Məhkəmə qərarları › İş №2-1(112)-54/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-54/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-54/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Qaradağ rayon Qızıldaş Bələdiyyəsi) «torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi və texniki pasportun (planölçünün) tərtib edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi və texniki pasportun (plan-ölçünün) tərtib edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Qaradağ rayonu Qızıldaş bələdiyyəsinin 29 yanvar 2007-ci il tarixli 1 saylı qərarına əsasən Qaradağ rayonu. Sahil qəsəbəsinin sakini Ə.Gülbabayev küçəsi, ev 2, mənzil 4-də yaşayan İddiaçı (hazırkı iddiaçı) Qızıldaş Bələdiyyəsinə müraciəti qənaətbəxş hesab edilmiş və ona «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanuna, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»yə müvafiq olaraq Qızıldaş qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bununla bağlı 12 fevral 2007-ci il tarixdə “Torpaqların alqı-satqısına dair” müvafiq akt da tərtib olunmuş və imzalanaraq möhürlənmişdir. Torpaq sahəsinin yerləşmə cizgisi də mövcuddur. İddiaçı 18 avqust 2020-ci il tarixdə həmin yerin sənədləşdirilməsi bağlı ərizə ilə cavabdehə poçt vasitəsilə müraciət etmişdir. Cavabdehin 25 sentyabr 2020ci il tarixli **********40 nömrəli bildirişində göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu. Sahil qəsəbəsində yerləşən torpaq sahəsi üzrə təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki sahə arasında uyğunsuzluğun olduğu və dəqiq istinad məsafələrinin qeyd edilmədiyi müəyyən edilmişdir. Həmçinin, təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bundan başqa elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsaslanaraq, «Bələdiyyə torpaqlarının idarə ediməsi haqqında» Qanunun, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin tələblərini rəhbər tutaraq, iddiaçının Qaradağ rayonu Qızıldaş bələdiyyəsinin 29 yanvar 2007-ci il tarixli 1 saylı qərarına əsasən ona Qızıldaş qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin üzərinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi və texniki pasportun (plan-ölçünün) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı qeyd edilən məsələ ilə bağlı 24 avqust 2020-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, torpaq sahəsinə dair təqdim edilmiş alqısatqı aktı DTXK tərəfindən təsdiq edilməmiş, yerləşmə çizgisi ilə faktiki sahə arasında uyğunsuzluğun olduğu və dəqiq istinad və məsafələrinin qeyd edilmədiyi aşkar edilmişdir. Torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi ilə bağlı Memarlıq və Şəhərsalma idarəsinin rəyi ərizəyə əlavə edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və vətəndaşa 25 sentyabr 2020-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1 və 23-cü maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini tələblərini rəhbər tutaraq, iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf və üçüncü şəxs gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İPM-in 8.1.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşdiyindən, işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması qanunamüvafiqdir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmənin iş üzrə 3 avqust 2023-cü il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuş və ekspertizanın keçirilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - (1-ci sual) Bakı şəhəri Qaradağ rayon Qızıldaş bələdiyyəsinin 29 yanvar 2007-ci il tarixli 1 saylı qərarına əsasən İddiaçı Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi; - (2-ci sual) Bakı şəhəri Qaradağ rayon Qızıldaş bələdiyyəsinin 29 yanvar 2007-ci il tarixli 1 saylı qərarına əsasən İddiaçı Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin məqsədli təyinatının müəyyən edilməsi; - (3-cü sual) Bakı şəhəri Qaradağ rayon Qızıldaş bələdiyyəsinin 29 yanvar 2007-ci il tarixli 1 saylı qərarına əsasən İddiaçı Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin ayrılan dövrdə Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin mülkiyyətində olan, habelə Bakı ŞİH-in 31 avqust 2000-ci il tarixli 812 nömrəli sərəncamı ilə adıçəkilən bələdiyyəyə ayrılması nəzərdə tutulan ərazi hüdudlarında yerləşibyerləşməməsinin müəyyən edilməsi; - (4-cü sual) Bakı şəhəri Qaradağ rayon Qızıldaş bələdiyyəsinin 29 yanvar 2007-ci il tarixli 1 saylı qərarına əsasən İddiaçı Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşü-düşməməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 24 oktyabr 2023-cü il tarixli məktubu ilə qurumun ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı təqdim olunmuşdur. Məlumatda bildirilir ki, məhkəmə ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim olunması barədə məhkəməyə vəsatət göndərilmişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq rəyi bu günədək Mərkəzə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 12-ci maddəsinə və «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə ünvanlanmış 28 aprel 2023-cü il tarixli məktubla təqdim olunmuş mütəxsəssis rəyində məhkəmənin hazırkı iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardadında qoyulmuş sualların cavabı kimi aşağıdakılar qeyd olunur: - (1-ci sual üzrə) Bakı şəhəri Qarabağ rayonu Qızıldaş bələdiyyəsinin 29 yanvar 2007-ci il tarixli 1 saylı qərarına əsasən İddiaçı Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin təqdim edilmiş cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. - (2-ci sual üzrə) İddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi 700 kv.m torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşir. - (3-cü sual üzrə) İddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi 700 kv.m torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətindədir. - (4-cü sual üzrə) İddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi 700 kv.m torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən hüquqları dövlət qeydiyyatına alınmış digər torpaq sahələri ilə üst-üstə düşmür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 3.1.25-ci bəndinə görə qurumun vəzifələri sırsaına dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq da daxildir. Hazırkı iş üzrə İddiaçı Qaradağ Rayon Qızıldaş Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin ayrılan zaman bələdiyyə mülkiyyətində olub-olmaması barədə məhkəmə icraatında yalnız “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi daxil olsa da, işin bu xüsusatı ilə bağlı başqa mənbədən məlumat və ya əks arqument alınması mümkünsüzdür. Belə olan halda, təyin edilmiş ekspertizanın da müsbət nəticə vermədiyi (yenidən ekspertiza təyin edilməsi əlavə vaxt itkisinə səbəb ola bilərdi) nəzərə alınmaqla, iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətindəki ərazilərə aid olması barədə mütəxəssis rəyi fəaliyyət istiqamətləri üzrə səlahiyyətləri çərçivəsində verilmiş rəy olaraq mötəbər sübut qismində qiymətləbdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə icraatında iddiaçı tərəf torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Bakı şəhəri Qaradağ Rayon Qızıldaş Bələdiyyəsinin 29 yanvar 2007-ci il tarixli 01 nömrəli protokolundan çıxarış təqdim etmişdir. Lakin işdə olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, ayrılan torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaqlardandır. Məhkəmə işin bu xüsusatı ilə bağlı mütəxəssis rəyinin əsassız olması barədə əlavə hal müəyyən edilmədiyindən, belə qənaətə gəlir ki, müvafiq torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi sahə kimi Qaradağ rayonu Qızıldaş Bələdiyyəsi tərəfindən ayrıldığından, sözügedən hüquq müəyyənedici sənəd səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılır və onun əsasında torpaq sahəsinə hüququn qeydiyyatından «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq imtina olunmasında cavabdeh inzibati orqan haqlı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, mütəxəssis rəyi ilə iddia olunan torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olması müəyyən olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək həmçinin vurğulayır ki, hazırkı iddiaçıya Qaradağ Rayon Qızıldaş Bələdiyyəsi tərəfindən müvafiq ərazidə fərdi ev tikmək məqsədilə 600 kv.m torpaq sahəsi ayrılan zaman keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin və Qaradağ RİH-in rəyləri alınmalı, bələdiyyə ilə iddiaçının arasında müqavilə bu barədə kollegial orqan kimi bələdiyyənin müvafiq qərarı qəbul olunduqdan sonra bağlanmalı idi. Məhkəmə diqqətə çəkir ki, İddiaçı ayrılan torpaq sahəsi ilə bağlı aidiyyəti qurumdan rəy alınmaması hər hansı şəxs üçün bilavasitə nəticə yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil, icraatda yalnız iştirak xarakterli olmaqla yekun aktın qəbuluna xidmət edirlər. Odur ki, məhkəmənin qənaətinə görə müvafiq “rəyin alınmaması” iddiaçının iradəsindən asılı olmayan hal kimi onun torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina əsası olaraq çıxış edə bilməz. Bununla belə məhkəmə hesab edir ki, İddiaçı iddia etdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ yaranmır və təqdim etdiyi sənədlər torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas ola bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina olunması qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi və texniki pasportun (plan-ölçünün) tərtib edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi və texniki pasportun (plan-ölçünün) tərtib edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar