Məhkəmə qərarları › İş №2-1(112)-5401/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5401/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5401/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 59 ünvanında yerləşən, 0.44808 ha torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində olan 1161,4 kv.m tikinti sahəsi, əmlak kopleksi kimi (66 saylı körpələr evi və uşaq baxçasınm) hal-hazırki bazar dəyəri olaraq, 4.000.000 (dörd milyon) manat, pulun, kompensasiya olaraq cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 59 ünvanında yerləşən, 0.44808 ha torpaq sahəsi olan, 1161,4 kv.m tikiti sahəsi olan, əmlak kopleksi kimi (66 saylı körpələr evi və uşaq baxçası) xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMC-nin mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Nizami Gəncəvi” Parkı yenidən qurularkən, qeyd olunan əmlak kompleksi, dövlət nəfmə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Lakin, həmin əmlak kompleksinə görə kompensasiya olaraq, "xxxx" MMC-nə heç bir ödəniş verilməmişdir.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xx.xx.2008-ci il tarixdə qeyd alınmışdır. Dövlət qeydiyyat № (VÖEN): ********** Təşkilati-hüquqi forması: Məhdud Məsuliyyətli cəmiyyət Hüquqi ünvanı: AZ1073, Bakı şəhəri, Yasamal ray., İsmayılbəy Qutqaşınlı, ev 36, mənzil 45

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 59 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə (66 saylı körpələr evi və uşaq bağçası; ümumi sahəsi - 1161.4; torpaq sahəsi – 0.44808) xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Elektron notariat” informasiya sistemində aparılmış yoxlama nəticəsində aşağıdakılar müəyyən olunmuşdur:

1. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 36 ünvanında yerləşən, ümumi sahəsi 0.1985 ha olan torpaq sahəsinin ******* manata;

2. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 36 ünvanında yerləşən, ümumi sahəsi 0.3616 ha olan torpaq sahəsinin ******* manata;

3. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, -məhəllə 2207 ünvanında yerləşən, ümumi sahəsi 2882.6 kv.m olan qeyri-yaşayış binasının ******* manata;

4. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 36, Yeni Qaydalarla: AZ1025, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.3616 ha olan torpaq sahəsinin ******* manata satılması barədə müqavilələr rəsmiləşdirilmişdir. Sözügedən müqavilələlərə dair “Elektron notariat” informasiya sistemindən çıxarışlar kağız daşıyıcıda məhkəməyə təqdim edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı Ağ Şəhər layihəsi çərçivəsində "xxxx" Qiymətləndirmə (əmlakın qiymətləndirilməsi) MMC tərəfindən Xətai Rayon İcra Hakimiyyətinin müraciəti əsasında qeyd edilən ərazidə yerləşən qeyri-yaşayış sahələri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən, ərazidə vətəndaşlara məxsus xüsusi mülkiyyətdə olan və müxtəlif məqsədlər üçün alımın xeyli sayda yaşayış və qeyriyaşayış obyektlərinin qiymətləndirilməsi zamanı, qeyri-yaşayış sahələrinə məbləğə 20 faiz daxil olmaqla 1 kv.m-ri üçün 300 manat, özəl torpaqların 0.01 ha üçün 9000-12000 min arasında kompensasiya nəzərdə tutulmuşdur. Bildirilir ki, İddiaçı MMC barədə rayon İcra Hakimiyyətində məlumat aşkar edilməmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Nizami Gəncəvi” parkının yenidən qurulması ilə əlaqədar ******* nömrəli, MA seriyalı, **********12-12301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Çıxarışına əsasən İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan ümumi sahəsi 1161.4 kv.m olan əmlak kompleksi kimi müəssisə (66 sayı körpələr evi və uşaq bağçası) sökülmüş və MMC-nin xüsusi mülkiyyəti olan 0.44808 ha torpaq sahəsi də daxil olmaqla abadlıq-quruculuq işləri aparılmışdır. Kompensasiya məbləği və onun hesablanması qaydasına münasibətdə isə bildiririk ki, iddia tələbində 4 000 000 (dörd milyon) manat kompensasiya nəzərdə tutulmasına baxmayaraq, iddia tələbini qismən, yəni qeyd olunan əmlak kompleksinin ümumi sahəsinə görə 916.000 (doqquz yüz on altı min) manat, torpaq sahəsinə görə isə 2.684.000 ( iki milyon altı yüz səksən dörd min) manat, ümumilikdə 3 600 000 (üç milyon altı yüz min) manat kompensasiya məbləğinin təmin olunmasını qəbul edilir.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Nizami Gəncəvi” parkının yenidən qurulması ilə əlaqədar ******* nömrəli, MA seriyalı, **********12-12301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Çıxarışına əsasən İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan ümumi sahəsi 1161.4 kv.m olan əmlak kompleksi kimi müəssisəsi üçün (66 sayı körpələr evi və uşaq bağçası) kompensasiya məbləği hər kv.m üçün 788.70 (yeddi yüz səksən səkkiz manat yetmiş qəpik) nəzərdə tutulmuşdur. Eyni zamanda həmin MMC-nin xüsusi mülkkiyyəti olan 0.44808 ha torpaq sahəsinin hər sotu üçün kompensasiya məbləği 5990 (beş min doqquz yüz doxsan manat) müəyyən olunmuşdur. Qeyd olunan qeyri-yaşayış sahəsi və torpaq sahəsinə kompensasiya məbləği müəyyən olunarkən həmin əmlakların likvid dəyəri və bazar dəyəri nəzərə alınmışdır.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. Məhkəmə iclasında cavabdeh iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

10. İddianın növü kompensasiya tələbi ilə bağlıdır.

11. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. “Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən, Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2021-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır.

14. X1 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

6. Məhkəmə ilk növbədə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 59 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə (66 saylı körpələr evi və uşaq bağçası; ümumi sahəsi - 1161.4; torpaq sahəsi – 0.44808) xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır.

15. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya məxsus “aktiv” kimi əmlak mövcuddur və cavabdeh tərəfindən kompensasiyanın ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilmişdir.

16. “X1 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

17. Hazırkı müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir (ikinci qayda).

18. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

19. Məhkəmə hesab edir ki, müdaxilə qanunidir (Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı mövcuddur) və qanuni məqsəd daşıyır. Belə ki, iddiaçının mülkiyyətinə müdaxilə “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi üçün dövlət dəstəyinin artırılması məqsədi daşımışdır.

20. İddiaçı MMC xüsusi mülkiyyətində olan 0.44808 ha torpaq sahəsinə və ümumi sahəsi 1161.4 kv.m olan əmlak kompleksi kimi müəssisəyə (66 sayı körpələr evi və uşaq bağçası) görə 4.000.000,00 (dörd milyon) manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir.

21. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

23. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “kompensasiyanın ödənilməsi tələbinə” iddialarda da İPM-in 14.3-cü maddəsi tətbiq oluna bilər.

24. Məhkəmə müəyyən edir ki, iddiaçıya ödənilməli olan kompensasiya məbləği cavabdeh tərəfindən müvafiq formada əsaslandırılmışdır: - İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan ümumi sahəsi 1161.4 kv.m olan əmlak kompleksi kimi müəssisə (66 sayı körpələr evi və uşaq bağçası) sökülmüş və MMC-nin xüsusi mülkiyyəti olan 0.44808 ha torpaq sahəsi də daxil olmaqla abadlıq-quruculuq işləri aparılmışdır. - İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə və torpaq sahəsinə kompensasiya məbləği müəyyən olunarkən həmin əmlakların likvid dəyəri və bazar dəyəri nəzərə alınmışdır. - İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan ümumi sahəsi 1161.4 kv.m olan əmlak kompleksi kimi müəssisəsi üçün kompensasiya məbləği hər kv.m üçün 788,70 manat (yeddi yüz səksən səkkiz manat yetmiş qəpik); həmin MMC-nin xüsusi mülkkiyyəti olan 0.44808 ha torpaq sahəsinin hər sotu üçün kompensasiya məbləği 5.990,00 manat (beş min doqquz yüz doxsan manat) müəyyən olunmuşdur. - Qeyd olunan əmsallar əsasında müəyyən olunmuş kompensasiya məbləği ümumi sahəyə görə 916.000 (doqquz yüz on altı min) manat, torpaq sahəsinə görə isə 2.684.000 ( iki milyon altı yüz səksən dörd min) manat, ümumilikdə 3.600.000 (üç milyon altı yüz min) manat kompensasiya məbləği təşkil etmişdir.

25. İddiaçı əmlakın sökülməsinin qanuniliyini mübahisələndirmir, sökülmüş əmlaka görə kompensasiya ödənilməsini tələb edir.

26. Məhkəmə həmin hissədə cavabdeh tərəfindən təqdim edilmiş dəlillər ilə razılaşır və hesab edir ki, cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən əmlakların likvid dəyəri və bazar dəyəri nəzərə alınaraq iddiaçıya ağlabatan və ədalətli məbləğdə kompensasiya təklif edilir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi və iddiaçıya ödəniləcək kompensasiya məbləğinin 3.600.000 (üç milyon altı yüz min) manat məbləğində müəyyən olunması üçün faktiki şərtlər mövcuddur.

27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 59 ünvanında yerləşən 0.44808 ha torpaq sahəsinə və 1161,4 kv.m əmlak kompleksi kimi müəssisəyə (66 saylı körpələr evi və uşaq baxçasına) görə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 3.600.000,00 (üç milyon altı yüz min) manat məbləğində kompensasiya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar