Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-540/2023 03.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı "liftin yenisi ilə əvəz edilməsi" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə (üçüncü şəxslər: Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Xüsusi Riskli Xilasetmə Xidməti, Bakı Lift-Təmir İstehsalat Birliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Abşeron rayon Mənzil-İstismar Sahəsi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, 4 saylı binanın 1-ci girişindəki liftin qəzalı və istismar müddəti bitdiyinə görə yenisi ilə əvəzləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, binanın liftindən istifadə zamanı bədbəxt hadisə baş verə bilər. Belə halların qarşısını cavabdeh naməlum səbəblərdən aradan qaldırmır. “Lifttəmir” Birliyinin 29 yanvar 2019-cu il tarixli məktubuna əsasən qeyd olunan binaya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 6 saylı Mənzil İstismar Sahəsi tərəfindən liftlərə texniki xidmət göstərildiyi məlum olmuşdur. Müdafiə Nazirliyi Mənzil İstismar Hissəsi 6 saylı MİS-in 29 yanvar 2019-cu il tarixli məktubuna əsasən həmin bina 1972-ci ildə istismara verilmiş və həmin vaxtdan bu günədək lift dəyişdirilməmiş, lakin liftin dəyişdirilməsinə və yenisi ilə əvəzləşdirilməsinə ehtiyac olmuşdur. Bundan sonra cavabdehə müraciət olunmuş və sözügedən bina Nazirliyin balansında olduğundan, liftin dəyişdirilməsi xahiş edilmişdir. Lakin cavabdehdən rəsmi cavab alınmamışdır. Həmçinin, Müdafiə Nazirliyinin tabeliyində olan hazırkı cavabdeh Mənzil İstismar İdarəsi olmalıdır. X3 Nazirliyi tərəfindən maliyyələşir və balansında olan bütün binalara xidmət aparır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-927/2019 saylı iş üzrə 3 aprel 2019-cu il tarixli qətnaməsi ilə onun (hazırkı iddiaçının) iddiası təmin olunmuş və binanın lifti əsaslı təmir olunmuşdur. Məlum qətnamə qanuni qüvvəsin almış və icra olunmasına baxmayaraq, 2 ildən sonra yenidən liftdə problemlər əmələ gəlməyə başlamışdır və hər an təhlükə və ya bədbəxt hadisə olmasını qaçınılmaz edir. Cavabdeh iddiaya yazılı münasibəti məhkəməyə təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3981/2022 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1247/2022 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin qeyd olunan qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1247/2022 saylı qərardadında qeyd olunmuşdur ki, “...birinci instansiya məhkəməsi iddianı mümkünsüz sayaraq, hazırkı iddianın Səbail Rayon Məhkəməsinin qətnaməsinin icra edilməsi ilə bağlı olduğu qənaətinə gələrək işin hallarını düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarından görünür ki, qeyd edilən iş üzrə cavabdeh olaraq Abşeron rayon Mənzil İstismar Hissəsi göstərilmişdir. İddiaçının hazırkı tələbi üzrə cavabdeh qismində qeyd etdiyi tərəf AR Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi olmuşdur. Eyni zamanda Səbail Rayon Məhkəməsinin 2(009)-927/2019 saylı iş üzrə 3 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçının tələbi “liftin əsaslı təmir edilməsi” ilə bağlı olmuşdur. Lakin, iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı hazırda məhkəməyə müraciət edərək, liftin yenisi ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçının hazırkı tələbi “liftin əsaslı təmiri deyil” , liftin qəzalı və itismar müddəti bitdiyinə görə yenisi ilə əvəzləşdirilməsindən ibarətdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi hazırda iddiaçının qaldırdığı iddiada həm cavabdeh, həm də iddianın predmeti müxtəlif olmuşdur”. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-540/2023 saylı qərardadı ilə iş üzrə üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Xüsusi Riskli Xilasetmə Xidməti, Bakı Lift-Təmir İstehsalat Birliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Abşeron rayon Mənzil-İstismar Sahəsinin hazırkı məhkəmə icraatında iştiraklarına xitam verilmişdir. Təkrar məhkəmə baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz etdi və izahatında bildirdi ki, liftə sonuncu baxış nəticəsində onun işlək vəziyyətdə olduğu müəyyən edilmiş, habelə hazırda həmin liftdən istehsal olunmadığını, binada ölçü uyğunsuzluğu baxımından digər liftin quraşdırılmasının da mümkün olmadığını bildirərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Seriya MH 119338 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, 4 saylı evin 17 nömrəli mənzili X1 mülkiyyətindədir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 1 nömrəli Mənzil-İstismar sahəsinin xx.xx.2023-cü il tarixli, 33 nömrəli arayışından görünür ki, iddiaçı ünvan 2 ünvanında daimi yaşayır. İddiaçı hazırda həmin binanın 1-ci girişindəki liftin qəzalı və istismar müddəti bitdiyini iddia edərək yenisi ilə əvəzləşdirilməsi xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni zamanda Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-in 1.1-ci maddəsi). İddia ərizəsindən görünür ki, iddiaçı hazırda yaşadığı binanın liftinin yenisi ilə əvəz edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, bu tələb xidmət göstərilməsi üzrə tərəflər arasında olan müqavilə münasibətlərindən yaranmışdır. Bu münasibətlərdə cavabdehlər inzibati orqan statusunda çıxış etmir və ona qarşı yönəlmiş hazırkı tələb inzibati hüquqla (publik hüquq) bağlı deyildir. Tərəflər arasında olan bu münasibətlər müqavilə vasitəsilə tənzimlənməklə yaranan öhdəliklər bilavasitə mülki hüquq normaları ilə tənzimlənir. Buna görə də məhkəmə hesab edir ki, binanın liftinin yenisi ilə əvəz edilməsinə yönəlmiş tələb inzibati hüquqdan irəli gələn tələb, mübahisə isə inzibati mübahisə hesab olunmadığından hazırkı iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati) xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-540/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-540/2023
03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver