Məhkəmə qərarları › İş №2-1(112)-5417/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5417/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5417/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “itirilmiş əmək haqqının hesablanaraq ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək hüquqlarının bərpa olunaraq 1998-1999-cu il dərs ilinin başlanğıcından bügünədək işləmədiyi müddət üçün itirilmiş əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Elm və Təhsil Nazilriyinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, 8 sentyabr 1991-ci il tarixdən 97 nömrəli Əmrlə Abşeron Rayonu axşam məktəbində fizika müəllimi kimi işə başlayıb. 1998-1999-cu dərs ilinin başlanğıcında işlədiyi məktəbin direktoru ona dərs verməkdən heç bir səbəb göstərmədən imtina etmişdir və bundan sonra ona qarşı edilmiş haqsızlıq nəticəsində pozulmuş hüquqlarının bərpası üçün işə bərpa olunma tələbi ilə Abşeron rayon məhkəməsinə müraciət edib, məhkəmə işə baxıb, hakim onun haqlı olduğunu görüncə doğru qərar vermək əvəzinə məhkəməni qeyri-müəyyən vaxta qədər təxirə saldı. Buna səbəb isə əslində həmin məktəb direktorunun o vaxtki icra başçısı A.Nağıyevin yaxın qohumu olması idi. Bundan sonra o dəfələrlə müraciət etsə də məhkəmə keçirilməyib və beləliklə, o işsiz qalıb, bundan sonra maddi durumu olduqca ağır bir hala gəldi. Məcbur qalaraq ailəsini yaşatmaq üçün ağır fiziki işlərdə çalışmalı oldu, indiyə qədər də çalışır. Bu müddət ərzində o sağlamlığını itirdi. Sol böyrəyi amputasiya olundu. Qanunsuz işdən çıxarılmağının səbəbindən təbiidir ki, iş stajı da yarıda kəsildi. Bütün bunlar ona həm də ağır mənəvi zərbə oldu, belə ki, həyatı qədər sevdiyim müəllimlik sənətimdən ayrıldı. Bundan əvvəl o harada işləmişdisə, həmişə işi müsbət qiymətləndirilmiş və irəli çəkilib. Nümunə üçün bir məktəbin veridiyi xasiyyətnaməni ərizəsinə əlavə edib. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinə də müraciət edib və ona birinci instansiya məhkəməsinə müvafiq iddia tələbi ilə müraciət etmək hüququ olduğu izah edilmişdir. Bu səbəbdən də o pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edir.

3. Məcburi işdən uzaqlaşdırıldığı vaxtdan olan müddət üçün əmək haqqının hesablanıb ödənilməsi tələbi üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müracəti Nazirliyin Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən cavablandırılaraq bildirilmişdir ki, Abşeron rayonu qiyabi axşam məktəbi tərəfindən 1998/1999-cu il tarixlərindən bu günədək ona məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanıb ödənilməsi ilə bağlı tələbinin yerinə yetirilməsi mümkün deyildir. Həmçinin bildirilmişdir ki, müracətində qeyd olunan Abşeron rayonu qiyabi axşam məktəbi Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində hal-hazırda mövcud deyildir. Qeyd edilənlərlə bağlı məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur.

4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

5. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

6. İddianın növü kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aid olduğundan mübahisəyə cavabdehin yerləşdiyi yerin məhkəməsi, yəni Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır (İPM-in 8.1.4-cü maddəsinə uyğun olaraq).

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X1rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X2rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

10. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

11. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

12. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

14. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

15. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının qeyd edilən müddətdə yenidən işə götürülməsi üçün cavabdeh quruma hər hansı müraciəti yoxdur.

16. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, məhkəmə hesab edir ki, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq iddia mümkün sayılmamalıdır.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar