Məhkəmə qərarları › İş №2-1(112)-5407/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5407/2023

27.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5407/2023 27.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı «əkin subsidiyasının verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı «əkin subsidiyasının verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Quba rayonunun Talabı Qışlaq kəndində 18,82 ha əkin və bağ sahəsi var. Hər il kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması çərçivəsində mineral gübrələrin alınması üçün ona Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 5.665 manat məbləğində subsidiya verilmişdir. Lakin cari il üçün ona Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yalnız əkilmiş əkin sahəsi üçün subsidiya 2.414,25 manat məbləğində verilmişdir. Kənd Təsərrüfatı Nazirliyinə bununla bağlı dəfələrlə müraciət etsə də, qurumun 9 avqust 2022-ci il tarixli cavab məktubunda ona (iddiaçıya) məxsus 7.3074 ha torpaq sahəsində salınmış meyvə bağına görə subsidiyanın verilməsindən imtina olunmuşdur. Halbuki, meyvə bağı bir neçə il əvvəl əkilmişdir, əvvəlki illərdə müvafiq bağ sahəsi üçün subsidiya alınmışdır. Göstərilənlərə əsaslanaraq, bağ sahəsinə görə subsidiyanın verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi həmin Nazirliyin yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (nümayəndəsinin) iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, 2020-ci il yanvar ayının 1-dən etibarən subsidiyaların verilməsi «Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası»na uyğun olaraq X1 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əssən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməli və subsidiyaya müraciət etməlidir. Fərmanın 3.3-cü bəndinə uyğun olaraq təsdiq edilən “Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentdə fermerlər tərəfindən yeni əkilən və mövcud çoxillik əkmələr (meyvə bağları və digər çoxillik bitkilər) hər il sentyabrın 1-dən başlayaraq dekabrın son iş gününədək, növbəti il fevralın 1-dən başlayaraq mayın 31-dək payızlıq və ya yazlıq əkinlər üçün nəzərdə tutulmuş müddətlərdə EKTİS-də bəyan edilərək subsidiyaya müraciət edilir. Qaydanın 3.7-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. 2021 – 2022-ci əkin ili üzrə İddiaçı subsidiyaya müraciətlə əlaqədar 7,3074 ha torpaq sahəsində salınmış meyvə bağları barədə məlumatları EKTİS-ə daxil olunmasına baxmayaraq, subsidiyaya müraciət edilmədiyi üçün ona əkin subsidiyasının hesablanması mümkün olmamış və təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılmışdır. Göstərilənlərə əsaslanaraq hesab olunur ki, iddia əsassızdır və təmin edilməməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. Həmin Qaydanın 1.2.1-ci yarımbəndinə görə subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. Həmin Qaydanın 1.2.9-cu yarımbəndinə görə əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. Həmin Qaydanın 2.1-ci bəndinə görə fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 30 dekabr 2019-cu il tarixli 05Q nömrəli qərarı ilə «Kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentləri» təsdiq edilmişdir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ona müvafiq dövr üzrə əkin subsidiyasının verilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı ona əkin subsidiyasının verilməsi ilə bağlı vaxtında müraciət etməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik normaları kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən etmişdir. Subsidiyaların, o cümlədən əkin subsidiyasının verilməsinin qaydası və şərtləri Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası» və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş «Kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentləri» ilə müəyyənləşdirilmişdir. Hazırkı işin hallarına görə iddiaçı ona əkin subsidiyası verilməsi ilə bağlı aidiyyəti sənədləri təqdim etsə də (bu hal cavabdeh tərəfindən inkar olunmur), «Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası» və reqlament ilə müəyyənləşdirilmiş müddətdə subsidiyaya müraciətinin müvafiq qaydada (sistemə) daxil olunmasını təmin etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya əkin subsidiyasının verilməsindən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin imtinası qanuna zidd sayıla bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı «əkin subsidiyasının verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı «əkin subsidiyasının verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar