Məhkəmə qərarları › İş №2-1(112)-5400/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5400/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5400/2024 19.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzillə təmin olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) müraciət edərək, 35 ildən yuxarı vaxtda mənzil növbəsində olmasının nəzərə alınaraq, onun müvafiq mənzillə təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Sabunçu RİH-nin balansında boş mənzil olmadığından və Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında vətəndaşların mənzillə təmin edilməsi üçün Sabunçu RİH-nə mənzil sahəsi ayrılmadığından müraciətin təmin edilməsi imkan xaricindədir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 310 saylı sərəncamı ilə 30 sentyabr 1988-ci il tarixindən mənzil növbəsi saxlanılmaqla, yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Göründüyü kimi, onun növbəyə götürülməsindən 35 ildən yuxarı vaxt keçmişdir. İddiaçı növbəyə götürüldüyü vaxt olduğu kimi, ailə üzvləri ilə birlikdə hal-hazırda da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 27 saylı evin, yaşayış sahəsi 38 kv.metr olan 2-otaqlı 19-cu mənzilində yaşayır. Onun və ailəsinin mənzil və yaşayış şəraiti çox ağırdır. 35 ildən çox bir vaxtda onun mənzillə təmin olunması üçün heç bir hərəkət edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, Cavabdeh 01 iyun 2005-ci il tarixli, 310 saylı sərəncamına əsasən X3 mənzil uçot işi yaşayış yeri üzrə qəbul edilməklə növbəyə götürülmə tarixi xx.xx.1988-ci il saxlanılmaqla 6 nəfər ailə üzvü ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Vətəndaş İddiaçı mənzil növbəsi ümumi siyahıya əlavə edilmişdir. Hazırda RİH-də ümumi siyahıda 2003 nəfər mənzil növbəsindədir. İddiaçının umumi siyahıda 1396-cı sıradadır. Rayon İcra Hakimiyyətinin balansında mənzil yoxdur. Bu səbəbdən iddiaçının tələbinin təmin edilməsi imkan xaricindədir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının iclasın onun iştirakı olmadan keçirilərək, işin mahiyyəti üzrə qərar çıxarılmaqla, iddianın təmin olunmasını xahiş etmişdir. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı hazırda barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, bu iddia inzibati mübahisə olmaqla düzgün inzibati orqana qarşı qaldırılmışdır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciət etmiş, tələbi təmin edilmədikdən sonra qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, iddia əsassızdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən Nərimanov Rayon XDS İk-nın xx.xx.1988-ci il tarixli 25/534a nömrəli qərarından görünür ki, X5 5 nəfər ailə üzvü ilə (özü, əri, 3 uşağı) mənzil növbəsinə götürülmüşdür. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 208 saylı sərəncamından görünür ki, vətəndaş X4 ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət edərək, mənzil uçotunun yaşayış yeri üzrə Cavabdehnə köçürülməsini xahiş etmişdir Müəyyən edilmişdir ki, vətəndaş İddiaçı Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 30.09 1988-cı il tarixli 25 №li Qərarına əsasən 5 nəfərlik ailə tərkibi ilə (özü, əri, oğlu, 2 qızı) iş yeri üzrə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin "xxxx" MMC-də mənzil növbəsinə götürülmüşdür. O xx.xx.2003-cü il tarixdə ştat cədvəlindəki ixtisarla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin «b» bəndinə əsasən işdən azad edilmişdir. Hazırda 6 nəfərlik ailə tərkibi ilə (özü, əri, 2 oğlu, 2 qızı) Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov küçəsindəki 27 saylı evin yaşayış sahəsi 38,0 kv.m olan 2 otaqlı 19-cu mənzilində yaşayır. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti BTİM MMC-nın rəhbərliyinin və Həmkarlar İttifaq Komitəsinin 23 02 2005-ci il tarixdə keçirilmiş birgə iclasında vətəndaş İddiaçı mənzil uçotunun yaşayış yeri uzrə Cavabdehnə köçürülməsi məqsədəuyğun hesab edilmişdir. Buna görə də həmin sərəncama əsasən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti BTİM MMC-nin rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2005-cı il tarixdə keçirilmiş birgə iclasının protokolu təsdiq edilmiş və vətəndaş X1 mənzil uçot sənədlərinin Azərbaycan Gözdən Əlillər Cəmiyyəti BTİM MMC-dən əvvəlki ış yerində uçota götürülmə tarixi saxlanılmaqla yaşayış yeri uzrə Cavabdehnə köçürülməsi qərara alınmışdır. Bakı şəhər Cavabdeh xx.xx.2005-ci il tarixli 310 saylı sərəncamından görünür ki, vətəndaş X5 5 nəfər ailə üzvü ilə (özü, h/yoldaşı, oğlu və 2 qızı) Nərimanov rayon XDS İKnin xx.xx.1988-ci il tarixli, 25 saylı qərarı ilə iş yeri (Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin "xxxx" MMC) üzrə mənzil növbəsinə götürülmüşdür. X5 xx.xx.2003-cü il tarixdə ştatın ixtisar edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işdən azad edilmişdir. Hal-hazırda o, 6 nəfər ailə üzvü ilə (özü, h/yoldaşı, 2 oğlu və 2 qızı) Sabunçu rayonu, Aydınbəyov küçəsində yerləşən 27 saylı evin, yaşayış sahəsi 38,0 kv.metr olan 2 otaqlı 19-cu mənzilində yaşayır. X3 əvvəllər işləmiş olduğü müəssisənin müdiriyyəti və HİK-si onun mənzil uçot işinin yaşayış yeri üzrə Cavabdehnə köçürülməsi barədə qərar qəbul etmiş və həmin qərarın təsdiq olunmasını Nərimanov rayon İcra Hakimiyyətindən xahiş etmişlər. Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 208 saylı sərəncamı ilə müəssisə müdiriyyəti və HİK-nin qərarı təsdiq edilərək, İddiaçı mənzil növbəsinə götürülmə tarixi saxlanılmaqla mənzil uçot işinin Cavabdehnə köçürülməsi qərara alınmışdır. Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı xx.xx.2005-ci il tarixli, M-61 saylı məktubla vətəndaş İddiaçı mənzil uçot işinin yaşayış yeri üzrə qəbul edilməsinə köməklik göstərilməsi barədə Cavabdeh Başçısına müraciət etmişdir. Göstərilənlərə əsasən, həmin sərəncam ilə X3 mənzil uçot işi yaşayış yeri üzrə qəbul edilməsi, onun əvvəlki növbəyə götürülmə tarixi (xx.xx.1988-ci il) saxlanılmaqla 6 nəfər ailə üzvü ilə (özü, h/yoldaşı, 2 oğlu və 2 qızı) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi və onun mənzil növbəsi ümumi siyahıya əlavə edilməsi qərara alınmışdır. İddiaçı hazırda 1988-ci ildən etibarən mənzil uçotuna alındığını bildirməklə onun cavabdeh tərəfindən mənzillə təmin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə görə yerli icra hakimiyyəti başçısının vəzifələrinə aiddir: 3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir; 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.(48.1, 48.2) Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir (56.1) Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir (56.3). İddia ərizəsindən görünür ki, iddiaçı ona növbədənkənar yaşayış sahəsi verilməli olmasını iddia etmir. Mənzil Məcəlləsinin tələbinə görə də o və ailə üzvləri 56.2-ci maddədə nəzərdə tutulan növbədənkənar yaşayış sahəsi verilməli olan şəxslər kateqoriyasına aid deyillər. İddiaçı 35 ildən artıq mənzillə təmin olunmadığını iddia edərək onun mənzillə təmin edilməsini xahiş edir. Lakin işdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, uzun illərdir vətəndaşlara mənzil verilmədiyindən sonuncu dəfə hansı tarixdə mənzil verilməsi barədə RİH-də məlumat yoxdur. Həmçinin Cavabdeh balansında boş mənzil yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mənzillə təmin edilməsi üçün onun balansında boş mənzil olmalı və həmin mənzillər növbəlilik qaydasında mənzil uçotuna alınmış şəxslərin istifadəsinə verilməlidir. İşdən görünür ki, birincisi, cavabdehin yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınmış şəxslərin istifadəsinə verməsi üçün boş mənzili yoxdur, ikincisi, belə bir mənzil fondu olsa belə, iddiaçı mənzil uçotuna alınmış 2003 nəfərdən 1396-cıdır və yalnız siyahıda əvvəlki 1395 nəfər mənzillə təmin edildikdən sonra İddiaçı mənzillə təmin edilmək hüququ yaranacaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə cavabdehin imtinası ilə razılaşır və hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar