Məhkəmə qərarları › İş №2-1(112)-5413/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5413/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5413/2023 24.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı X8ın, Cavabdehin nümayəndəsi X3, X1 iştirakları ilə, İddiaçı X8ın cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi:

1. İddiaçı X8 (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilərək, ona və ailə üzvlərinə (oğulları xx.xx.2015-ci il təvəllüdlü Haider Ali, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü Zam E Ali və arvadı xx.xx.1990-cı il təvəllüdlü Tania Amin) qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı Pakistan İslam Respublikası vətəndaşıdır və xx.xx.2022-ci ildə Azərbaycan Respublikasına gəlmişdir. Həmin tarixdən müvəqqəti olaraq ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Onun öhdəsində 3 yetkinlik yaşına çatmayan övladları – oğlulları xx.xx.2015-ci il təvəllüdlü Haider Ali, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü Zam E Ali və həyat yoldaşı xx.xx.1990-cı il təvəllüdlü Tania Amin vardır. İddiaçı 08 avqust 2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, ona və ailə üzvlərinə qaşqın statusunun verilməsini xahiş etmişdir. O, Pakistan İslam Respublikasının Pəncab vilayətinin Attock rayonunun Hassan Abdal şəhərində anadan olmuş və orada yaşamışdır. Təhsilini başa vurduqdan sonra 1993-1998-ci illərdə Hassan Abdal şəhərində, 1999-2014-cü illərdə İslamabadda media sahəsində işləmiş və halal zəhməti ilə qazanc əldə etmiş, 2014-2020-ci illərdə Paxtunkhva əyalətinin Chauriyan kəndində əmlakçılıq fəaliyyəti ilə məşğul olaraq, övladlarını və ailəsini dolandırmağa çalışmışdır. Onun valideynləri vəfat etmişdir. Pakistan Respublikasında mərhum atasının əmisi və onun birinci həyat yoldaşının qardaşı ilə şəxsi münasibətlər zəmnində münaqişələri olmuşdur. Belə ki, atasının əmisinin sifarişi əsasında Chauriyan kəndində Adil Shehzad adlı şəxs onun evinə hücum edərək, ona və ailə üzvlərinə işgəncələr etmiş, oğlu Haidar Alini evin damından atmış, onları döymüş, arvadını döyərək ona qarşı zorakılıq etmiş, eyni zamanda ona dərman verərək tərkibi məlum olmayan iynələr vurmuş, şiə məzhəbinə inandığı üçün onu cəzalandırmış və bütün bunları videoqeydə almışdır. Həmin şəxs onları evlərindən qovmuşdur. Əmisi saxta sənəd əsasında adına olan torpaq sahəsini mənimsəyərək onu əmlakından məhrum etmişdir. Baş vermiş hadisələrlə bağlı anti-korrupsiya idarəsinə müraciət etmişdir. Bu səbəbdən ailəsinin və övladlarının təhlükəsiz şəraitdə yaşamaları səbəbilə o, cari ilin iyun ayında məcbur olub ölkəni tərk edərək, ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Bütün bu hadisələrlə bağlı geniş şəkildə cavabdehə məlumat verilmişdir. Azərbaycan Respublikasında qalmaq və daimi yaşamağı üçün ona və ailə üzvlərinə qaçqın statusunun verilməsinə dair cavabdehə müraciət etmiş olsa da, cavabdeh çıxardığı xx.xx.2022-ci il tarixli “Qaçqın statusu verilməsindən imtima edilməsi haqqında’' qərar ilə müraciətinə imtina vermişdir. Həmin qərar əsassız və qanunsuzdur. Belə ki, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə ciddi şəkildə aparılmamış, cavabdehə təqdim etdiyi sübutlar qanunvericiliyin tələbləri çərçivəsində düzgün qiymətləndirilməmişdir. Cavabdeh tərəfindən müraciətinə imtina edilməsinə əsas olacaq heç bir əsaslı hal göstərilməmişdir. Ölkəyə qayıdacağı təqdirdə iddiaçının və ailə üzvlərinin həyat və azadlıqlarını təhlükə gözlədiyini nəzərə alaraq, bundan başqa, Azərbaycan Respublikasında yaşamaq üçün təhsil almaq, dil öyrənmək və işləmək niyyətinin olmasını nəzərə alaraq cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsinə, ona və ailə üzvlərinə qaçqın statusunun verilməsinə dair qərar çıxarlmasını xahiş etmişdir.

3. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı ona və ailəsinə qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli İQ-37/5 nömrəli qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, şəxsin yaxın qohumları ilə əmlak mübahisələri olmuş və Dövlət tərəfindən hər hansı təqibə məruz qalmamışdır. Şəxsin DMX-yə təqdim etdiyi xx.xx.2022-ci il tarixli vəsatətindən görünür ki, İddiaçı Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etdi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

8. İddiaçının hazırkı iddiası qaçqın statusunun verilməsi ilə bağlı əlverişli inzibati aktın qəbulundan ibarət olmaqla məcburetmə haqqında iddia növünə aiddir (İPM, maddə 2.2.2). Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM): -2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər;

9. Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddiaçı həm ümumi, həm də xüsusi mümkünlük şərtlərinə əməl etmişdir.

10. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı hazırkı mübahisə inzibati mübahisədir. İddiaçı onun barəsində belə bir əlverişli inzibati akt qəbul edilməsi üçün düzgün cavabdehə qarşı iddia qaldırmışdır və onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana hazırkı tələblə müraciət etmiş, imtina barədə qərar qəbul edildikdən (xx.xx.2022-ci il) sonra, həmin qərarı aldığı tarixdən (cavabdeh daha tez almasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmşdir) qanunvericiliklə nəzərdə tutulmuş müddətdə, xx.xx.2023-cü il tarixdə iddianı qaldırmışdır (İPM, maddə 38.2).

11. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir.

12. İş materiallarında olan: - EB4109162 nömrəli Pakistan İslam Respublikası pasport məlumatlarından görünür ki, iddiaçı X8 xx.xx.1977-ci il tarixdə Pakistan Respublikası, Attok şəhərində doğulmuşdur, Pakistan İslam Respublikasının vətəndaşıdır. - GA1201741 nömrəli Pakistan İslam Respublikası pasport məlumatlarından görünür ki, iddiaçının arvadı Tania Amin xx.xx.1990-cı il tarixdə Pakistan Respublikası, İslamabad şəhərində doğulmuşdur, Pakistan İslam Respublikasının vətəndaşıdır. - SH1015431 nömrəli Pakistan İslam Respublikası pasport məlumatlarından görünür ki, iddiaçının oğlu X9 xx.xx.2016-cı il tarixdə Pakistan Respublikası, Attok şəhərində doğulmuşdur, Pakistan İslam Respublikasının vətəndaşıdır. - DX1832741 nömrəli Pakistan İslam Respublikası pasport məlumatlarından görünür ki, iddiaçının oğlu Haider Ali xx.xx.2015-ci il tarixdə Pakistan Respublikası, Attok şəhərində doğulmuşdur, Pakistan İslam Respublikasının vətəndaşıdır. - ZC1820851 nömrəli Pakistan İslam Respublikası pasport məlumatlarından görünür ki, iddiaçının oğlu Zam E Ali xx.xx.2018-ci il tarixdə Pakistan Respublikası, Attok şəhərində doğulmuşdur, Pakistan İslam Respublikasının vətəndaşıdır.

13. -74-2022 nömrəli qaçqın statusunun verilməsi haqqında vəsatətdən (ərizə-anket) görünür ki, “iddiaçı 08 avqust 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Anket məlumatlarına əsasən iddiaçının milliyəti pəncabi, dini etiqadı islam (şiə), ana dili pəncabi dili olmuşdur. İddiaçı 1983-1988-ci il tarixlərdə “public school”da, 1988-1993-cü il tarixlərdə “secondary school”da (orta məktəb) təhsil almış, atası rəhmətə gedəndən sonra təhsilini davam etdirə bilməmişdir. 1993-1998-ci il tarixlərdə “Public call office”da telefonçu, 1999-cu ildə Rozmana Pakistan qəzetində müxbir, 1999-2006-cı il tarixlərdə müxtəlif mətbuat orqanlarında müxbir, 2013-2014-cü il tarixlərdə Din TV-də byuro rəhbəri, 2014-2020-ci il tarixlərdə əmlakçı işləmişdir. Ailə üzvləri barədə məlumat verərkən ərizəçi ata-anasının və bir ögey qardaşının vəfat etdiyini, bacısının Dubayda və bir ögey qardaşının Qətərdə yaşadığını, digər ögey qardaşının Pakistanda qaldığını, eyni zamanda, Tania Amin adlı Pakistan vətəndaşı ilə evli olduğunu, bu nikahdan üç oğlunun dünyaya gəldiyini qeyd etmişdir. Ölkəsini tərk edərək Azərbaycana gəlməsi və qaçqın statusu üçün müraciət etməsi səbəbi haqqında danışarkən ərizəçi Pakistanda şəxsi münasibətlər zəmində atasının əmisi oğlu və özünün birinci arvadının qardaşı ilə münaqişəsinin olduğunu, atasının əmisi oğlunun sifarişi əsasında Chauriyan kəndində Adil Shehzad adlı bir nəfərin 2020-ci ilin fevral ayında onların evinə hücum edərək oğlu Haidar Alini damdan yerə atdığını, Zam E Alini vurduğunu, arvadını döydüyünü və bütun bunları videoqeydə aldığını, ona yuxu dərmanı verərək bir-iki dəfə tərkibi məlum olmayan iynələr vurduğunu, şiə məzhəbinə inandığı üçün onu cəzalandırdığını, bir neçə ailə tərəfindən ortaq istifadə edilən evi tərk etməsini tələb etdiyini, qardaşı oğlu tərəfindən övladının əlinin qapı arasında qoyulduğunu, bunun nəticəsində onun barmaqlarının qopduğunu əmisinin saxta sənəd əsasında onun adına olan torpaq sahəsini mənimsədiyini, bu səbəbdən anti-korrupsiya idarəsinə ərizə ilə şikayət etdiyini, lakin sonradan barışığa gəldiklərini bildirmiş, üzləşdiyi təhdid və təzyiqlərə görə ölkəsini tərk edərək xx.xx.2022-ci il taridə Azərbaycana sığınacaq əldə etməklə bağlı gəlmişdir.

14. Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli, İQ-37/5 saylı qərarından görünür ki, iddiaçının vəsatətinə baxılmış, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndini rəhbər tutaraq Pakistan İslam Respublikasının vətəndaşı X7 ailə üzvləri ilə birlikdə (arvadı – xx.xx.1990-cı il təvəllüdlü Tania Amin; oğulları - xx.xx.2015-ci il təvəllüdlü Haider Ali, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü Zam E Ali) qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, Ərizəçinin dediklərindən məlum olmuşdur ki, bütün bu iddia olunan mübahisələr əmlak məsələsinə görə baş vermişdir. Bu fakt onun söylədiklərinin Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasında qeyd olunan meyarlara uyğun olmadığını müəyyənləşdirmişdir. X8 üzləşdiyi problemlə bağlı dövlətin himyəsindən istifadə etmək istəməmiş, əmisi ilə arasında olan əmlak mübahisəsinə görə anti-korrupsiya idarəsinə etdiyi şikayəti geri götürərək onunla barışığa getmişdir. Həmçinin, ərizəçinin əmək fəaliyyətini, media və KİV sahəsində çalışmasına, hüquq və mənafelərinin dövlət tərəfindən qorunmasına baxmayaraq dövlət və hakimiyyət orqanlarının himayəsindən istifadə etməmişdir. X8 və ailə üzvünün müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. X5 şəhərində doğulmasını, orada və İslamabad şəhərində əmək fəaliyyəti ilə məşğul olmasını, uzun müddət bu şəhərlərdə yaşamasını nəzərə alaraq onun Pakistan ərazisində daxili yerdəyişmə alternativi olmuş, lakin o bu alternativdən istifadə etməmişdir.

15. İddiaçı hazırda bu qərarı mübahisələndirərək onun ləğv edilməsini və ona və ailə üzvlərinə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

16. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 1. Qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. - Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. - Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.

17. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən: - Bənd 1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. - "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. - bənd 3. "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi - şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır. - 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. - Bənd 13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərir.

18. İşdən görünür ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun baxaraq iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını və irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmadığını nəzərə alaraq bu müraciəti təmin etməkdən imtina etmişdir.

19. Məhkəmə hesab edir ki, cavabdehin bu imtinası əsaslı olmuşdur. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, həm də real olmalıdır.

20. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağına dair iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır.

21. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır.

22. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının və arvadının dinlənilmə hüququ təmin olunaraq onlarla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir.

23. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olaraq baxılmışdır. Həmin Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasına, həmin konvensiyaya dair 1967-ci il tarixli Protokola, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması prosedurlarını müəyyən edir.

24. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə keçirilmiş müsahibələrdən sonra cavabdeh tərəfindən aparılmış qiymətləndirmənin və müvafiq araşdırmaların nəticələrinə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatından aydın olur ki, onun ölkəsini tərk etməsinin səbəbi atasının əmisi oğlu ilə aralarında yaranmış əmlakla bağlı mübahisə səbəbindən həmin şəxsin adamlarının hücümuna məruz qalması olmuşdur. İddiaçının məruz qaldığı bu təhlükə irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə olmamış, o və ailəsi dövlət tərəfindən təqib edilməmiş, vətəndaşı olduğu ölkədə yerdəyişmə edərək hər hansı bir təhlükə olmadan yaşamaq imkanına malik olmuşdur. Yəni iddiaçı vətəndaşı olduğu ölkənin himayəsindən istifadə etmək imkanından məhrum olunduğunu, rəsmi qurumların onu qorumaq iqtidarında olmadığını əsaslandıra bilməmişdir. İddiaçı şiə məzhəbinə etiqad etməsinə görə təqdib olunduğunu əsaslandırmağa çalışsa da, müsahibə zamanı həm öz nəslinin, həm də arvadının sunni məzhəbinə etiqad etdiyini bildirmişdir.

25. Qeyd edilməlidir ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs başqa əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur.

26. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi imtna barədə qərar qanuni olmuşdur və ləğv edilməsi üçün əsas yoxdur. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir.

27. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar