Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5413/2024 13.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X12 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X12 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş sadələşdirilmiş vergi 4-cü rüb 2022-ci il üzrə xx.xx.2023-cü il tarixli **********511500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X12 üzrə Baş İdarəsi sadələşdirilmiş vergi 4-cü rüb 2022-ci il üzrə xx.xx.2023-cü il tarixli **********511500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış gəlir vergisi məbləğləri əsassız və qanunsuz olaraq hesablanmışdır. Göstərilən qərarın qəbul edilməsində əsas kimi sadələşdirilmiş vergi bəyannaməsini təqdim edilmədiyinə görə əlaqəli məlumatlara əsasən Sadələşdirilmiş vergi hesablanması qeyd edilmişdir. Belə ki, hər hansı maddə və ya qanunda sadələşdirilmiş vergi ödəyicisi olan şəxsə əvvəlki hesabat dövrlərinə görə əlavə vergi məbləğlərinin eyni bir dövrdə hesablanması nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin qeyd edilən müddəalarından da aydın olduğu kimi sadələşdirilmiş vergi ödəycisi tərəfindən illik hesabatlar 4 rüb üzrə verilir. Yəni 2022-ci il üzrə 4 rüb təşkil etməsinə baxmayaraq vergi orqanı tərəfindən bu hesabatlar yalnızca bir dövrə aid edilmişdir. Əgər vergi ödəycisi vergidən yaymırsa və vergi hesabatını təqdim etmirsə, sadələşdirilmiş vergini ödəməkdən yayınmışdırsa bu zaman keçmiş dövrlər üzrə VM-nin 37-sinə əsasən kameral münasibət bildirilməli idi. Buradan da aydın olur ki, həmin zaman vergi ödəyicisinin hər hansı vergidən yayınma halı olmamış və kameral münasibət bu səbəbdən bildirilməmişdir. Bu isə vergi orqanının qərəzli mövqesini və qanunsuz əməllərini açıq aşkar sübuta yetirir. xx.xx.2023-cü il tarixdə sadələşdirilmiş vergi bəyannaməsnin təqdim edilməsi müddəti bitmişdir. Həmin bəyannaməyə kameral münasibət bildirilməsi üçün müəyyən edilmiş 30 iş günü isə vergi orqanı tərəfindən ötürülmüşdür. Bu isə Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən qəbul edilmiş qərarın qanunsuz olmasına dəlalət edir. Bu səbəbdən qərar ləğv edilməlidir. Bundan əlavə bildirirəm ki, vergi orqanının sadələşdirilmiş vergi hesablamasında vergi tutma obyekti olaraq hansı vergi tutma obyektnə istinad etməsi qeyri müəyəndir. Vergi Məcəlləsinin 12-ci maddəsində vergi tutmanın əsasları qeyd edilmişdir. Hər bir rübün hesabat dövrü müəyyən edilib. Vergi orqanı tərəfindən qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2022-ci il ərzində 29665,03 manat dəyərində 3 ədəd nəqliyyat vasitəsi - 9754,61 manat dəyərində Toyota Prius markalı (BAN: JTDKB20U9********) nəqliyyat vasitəsi, 9955,21 manat dəyərində Toyota Prius markalı (BAN: JTDKB20U6********) nəqliyyat vasitəsi və 9955,21 manat dəyərində Toyota Prius markalı (BAN: JTDKB20U5********) nəqliyyat vasitəsi idxal edilməsinə baxmayaraq, müvafiq dövr üzrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********443300 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamələrin.vergi orqanına təqdim edilməsi bildirilmişdir. Müəyyən edilmiş kənarlaşmalar barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin 4-cü rübü üzrə 29665,03*2%=593,30 manat vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı xx.xx.2023-cü il tarixli **********511500 nömrəli "Vergilərin hesablanması barədə" Qərar qəbul edilmiş və iddiaçıya göndərilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə vergi borcu qanunamüvafiq qaydada hesablanmışdır. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınmadır. Həmin Məcəllənin 13.2.70ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. Həmin Məcəllənin 23.1.1ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin məcəllənin 35.1-ci maddəsinə əsasən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********511500 nömrəli qərarına əsasən 2022-ci il 4-cü rübü üzrə sadələşdirilmiş vergi əməliyyatı üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmiş vergi və ya sığorta haqqi 593,30 manat təşkil edir. İnzibati icraat materialları ilə təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X12 üzrə Baş İdarəsinin İddiaçı ünvanladığı Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, bildiririk ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Aparılmış araşdırma zamanı 2022-ci il ərzində sahibkarlıq fəaliyyətiniz üzrə aparılmış kameral vergi yoxlanılması zamanı uçot baza məlumatlarına əsasən aşağıdakı hallar müəyyən edilmişdir: Uçot baza məlumatlarına əsasən il ərzində - 0,0 manat məbləğində hesabat dövrünün əvvəlinə ehtiyatlar üzrə mal qalığı olduğu; - 0,0 manat məbləğində hesabat dövrünün əvvəlinə debitor borc olduğu; - 0,0 manat məbləğində bank hesablarına vəsaitin daxil olduğu; - 0,0 manat məbləğində malların ixrac edildiyi; - 0,0 manat məbləğində nəzarət-kassa aparatları vasitəsilə dövriyyənizin olduğu; - 106,2 manat məbləğində elektron qaimə-faktura əldə edildiyi; - 29665,03 manat məbləğində malların idxal edildiyi; - 0,0 manat məbləğində malların alış aktı ilə əldə edildiyi. Bildiririk ki, tərəfinizdən bəyannamə təqdim etmək öhdəliyinizin və iqtisadi göstəricilərinizin olmasına baxmayaraq, müvafiq dövrlər üzrə sadələşdirilmiş vergi bəyannamələrinin təqdim edilməməsi və müvafiq göstəricilərin vergi orqanına bəyan edilməməsi vergidənyayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar sadələşdirilmiş vergi bəyannaməsinin və ya ətraflı izahat məktubunun 5 (beş) gün müddətində vergi orqanına təqdim olunması tələb olunur. Sənədlər: 1. Müvafiq dövr üzrə sadələşdirilmiş vergi bəyannaməsi; 2. Təqdim edilmiş və əldə edilmiş mallar üzrə müvafiq təsdiqedici sənədlər.
3. Bank əməliyyatları (aylar üzrə bank hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə); 4. Nağd (kassa) əməliyyatları (aylar üzrə nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə) və nağd vəsaitlərin hərəkəti; . 5. Təsdiqedici sənədlər əlavə olunmaqla əsaslandırılmış yazılı izahat. Bildiririk ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətdə təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37-ci, 67- ci və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-59053/2024 nömrəli məktubu ilə göndərilmiş «TOYOTA PRİUS (HİBRİD)» markalı, ban nömrəsi: JTDKB20U977688759, «TOYOTA PRİUS (HİBRİD)» markalı, ban nömrəsi: JTDKB20U687737899 və «TOYOTA PRİUS (HİBRİD)» markalı, ban nömrəsi: JTDKB20U577653684 olan nəqliyyat vasitələrinin Miriyev X9 adından qeydiyyatdan çıxarılmasına əsas olmuş alqı-satqı müqavilələrinin, əlavə olaraq digər sənədlərin surəti və nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların surətindən görünür ki: -Nömrə nişanı: 77EY533, şəhadətnamə: BB296384, şəhadətnamənin verilmə tarixi: xx.xx.2022, markası: TOYOTA PRİUS (HİBRİD) MİNİK, B/ili: 2007, Rəngi: Tünd göy metallik, Mühərrik: ******* Ban: JTDKB20U687737899, sahibi: Miriyev X14, Doğum tarixi: xx.xx.1972, Sahibinin qeydiyyat ünvanı: ünvan 1diyyat üçün əsas: Gömrük vəsiqəsi - **********4365, qeydiyyatdan çıxıb: Alqı-satqı müqaviləsi, BDYPİ qeydiyyatdan çıxma tarix: xx.xx.2023. -Nömrə nişanı: 77HB433, şəhadətnamə: BB296394, şəhadətnamənin verilmə tarixi: xx.xx.2022, Markası: TOYOTA PRİUS (HİBRİD) MİNİK, B/ili: 2007, Rəngi: Qırmızı dam qara metallik, Mühərrik: 3056660, Ban: JTDKB20U577653684, M.İ.H: 1497, sahibi: Miriyev X14, Doğum tarixi: xx.xx.1972, Sahibinin qeydiyyat ünvanı: ünvan 1diyyat üçün əsas: Gömrük vəsiqəsi -**********4313, qeydiyyatdan çıxıb: Alqı-satqı müqaviləsi, BDYPİ qeydiyyatdan çıxma tarix: xx.xx.2023. -Nömrə nişanı: 77EV588, Şəhadətnamə: BB293231 Şəhadətnamənin verilmə tarixi: xx.xx.2022, Markası: TOYOTA PRİUS (HİBRİD) MİNİK, B/ili: 2007 Rəngi: Qırmızı metallik, Mühərrik: 909910, Ban: JTDKB20U977688759, M.İ.H: 1497, sahibi: Miriyev X14, Doğum tarixi: xx.xx.1972, Sahibinin qeydiyyat ünvanı: ünvan 1diyyat üçün əsas: Gömrük vəsiqəsi - **********4313, qeydiyyatdan çıxıb: Alqı-satqı müqaviləsi, BDYPİ qeydiyyatdan çıxma tarix: xx.xx.2022. -xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” Miriyev X14 özünə məxsus ola TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı, 77EY533 dövlət qeydiyyat nişanlı, 2007 buraxılış ili, JTDKB20U687737899 ban nömrəli, xx.xx.2023cü ildə BB296384 seriyalı qeydiyyat şəhadətnaməli nəqliyyat vasitəsini 23,000 manata “alıcı” X1 və bu məbləği “satıcı” “alıcı”dan alıb. -xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” Miriyev X14 özünə məxsus ola TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı, 77HB433 dövlət qeydiyyat nişanlı, 2007 buraxılış ili, JTDKB20U577653684 ban nömrəli, xx.xx.2023cü ildə BB296394 seriyalı qeydiyyat şəhadətnaməli nəqliyyat vasitəsini 23,000 manata “alıcı” X2 və bu məbləği “satıcı” “alıcı”dan alıb. -xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” Miriyev X14 özünə məxsus ola TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı, 77EV588 dövlət qeydiyyat nişanlı, 2007 buraxılış ili, JTDKB20U977688759 ban nömrəli, xx.xx.2022cİ ildə BB293231 seriyalı qeydiyyat şəhadətnaməli nəqliyyat vasitəsini “alıcı” X3. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarını xx.xx.2024-cü il tarixdə məhkəmədə mübahisələndirməklə iddia müddətini ötürməmişdir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi qərardan daha əvvəl məlumatlı olması və ya ona rəsmi qaydada həmin qərarın təqdim edilməsinin sübut olunmadığını nəzərə alaraq iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlir. İddia mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər -219.1-ci maddəsinə görə hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. -219.2-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyektidir -220.1-ci maddəsinə əsasən sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. -221.1-ci maddəsinə görə hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. -221.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. -221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. -221.3.1-ci maddəsinə bu Məcəllənin 218.4.2-ci maddəsində göstərilən şəxslər hesabat rübü üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.9-cu və 220.9-1-ci maddələrində nəzərdə tutulmuş qaydada hesablayır və həmin rübdən sonrakı ayın 20dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər. Hazırkı işdən görünür ki, iddiaçı 2022-ci il ərzində cəmi 29665,03 manat dəyərində 3 ədəd nəqliyyat vasitəsi idxal etmiş, vergi orqanı iddiaçıya xx.xx.2023-cü il tarixli **********511500 nömrəli qərarla 2022-ci ilin 4-cü rübü üzrə 29665,03*2%=593,30 manat vergi məbləği hesablanmışdır. Halbuki, yuxarıda sadalanan normalardan görünür ki, sadələşdirilmiş vergi hesabatı rüblük hesabatdır. Sadələşdirilmiş vergi ödəyiciləri malların təqdim edildiyi hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergini ödəməlidirlər. Hazırkı işdən görünür ki, iddiaçı mübahisəli 3 ədəd nəqliyyat vasitəsini: --JTDKB20U687737899 ban nömrəli TOYOTA PRİUS (HİBRİD) MİNİK, Tünd göy metallik rəngli, 2007-ci il buraxılışlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə, JTDKB20U577653684 ban nömrəli, Qırmızı dam qara metallik rəngli, 2007-ci il buraxışlılı, TOYOTA PRİUS (HİBRİD) MİNİK nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə -JTDKB20U977688759 ban nömrəli, Qırmızı metallik rəngli, 2007-ci il buraxılışlı, TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə idxal etmişdir. Vergi orqanının sadələşdirilmiş vergi hesabladığı 2022-ci ilin 4-cü rübü üzrə sözügedən nəqliyyat vasitələri iddiaçının mülkiyyətində olmuşdur. Belə ki, JTDKB20U977688759 ban nömrəli nəqliyyat vasitəsini təqdim etməsi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Başqa sözlə, vergi orqanı həmin təqdim etmədən sonra, yəni 2022-ci ilin 3-cü rübü üzrə, hesabat dövrü bitdikdən sonrakı ayın 20-dən gec olmayaraq vergi bəyannaməsi təqdim edilmədikdə vergi hesablamalı olduğu halda vergi orqanı nəqliyyat vasitəsi ilə bağlı əməliyyatın aid olmadığı 2022-ci ilin 4-cü rübü üzrə əlavə vergi məbləği hesablamışdır. İddiaçının JTDKB20U687737899 ban nömrəli nəqliyyat vasitəsini təqdim etməsi xx.xx.2023-cü il tarixdə baş vermişdir. Başqa sözlə, vergi orqanı həmin təqdim etmədən sonra, yəni 2023-cü ilin 1-ci rübü üzrə, hesabat dövrü bitdikdən sonrakı ayın 20-dən gec olmayaraq vergi bəyannaməsi təqdim edilmədikdə vergi hesablamalı olduğu halda vergi orqanı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olduğu, digər şəxsə təqdim edilmədiyi 2022-ci ilin 4-cü rübü üzrə əlavə vergi məbləği hesablamışdır. İddiaçının JTDKB20U577653684 ban nömrəli nəqliyyat vasitəsini təqdim etməsi xx.xx.2023-cü il tarixdə baş vermişdir. Başqa sözlə, vergi orqanı həmin təqdim etmədən sonra, yəni 2023-cü ilin 1-ci rübü üzrə, hesabat dövrü bitdikdən sonrakı ayın 20-dən gec olmayaraq vergi bəyannaməsi təqdim edilmədikdə vergi hesablamalı olduğu halda vergi orqanı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olduğu, digər şəxsə təqdim edilmədiyi 2022-ci ilin 4-cü rübü üzrə əlavə vergi məbləği hesablamışdır. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarı maddi və prosessual normaların pozulması ilə qəbul edildiyindən qanunsuz əlverişsiz inzibati akt saylır və qanunsuz əliverişsiz inzibati akt hər bi halda ləğv olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri X12 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********511500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova