sonra düzgün tərtib olunmuş göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyətiniz qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 28.04.2022-ci il tarixli, **********9 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Xocasən Sağlamlıq Mərkəzinin 2740003AAB7K nömrəli göndərişi əsasında 25.09.2019-cu il tarixdə elektron qiymətləndirilmiş və “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, İddiaçı dair 2740003AAB7K nömrəli göndərişdə qeyd olunan stasionar müalicə tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi” və “Sığorta” altsistemlərində olan məlumatlara əsasən əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmamışdır. Bundan irəli gələrək, 2740003AAB7K nömrəli göndəriş əsasında aparılmış əlillik təyinatı MEİS-in “Əlillik” altsistemində etibarsız edilmişdir. İnzibati icraat materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanlanmış xidməti məruzədə bildirilmişdir ki, 2017-2020-ci illər ərzində əlillik təyinatı aparılmış şəxslər üçün rəsmiləşdirilmiş göndərişlərdə qeyd olunmuş stasionar və ambulator müalicə müddətinə dair məlumatlar “Əlillik” siyasəti şöbəsi tərəfindən araşdırılmışdır. Həmin şəxslərə dair məlumatlar Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Sığorta edənlər tərəfindən göndərilmiş haqqhesab cədvəllərin emalı” və “Sığorta” altsistemlərində olan məlumatlarla qarşılaşdırılmışdır. Müəyyən olunmuşdur ki, həmin şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətlərinə dair məlumatlarla Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar mövcuddur. Bundan savayı, stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmişdir. Göstərilənləri nəzərə alaraq siyahıda adları qeyd olunmuş 208 nəfərə aparılmış əlillik təyinatlarının etibarsız edilməsi məqsədəmüvafiqdir. Bununla əlaqədar nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə tapşırıq verilməsi xahiş edilir. Həmin məktuba əlavə edilmiş göndərişləri etibarsız hesab edilənlərin siyahısında İddiaçı adı 122-ci sırada qeyd olunmuşdur. “Əlillik altsistemi”ndən çıxarışa əsasən İddiaçı aid qiymətləndirmə 19.06.2020-ci il tarixdən etibarsız hesab edilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki Bakı Xocasən Sağlamlıq Mərkəzinin 19.09.2019-cu il tarixli 2740003AAB7K saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək ona 25.09.2019-cu il tarixdə “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar kəllə daxili travma (2002) qapalı kəllə beyin travması baş beyinin travmatik xəstəliyinin nəticəsi postravmatik ensefalopatiya tez-tez baş verən kloniki toniki qıcolmalarla müşahidə olunan tutmalar (ayda 10-12 dəfə) astenovrotik sindrom” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Növbəti müayinə tarixi 25.09.2024-cü il olmasına baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, İddiaçı dair 2740003AAB7K göndərişdə qeyd olunan stasionar müalicə tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi” və “Sığorta” altsistemlərində olan məlumatlara əsasən əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmadığı əsas götürərək cavabdeh orqan iddiaçıya təyin olunmuş əlillik təyinatını 19.06.2020-ci il tarixdən “Əlillik” altsistemində etibarsız hesab etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin əllillik dərəcəsinin təyinatının etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərinin qanunsuzluğunu mübahisələndirir və əlillik təyinatının bərpa olunmasını inzibati məhkəmə icraatında xahiş edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə görə qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə işin hallarını inzibati orqanın inzibati icraat haqqında qanunvericiliyin prosessual qaydası baxımından qiymətləndirərək bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının adına rəsmiləşdirilmiş göndərişin onu təqdim edən tibb müəssisəsi tərəfindən ləğv edilmədiyi və ya etibarsız hesab edilmədiyi, lakin tibbi göndərişdə müalicə müddəti ilə bağlı məlumata dair uyğunsuzluğa dair şübhəsi olduğu halda əlillik təyinatını etibarsız hesab etməsi yuxarıda qeyd olunan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7ci bəndinin tələbinə uyğun olmamışdır. Belə ki, qeyd edilən qanunvericiliyin müddəaları əlillik təyinatını şübhə altına alan əsaslı faktlar aşkar olunduğu halda əlillik təyinatını aparan orqana əlilliyi olan şəxsin təkrar müayinəyə cəlb etməsi vəzifəsini müəyyən etmiş, yalnız bundan sonra əlillik təyinatının etibarlı olub-olmamasını müəyyən etmək, əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın dəyişdirilməsi və ya ləğv edilməsi imkanını tanımışdır. Təqdim edilmiş inzibati icraat materiallarında iddiaçının əyani müayinəyə dəvət edilməsi barədə bildiriş, həmin bildirişin iddiaçıya göndərilməsi barədə sübut (poçt qəbzi və s.) və ya həmin inzibati icraatda iddiaçının iştirakını təsdiq edən hallara rast gəlinməmişdir. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya əlillik təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbir də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla ləğv edilə və ya dəyişdirilə bilər. İş üzrə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə hər hansı qərar qəbul olunmadan əlilliyi etibarsız hesab etmişdir. Halbuki, cavabdehin rəhbər tutduğu sahə qanunvericiliyinə aid olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın yuxarıda qeyd edilən 2.4, 3.7, həmçinin 4.9-cu bəndlərində də cavabdeh orqan tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəblərini göstərməklə məhz qərarın qəbul edilməsi vurğulanmışdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”na Əlavədə cavabdeh tərəfindən qəbul ediləcək qərarın forması göstərilmiş və bu qərar forması əlilliyin qiymətləndirilməsinin bütün nəticələrinə aid olan forma kimi nəzərdə tutulmuşdur. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iş üzrə sübutların toplanılması, iddiaçının iştirakının təmin edilməsi tələblərinə riayət etməyərək yekunda inzibati icraatın nəticəsi olaraq qərar formasında inzibati akt qəbul etməmiş, qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirməkdə hərəkətsizlik göstərmiş, prosessual tələblərə riayət etmədən iddiaçı barəsində təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir. Belə olan halda cavabdehin iddiaçının əlillik təyinatının əlillik alt sistemində etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab olunmaqla əlillik təyinatı bərpa edilməlidir (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Kənan Loğman oğluna təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi barədə hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı 25.09.2019-cu il tarixdən təyin olunmuş əlillik dərəcəsinin etibarsız hesab edildiyi 19.06.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar