Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5401/2022 14.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın və rəyin ləğv edilməsi, kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı barəsində həqiqi hərbi xidmətə çağırılmasına dair qərarın və hərbi tibb komissiyasının yararlı olması barədə rəyinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü il təvəllüdlü İddiaçı 2021-ci ilin iyul çağırışı ilə Xidmətin Nəsimi rayon idarəsi tərəfindən xidmətə çağırılmışdır. 2-ci dərəcəli skolioz xəstəliyindən əziyyət çəkir, həmçinin AR Səhiyə Nazirliyinin vermiş olduğu ambulator kitabçadan çıxarışdan da görünür ki, İddiaçı digər idiopatik skolioz xəstəliyindən xroniki xəstədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 21 fevral 2021-ci il tarixli qərardadı ilə, əsl olmayan iddiaçı Nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Cavabdeh İddiaçı barəsində hərbi xidmətə çağırılmasına dair xx.xx.2021-ci il tarixli qərarı və hərbi tibb komissiyasının yararlı olması barədə olan rəyinin ləğv edilməsi və cavabdehdən mənəvi zərərə görə 30.000 manat kompensasiyanın tutulmasına dair qərar qəbul edilməsini xahiş edirəm” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 14 iyul 2022-ci il tarixli qərardadı ilə, iddia “tibbi rəyin ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia kompensasiyanın ödənilməsi ilə bağlı hissədə də mümkün hesab edilir. Belə ki, bu tələb əsas tələbdən (qərarın ləğvi) asılı olduğundan iddiaçının ayrıca müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsinə zərurət yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Cavabdeh çağırış komissiyasının 07 iyul 2021-ci il tarixli qərarı (protokol № 6. 9/179) ilə İddiaçı hərbi xidmətə yaralı hesab edilərək müddətli həqiqi hərbi xidmətə çağırılmışdır; Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli 18847 №-li arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsinə əsasən, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. (İ və İİ hissələr) “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur; 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir; 13.1-ci maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2-ci maddəsinə əsasən, çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər; 14.1-ci maddəsinə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2-ci maddəsinə əsasən, çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 14.3-cü maddəsinə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. 15.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər; 15.2-ci maddəsinə əsasən, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 18.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: ... 18.1.2. sağlamlıq vəziyyətinə görə; ... 18.2-ci maddəsinə əsasən, çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar; 20.1-ci maddəsinə əsasən, tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir; 20.2-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər; 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 23.0-cı maddəsinə əsasən, dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər: ... 23.0.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar; ... İş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən təkrar şəhadətləndirilmiş və “Xəstəliklər cədvəli”nin 66ç maddəsinin İİ qrafasına uyğun olaraq “hərbi xidmətə yararlı” qərarı verilmişdir. Məhkəmənin 10 mart 2022-ci il tarixli qərardadı ilə, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Azərbaycan Resspublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 mütəxəssis rəyinin alınması qərara alınmış, mütəxəssis rəyinin verilməsi üçün zəruri olan sənədlər təqdim edilmiş və iddiaçının müayinədə iştirakı təmin edilmişdir. Azərbaycan Resspublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 K/147- 2022 №-li rəyində aşağıdakı nəticəyə gəlinmişdir: - İddiaçı xx.xx.2021-ci il tarixdə Mərkəzi Hərbi Poliklinikada şəhadətləndirilərkən ona “Sağtərəfli sakrolizaşiya, L1-L2 fəqərələrinin cüzi rotasiyası ilə müşayiət olunan onurğanın bel nahiyəsinin 9° (doqquz) birinci mərhələ təsbit olunmuş skoliozu. 36, 46-cı dişlərin kariyesi.” diaqnozu təyin edilmiş, “Xəstəliklər cədvəli”nin 66ç maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim X4”yə qoşma) əsasən, “A-3 məhdudiyyətlə hərbi xidmətə yararlıdır” hesab edilmişdir. - İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı (xx.xx.2022) Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında keçirilmiş müayinələri zamanı onda hər-hansı bir kardioloji və pulmunoloji patologiya aşkar edilməmiş, “skoliozun” dərəcəsini müəyyən etmək üçün Baş Klinik Hospitalda travmatoloq və rentgenoloq tərəfindən müayinələri zamanı o, tələb olunan qaydada müayinələrdən keçməkdən imtina etmişdir. Bununla belə, İddiaçı rentgen müayinəsindən keçməsi üçün Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmiş, keçirilmiş müayinə nəticəsində onda “Onurğanın “S-varı” İİ (ikinci) dərəcəli skoliozu (Skolioz -12°, -15°)” aşkar edilmişdir. - İddiaçı olan “skolioz” xəstəliyinə görə hərbi xidmətə yararlılıq dərəcəsini təyin etmək üçün Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda çəkilmiş rentgenoqrammanın nəticəsi (rentgenoqramma ilə birlikdə) Baş Klinik Hospitalın mütəxəssislərinə təqdim edildikdə müəyyən edildi ki, o, rentgenoloji müayinədən keçərkən döş və bel nahiyələri eyni bir rentgenoqrammada çəkilmiş, onurğanın əyriliyi təlimatın tələblərinə uyğun olmayan Kob üsulu ilə təyin edilmiş, çəkiliş vertikal vəziyyətdə, əsgərin məcburi duruşu şəklində aparılmışdır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim X2 və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Tibbi şəhadətləndirmə zamanı müayinələrin aparılması metodikası haqqında” təlimatın tələblərinə əsasən, onurğanın skoliozu üçün döş və bel şöbələrinin ayrı-ayrılıqda, horizontal və vertikal vəziyyətdə funksional sınaqların tətbiqi ilə rentgen təsvirləri alınmalı, əyriliyin dərəcəsi Çaklin üsulu ilə təyin olunmalıdır. - Qeyd edilənləri nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim X4”nin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Tibbi şəhadətləndirmə zamanı müayinələrin aparılması metodikası haqqında” təlimatın tələblərinə uyğun rentgen müayinədən keçmədiyindən, hazırda onda “skoliozun” dərəcəsi, bu xəstəliklə onun hərbi xidmətə yararlı olub-olmaması, həmçinin qərardadda qarşıya qoyulmuş digər suallar barədə fikir söyləmək mümkün deyil. Bunun üçün İddiaçı mövcud təlimatların tələblərinə uyğun qaydada travmatoloq və radioloqların iştirakı ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında təkrar müayinə edilməsi məqsədəuyğundur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim X4”nin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Tibbi şəhadətləndirmə zamanı müayinələrin aparılması metodikası haqqında” təlimatın tələblərinə uyğun rentgen müayinədən keçməməklə ekspertizanın keçirilməsinə mane olduğundan, ekspertiza təyin edilən fakt, yəni hərbi xidmətə yararlılığı təsdiq edilmiş hesab olunmalıdır. İPM-in: 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər; 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsəsən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi, cavabdeh iddiaçını hərbi xidmətə yararlı hesab edərək həqiqi hərbi xidmətə göndərməkdə haqlı olmuşdur. Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən qərarı qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından mübahisələndirlən qərarı qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının digər “mənəvi zərər görə kompensasiyanın ödənilməsi” ilə bağlı tələbinin hüquqi müqəddəratı yuxarıda qeyd edilən tələbdən asılı olduğundan, “qərarın ləğvi” barədə tələbin təmin edilməməsi bu tələbin də təmin edilməməsini şərtləndirir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia “qərarın ləğv edilməsi və kompensasiyanın ödənilməsi” hissədə təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia “qərarın ləğv edilməsi və kompensasiyanın ödənilməsi” hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5401/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5401/2022
14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver