Məhkəmə qərarları › İş №2-1(112)-5409/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5409/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5409/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 23 dekabr 1987-ci ildən 1989-cu ilin noyabr ayınadək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər rütbəsində həqiqi hərbi xidmət keçib. Bakı şəhəri Suraxanı Rayon Hərbi Komissarlığı tərəfindən 31 yanvar 1992-ci il tarixdə yenidən hərbi xidmətə çağırılıb. Həmin tarixdən 19 yanvar 1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində “Qurtuluş” batalyonunun hərbi qulluqçusu kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabeh) müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə cavab verməmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19 yanvar 1993-cü il tarixdə kürəyin qəlpə yarası diaqnozu ilə tibb bölüyündə müayinə olunub. Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstututu” PHŞ-da onurğanın döş bel nahiyəsinin qəlpə yarası, sağ budun yuxarı üçdə birinin yumşaq toxumalarını dəlib keçən güllə yaralanması diaqnozu ilə müalicə olunub. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında döyüşdə aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olaraq qeyd edilib. 31 yanvar 1992-ci il tarixdən 19 yanvar 1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində “Qurtuluş” batalyonunun hərbi qulluqçusu kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi və hərbi travma almağı sənədlərlə, o cümlədən arayışlar, arxiv arayışları və mərkəzi hərbi həkim komissiyasının qərarı ilə təsdiq edilir. Döyüşdə aldığı güllə yarasına görə sağlamlığını itirib, bu günə qədər də müalicə alır. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, o, 31 yanvar 1992-ci il tarixdə hərbi xidmətə çağırılmış və 19 yanvar 1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində “Qurtuluş” batalyonunun tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və 19 yanvar 1993-cü il tarixdə yaralanmışdır. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbini irəli sürmüşdür. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 29 mart 2022-ci il tarixli 4/2-1827 nömrəli arayışına əsasən İddiaçı 19 yanvar 1993-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. İddiaçının döyüş əməliyyatlarının aparıldığı dövrdə 19 yanvar 1993-cü il tarixdən hərbi xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinə əsasən,“1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi üçün hərbi qulluqçuların iki şərtə cavab verməsi zəruri tələb kimi müəyyən edilmişdir. 1) Şəxsin döyüş zonasında hərbi xidmət keçməsi; 2) Hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması. Şəxsin bu şərtlərdən hər hansısa birinə cavab verməməsi ona “Müharibə veteram” adının verilməsi istisna edir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının 19 yanvar 1993-cü il tarixdən sonra xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətlə bağlı hərəkətsizlik etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. … Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı İ Qarabağ müharibəsi iştirakçısıdır. Bakı şəhəri Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən 31 yanvar 1992-ci il tarixdə hərbi xidmətə çağırılıb və 19 yanvar 1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi qulluqçu kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçınn müraciənə cavab verməmişdir. İddia tələbinə verilmiş etirazdan görünür ki, cavabdeh iddiaçının qanuni əsaslarla tərxis olunmasına dair müvafiq əmrlərin olmamasını əsas gətirərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 132 № li arayışda qeyd edilmişdir ki, “Verilir: 1969-cu il təvəllüdlü İddiaçı ondan ötəri ki, həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1993-cü il tarixdə kürəyin qəlpə yarası diaqnozu ilə tibb bölüyündə müayinə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, “Bakı şəhəri Suraxanı RHK tərəfindən xx.xx.1992-ci ildə hərbi xidmətə çağırılmış, Tərtər hərbi prokurorluğunun xx.xx.2022-ci il tarixli 22HP/5793 nömrəli qərarına əsasən barəsində təqsirləndirici material və cinayət işi olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı hərbi xidmət keçərkən 1993-cü ilin, xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək MN Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Odlu silah mərmi partlayışından sonrakı döş qəfəsinin sağ-yan səthində arxa qoltuq xətti üzrə 2.0x1 .Osm ölçülü bir ədəd döş qəfəsinin arxa səthində orta qoltuq xətti üzrə 1,4x0,5 sm ölçülü bır ədəd və sağ budun yuxan 1/3-nin arxa-yan səthində 4,0x2.Osm ölçülü bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2022-ci il tarixli 19 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 458 nömrəli arayışı, MN Məhkəmə - Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli k/97 nömrəli canlı şəxsin məhkəmə - tibbi müayinəsi Aktı. MN Mərkəzi Arxivinin Katibliyi Mərkəzi Arxiv tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/2-1083 nömrəli Arxiv arayışı. MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv Arayışında qeyd edilmişdir ki, “Verilir, İddiaçı ondan ötrü ki, N nömrəli hərbi hissə üzrə xx.xx.1992-xx.xx.1992-ci tarixli pul paylama cədvəli qovluğunda N nömrəli hərbi hissənin şəxsi heyətinin pul təminatı ilə təmin olunması cədvəllərində (əsas: səh-18, sıra- 18) sıravi əsgər İddiaçı iyul 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə üzrə xx.xx.1992-xx.xx.1992-ci tarixli pul paylama cədvəli qovluğunda N nömrəli hərbi hissənin şəxsi heyətinin pul təminatı ilə təmin olunması cədvəllərində (əsas səh-112, sıra-2; qeyd məlumatda atasının adı tam yazılmamışdır) sıravi əsgər İddiaçı K. oğlunun avqust 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə üzrə xx.xx.1992-xx.xx.1992-ci tarixli pul paylama cədvəli qovluğunda N nömrəli hərbi hissənin şəxsi heyətinin pul təminatı ilə təmin olunması cədvəllərində (əsas səh -116, sıra13, qeyd məlumatda atasının adı tam yazılmamışdı) əsgər İddiaçı K. oğlunun sentyabr 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissənin yaralananların qeydiyyatı kitabında (əsas: sıra-120) “Qurtuluş batalyonunun hərbi qulluqçusu, sıravi İddiaçı xx.xx.1993-cu il tarixdə kürəyin qəlpə yarası diaqnozu ilə tibb bölüyünə daxil olması barədə məlumat vardır. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin, “Qurtuluş" batalyonu komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı xidməti barədə xx.xx.2022-ci il tarixli 4/2-1083 №-li məktubla vətəndaşın ünvanına cavab göndərilmşdir. Məhkəmə sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli məktubda qeyd edilmişdir ki, 1969-cu il təvəllüdlü istefada olan əsgər İddiaçı həqiqətən, xx.xx.1987-ci il tarixdən 11.1989-cu il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mərkəzi arxiv tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli 4/2-1827 saylı arxiv arayışına əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissədə könüllü həqiqi hərbi xidmət keçmişdir. Yaralanmışdır. Yuxarıda sadalanan normaların məzmununa əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi və yaralanması mübahisə doğurmur. Cavabdehin əsas dəlili iddiaçının qanuni əsasla ehtiyata buraxılma barədə məlumatın aşkar edilmədiyi barədədir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv Arayışından da müəyyən edilir ki, cavabdeh iddiaçının xx.xx.1993-cu il tarixdə kürəyin qəlpə yarası diaqnozu ilə tibb bölüyünə daxil olması barədə məlumatın olmasını təsdiq etmişdir. Həmçinin Hərbi Həkim Komissiyasının qərarında da iddiaçının döyüş zamanı yaralanması və hərbi travma alması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı döyüş əməliyyatlarında iştirak edərək xəsarət aldığına görə uzun müddət müalicədə olduğundan onun qanuni əsasla ehtiyata buraxılması baş vermişdir. Bu səbəbdən iddiaçının qanuni əsasla ehtiyata buraxılmadığı barədə cavabdehin dəlili əsaslı deyildir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin onu da nəzərə alır ki, oxşar iş üzrə Ali Məhkəmənin 2-1(102)-1989/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarında hazırkı mübahisəyə yanaşma bu qayada olmuşdur. Həmçinin cavabdehin təqdim etdiyi Arxiv Arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin, “Qurtuluş" batalyonu komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. Məhkəmə qeyd edir ki, nizami hərbi hissə üzrlə əmlərin Mərkəzi Arxivinə daxil olmaması iddiaçının təqsiri ucbatından baş verən hal deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun sayılmamalıdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar