Məhkəmə qərarları › İş №2-1(112)-540/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-540/2021

30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-540/2021 30.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X15 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili X14, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X21 üzrə Baş İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X21 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi Apellyasiya Şurasının 18 sentyabr 2019-cu il tarixli, **********035000 nömrəli qərarının ləğv edilməsi və İddiaçı barəsində tətbiq edilmiş 31.010,8 (otuz bir min on manat 80 qəpik) manat məbləğində maliyyə sanksiyasının silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi və əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizə təqdim edərək məhkəmədən əsl olmayan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsi (bundan sonra mətndə X21 üzrə Baş İdarəsi) ilə əvəz edilməsi və cavabdeh tərəfindən qəbul edilmiş 19 mart 2019-cu il tarixli, **********1131 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilərək, onun barəsində tətbiq edilmiş 31.010,8 manat məbləğində maliyyə sanksiyasının silinməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X21 Departamenti tərəfindən 31.01.2019-cu il tarixli **********9269 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması haqqında” və 19.03.2019-cu il tarixli **********1131 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq, onun barəsində 31.010,8 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərarın ləğv edilməsi ilə bağlı tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət olunmuş, Nazirliyin 30.05.2019-cu il tarixli **********785400 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə şikayəti təmin olunmamışdır. Bundan sonra tərəfindən həmin qərardan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasına şikayət verilmiş, Vergilər Nazirliyinin Apellyasiya Şurasının 18 sentyabr 2019-cu il tarixli, **********035000 saylı qərarı ilə şikayəti təmin edilməmişdir. Daha sonra Vergilər Nazirliyinin Apellyasiya Şurasının 18 sentyabr 2019-cu il tarixli, **********035000 saylı qərarından tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasına müraciət olunmuş və sonuncunun 16 oktyabr 2019-cu il tarixli, 16 nömrəli qərarı ilə şikayəti təmin edilməmiş, Vergilər Nazirliyinin Apellyasiya Şurasının 18 sentyabr 2019-cu il tarixli, **********035000 saylı qərarı qüvvədə saxlanılmışdır. Hesab edir ki, onun barəsində tətbiq edilmiş 31.010,8 manat məbləğində maliyyə sanksiyası ləğv edilməlidir. Belə ki, o, sahibkarlıq fəaliyyəti göstərdiyi mağazada keçirilmiş operativ vergi nəzarəti zamanı mağazada olan malların alışına dair sənədləri araşdırmaya təqdim etməsinə baxmayaraq, nəzərə alınmamış və barəsində tətbiq edilən 31.010,8 manat maliyyə sanksiyası qüvvədə saxlanılmışdır. Halbuki, istifadəsindəki mağazada olan malların "xxxx" MMC-dən (VÖE.N **********) alınmasına dair 21.12.2017-ci il tarixli BQB serivalı 251426 nömrəli, 20.12.2017ci il tarixli BQB seriyalı 251425 nömrəli, 07.12.2017-ci il tarixli BQB seriyalı 251424 nömrəli və 10.12.2017-ci il tarixli BQB seriyalı 251427 nömrəli 4 sayda qaimə-fakturalar araşdırmaya təqdim edilmiş, eyni zamanda "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X18 03.05.2019-cu il tarixdə, cəmiyyətin rəhbəri X24 13.05.2019-cu il tarixdə, cəmiyyətin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmuş X12 17.05.2019-cu il və 21.05.2019-cu il tarixlərdə bu alqı-satqı əməliyyatı ilə bağlı ifadələr vermişlər və hər biri malların "xxxx" MMC-yə məxsus olduğunu, ona təqdim edilmiş malların dəyərinin ödənilmədiyini, malların 50 faizi satıldıqdan sonra dəyərinin ödəniləcəyini, lakin qeyd edilən şərtlər daxilində malların satılması barədə rəsmi müqavilə tərtib edilmədiyini bildirmişlər. "xxxx" MMC-nin faktiki rəhbəri X8 da təqdim etdiyi izahatlarında qaiməfakturaların onun tərəfindən yazılaraq, ona təqdim edildiyini, cəmiyyətin təsərrüfat subyektinin olmadığını, ona təqdim edilmiş malların dəyərinin ödənilmədiyini, həmin malları 2016-cı ildə Çin Xalq Respublikasından karqo vasitəsi ilə gətirdiyini, həmin vaxtlar karqo cəmiyyəti tərəfindən ölkəyə gətirilən mallar üçün sənəd təqdim edilmədiyini, vergi qanunvericiliyinin tələbləri barədə məlumatlı olmadığından həmin malları 2016-cı ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində bəyan etmədiyini, bundan əlavə ona təqdim edilmiş malların dəyəri ödənilmədiyi üçün 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmədiyini, ötən müddət ərzində İddiaçı təqdim etdiyi mallar satılmadığından həmin malların dəyərinin ödənilməsi ilə bağlı hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət edilmədiyini bildirmişdir. Göründüyü kimi, həm iddiaçının nümayəndəsinin, həm də mal aldığı hüquqi şəxsin nümayəndələrinin ifadələrində heç bir ziddiyyət yoxdur. İddiaçının nümayəndəsinin əvvəl yanlış olaraq başqa vergi ödəyicisinin sənədlərini təqdim etməsi onun məsuliyyətinə təsir göstərə bilməz. Dəfələrlə bildirmişdir ki, elə bir sənədlərdən heç vaxt məlumatı olmamışdır və nümayəndəsinə "xxxx" MMC-dən alınan mallar üzrə sənədləri təqdim etmişdir. Əgər sonradan hər hansı saxta əməliyyat aparılıbsa, bu məsələyə də cavabdeh olan həmin əməliyyatı aparan şəxs olmalıdır. Lakin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Apellyasiya Şurası bu məsələlər obyektiv yanaşmamış, digər şəxsin təqdim etdiyi məlumata görə onun barəsində qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının qərarından görünür ki, şikayət əsasında araşdırma gedən zaman heç bir əsas olmadan "xxxx" MMC-nin təsisçisi Abbas Vəlişov və səlahiyyətli nümayəndəsi Mübariz Qaraşov 14.10.2019-cu il tarixdə Vergilər Nazirliyinə çağırılaraq, izahatlar vermiş, izahatlarında müəssisələri tərəfindən xaricdən şuba, gödəkçə alınmadığını, heç kimə satılmadığını, qaimə fakturaların tərtib edilmədiyini və imzalanmadığını göstərmişlər. Araşdıma gedən zaman "xxxx" MMC-nin təsisçisi Abbas Vəlişov və səlahiyyətli nümayəndəsi Mübariz Qaraşovun Azərbaycan Respublikasının Vergilər Nazirliyinə çağırılaraq izahatlarının alınması qanunsuzdur. Vergilər Nazirliyinin həmin izahatları almaqda məqsədi Prezident yanında Apellyasiya Şurasında araşdırma aparılan zaman öz qanunsuzluqlarını ört-basdır etmək məqsədi ilə atılmış addımdır. Həmin şəxsləri təzyiq altında izahat verməyə məcbur etməklə öz xeyirlərinə sübut toplamışlar. Bu izahatların Vergilər Nazirliyi yanında Apellyasiya Şurasının 18.09.2019-cu il tarixli qərarından sonra alınması faktı, bu izahatın həmin qərarın düzgünlüyünün əsaslandırılması üçün istifadəsini istisna edir. Bundan əlavə sahibkarlıq fəaliyyəti üzrə aparılan operativ vergi nəzarəti zamanı qanunvericiliyin tələblərinə cavab verən ilkin mühasibat sənədləri təqdim etməsinə baxmayaraq, cavabdehin izahatlara əsasən qərar qəbul etməsi anlaşılan deyildir. Bundan əlavə o, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının 16 oktyabr 2019-cu il tarixli, 16 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (əvvəlki adı 1 saylı Bakı- İnzibati İqtisadi Məhkəməsi) müraciət etmiş, lakin məhkəmənin qəbul etdiyi 27 dekabr 2019-cu il tarixli, 2-1(81)-4972/2019 saylı qərardadı ilə iddia ərizəsi mümkünsüz sayılmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri X21 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 15.03.2021-ci il tarixli, **********392800 nömrəli etirazda göstərilmişdir ki, vergi orqanının 23.01.2019-cu il tarixli **********8394 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına və 24.01.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında” **********8475 nömrəli qərarına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, ünvan 1 ünvanda yerləşən geyim mağazasında operativ vergi nəzarət tədbiri həyata keçirilmişdir. Nəzarət tədbiri nəticəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olaraq sahibkarlıq subyektinin həyata keçirdiyi fəaliyyət üzrə bir neçə istiqamət yoxlanılmışdır. Nəticədə 1 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanmadığı aşkar olunmuş, vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və həmin fiziki şəxs tərəfindən izahat verilərək, vergi qanunvericiliyinin pozulması halına yol verildiyi etiraf edilmişdir. Bundan başqa, təsərrüfat subyektində nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması halı müəyyən edilməmişdir. Adı çəkilən nəzarət tədbirləri ilə əlaqədar vergi orqanı tərəfindən 25.01.2019-cu il tarixli VN-11 seriyalı 012970 nömrəli və 25.01.2019-cu il tarixli VN-17 seriyalı 011423 nömrəli aktlar tərtib edilərək vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə imza etdirməklə təsdiqlənmiş və aktların bir nüsxəsi qəbul edilmişdir. Nəzarət tədbiri zamanı mağazada olan malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələsi üzrə nöqsan aşkar edilərək. 01.02.2019-cu il tarixli VN-16 seriyalı 009246 nömrəli akt tərtib edilmişdir. Vergi orqanının 30.01.2019-cu il tarixli **********9186 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarına əsasən obyektdə olan malların bazar qiymətlərinin müəyyən edilməsi məqsədləri üçün ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azəreksperiza" Birliyinin 01.02.2019-cu il tarixli ekspert rəyinə əsasən mağazadakı malların alış qiymətlərinin 310108,0 manat olduğu müəyyən edilmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə, 01.02.2019-cu il tarixli VN-16 seriyalı 009246 nömrəli aktla tanış olmaqdan və aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Operativ vergi nəzarətinin nəticələri barədə 01.02.2019-cu il tarixli VN-16 seriyalı, 009246 nömrəli akt, 23.01.2019-cu il tarixli KY191323263 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”, 23.01.2019-cu il tarixli **********8399 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə iş üzrə 01.02.2019-cu il tarixli ekspert rəyi 01.02.2019-cu il tarixli **********838000 nömrəli “Bildiriş” məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə 06.02.2019-cu il tarixdə saat 00:55-də oxunmuşdur. Tərtib edilmiş aktlar əsasında vergi orqanı tərəfindən 31.01.2019-cu il tarixli **********9269 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması haqqında” və 19.03.2019-cu il tarixli **********1131 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq, vergi ödəyicisinə 31.010,8 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qəbul olunmuş 19.03.2019-cu il tarixli qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə müvafiq olaraq 19.03.2019-cu il tarixli **********9208000 nömrəli məktub ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə 27.03.2019-cu il tarixdə saat 13:25-də oxunmuşdur. Yoxlama gedişində iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən malların alışını təsdiq edən hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Lakin sonradan iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Ə.Əlizadə tərəfindən 11.03.2019-cu il tarixli **********748700 nömrəli və 12.03.2019-cu il tarixli **********981700 nömrəli məktublarla vergi orqanına müraciət edilərək, mağazada olan malların ‘xxxx" MMC-dən (VÖEN **********) alınmasına dair 21.12.2017-ci il tarixli BQB seriyalı 251426 nömrəli, 20.12.2017-ci il tarixli BQB seriyalı 251425 nömrəli, 07.12.2017-ci il tarixli BQB seriyalı 251424 nömrəli və 10.12.2017-ci il tarixli BQB seriyalı 251427 nömrəli 4 sayda qaimə-fakturanın surətləri təqdim edilmişdir. İnzibati icraat qaydasında həyata keçirilən araşdırma çərçivəsində sahibkarın səlahiyyətli nümayəndəsi X2, vergi ödəyicisi X6 (VÖEN **********) etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9, o cümlədən xxxx” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7, cəmiyyətin rəhbəri X16 və cəmiyyətin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmuş X1 izahatlar alınmışdır. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, həm iddiaçının nümayəndəsi, həm də mal aldığı hüquqi şəxsin nümayəndələrinin ifadələrində heç bir ziddiyyət yoxdur və yuxarı vergi orqanı araşdırmaya qərəzli yanaşmışdır. İddiaçının ərizəsində öz əksini tapmış fikirlərin tam əksinə araşdırmaya təqdim edilmiş izahatlar bir-birilə ziddiyyət təşkil etməkdədir. Belə ki, iddiaçının səlahiyyətli nümayəndəsi Ə.Əlizadə izahatında 11.10.2018ci ıl tarixli VN-16 seriyalı 005832 nömrəli akt üzrə siyahısı tərtib edilmiş malların 7, 10, 20 və 21 dekabr 2017-ci tarixli BQB seriyalı 251424, 251425. 251426. 251427 nömrəli qaiməfakturalar əsasında "xxxx” MMC-dən alındığını bildirsə də, həmin siyahı üzrə müəyyən edilmiş malların eyni zamanda digər vergi ödəyicisi X3 alınmasına dair 7, 20 və 21 dekabr 2017-ci il tarixli GÖP seriyalı 364223, 364225. 364226 nömrəli qaimə-fakturalar təqdim edildiyini izah edə bilməmiş, bunun texniki səhv olduğunu, bu səhvə ali təhsili və hüquqi savadı olmadığı üçün yol verdiyini, bu halın onun səhvi kimi qəbul edilməsini, iddiaçının Ə.Murtuzayevlə heç bir əlaqəsinin olmadığını, belə bir vergi ödəycisini tanımadıqlarını bildirmişdir. Bundan əlavə, izahatlarında həmin malların 10 ildən artıq müddətdir ki, satılmadan qaldığını, bu səbəbdən “xxxx” MMC-nin həmin malların haradan və necə alındığını dəqiq deyə bilmədiyini dəbdən düşdüyü üçün həmin malların 50 faizi satıldıqdan sonra dəyərinin ödəniləcəyini, lakin aralarında belə bir yazılı müqavilənin və ya digər yazılı razılaşmanın mövcud olmadığını bildirmişdir. Vergi ödəyicisi Ə.Murtuzayevin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X19 isə izahatında 07, 20 və 21 dekabr 2017-ci il tarixli GÖP seriyalı 364223, 364225. 364226 nömrəli qaimə-fakturaların ciddı hesabat blankı olaraq həqiqətən nümayəndəsi olduğu vergi ödəyicisi X10 məxsus olduğunu, lakin həmin seriya və nömrəli qaimə-fakturaların bu günə qədər istifadə edilmədiyini bildirmiş və qaimə- fakturaların tərtib edilməmiş vəziyyətdə olan surətlərini araşdırmaya təqdim etmişdir. Həmçinin izahatında Ə.Murtuzayevə məxsus olan bütün mühasibat sənədlərinin itirildiyini, Ə.Murtuzayevin adından iddiaçıya təqdim edilmiş qaimə-fakturalara görə vergilər hesablandığı üçün həmin qaimə-fakturaları axtararaq tapdıqlarını, Ə.Murtuzayevin İddiaçılə heç bır əlaqəsi olmadığını, İddiaçı və ya digər şəxslərə xəz-dəri məhsulları satmadığını, Ə Murtuzayev tərəfindən heç bir zaman xəz-dəri məhsullarının idxal edilmədiyini və ya alınmadığını, həmin qaimə-fakturaların kim tərəfindən tərtib edildiyini və hansı əsasla vergi orqanlarına təqdim edildiyini bilmədiyini, həmin qaimə-fakturalardakı imzaların Ə.Murtuzayevə məxsus olmadığını bildirmiş, GÖP seriyalı 364223, 364225, 364226 nömrəli qaimə-fakturalar əsasında aparılmış əməliyyatların etibarsız hesab edilməsini, həmin qaimə-fakturaları tərtib edərək, sənədləri saxtalaşdırmaqla vergi orqanlarına təqdim etmiş şəxslərin müəyyənləşdirilməsi və onların barəsində qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. “xxxx’ MMC-nin rəhbərinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X18 izahatında 7. 10, 20 və 21 dekabr 2017-ci tarixli BQB seriyalı 251424, 251425. 251426, 251427 nömrəli qaimə-fakturalar və həmin qaimə-fakturalar əsasında təqdim edilmiş malların “xxxx” MMC-yə məxsus olduğunu, tərtib edildiyi tarixdən 2 ilə yaxın müddət keçdiyindən həmin qaimə-fakturaların kim tərəfindən tərtib edildiyini, kimin yazısı ilə yazıldığını dəqiq deyə bilmədiyini göstərmiş, iddiaçıya təqdim edilmiş malların dəyərinin ödənilmədiyini, malların 50 faizi satıldıqdan sonra dəyərinin ödəniləcəyini, lakin qeyd edilən şərtlər daxilində malların satılması barədə rəsmi müqavilə tərtib edilmədiyini, Cəmiyyətin rəhbəri A.Vəlişovun qaimə-fakturalarda göstərilən malların kimdən və haradan alınması barədə məlumatının olmadığını qeyd edərək, ona verilmiş sualları dəqiq və dolğun cavablandıra bilməmişdir. “xxxx’ MMC-nın rəhbəri X24 is öz növbəsində təsisçisi və rəhbəri olmasına baxmayaraq, cəmiyyətin fəaliyyətindən tam məlumatlı olmadığını, Cəmiyyətin fəaliyyətinə rəhbərliyin X4 həvalə edildiyini qeyd edərək ümumiyyətlə baş verən proseslərdən xəbərsiz olduğunu qeyd etmişdir. Son olaraq X8 öz izahatlarında qaimə-fakturaların onun tərəfindən yazılaraq, iddiaçıya təqdim edildiyini. İddiaçı təqdim edilmiş malların dəyərinin ödənilmədiyini, həmin malları 2016-cı ildə Çin Xalq Respublikasından karqo vasitəsi ilə gətirdiyini həmin vaxtlar karqo cəmiyyəti tərəfindən ölkəyə gətirilən mallar üçün sənəd təqdim edilmədiyini, vergi qanunvericiliyinin tələblərı barədə məlumatlı olmadığından həmin malları 2016-cı ilin 4-cü rübü uzrə sadələşdirilmiş vergi bəyannaməsində bəyan etmədiyini, bundan əlavə İddiaçı təqdim edilmiş malların dəyəri ödənilmədiyi üçün 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmədiyini, ötən müddət ərzində İddiaçı təqdim etdiyi mallar satılmadığından həmin malların dəyərinin ödənilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət edilmədiyini bildirmişdir. Beləliklə iş üzrə araşdırma yekunlaşmış, vergi orqanı tərəfindən tərtib edilmiş akt əsaslı hesab edilərək, bu akt əsasında qəbul edilmiş 19.03.2019-cu il tarixli **********1131 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar dəyişdirilmədən saxlanılmış və vergi ödəyicisinin şikayəti təmin edilməmişdir. Göründüyü kimi, araşdırmadan da məlum olduğu kimi, hazırda mübahisə predmetini təşkil edən, vergi orqanı tərəfindən tərtib edilmiş siyahı üzrə müəyyən edilmiş mallar üzrə iki fərqli vergi ödəyicisinə məxsus qaimə- fakturalar mövcuddur. İddiaçı isə inzibati araşdırma zamanı münasibət bildirməkdən çəkindiyi bu məqamı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ümumiyyətlə vurğulamamışdır. Əvəzində iş üzrə ifadə verən şəxslərə qarşı hər hansı xəyali təsir vasitələrindən istifadə olunduğunu göstərərək öz mövqeyini müdafiə edir, lakin vurğuladığı məqamları sübuta yetirməyə ehtiyac görmür. Hansı ki, hazırki mübahisə üzrə həll edilməli məsələ malların hansı sənədlər əsasında kimlərdən əldə edildiyini ortaya çıxarmaqdır. Bu baxımdan vergi orqanı tərəfindən aparılmış araşdırmaya təqdim edilmiş izahatlar məhkəmə araşdırması zamanı da kifayət qədər əhəmiyyət kəsb edəcəkdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Əvvəla, məhkəmə iddianın mümkünlüyünə münasibət bildirir. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia ərizəsinin məzmunundan və məhkəmənin 2-1(81)- 4972/2019 saylı, 27.12.2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı ilkin olaraq Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 16 oktyabr 2019-cu il tarixli qərarını məhkəmə qaydasında mübahisələndirmiş, həmin qərar əlavə öhdəlik yaratmadığından iddianın mümkün sayılmamasına qərar verilmişdir. Sonradan, iddiaçı müvafiq olaraq 13.01.2020-ci il tarixdə (xəbərnaməyə əsasən) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi Apellyasiya Şurası tərəfindən qəbul edilən 18 sentyabr 2019-cu il tarixli, **********035000 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsi ilə əvəz edilməsi və əsl cavabdehin qəbul etdiyi 19 mart 2019-cu il tarixli, **********1131 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarını mübahisələndirmişdir. Beləliklə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. İddia tələbi mahiyyəti üzrə əsassızdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki: Cavabdeh vergi orqanının Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 23.01.2019-cu il tarixli, **********8394 saylı qərarı ilə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən 1 nömrəli mağazada nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron hesabfaktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə 24.01.2019-cu il tarixdən 22.02.2019-cu il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsinə qərar verilmşdir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 23.01.2019-cu il tarixli, **********8398 saylı qərarı ilə İddiaçı “Nəzarət kitabçası”, malların YM ilə müəyyən edilən QF və ya EQF və ya elektron VHF əsasında alınmasını təsdiq edən sənədlər, əmək müqaviləsi bildirişlərinin ƏƏSM Nazirliyinin elektron İS-də qeydiyyatı barədə məlumatlar, f/ş-lərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, məlumatlar və digər zəruri sənədlərin götürülməsinin həyata keçirilməsinə qərar verilmişdir. Operativ vergi nəzarəti zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” TM ünvanında yerləşən “Qolden Ring” geyim magazasında mövcud olan 59 növdə mal siyahıya alınmışdır. İddiaçı məxsus mağazada satılan malların alış qiymətləri üzrə bazar qiymətlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 01.02.2019-cu il tarixli ekspert rəyindən görünür ki, təsərrüfat subyektində olan malların alış qiymətləri 310.108 AZN təşkil edir. Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında 01.02.2019-cu il tarixli, 009246 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında vergi ödəyicisinə 31.010,80 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisinin nümayəndəsi X13 aktı imzalamaqdan imtina etmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X21 Departamentinin 31.01.2019-cu il tarixli, **********9269 saylı qərarı ilə İddiaçı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina olunmuşdur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.03.2019-cu il tarixli, **********1131 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinə görə 31.010,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 27.03.2019-cu il tarixədək 31.010,80 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. “İnzibati şikayətin təmin edilməməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinin 30.05.2019-cu il tarixli, **********785400 saylı qərarı ilə 01.02.2019-cu il tarixli VN-16 seriyalı 009246 nömrəli aktın etibarlı hesab edilməsi və Vergilər Nazirliyi yanında Bakı şəhəri X21 Departamenti tərəfindən qəbul olunmuş 19.03.2019-cu il tarixli **********1131 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının 18 sentyabr 2019-cu il tarixli, **********035000 saylı qərarı ilə şikayətin təmin edilməməsi, Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 30.05.2019-cu il tarixli, **********785400 saylı Qərarı və Bakı şəhəri X21 Departamenti tərəfindən qəbul olunmuş 19.03.2019-cu il tarixli **********1131 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X21 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 19 mart 2019-cu il tarixli, **********1131 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğvini tələb edir və bunu onunla əsaslandırır ki, operativ vergi nəzarəti keçirilən zaman obyektdə aşkar olunmuş mallara dair qaimə-fakturalar olduğu halda, həmin ciddi hesabat blankları mötəbər sübut kimi qiymətləndirilməmişdir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Vergi orqanı tərəfindən qəbul edilmiş qərarın həm prosessual cəhətdən, həmçinin də, mahiyyətcə əsaslı olub-olmaması Vergi Məcəlləsinin müddəaları əsasında müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: -50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Əlavə olaraq qeyd olunmalıdır ki, operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarəti keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi, nəzarəti həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürülməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmış malların siyahıya alınması VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi qanunvericliklə vergi orqanına vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi yoxlamasının keçirilməsi üçün tam səlahiyyət verilmişdir. Cavabdeh həmin səlahiyyətindən istifadə edərək, qanunvericliyin tələblərinə uyğun olaraq, vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edərək, Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura və ya elektron hesab-faktura əsasında alınması vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə iddiaçı barəsində operativ vergi nəzarəti təyin etmişdir. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən aparılmış operativ vergi yoxlaması Vergi Məcəlləsinin buna dair müvafiq normalarına əməl etməklə aparılmış, zəruri olan sənədlər tələb olunmuş, aidiyyəti üzrə ekspertiza təyin edilmiş və nəticəsi müvafiq qaydada rəsmiləşdirilmişdir. Qərarın mahiyyətinin əsaslı olub-olmamasına qiymət verilməsi məqsədi ilə, iddiaçının qüvvədə olan qanunvericilikdə və normativ hüquqi aktlar əsasında obyektə olan mallarının alışını təsdiq edən sənədlərinin, həmçinin tətbiq edilmiş maliyyə sanksiyasının faiz dərəcəsinin əsaslı olması ilə bağlı araşdırma aparılmalıdır. Bu halı müəyyən etmək üçün məhkəmə Vergi Məcəlləsinin aşağıdakı normalarına istinad edir. Vergi Məcəlləsinə edilmiş 01.01.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, 58.8-ci maddəsinə yeni redaksiya verilmişdir. Həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: -58.8.2-ci maddəsinə görə, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 71-1.5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektronqaimə-faktura verilir. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın (25.12.2019-cu il tarixədək olan redaksiyasına); - 3.1.1-ci maddəsinə əsasən,topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. - 3.1.2-ci maddəsinə görə, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir - 4.1-ci maddəsinə əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura ilə yanaşı, POSterminaldan çıxarış verilir. “Vergi hesab-fakturasının tətbiqi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən, vergi hesab-fakturası malı (işi, xidməti) təqdim edən şəxs tərəfindən 2 nüsxədə tərtib edilir. Tərtib edilmiş vergi hesab-fakturasının 1-ci nüsxəsi alıcıya verilir, 2-ci nüsxəsi isə malı (işi, xidməti) təqdim edən şəxsdə saxlanılır. Vergi ödəyicisi malın alıcısına (işlərin və xidmətlərin sifarişçisinə) vergi hesab-fakturasının 1-ci nüsxəsini mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gün ərzində verməlidir. Ödənişlər malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əvvəl həyata keçirildikdə, vergi hesab-fakturası ödəmədən sonrakı 5 gün ərzində verilməlidir. Ödəmə qismən həyata keçirilmişdirsə, vergi hesab-fakturası hər ödəmə üçün ayrıca olaraq, ödəmə məbləği həcmində verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”na əsasən hüquqi və fiziki şəxslər tərəfindən alınmış mallara (təqdim edilmiş işlərə, xidmətlərə) görə ciddi-uçot blankları (o cümlədən qaimə faktura) təqdim edilməlidir. Şərh olunan Məcəllənin və normativ hüquqi aktların tələblərinə görə, malların mədaxilinin sənədləşdirilməsində də vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan və alınmayan vergi ödəyicilərindən aldıqda bu malların alışına dair Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların alış aktı” ilə sənədləşdirilir. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda “Malların alış aktı” tərtib edilir. Aktda satıcınının və alıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, həmçinin “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası tərtib edilməklə həyata keçirilir. İddiaçı tərəfindən Masallı “xxxx” MMC-yə aid 07.12.2017-ci il tarixli BQB 251424 saylı, 10.12.2017-ci il tarixli BQB 251427 saylı, 20.12.2017-ci il tarixli BQB 251425 saylı və 21.12.2017-ci il tarixli BQB 251426 saylı qaimə-fakturaların məhkəmə icraatı zamanı təqdim olunması təkzibolunmaz dəlillərdən biridir. Lakin, sözügedən qaimə-fakturalarının operativ vergi nəzarəti keçirilən zaman iddiaçının obyektində aşkar olunmuş mallara aid edilməsi üçün kifayət etmir. Məhkəmə inzibati şikayətin təmin olunmaması ilə bağlı qərarlarda göstərilən izahatları təhlil etdikdə müəyyən etmişdir ki, həqiqətən də, iddiaçının, onun nümayəndəsinin, “xxxx”MMC səlahiyyətli şəxsləri tərəfindən verilmiş izahatlarda ziddiyyətli məqamlar mövcuddur. Belə ki, işin hallarından, iddiaçının şikayətinin təmin edilməməsi ilə bağlı qərarların məzmunundan məlum olmur ki, operativ vergi nəzarəti keçirilən zaman iddiaçının obyektində aşkar olunmuş mallara dair sənədlərin təqdim olunması tələb edilərkən iddiaçının nümayəndəsi tərəfindən GÖP seriyalı 364223, 364225 və 364226 nömrəli qaimə-fakturaları təqdim olunmuşdur. Lakin sonradan həmin sənədlərin sözügedən mallara aid olmaması bildirilərək, “xxxx” MMC-yə aid olan qaimə-fakturalar təqdim olunmuşdur. İlkin olaraq təqdim olunmuş qaimə-fakturalar ciddi hesabat blankı olaraq həqiqətən vergi ödəyicisi X11 məxsus olsa belə, həmin seriya və nömrəli qaiməfakturalarının istifadə edilməməsi müəyyən edilmiş və tərtib edilməmiş vəziyyətdə olan surətləri vergi icraatı zamanı təqdim olunmuşdur. Göründüyü kimi, iddiaçının nümayəndəsi öz izahatında GÖP seriyalı 364223, 364225 və 364226 nömrəli qaimə-fakturaların digər mallara aid olduğunu bildirsə də, vergi ödəyicisi X17 tərəfindən bu hal təkzib edilmiş və qaimə-fakturaların tərtib edilməmiş nüsxəsinin surətini təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının 16.10.2019cu il tarixli, 16 saylı qərarından görünür ki, İddiaçı şikayəti üzrə “xxxx” MMC-nin rəhbəri X2414.10.2019-cu il tarixdə yeni izahat verərək faktiki olaraq əvvəlki izahatını təkzib etmiş, müvafiq fakturaların onun tərəfindən tərtib edilmədiyini, imzalanmadığı göstərmiş, həmin fakturaların etibarsız olunmasını xahiş etmiş, həmçinin müəssisənin fəaliyyəti dövründə heç bir xarici ölkədən ölkədaxili bazardan, şuba, gödəkçə və geyim malları alıb satmadığını bildirmişdir. “xxxx” MMC-nin rəhbərinin səlahiyyətli nümayəndəsi M.Qaraşov eyni tarixdə izahat verərək MMC-nin rəhbərinin dediklərini təsdiq etmiş, habelə qaimlərin hansı formada təqdim edildiyindən məlumatının olmadığını qeyd etmişdir. Göründüyü kimi, “xxxx” MMC-nin rəhbəri və rəhbərinin səlahiyyətli nümayəndəsi tərəfindən Vergilər Nazirliyinin Apellyasiya Şurasında və Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasında verilmiş izahatlar bir birinə ziddir. Son olaraq, “xxxx” MMC-nin səlahiyyətli şəxsləri tərəfindən 07.12.2017-ci il tarixli BQB 251424 saylı, 10.12.2017-ci il tarixli BQB 251427 saylı, 20.12.2017-ci il tarixli BQB 251425 saylı və 21.12.2017-ci il tarixli BQB 251426 saylı qaimə-fakturalarının onlar tərəfindən tərtib edilməməsi etiraf edilmiş, müəssisənin ümumiyyətlə təsərrüfat subyekti olmadığı və idxal əməliyyatlarının aparılmadığı bildirilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının 16.10.2019-cu il tarixli, 16 saylı qərarı ilə İddiaçı, “xxxx” MMC-nin rəhbərinin, onun səlahiyyətli nümayəndəsinin əməllərində sənədlərinin saxtalaşdırılması və saxta sənəddən istifadə olunması hallarının araşdırılması, onlara hüquqi qiymət verilməsi və nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı qanunvericilikdə müəyyən edilmiş tələb və prosedurlara əməl olunması ilə bağlı Vergilər Nazirliyi tərəfindən tədbirlərin görülməsinə qərar verilmişdir. Bu hallar ona dəlalət edir ki, ümumiyyətlə iddiaçıya məxsus mağazada aşkar olunan malların alış sənədlərinin hər iki operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanın əməkdaşlarına təqdim olunmaması, daha sonra malların alış sənədlərinin əldə edilməklə inzibati araşdırmaya təqdim edilməsi və hər iki inzibati araşdırma zamanı malların fərqli vergi ödəyicilərindən alınması barədə müxtəlif və ziddiyyətli izahatların verilməsi, ən əsası isə İddiaçı, “xxxx” MMC-nin rəhbərinin, onun səlahiyyətli nümayəndəsinin əməllərində sənədlərinin saxtalaşdırılması əlamətlərinin mövcud olması, vergi ödəyicisinin təsərrüfat subyektində olan malların həqiqətən də alış sənədlərinin olmamasına əsas verir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri o zaman həqiqətə uyğun hesab edilə bilər ki, iddiaçının “xxxx” MMC-nin rəhbəri X24 tərəfindən verilmiş qaimə-fakturalar ilə yanaşı, mübahisənin yarandığı dövrdə qüvvədə olan normativ hüquqi aktlarının normaları əsasında, malların məhz həmin müəssisəsi tərəfindən təqdim olunmasını təsdiq edən “Malların təhvil-qəbul aktı” və elektron vergi hesab-fakturası mövcud olsun. Buna baxmayaraq, iddiaçı tərəfindən malların alış sənədinin olmasının təsdiq edən hər hansı bir əlavə dəlil təqdim olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Vergi Məcəlləsinin tələblərinə riayət edərək, İddiaçı obyektində aşkar olunmuş mallara dair zəruri olan sənədləri tələb etmiş, təsdiqedici sənədlər olmadığı üçün, təqvim ili ərzində belə hala birinci dəfə yol verildiyindən, müvafiq olaraq ekspertiza zamanı müəyyən olunmuş malların ümumi dəyərinə 10%, yəni 31.010,8 (310.108 x 10%) manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar