Məhkəmə qərarları › İş №2-1(112)-5410/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5410/2021

21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5410/2021 21.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və şəxsi heyət sıralarına qaytarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və şəxsi heyət sıralarına qaytarılma barədə iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi 2021-ci ilin yanvar ayının 5-də onu və bir neçə hərbi qulluqçunu müvəqqəti olaraq fevral ayının sonunadək kömək məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyəti sıralarından çıxarılaraq Azərbaycan Respublikası Sərhəd Xidmətinə ezam olunmuşdur. Lakin ezam olunarkən onların heç birinin razılığı tələb olunmamışdır. Qeyd edilənlərə əsasən onun şəxsi heyət sıralarından çıxarılaraq ezam olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli və şəxsi heyət sıralarına qaytarılması barədə qərar qəbul edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hazırkı inzibati mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. İddiaçı işə Bakı İnzibati Məhkəməsində baxılmasını, aidiyyəti üzrə göndərilməməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və təhqiqat İdarəsi tərəfindən məktubda qeyd edilmişdir ki, iddiaçı xidmətini davam etdirmək üçün Müdafiə Nazirinin sərəncamından Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına ezam edilmiş və hazırda Sərhəd Qoşunlarının “Qubadlı” X1 xidmət edir. Bundan əlavə, iddiaçı da qeyd etmişdir ki, “Qubadlı” X1 xidmət edir, faktiki xidmət yeri Zəngilan rayonu inzibati ərazi vahidi hüdudları daxilindədir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı mübahisə inzibati orqanla (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) hərbi qulluqçular arasında mövcud olan (və ya əvvəllər mövcud olmuş) xidməti hüquq münasibətləri ilə bağlıdır. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddənin məzmunundan da göründüyü kimi inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir – 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. İş materialları ilə və iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, iddiaçı hal-hazırda Qubadlı” X1 hərbi qulluqçu olub faktiki olaraq Zəngilan rayonu ərazisində xidmət edir. Buna görə də, hazırkı iddia tələbinə baxılması İPM-in 8.1.3cü maddəsində göstərilən (iddiaçının xidməti yaşayış sahəsinin olduğu yer üzrə) aidiyyətin təsir dairəsinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yer üzrə səlahiyyətli məhkəmə olan Sumqayıt İnzibati Məhkəməsidir. Belə ki, iddiaçının yaşadığı və xidmət etdiyi yer Zəngilan rayonu inzibati ərazi vahidinə aiddir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Zəngilan rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanları nəzərə laraq və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar