Məhkəmə qərarları › İş №2-1(112)-5412/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5412/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5412/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçının inzibati şikayəti üzrə inzibati icraat aparılaraq nəticəsi barədə qərar qəbul edilməsi» tələbinə dair iddiası üzrə inzibati iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra – Dövlət Vergi Xidməti) qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçının inzibati şikayəti üzrə inzibati icraat aparılaraq nəticəsi barədə qərar qəbul edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli **********0148 saylı qərarı ilə iddiaçının ünvan 1 ünvanında fəaliyyət göstərdiyi “HAN” restoranında digər məsələlər ilə yanaşı AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə də operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə xx xxxxxx 2020-ci il tarixli 004697 nömrəli “AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib olunmuşdur. Sonradan aktda təsərrüfat subyektində operativ nəzarət tədbiri zamanı 22 nəfər fiziki şəxsin (adları qeyd olunur) AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi qeyd olunmuş və iddiaçının barəsində AR Vergi Məcəlləsinin 38.10-cu maddəsinə əsasən hər bir fiziki şəxsə görə 2.000 manat olmaqla, ümumilikdə 44.000 manat maliyyə sanksiyası tətbiq olunması təklif edilmişdir. Akta vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq olunması məsələsinə baxılaraq xx xxxxxx 2020-ci il tarixdə **********4660 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Sözügedən qərarla ona AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ümumilikdə 44.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı həmin qərardan xx xxxx 2020-ci il tarixdə yuxarı inzibati orqan Dövlət Vergi Xidmətinə inzibati qaydada şikayət vermiş və 90 gün sonra, yəni inzibati icraat qanunvericiliyi ilə şikayətlərə baxılması müddətləri kobud pozulmaqla xx xxxx 2020-ci il tarixdə iddiaçıya cinayət işinin başlanması səbəbi ilə formal mülahizələrə itinad edilərək şikayətə baxılmaqdan imtina edilməsi barədə cavab məktubu təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh orqan şikayət ilə bağlı icraatın nəticəsi üzrə müvafiq qərar qəbul etmək əvəzinə yalnız xx xxxx 2020-ci il tarixdə inzibati şikayətə cinayət işi üzrə istintaqın davam etdiyini əsas gətirərək həmin şikayətə baxılmasından imtina barədə cavab məktubu göndərməklə kifayətlənmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 60-cı maddəsinin yeni redaksiyasına əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.İnzibati orqan AR Konstitusiyasısının 60-cı maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 15, 20.2, 21, 23.1, 24, 32.2, 52.1, 71, 78.1, 80-ci maddələrinin tələblərinə zidd olaraq, cavabdeh inzibati orqan onun şikayəti üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmadan və şikayətin mahiyyəti üzrə müvafiq qərar qəbul etmədən yalnız şikayətə baxılmasından imtina edilməsi ilə bağlı cavab məktubunun göndərilməsi ilə kifayətlənmişdir ki, bu da «İnzibati icraat haqqında» AR Qanununun tələblərinin, habelə onun (iddiaçının) hüquqlarının və qanunla qorunan maraqlarının kobud surətdə pozulmasına dəlalət edir. İnzibati şikayət üzrə təqdim edilmiş cavab məktubunda inzibati şikayətə baxılmasından imtina üçün yeganə səbəb kimi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə xx xxxx 2020-ci il tarixdə Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsində AR Cinayət Məcəlləsinin 162-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması göstərilmişdir. Cavabdeh inzibati orqan «İnzibati icraat haqqında» AR Qanununun 3.2-ci maddəsinə əsaslanaraq, cinayət işi üzrə istintaqın davam etdiyini nəzərə alaraq şikayətə baxılmasının mümkün olmaması qənaətinə gəlmişdir. Hesab olunur ki, cavabdeh inzibati orqan həmin Qanunun normasının tələblərini düzgün tətbiq etməmiş və bu səbəbdən də düzgün olmayan qənaətə gəlmişdir. Sözügedən Qanunun 3.2-ci maddəsində təsbit olunmuşdur ki, bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə manil olunmur. Qeyd olunan normanın tələbindən aydın olur ki, hər hansı inzibati orqan cinayət təqibi üzrə və ya inzibati xətalara dair işlər üzrə icraat zamanı inzibati icrat haqqında qanunvericiliyin normalarını tətbiq edə bilməz. Başqa sözlə, hazırkı mübahisə üzrə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə xx xxxx 2020-ci il tarixdə Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsində AR Cinayət Məcəlləsinin 162-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və həmin cinayət şi üzrə aparılan istintaq zamanı inzibati icraat haqqında qanunvericilik tətbiq edilə bilməz. Lakin cinayət işinin başlanması artıq inzibati icraat qaydasında şikayətin baxılmasından imtina edilməsinə dəlalət edə bilməz və bununla bağlı hər hansı əsas inzibati icraat qanunvericiliyində nəzərdə tutulmamışdır. Operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilmiş akta əsasən aşkar edilmiş qanun pozuntularına görə iddaçının barəsində həm əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 22 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə ümumilikdə 44.000 mnat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, həm də həmin fakt üzrə AR Cinayət Məcəlləsinin 162-1-ci maddəsi ilə cinayət işi başlanmışdır ki, cinayət təqibinin nəticəsi üzrə də gələcəkdə onun (iddiaçının) cinayət məsuliyyəti məsələsinə baxılacaqdır. Beləliklə qeyd olunanlar deməyə əsas verir ki, o, hazırda müvafiq inzibati aktla vergi məsuliyyətinə cəlb edilmişdir və qanun pozuntusu faktı üzrə başlanılmış cinayət təqibinin nəticısinə müvafiq olaraq onun cinayət məsuliyyəti məsələsinə baxılacaqdır. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, hazırda söhbət iki fərqli vergi və cinayət məsuliyyətindən gedir ki, onları da bir-biri ilə əlaqələndirmək olmaz. Başqa sözlə desək, eyni qanun pozuntusu həm vergi məsuliyyətinə, həm də cinayət məsuliyyətinə səbəb olmuşdur ki, onların da hər birinə ayrılıqda qiymət verilməlidir. Onun hüquq və azadlıqlarının müdafiəsinə məhkəmə ilə yanaşı inzibati qaydada baxılmasında konstitusion hüququ vardır. Eyni zamanda, onun hüququ var ki, işinə qərəzsiz yanaşılsın, həmin işə inzibati icraat qaydasında və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hesab olunur ki, cavabdeh orqan onun inzibati aktdan verdiyi şikayətə inzibati icraat qaydasında baxaraq müvafiq qərar qəbul etməli və barəsində tətbiq edilmiş vergi məsuliyyətinə ayrıca qiymət verməlidir. Eyni zamanda, başlanmış cinayət işi üzrə icraata həmin cinayət təqibinin nəticəsi üzrə onun əməlində cinayət əlamətlərini özündə əks etdirən cinayət təqibinin mövcud olub-olmamasına və cinayət məsuliyyəti məsələsinə ayrıca qiymət verilməlidir. Cavabdeh inzibati orqan isə, konstitusion hüququnu kobud surətdə pozaraq onun inzibati şikayətinə inzibati icraat qaydasında baxılmasından heç bir qanuni əsas olmadan məhrum etmişdir. Göstərilənlərə və İPM-in 2.2.2, 14.3, 33.1, 33.2, 45, 46, 58.7, 68.2, 73.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən cavabdeh inzibati orqanın xx xxxx 2020-ci il tarixli müraciətə baxılması haqqında məktubunun qanunsuz sayılması və onun (iddiaçının) inzibati şikayəti üzrə inzibati icraat aparılaraq şikayətin nəticəsi üzrə müvafiq qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmıtinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilmişdir: - Dövlət Vergi Xidməti iddia ərizəsi ilə razı deyil. Belə ki, Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2020-ci il tarixli “Operativ vergi nəzarətinin həyta keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı ünvan 1 ünvanında sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “HAN” restoranında AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üzrə operativ vergi nəzarəti tədbiri keçirilmiş və nəticəsi üzrə xx xxxxxx 2020-ci il tarixli “AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. İddiaçı tərtib edilmiş aktı imza etməmiş və bir nüsxəsini qəbul etməmişdir. Bundan əlavə İddiaçı və digər 3 nəfər fiziki şəxs izahat verməkdən imtina etmişlər. Nəzarət tədbiri nəticısində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 22 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb olunması aşkar edilərək AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixli qərarla vergi ödəyicisi barəsində 44.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Daha sonra operativ vergi nəzarəti tədbiri zamanı aşkar edilmiş əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsi faktı üzrə İddiaçı əməlində AR Cinayət Məcəlləsinin 162-1ci maddəsində nəzərdə tutulmuş cinayətin tərtib əlamətlərinin olması nəzərə alınaraq toplanmış materiallar Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsinə göndərilmiş, İddiaçı əməlində AR Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olduğu aşkar edilərək xx xxxx 2020-ci il tarixdə ********* nömrəli cinayət işi başlanmışdır. İlk növbədə məhkəmədən iddiaçının inzibati şikayət adlandırdığı xx xxxxxx 2020-ci il tarixli və bir abzasdan ibarət olan məktubun forma və məzmununa nəzər salınması xahiş olunur. Məktubda iddiaçı tərəfindən onda aparılmış operativ vergi nəzarəti və tətbiq edilmiş maliyyə sanksiyasını aydınlaşdırmaq üçün görüş təyin edilməsini xahiş etmişdir. İddiaçının inzibati şikayət adlandırdığı “bir abzasdan ibarət” məktubun məzmununa nəzər saldıqda onun hansı inzibati aktdan narazı qaldığı, tələbi və tələbinin əsasları barədə heç bir qeydə razt gəlinmir. İddiaçı sadəcə olaraq, bəzi məsələləri aydınlaşdırmaq üçün görüş təyin olunmasını istəyir. İddiaçının yalnız məktubunun adı şikayət qoyulmuş, lakin forma və məzmunu «İnzibati icraat haqqında» AR Qanunu (2.0.5, 71.1, 74.2-ci maddələr) ilə müəyyən edilmiş forma və məzmununa uyğun deyil. Bu isə, öz növbəsində adıçəkilən qanuna (75.1.1-ci maddə) əsasən inzibati şikayətin baxılmamış saxlanılması üçün dəqiq əsaslar yaradır. Belə olan hald, iddiaçının həmin məktubunu inzibati şikayət adlandıraraq ona inzibati orqan tərəfindən baxılmasını tələb etməsi tamamilə qanuna ziddir və ilk növbədə bu əsasla iddia təmin edilə bilməz. Bununla belə, inzibati orqan iddiaçının məktubu daxil olduqdan sonra vergi ödəyicisinin təqdim etdiyi natamam məlumatlar əsasında araşdırma aparılmış və məlum olmuşdur ki, inzibati şikayətdə qaldırılan və hüquqi qiymət tələb edən məsələlər artıq başlanmış cinayət işi üzrə icraatın predmetini təşkil edir. Buna görə də xx xxxx 2020-ci il tarixli məktubla iddiaçıya şikayətdə qeyd olunan hallarla bağlı cinayət işi üzrə istintaqın (və ya məhkəmə istintaqının) davam etdiyi nəzərə alınaraq şikayətə inzibati icraat qaydasında baxılmasının mümkün olmadığı bildirilmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Beləliklə, iddiaçıya qanunvericiliyin tələbləri izah olunmuş və ona inzibati şikayətində qeyd etdiyi məsələlərə dair sübutlar çərçivəsində qiymət verilməsi üçün müdafiə tərəfi olaraq həmin məlumatları cinayət prosesini həyata keçirən orqana təqdim etmək tövsiyə olunmuşdur. Sözsüz ki, iddiaçının narazı qaldığı məsələlər inzibati orqanın cinayət təqibi üzrə cinayətprosessual fəaliyyəti çərçivəsində araşdırılaraq nəticəsindən asılı olaraq qərar veriləcəkdir. Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki, İddiaçı inzibati şikayətin predmeti olan xx xxxxxx 2020-ci il tarixli məsuliyyət qərarının ləğvi tələbi ilə 2020-cu ilin iyul ayında Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. İnzibati iş hazırda məhkəmənin icraatındadır. «İnzibati icraat haqqında» AR Qanununun 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda hə inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Göründüyü kimi, iddiaçı tərəfindən inzibati aktdan eyni zamanda həm də məhkəmə qaydasında şikayət verildiyindən, artıq hazırkı iddia tələbinə məhkəmə baxılmasının hər hansı bir mahiyyəti qalmamışdır. Hazırkı iş üzrə iddia təmin olunacağı halda da iddiaçının inzibati şikayəti üzrə icraata xitam veriləcəkdir. Göstərilənlərə və AR Konstitusiyasının 63-cü maddəsinə, “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, AR Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə, «İnzibati icraat haqqında» AR Qanununun 20, 52, 71, maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini və iddianı mümkün saydığını bildirdi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, AR Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. AR Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində)(yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.7) AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət – hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdər. Həmin Qanunun 71-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Həmin Qanunun 72.4-cü maddəsinə əsasən bu fəslin (71 – 80-ci maddələr) müddəaları inzibati qaydada verilən şikayətlərə şamil olunur. Həmin Qanunun 80.1-ci maddəsinə əsasən inzibati şikayətə baxdıqdan sonra şikayət instansiyası: (80.1.1) inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlayır və ya (80.1.2) inzibati aktı tamamilə və ya qismən ləğv edir və işdə olan və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul edir və ya (80.1.3) inzibati aktı dəyişdirir, (80.1.4) inzibati şikayət bu Qanunun 71.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilibsə, həmin şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul edir. Həmin Qanunun 80.2-ci maddəsinə əsasən şikayət instansiyası tərəfindən inzibati şikayət üzrə qəbul edilmiş qərar inzibati akt sayılır və inzibati aktlara dair bu Qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt, barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt), şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, işin ilkin məhkəmə araşdırılması ilə inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 xx xxxxxx 2020-ci il tarixli **********44660 saylı qərarı ilə vergi ödəyicisi kimi hazırkı İddiaçı AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 44.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb olunduğu və iddiaçının həmin qərardan inzibati şikayətlə yuxarı vergi orqanı kimi hazırkı cavabdeh Dövlət Vergi Xidmətinə müraciət etdiyi müəyyən edilmişdir. Dövlət Vergi Xidməti inzibati şikayətə baxılmasından həmin faktla əlaqədar müvafiq cinayət işinin istintaqının davam etdiyini səbəb gətirərək imtina etmişdir. İddiaçı hazırda İPM-in 2.2.2, 33.1 və 33.2ci maddələrinə əsaslanaraq, cavabdeh Dövlət Vergi Xidmətinin imtinasının qanunsuz sayılması və inzibati şikayət üzrə araşdırma aparılaraq nəticəsi barədə qərar qəbul edilməsini tələb edir. Məhkəmə vurğulayır ki, hər bir halda subordinasiya baxımından yuxarı inzibati orqanın inzibati şikayətə baxılmasından imtinası və “inzibati orqanın şikayət olunan inzibati aktının dəyişdirilmədən saxlanılması barədə” qərarı inzibati məhkəmə icraatının predmeti ola bilməz. Vergi ödəyicisi şikayət instansiyasının hərəkətsizliyini deyil, inzibati orqanın əlverişsiz inzibati aktını mübahisələndirilə bilər. Eləcə də, inzibati məhkəmə icraatında iddianın predmetini inzibati şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar da təşkil edə bilər. Hazırkı halda isə, iddiaçı subordinasiya baxımından yuxarı inzibati orqannın əlverişsiz inzibati aktdan inzibati şikayətə baxılmasından imtinasını mübahisələndirir və şikayətə baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatı qaydasında hazırkı cavabdeh Dövlət Vergi Xidmətinin üzərinə belə öhdəliyinin qoyulması mümkünsüzdür. Çünki, prosessual qanunvericilik şikayət instansiyasının bu hərəkətsizliyini ona qarşı “məcbuetmə haqqında” iddia qismində tələb irəli sürülməsinə əsas kimi nəzərdə tutmur. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı Bakı şəhəri X3 xx xxxxxx 2020-ci il tarixli **********44660 saylı qərarını artıq inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Hər bir halda, belə mübahisə mövcud olduqda, şikayət instansiyasında (subordinasiya baxımından yuxarı inzibati orqanda) inzibati şikayət üzrə başlanmış icraata xitam verilməlidir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanala əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə(Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar