Məhkəmə qərarları › İş №2-1(112)-5397/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5397/2021

30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5397/2021 30.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı statusunu təsdiq edən sənədlərin göndərilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranlarına təyin olunmuş müavinətin ödənilməsi üçün cavabdeh tərəfindən iddiaçının müharibə veteranı statusunu təsdiq edən sənədlərin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Qarabağ (Dədə Qorqud, Oğuz Qurdu) uğrunda gedən döyüşlərdə Daxili İşlər Nazirliyinin əməkdaşı kimi iştirak etmişdir. Buna görə ona fəxri fərman və fərqlənmə vəsiqəsi təqdim edilmişdir. Habelə atəşkəs elan olunduqdan sonra ona müharibə veteranı adı və bunu sübut edən 12278 nömrəli veteran vəsiqəsi verilmişdir. Vəsiqədə həmin vəsiqənin sahibinin həqiqətən Azərbaycanın bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və müharibə veteranları üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğu qeyd olunmuşdur. Lakin buna baxmayaraq veteranlara ödənilməli olan müavinət ona ödənilməmişdir. Cavabdeh 02.06.2021-ci il tarixli, 024-1592-124 nömrəli məktubla iddiaya dair münasibət bildirərək, göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15.04.2019cu il tarixli 641 nömrəli “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanının tələblərinə müvafiq olaraq qeyd olunan təqaüdün yalnız müharibə iştirakçılarına ödənilməsi nəzərdə tutulmuşdur. X2 Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın protokollarında iddiaçı barəsində heç bir məlumatın aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Həsənov iddia ərizəsinə etiraz etdi və tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə qeyd edir ki, inzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İşdən görünür ki, İddiaçı hazırda məhkəməyə müraciət edərək müharibə veteranlarına təyin olunmuş müavinətin ödənilməsi üçün cavabdeh tərəfindən onun müharibə veteranı statusunu təsdiq edən sənədlərin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edir. Lakin iş materiallarından ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi müəyyən edilmir. İddiaçı mübaribə veteranı olmasını Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən 19.12.1996-cı il tarixdə verilmiş 12278 saylı vəsiqə ilə əsaslandırır. Lakin “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir ki, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əsasən həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,...tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi, qanunvericiliyə əsasən şəxsə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi hər hansı bir qeyri-hökumət təşkilatı tərəfindən deyil, şəxsin xidmət keçdiyi müvafiq dövlət orqan tərəfindən verilir. Hazırda iş materialları ilə iddiaçıya belə bir vəsiqənin verilməsi müəyyən olunmur, cavabdeh qurum da iddiaçıya müharibə veteranı adının verilmədiyini bildirmişdir. Belə olan halda iddiaçının hazırkı hüquqi marağı ilk növbədə ona müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi ilə bağlıdır. Lakin işdən görünür ki, iddiaçının cavabdehə müraciəti ona müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi ilə bağlı olmamışdır. Onun müraciəti müharibə veteranı üçün müavinətin təyin olunması və 3 il əvvəl ödənilməyən ödənişlərin bərpa edilməsi məqsədilə müharibə veteranı olmasını təsdiq edən sənədlərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsindən ibarət olmuşdur. Məhkəmə qeyd edir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsi ilə bağlı tələb İPM-in 2.2.2-ci madəsinə əsasən məcburetmə haqqında iddia növünə aiddir (çünki belə bir inzibati akt maraqlı şəxsə hüquq verdiyindən əlverşli inzibati akt sayılır) və həmin iddia növü üzrə tələb olunan mümkünlük şərtlərindən biri müvafiq tələblə əvvəlcə inzibati orqana müraciət edilməsidir (İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur). Belə ki, məcburetmə haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Hazırkı halda iddiaçı müvafiq tələblə cavabdeh orqana müraciət etmədiyindən məhkəmənin İPM-in 13 və 48-ci maddələrinə əsasən iddiaçıya onun hüquqi marağına uyğun olaraq yanlış iddia növünün münasibi ilə əvəz olunmasında yardım etməsi də işin məhkəmədə baxılmasını mümkün etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar