Məhkəmə qərarları › İş №2-1(112)-5399/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5399/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5399/2022 27.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X16 və X8 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında “AMAY” Ticarət mərkəzinin binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 120 kv. metr olan qeyri-yaşayış sahəsinə (72 saylı ofis), xüsusi mülkiyyətində olan əmlakına dair ona ayrıca çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayonu Nobel prospekti (hazırki 8 Noyabr), 23 ünvanda yerləşən “AMAY” ticarət mərkəzində yerləşən ümumi sahəsi 291,3 kv. metr olan qeyri yaşayış sahəsi (72 saylı ofis) onunla X13 paylı mülkiyyətində (xüsusi mülkiyyət kimi) olmuş daşınmaz əmlakdır. DƏDR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən ümumi sahəsi 291,3 kv. metr olan qeyri-yaşayış sahəsinin 120 kv. metr sahəsi onun, 171,3 kv. metr sahəsi isə X11 mülkiyyətində olmuşdur. Həmin əmlakın üzərində hüquqlarını həyata keçirməyə X16 maneələr yaratdığından o, ona qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-617/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun X14 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddiası təmin olunmuş, Bakı şəhəri Xətai rayonu Nobel prospekti (hazırki 8 Noyabr), 23 ünvanda yerləşən “AMAY” Ticarət mərkəzinin binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 291,3 kv. metr olan qeyri-yaşayış sahəsində (72 saylı ofis) ona məxsus olan hissə, Ədliyyə Nazirliyinin Məhkəmə Elspert Mərkəzinin 29 may 2019-cu il tarixli 1145 saylı ekspert rəyində və rəyə əlavə olunmuş plan sxemdə müəyyən olunmuş qaydada naturada ayrılması, həmin qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısının açılması qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və icra məmuru tərəfindən tam icra olunmuş, iş üzrə icraata xitam verilmişdir. X6 öz payını (171,3 kv. metr sahəsini) vətəndaş X3, ikinciyə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli elektron çıxarış verilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-617/2019 saylı 08.07 2019-cu il tarixli Qətnaməsi ilə onun iddia tələbi üzrə cavabdeh olmuş X16 mülkiyyətində olan əmlakını X1 sonra X8 da onun əmlakına dair ayrıca çıxarış və texniki pasportu olmadığından ona süni maneələr yaradır, mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. O, mülkiyyətində olan əmlakına dair ayrıca çıxarışın və texniki pasportun verilməsi üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi **********337 saylı xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-617/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi icra olunduqdan sonra ərizəyə baxıla bilər. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-617/2019 saylı 08.07 2019-cu il tarixli qətnaməsi icra olunmuş və icraata xitam verilmişdir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq bundan sonra o, cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinə zəruri sənədləri təqdim etməklə, Bakı şəhəri Xətai rayonu Nobel prospekti (hazırki 8 Noyabr), 23 ünvandakı “AMAY” Ticarət mərkəzinin binasının 7-ci mərtəbəsində yerləşən , ümumi sahəsi 120 kv. metr olan qeyri-yaşayış sahəsinə (72 saylı ofis) xüsusi mülkiyyətində olan əmlakına dair ona ayrıca çıxarışın və texniki pasportun verilməsi üçün müraciət etmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi **********33 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ilə əsassız səbəblərdən, qanunvericiliyin tələblərini pozmaqla Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 ünvandakı “AMAY’' Ticarət mərkəzinin binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kv. metr olan qeyri-yaşayış sahəsinə (72 saylı ofis), xüsusi mülkiyyətində olan əmlakına dair ona ayrıca çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-5399/2022 saylı qərardadı ilə X16 və X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair **********05 №li xx.xx.2022-ci il tarixli münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi etirazında göstərmişdir ki, paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin daxilində rekonstruksiya işləri aparılaraq, faktiki olaraq arakəsmə divarla iki hissəyə ayrılmış və əlavə qapı oyuğu açılmışdır. Həmçinin, sözügedən qeyri-yaşayış sahəsinə idarənin mütəxəssislərinə inventarlaşdırma işlərinin aparılmasına tam şərait yaradılmamışdır. Bundan əlavə, idarədə mövcud arxiv sənədlərində qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış binasına dair bölgü sxemi və yerləşmə cizgisi aşkar edilmədiyi üçün qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Bu barədə iddiaçıya **********33 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. ünvan 3 sahəsinin (72 saylı ofis) 120.0 kv. metr hissəsi İddiaçı, 171.3 kv. metr hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu. ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Üçüncü şəxslər X11 və X4 iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X15 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan (iddiaçı tərəfindən təqdim olunmuş), həmçinin məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinin **********57 №-li xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş aşağıdakı sənədlərdən: “X10” MMC tərəfindən təşkil olunmuş Hərracın nəticələri haqqında yekun 87 №-li Protokolun surətindən görünür ki, Nəsimi rayon İcra və probasiya şöbəsinin 17/70313827/18 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında təşkil olunmuş hərrac zamanı X14 məxsus Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 120 kv. metr olan qeyri-yaşayış sahəsini İddiaçı son satış qiyməti 76.500 (yetmiş altı min beş yüz ) manatı ödəməklə almışdır. xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X16 ona məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 7-ci mərtəbəsi ünvanında yerləşən ümumi sahəsi 291,3 kv. metr olan qeyri-yaşayış sahəsinin 120.0 kv. metr hissəsini İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən ümumi sahəsi 291,3 kv. metr olan qeyri yaşayış sahəsinin (72 saylı ofis) 120,0 kv. metr hissəsi xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 2010 №-li vərəqində İddiaçı adına qeydə alınmış, qalan hissənin isə X14 məxsus olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 1145 №-li ekspert rəyinin nəticə hissəsində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 291,3 kv.m olan qeyri-yaşayış sahəsinin (72 saylı ofis) tərəflərin paylarına uyğun olaraq iki hissəyə naturada bölünməsi texniki cəhətdən mümkün olduğu, Bunun üçün hansı yenidən qurma işləri görülməli olduğunun rəyin tədqiqat hissəsində və rəyə əlavə olunmuş plan sxemdə ətraflı göstərildiyi qeyd olunmuşdur. Ekspert rəyinə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən 291,3 kv. metr qeyri-yaşayış sahəsindən İddiaçı payına düşən 120 kv. metr qeyri-yaşayış sahənin bölgü sxemi əlavə olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-617/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh X14 qarşı “payın naturada ayrılması” tələbinə dair iddiasının təmin olunması, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 291,3 kv. metr olan qeyri-yaşayış sahəsində (72 saylı ofis) İddiaçı məxsus olan hissənin, payına uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 may 2019-cu il il tarixli, 1145 №-li ekspert rəyində və rəyə əlavə olunmuş plan sxemdə müəyyən edilmiş qaydada naturada ayrılması qət olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-617/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-617/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə (icra sənədi tam icra olunduqda) əsasən xitam verilmişdir. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X16 ona məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 291.3 kv. metr olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 171,3 kv. metr hissəsini X2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binada yerləşən ümumi sahəsi 291,30 kv. metr olan 72 saylı ofisin 120.0 kv. metr hissəsi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə İddiaçı, 171.3 kv. metr hissəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nörməsi ilə X4 adına qeydə alınmışdır. İddiaçı hazırkı tələblə bağlı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin naturada bölünərək, ayrıca daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilməsini xahiş etmiş, DƏDKR 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********33 №li xx.xx.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin daxilində rekonstruksiya işləri aparılaraq, faktiki olaraq arakəsmə divarla iki hissəyə ayrılmış və əlavə qapı oyuğu açılmışdır. Həmçinin, sözügedən qeyri-yaşayış sahəsinə idarənin mütəxəssislərinə inventarlaşdırma işlərinin aparılmasına tam şərait yaradılmamışdır. Bundan əlavə, idarədə mövcud arxiv sənədlərində qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış binasına dair bölgü sxemi və yerləşmə cizgisi aşkar edilmədiyi üçün qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13, hissə 1) Hamı qanun və məhkəmə qarşısında bərabərdir (maddə 25) Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (maddə 29) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1); Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (maddə 139.3); İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1); Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2); Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (213.3); Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. (maddə 213.4); Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5) Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1); Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər (maddə 220.3). Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir (maddə 221.). İşin araşdırılan hallarından görünür ki, mübahisəli daşınmaz əmlak qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında paylı mülkiyyət hüququ üzrə mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada bölünmüşdür. Hazırda iddiaçı daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində payına uyğun ayrıca qeydə alınmaqla buna dair çıxarışın və texniki pasportun verilməsini tələb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2.). Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (maddə 2.3). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (maddə 2.4). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur (maddə 12). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər (maddə 15): 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır (maddə 16.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri, Xətai rayonu,Nobel prospekti 23 ünvanında “AMAY” Ticarət mərkəzinin binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 120.0 kvadrat metrdən ibarət daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti (hazırda 8 Noyabr) 23 ünvanında, “AMAY” Ticarət mərkəzinin binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120,0 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin (qeydiyyat nömrəsi **********) daşınmaz əmlak kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ayrıca Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar