Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5395/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanaraq almadığı hissəsinin bərpa edilərək ona ödənilməsi; sabiq dövlət qulluqçusu kimi pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi; vurulmuş maddi və mənəvi zərərə görə kompensasiyanın və məhkəmə xərclərinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək dövlət qulluqçusu statusunda ona təyin edilmiş pensiyanın dayandırılması haqqında qərarı ləğv edib, pensiyasının yenidən hesablanaraq almadığı hissəsinin bərpa edilərək ona ödənilməsi və 01.01.2021-ci il tarixindən əsassız dayandırılmış dövlət qulluqçusu statusunda pensiyanın dayandırıldığı tarixindən bərpa edilməklə ödənilməsi; Vurulmuş maddi zərərin tam həcmdə və mənəvi zərərə görə ******* (bir milyon) manat təzminat (kompensassiya) təyin etməklə, həmin təzminatın (kompensassiyanın), 20 (iyirmi) manat məhkəmə xərcinin və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, 16.04.1971-01.07.1971-ci ildə Azərbaycan SSRnin Tədarük nazirliyi material texniki təchizat idarəsində mühəndis, 01.04.1974- 29.11.1976-ci ildə həmin nazirliyin plan maliyyə idarəsində böyük mütəxəssis, 29.11.1976-15.01.1987-ci ildə həmin nazirliyin X1 rəisi vəzifəsində işləməklə 13 il dövlət qulluğu statusunda, ümumilikdə cəmi 42 il əmək stajı vardır. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt, dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 18.10.1991-ci ilədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısının təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin 01.09.2005-ci il tarixli 290 nömrəli fərmanının 1.15-ci bəndi əsas götürülməklə, 01.04.2006-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən ona, dövlət qulluqçusu statusunda 233 manat aylıq pensiya təyin olunmuşdur. Sonradan artımlar nəticəsində aylıq pensiyanın məbləği 770 manata qədər artmış və o, 14 il 8 ay sabiq dövlət qulluqçusu kimi pensiya alıb. Lakin 01.01.2021-ci il tarixdən ona təyin olunmuş pensiya, ona məlum olmayan səbəbə görə, heç bir qanuni əsas olmadan dayandırılmışdır. Aidiyyəti qurumlara müraciət edib pensiyasının dayandırılması səbəbi haqqında ona rəsmi məlumat verilməsini xahiş etsə də, bu günə kimi ona cavab verilməmişdir. Başqa gəlir mənbəyi olmadığı üçün sosial vəziyyətinin kəskin pisləşməsi səbəbindən səhhətində ciddi problemlər yaranmış, o yataq xəstəsi olub. Dəfələrlə təcili tibbi yardıma və ərazi tibb müəssisəsinə müraciət edib, hal-hazırda da ambulator müalicə alır. Hesab edir ki, cavabdeh qurumun qanunsuz, hüquqi əsası olmayan hərəkəti ilə ona maddi və mənəvi zərər vurmuşdur. Onun sabiq rəhbəri olduğu qurum, Azərbaycan SSR Tədarük nazirliyinin 01.02.1973-cü il tarixli 32 nömrəli əmrinə əsasən, SSRİ Tədarük nazirliyinin 24.01.1973-cü il 65-24/630 nömrəli məktubu əsas götürülməklə, Azərbaycan SSR Tədarük nazirliyi yanında yaradılmışdır. Cavabdeh üst qurum kimi, onun pensiya aldığı müddət ərzində, yəni 14 il 8 ay zaman kəsiyində, ona pensiya təyin etmiş DSMF-nin Xətai rayon şöbəsinin fəaliyyətini, ən azı 10 (on) dəfə təftiş etmiş və pensiya təyinatı ilə əlaqədar şəxsi işi hər dəfə nəzərdən keçirilmiş və heç bir qanunsuzluq müəyyən edilmədiyi halda, cavabdeh nədənsə, ona məlum olmayan səbəbə görə, pensiyası məqsədli şəkildə dayandırılmış, bununla da, ona maddi və mənəvi zərər vurulmuşdur. Bildirir ki, pensiya təyinatı üçün yalnız 2 (iki) sənədi, yəni əmək kitabçası və kommunist partiyasına üzvlük bileti təqdim edib. Cavabdeh özünün hüquqi əsası olmayan hərəkəti nəticəsində pensiyasını dayandırmaqla yanaşı, pensiyasının məbləğini və sonrakı artımları da, uyğun olaraq düzgün təyin etməmiş və beləliklə, onun sosial təminat hüququnu pozmuşdur. Belə ki, onun sabiq rəhbəri olduğu Azərbaycan SSRİ Tədarük nazirliyi yanında reseptlər və qiymətlər mərkəzi (tariflər və qiymətlər mərkəzi), sonralar X2, həmin nazirliyin 01.02.1973-cü il tarixli 32 nömrəli əmrinin 3-cü bəndinə əsasən, mərkəzin rəhbər və mühəndis texniki işçiləri, əməyin ödənilməsi üzrə İİİ qrupa aid edilmişdir. Hesab edir ki, cavabdeh ona aşağı məbləğdə pensiya təyin etmişdir. Bildiyinə görə Azərbaycan Respublikası Kənd təsərrüfatı nazirliyinin şöbə müdirinin aylıq maaşı bu gün 1450 manat təşkil edir və onun pensiyası da 01.09.2005-ci il tarixli, 290 nömrəli fərmana əsasən bu məbləğə uyğunlaşdırılmalıdır. Azərbaycan SSR Tədarük nazirliyinin X1 rəisi vəzifəsində işlədiyi dövrdə, yəni 1976- 1984-cü illərdə ümumilikdə 330 rubl məbləğində mükafat alıb və hesab edir ki, ərizədə göstərilənlər və həmin məbləğ də nəzərə alınmaqla pensiyası yenidən hesablanmalıdır.
3. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı 03 mart 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirilir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsi tərəfindən 1 aprel 2006-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda Azərbaycan SSR Tədarük Nazirliyinin (sonradan Çörək Məmulatarı Nazirliyi) X6, X13 Komitəsinin Azər Aqro Sənaye Tikinti Birliyi, 1 nömrəli İxtisaslaşdırılmış “Aqrosənayeixtisasquraşdırmatəchizat” tresti və həmin qurumlarda (müəssisələrdə) mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən Fondun Xətai rayon şöbəsində apardığı audit yoxlaması zamanı iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə ona qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişi 31.12.2020- ci il tarixindən etibarən dayandırılmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasl X9 tərəfindən ona ünvanlanan 27.04.2021-ci il tarixli məktubla bildirilmişdir ki, 1974-1976-cı illərdə Azərbaycan SSR Tədarük Nazirliyinin Plan-maliyyə şöbəsində böyük mütəxəssis, 1976- 1987-ci illərdə Azərbaycan SSR Tədarük Nazirliyi yanında X1 rəisi vəzifələrində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsi haqqında müraciətinə Azərbaycan Respublikasının X9ndə baxılmışdır. "Azərbaycan SSR Tədarük Nazirliyinin məsələləri haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1970-ci il 5 mart tarixli 79 nömrəli qərarına Əlavəyə əsasən Azərbaycan SSR Tədarük Nazirliyinin mərkəzi aparatının strukturu təsdiq edilmişdir. Həmin Əlavəyə əsasən Plan-maliyyə şöbəsi Azərbaycan SSR Tədarük Nazirliyinin mərkəzi aparatının strukturunda nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparıldığından 1974-1976-cı illərdə Azərbaycan SSR Tədarük Nazirliyinin Plan-maliyyə şöbəsində böyük mütəxəssis vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxildir. Yuxarıda adı çəkilən Əlavəyə əsasən Azərbaycan SSR Tədarük Nazirliyinin mərkəzi aparatının strukturunda X2 nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş arxiv çıxarışlarından müəyyən edilir ki, Azərbaycan SSR Tədarük Nazirliyinin 25 may 1973-cü il tarixli 169 nömrəli əmrinə əsasən X2 Azərbaycan SSR Tədarük Nazirliyinin yanında yaradılmış Resept və qiymət mərkəzinin yenidən təşkili əsasında formalaşmışdır. Azərbaycan SSR Tədarük Nazirliyinin 01 fevral 1973-cü il tarixli 32 nömrəli əmrinə əsasən həmin mərkəzin saxlanma xərcləri onun xidmətlərindən istifadə edən qarışıq yem müəssisələrininin ayırmaları hesabına həyata keçirilmişdir. Büdcə vəsaiti hesabına maliyyələşmədiyindən, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda Azərbaycan SSR nazirliklərinin yanında fəaliyyət göstərmiş qurumlarda mövcud olmuş vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığından 1976-1987-ci illərdə Azərbaycan SSR Tədarük Nazirliyi yanında X1 rəisi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil deyildir.
5. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 23.04.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 13 mart tarixli 2787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1268 nömrəli Sərəncamına əsasən Nazirliyin Aparatında təminedici şöbənin müdirinin vəzifə maaşı 1470 manat, yardımçı şöbənin müdirinin vəzifə maaşı 1290 manat, Nazirliyin yanındakı dövlət agentliklərində təminedici şöbənin müdirinin vəzifə maaşı 975 manat, yardımçı şöbənin müdirinin vəzifə maaşı 925 manat təşkil edir.
6. Məhkəmənin 15.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur.
7. İddiaçı tərəfindən cavabdeh quruma müraciətlərinə cavab olaraq ona ünvanlanmış 02.04.2021-ci il tarixli məktubda iddiaya yazılı etirazın məzmununa uyğun əsaslandırılmaqla sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 31.12.2020-ci il tarixindən etibarən dayandırıldığı və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 259,78 manat məbləğində yaşa görə əmək pensiyasının təyin edildiyi bildirilmişdir.
8. Məhkəmə hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, 1974-1976-cı ildə Azərbaycan SSR tədarük nazirliyinin plan-maliyyə idarəsində böyük mütəxəssis, 1976- 1987-ci ildə həmin nazirliyin X1 rəisi vəzifəsində işləyib. 01.04.2006-cı ildə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi ona dövlət qulluqçusu kimi, yaşa görə əmək pensiyası təyin etmiş və o, 14 il 8 ay müddətində 768.96 manat məbləğində aylıq əmək pensiyası alıb. Lakin, 31.12.2020-ci il tarixindən həmin pensiya cavabdeh tərəfindən dayandırılmışdır. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, qəbullarda olsa da, ona pensiyanın dayandırılması haqqında rəsmi məlumat verilməmiş və 31.03.2021-ci ildə məhkəməyə müraciət etməli oldu. Hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 04.08.2003-cü il tarixli, 911 nömrəli “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun təsdiq edilməsi haqqında Fərmanın 1.9.33-cu maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların rəhbərləri, yəni Azərbaycan SSR Tədarük nazirliyi yanında “X2”nin rəisi vəzifəsində iş müddəti onun dövlət qulluğunda qulluq stajına daxil edilməlidir. 14 il 8 aydan sonra cavabdeh tərəfindən tabeliyindəki daxili nəzarət departamentinin müvafiq aktı əsas götürülməklə, iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının dayandırılması Azərbaycan Respublikası Konstitutsiyasma və qanunlarına ziddir. Hesab edir ki, cavabdehin hərəkətinin hüquqi əsası olmadığı səbəbindən, iddiaçıya dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının dayandırılmasına səbəb olmuş inzibati akt, Azərbaycan Respublikası Konstitutsiyası və qanunlarına zidd olduğu üçün ləğv edilməli və həmin pensiyanın ödənişi dayandırıldığı tarixdən bərpa edilməlidir. O, 19.04.2021-ci il tarixdə, Azərbaycan Respublikası Dövlət Qulluğu Komissiyasına müraciət edərək, 1974-1976-cı illərdə onun Azərbaycan SSR Tədarük Nazirliyinin Planmaliyyə idarəsində böyük mütəxəssis, 1976-1987-ci illərdə Azərbaycan SSR Tədarük Nazirliyi yanında X1 (İHM) rəisi vəzifələrində iş müddətinin dövlət qulluğu stajına daxil edilib-edilməməsinə münasibət bildirməsini xahiş etmişdir. X9 tərəfindən həmin məktub cavablandırılmışdır. Bildirir ki, Azərbaycan Respublikası Arxiv İdarəsinin 04.03.2021-ci il tarixli, DA-00296-2021 nömrəli Arxiv arayışına əsasən, Azərbaycan SSR Tədarük nazirliyi yanında X2 həmin nazirliyin 32 nömrəli və 169 nömrəli 1973-cü il tarixli əmrinə əsasən SSRİ Tədarük Nazirliyinin müvafiq göstərişlərini icra etmək məqsədilə yaradılmışdır. Azərbaycan SSR Tədarük nazirliyi ittifaq-respublika, yəni ikilik tabelikdə fəaliyyət göstərən nazirlik olaraq, həmin nazirliyin yanında 1973-cü ildə yaradılmış dövlət orqanı olan (İHM) Azərbaycan SSR Nazirlər Sovetinin 05.03.1970-ci il tarixli, 79 nömrəli qərarına əlavədə nəzərdə tutula bilməzdi. Bildirir ki, 21.07.2000-ci il tarixli, 926 nömrəli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, dövlət orqanı Azərbaycan Respublikası qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin qanuna 30.09.2020-ci il tarixli, 171 VİQD nömrəli Prezident fərmanı ilə edilmiş dəyişikliyə əsasən, qanunun 7.1ci maddəsindən “sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən” sözləri çıxarılmışdır. Hesab edir ki, cavabdeh və X9 məhz həmin dəyişikliyi əsas götürərək (yəni dövlət qulluqçularının maaşları, “yalnız” dövlət büdcəsindən maliyyələşdirilməlidir) onun 1976-1987-ci illərdə Azərbaycan SSR Tədarük nazirliyi yanında X1 rəisi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil deyildir” qənaətinə gəlmişdir ki, bununla da Azərbaycan Respublikası Konstitutsiyasının 149-cü maddəsinin Vİİ bəndinin tələbləri pozulmaqla ona maddi və mənəvi zərər vurulmuşdur. SSRİ dövləti süqut olanadək həmin dövlətdə Vergilər Nazirliyi adlı qurum olmadığı üçün, SSRİ dövlət büdcəsi 1936 və 1977-ci ildə qəbul olunmuş, SSRİ Konstitusiyasına əsasən, Qanunvericiliklə qadağan olunmayan mənbələrdən ayrılan vəsaitlər hesabına formalaşdığı üçün 1973-cü ildə SSRİ Tədarük nazirliyinin müvafiq göstərişini icra etmək məqsədi ilə, Azərbaycan SSR Tədarük nazirliyinin yanında yaradılan, X1 saxlanması xərcləri, həmin nazirliyin 01.02.1973-cü ildə tarixli 32 nömrəli əmrinə əsasən, nazirliyin tabeliyində fəaliyyət göstərən qarışıq yem sənayesi müəssisələrinə xidmətlərə görə dövlət büdcəsinin formalaşması üçün təsdiq olunmuş ödəniləcək ayırmalar hesabına nəzərdə tutulmuşdur. Azərbaycan SSR Tədarük nazirliyinin əsasnaməsinə əsasən, nazirliyin fəaliyyət istiqamətlərini tədarük, taxıl məhsullarının emalı, istehsal və satışı təşkil etdiyindən, nazirliyin qarışıq yem istehsalı və sonradan un məmulatlarının istehsalı müəssisələrinin idarə olunmasını təkminləşdirmək məqsədi ilə X2 yaradılmışdır. Beləliklə, SSRİ Tədarük nazirliyi tərəfindən 100 ton qarışıq yem istehsalı üçün Azərbaycan SSR Tədarük nazirliyinə 100 ton xam məhsulu kimi ayrılması nəzərə alınmaqla istehsal olunacaq məhsul üçün X2 resept hazırlayaraq, məhsulun maya dəyərinin hər tonuna görə dövlət büdcəsinə ödənilməsi üçün, 10 manat 32 qəpik vəsait əlavə olunaraq konkret qiymət təyin edib Azərbaycan SSR Kənd təsərrüfatı nazirliyi və başqa aidiyyəti orqanlarla razılaşdırılmaqla onu Tədarük nazirliyinin müəssisələrinə göndərir. Sonradan bu qaydaya Tədarük nazirliyinin digər fəaliyyət sahəsi, yəni un və yarma istehsalı sənayesi müəssisələri də əlavə edilmişdir. Odur ki, hesab edir ki, cavabdeh ona aşağı məbləğdə pensiya təyin etmişdir. Azərbaycan Respublikası kənd təsərrüfatı nazirliyinin şöbə müdirinin aylıq maaşı hazırda 1450 manat təşkil edir və pensiyası da 01.09.2005-ci il tarixli, 290 nömrəli fərmana əsasən bu məbləğə uyğunlaşdırılmalıdır.
9. Məhkəmə hazırlıq icraatı zamanı keçirilən iclaslarda, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazı müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, pensiya ödənilməsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən dayandırılmış, ümumi əsaslarla yaşa görə pensiya təyin edilməsi üçün pensiya işi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir.
II. İddianın növü və mümkünlüyü
10. Dövlət qulluqçusu statusunda ona təyin edilmiş pensiyanın dayandırılması haqqında qərar mövcud deyil. Pensiyanın ödənilməsi cavabdehin faktiki xarakterli hərəkətləri ilə dayandırılıb. Məhkəmə hesab edir ki, iddianın növü dövlət qulluqçusu statusunda ona təyin edilmiş pensiyanın dayandırılması haqqında qərarı ləğv edib, pensiyasının yenidən hesablanaraq almadığı hissəsinin bərpa edilərək ona ödənilməsi və 01.01.2021-ci il tarixindən əsassız dayandırılmış dövlət qulluqçusu statusunda pensiyanın dayandırıldığı tarixindən bərpa edilməklə ödənilməsi hissəsində öhdəliyin icrasına dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
11. Vurulmuş maddi zərərin tam həcmdə və mənəvi zərərə görə ******* (bir milyon) manat təzminat (kompensassiya) təyin etməklə ödənilməsi hissəsində kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır.
12. Pensiyanın təyin edilməsi və ya yenidən hesablanması tələbi zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
14. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
15. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
17. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
18. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
III. Məhkəmənin mövqeyi
19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunundan:
20. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur.
21. 23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunundan:
23. 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir.
24. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:
25. 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında;
26. 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
27. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
28. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
29. İddia tələbi bir neçə hissədən ibarət olduğu üçün məhkəmə hər bir hissəyə ayrıca qiymət verəcəkdir.
30. Dövlət qulluqçusu statusunda pensiyanın dayandırıldığı tarixindən bərpa edilməklə ödənilməsi hissəsində:
31. İddiaçının 01.04.2006-cı il tarixdən 30.12.2020-ci il tarixədək 14 il 8 ay müddətində sabiq dövlət qulluqçusu pensiya alması işin mübahisəsiz halıdır. İddiaçı sabiq dövlət qulluqçusu kimi pensiyasının dayandırıldığı 30.12.2020-ci il tarixədək tarixədək aldığı pensiya məbləği 768, 96 manat olmuşdur. Həmin pensiya ona ömürlük təyin edilmişdir. 01.01.2021-ci il tarixdə pensiyasının yenidən hesablanması nəticəsində ona yaşa görə 259,78 manat pensiya təyin edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 01.04.2006-cı il tarixdən sabiq dövlət qulluqçusu kimi aldığı pensiyanın davamlı olaraq ödənilməsinə (almasına) “qanuni gözləntisi” olmuşdur. Belə ki, X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
32. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
33. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
34. Avropa Məhkəməsi öz qərarlarında ərizəçinin yaşa görə pensiyası hesablanması hüququnun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əhatə olunduğunu müəyyən etmişdir (Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia [GC]), ərizə № 55707/00 18.02.2009-cu il tarixli qərar [Böyük Palata]).
35. X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
36. Məhkəmə hazırki iş üzrə araşdırmanı X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?
37. Məhkəmə hesab edir ki, sabiq dövlət qulluqçusu kimi 14 il 8 ay pensiya aldığından həmin pensiyanı almağa iddiaçının ən azı “qanuni gözləntisi” olmuşdur və həmin pensiyanın dayandırılması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X12 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).
38. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.
39. Müdaxilənin qanuniliyi:
40. -21.07.2000-ci il tarixli, 926 nömrəli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunan tarixə 7.1-ci maddəsinin redaksiyasına əsasən, dövlət orqanı Azərbaycan Respublikası qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. 30 sentyabr 2020-ci il tarixli 171-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 7.1-ci maddədən “,sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən” sözləri çıxarılmışdır. -Azərbaycan SSR Tədarük Nazirliyi üzrə 01.02.1973-cü il tarixli 32 nömrəli əmri ilə Azərbaycan SSR Tədarük Nazirliyi yanında müstəqil balansda Reseptlər və qiymətlər mərkəzi (Tariflər və qiymətlət mərkəzi) yaradılmış, həmin mərkəzin saxlanma xərcləri onun xidmətlərindən istifadə edən qarışıq yem müəssisələrininin ayırmaları hesabına həyata keçirilmişdir. Büdcə vəsaiti hesabına, eləcə də sosial təminatı həyata keçirən orqanlarının büdcəsindən maliyyələşmədiyindən, eyni zamanda dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığından 1976-1987-ci illərdə Azərbaycan SSR Tədarük Nazirliyi yanında X1 rəisi vəzifəsində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil olması barədə X7 qənaəti ilə məhkəmə razılaşır (bax 4-cü bənd).
41. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir.
42. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi” Qaydalarından:
9. Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
11. Bu Qaydaların 7-ci və 9-cu bəndlərinin tətbiqi zamanı yaranmış fikir ayrılığı Azərbaycan Respublikasının Dövlət X5 tərəfindən aradan qaldırılır.
43. Dövlət Sosial Müdafiə X11, Sabunçu rayon filallarında və Bakı şəhəri 2 saylı xidmət nümayəndəliyini əhatə edən şöbələrdə Qanunun 9 və 20-ci maddələrinə əsaəsn təyin olunmuş pensiya işlərinin araşdırılması haqqında 24.12.2020-ci il tarixli xidməti məruzəyə əsasən (həmin məruzə cavabdeh tərəfindən məhkəməyə imzasız və möhürsüz olaraq təqdim edilmişdir), araşdırma zamanı nöqsanlar və yol verilmiş nöqsanlar nəticəsində artıqödəməyə yol verildiyi aşkarlanmışdır. Xətai rayon filialı üzrə araşdırma nəticəsində 51 pensiya işi üzrə ümumilikdə 773.711, 23 manat artıqödəmə aşkar edilmişdir. Belə ki, Xətai rayon filialı üzrə nöqsan aşkar edilmiş 21 pensiya işi Qanunun 9 və 20-ci maddələri üzrə pensiya hüququ olmadığından ləğv edilməli olduğu və nəticədə 354825, 52 manat artıqödəmə olduğu aşkar edilmişdir. Filial tərəfindən təyin olunmuş 5 pensiya işinin həmin qanunun 20-ci maddəsi ilə əmək pensiyası hüququnun olmadığı və 154812, 29 manat artıqödəməyə yol verildiyi, 16 pensiya işinin həmin qanunun 9-cu maddəsi ilə əmək pensiyası hüququnun olmadığı və 200013, 23 manat artıqödəməyə yol verildiyi aşkarlanmışdır. Bu və başqa qeyd edilənlərə nəzərə alınaraq aşkar olunmuş artıq ödəmələrin vətəndaşların pensiya məbləğindən tutulması, pensiya hüququ ləğv olunacaq pensiya işləri üzrə artıq ödəmənin bərpa olunması və şübhə doğuran pensiya işləri üzrə stajların həqiqiliyinin yerində sənədlərin əslləri ilə üzləşdirilməsi üzrə qanunamüvafiq tədbirlər görülməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına həvalə edilmişdir.
44. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçıya 01.04.2006-cı ildə dövlət qulluqçusu kimi pensiyasının təyin edilməməsinin qanuni əsasları olmuşdur. Lakin bununla belə, iddiaçıya sabiq dövlət qulluqçusu kimi 01.04.2006-cı il tarixdə pensiya təyin edilmiş və 30.12.2020-ci il tarixədək həmin pensiyanı almışdır. Odur ki, məhkəmə bu hissədə müdaxilənin qanuniliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməyi zəruri hesab edir.
45. Müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı:
46. Müdaxilə dövlət büdcəsindən səmərəli istifadə məqsədi daşıdığından qanuni məqsəd hesab edilə bilər.
47. İddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması:
48. İddiaçı xx.xx.1944-cü il təvəllüdlüdür, hazırda 77 yaşı var. 01.04.2006-cı il tarixdən 30.12.2020-ci il tarixədək 14 il 8 ay sabiq dövlət qulluqçusu kimi pensiya almışdır. İddiaçının 16.04.1971-01.07.1971-ci ildə Azərbaycan SSR-nin tədarük nazirliyi material texniki təchizat idarəsində mühəndis, 01.04.1974-29.11.1976-ci ildə həmin nazirliyin plan maliyyə idarəsində böyük mütəxəssis, 29.11.1976-15.01.1987-ci ildə həmin nazirliyin X1 rəisi kimi işlədiyi dövr dövlət qulluğu stajı kimi nəzərə alınmaraq ona pensiya təyin edilmişdir. Odur ki, həmin pensiyanın ömürlük ödənilməsinə etimad hüququ olmuşdur.
49. Məhkəmə qeyd edir ki, etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayı verilmişdir. 13-cü maddə etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir.
50. Etimad hüququnun qorunması inzibati orqanların həm inzibati aktın qəbulu, icrası, ləğvi ilə bağlı, həm də faktiki xarakterli hərəkətlərinə münasibətdə tətbiq olunmalıdır. Bu, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsindən irəli gəlir.
51. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
52. Maraqlı şəxsin etimadının qanunla qorunmasını istisna edən hallar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilir: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
53. Qeyd edilən halların hər hansı birinin iddiaçıya aid olduğu qənəatinə gəlməyə nə məhkəmənin hər hansı əsası var, nə də cavabdeh qurum bununla bağlı etiraz və ya dəlil təqdim etmişdir.
54. “İnzibati icraat haqqında” Qanundan: 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir.
55. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh qurum tərəfindən iddiaçıya sabiq dövlət qulluqçusu kimi pensiyanın ödənilməsinin dayandırılması ilə iddiaçının qanunla qorunan etimad hüququ pozulmaqla ədalətli tarazlığa riayət edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.
56. Pensiyasının yenidən hesablanaraq almadığı hissəsinin bərpa edilərək ona ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, sırf qeyd edilən tələblə bağlı iddiaçının cavabdeh quruma müraciətinin olmaması səbəbindən iddianın mümkün sayılmaması həddən artıq formallıq olardı. Belə ki, iddiaçı vaxtilə tutduğu vəzifənin Nazirliyin Aparatında təminedici şöbənin müdirinin vəzifə maaşına uyğunlaşdırılmasını tələb edir, lakin cavabdeh tərəfindən onun ümumiyyətlə dövlət qulluqçusu hesab edilmədiyindən daha aşağı vəzifədən təyin edilmiş pensiyası dayandırılmışdır. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı pensiyasının Kənd Təsərrüfatı Nazirliyin Aparatında təminedici şöbənin müdirinin vəzifə maaşına uyğunlaşdırılmasını tələb etsə də, buna dair “qanuni gözləntisi” yoxdur (bax 4 və 40-cı bəndlər). Odur ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir.
57. Maddi və mənəvi zərərin ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Bununla belə AİHM qərarlarında qeyd edir ki, bir çox hallarda pozulmuş hüququn bərpası ədalətli kompensasiya hesab oluna bilər. “Milli məhkəmə müdafiəsi vasitələrinin yaxşılaşdırılması barədə Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə Rec (2004)6 saylı tovsiyəsi”sində (2004-cü il mayın 12-də Nazirlər Komitəsinin 114-cü iclasında (12- 13 may 2004-cü il) qəbul olunmuşdur) iştirakçı-dövlətlərə məhkəmənin presedent hüququ nöqteyi-nəzərindən, Konvensiyanın pozulması ilə əlaqədar tutarlı şikayəti olan hər bir kəs üçün milli məhkəmə müdafiəsi vasitələrini, eləcə də bu vasitələrin şikayətin mahiyyəti üzrə qərar çıxanlmasına və aşkar edimiş hər hansı pozuntu ilə bağlı adekvat kompensasiya ödənilməsinə gətirib çıxaracaq dərəcədə səmərəli olmasını təmin etmək tövsiyə olunmuşdur. Məhkəmə qeyd edir ki, hüquq nəzəriyyəsinə əsasən, “vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir”. Lakin məhkəmə hesab edir ki, hazırki işdə iddianın təmin edilən hissəsinə münasibətdə vurulmuş ziyan restitusiya yolu ilə bərpa edilir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüququnun, yəni sabiq dövlət qulluqçusu kimi dayandırılmış pensiya ödənişinin bərpa edilməsi adekvat və yetərli kompensasiya hesab oluna bilər. Odur ki, iddia tələbi qeyd edilən hissədə təmin edilmir. Məhkəmə həm də nəzərə alır ki, müvəqqəti xarakterli müdafiə tədbiri haqqında 03.05.2021-ci il tarixli qərardadla (MXMT(112)-109/2021) İddiaçı sabiq dövlət qulluqçusu kimi təyin edilmiş pensiyanın ödənilməsinin dayandırılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilmişdir.
58. Məhkəmə xərcinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı 20 manat xərcin və ödədiyi 30 manat dövlət rüsumunun tutulmasını tələb edir. Məhkəmə iclasında müəyyən olundu ki, iddia tələbində qeyd edilməsinə baxmayaraq, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilməmişdir. İddia qismən təmin edildiyindən məhkəmə 20 manat xərcin (məhkəməyə təqdim ediilən sənədlərin notariat qaydasında təsdiq edilməsi ilə bağlı) 10 manat hissəsinin cavabdehdən tutulmalı olduğunu əsaslı hesab edir. İPM-in 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
59. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
60. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
61. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı sabiq dövlət qulluqçusu kimi pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Həmin hissədə cavabdehin hərəkətləri qanunsuz hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva