Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5419/2022 05.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja dair texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 9 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********43 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyri-yaşayış binası (qaraj) yaşayış binasının həyətində inşa edilmişdir. Həmçinin təqdim olunmuş cizgidə dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Bundan başqa sözügedən əraziyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, adına Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 9 saylı binanın yaxınlığında yerləşən qaraja dair texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının adında olan daş qaraj 2008-ci ildə Nizami Bələdiyyəsi tərəfindən verilmişdir. İddiaçı sənədləşmə üçün cavabdehə müraciət etmiş, lakin rədd cavabı almışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında bildirmişdir ki, sözügedən torpaq sahəsinə dair Nizami bələdiyyəsi tərəfindən təqdim edilmiş 04 saylı, xx.xx.2008-ci il tarixli qərarın qanunvericiliyə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Sözügedən qeyri-yaşayış obyekti (qaraj) yaşayış binasının həyətində inşa edilmişdir. Qeyri-yaşayış binası (qaraj) və torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin təqdim edilmiş məkan göstəricilərini əks etdirən texniki sənəddə dəqiq istinad nöqtələri qeyd edilməmişdir. Bundan əlavə, göstərilən qeyri-yaşayış binasının (qaraj) sənəd üzrə sahə və ölçüləri ilə faktiki vəziyyətdə uyğunsuzluq mövcuddur. Sözügedən əlavə sahəyə dair iddiaçı tərəfindən hüquq müəyyənedici sənədlər İdarəyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh məhkəmədən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək tələbinin təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia qeyri-yaşayış sahəsinə sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İşdə olan Bakı Şəhər Nizami Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 04 saylı qərarından görünür ki, B.Nuriyev küçəsi 9 saylı binanın yaxınlığında yerləşən xx.xx.2008-ci il tarixli C- 570 saylı cizgidə göstərilən daş qaraj X2 adına rəsmiləşdirilərək qarajın yerləşdiyi torpaq sahəsinə görə onunla icarə müqaviləsinin bağlanmaı qərara alınmışdır. Qərarın icrası məqsədilə xx.xx.2008-ci il tarixli Bələdiyyə əmlakının (qeyri-yaşayış və torpaq sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, B.Nuriyev 9 küçəsində yerləşən, ümumi sahəsi 18,0 kv.m olan qaraj xx.xx.2019-cu il tarixədək X2 icarəsinə verilmişdir. İşdə olan Bakı Şəhər Nizami Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 12 nömrəli qərarından görünür ki, Əliyev X4 Bələdiyyəsinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Nizami Bələdiyyəsi ərazisi olan, B.Nuriyev küç. 9 saylı binanın yaxınlığında yerləşən atası X3 məxsus daş qarajın öz adına qeydiyyata alınmasını xahiş etmiş, bələdiyyə həmin daş qarajın İddiaçı adına qeydiyyata alınaraq bələdiyyə ödənişinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı hazırda həmin qarajın öz adına rəsmiləşdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlər Qanunun 8-ci maddəsində göstərilən sənədlərə aid edilə bilməz. Belə ki, işdə görünür ki, mübahisəli əmlak iddiaçının istifadəsinə bələdiyyə qərarı əsasında verilmişdir. Lakin işdə həmin əmlakın bələdiyyənin mülkiyyətində, yaxud balansında olmasını təsdiq edən heç bir sənəd mövcud deyildir. "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsaəsn Bələdiyyə əmlakının yaranması mənbələri aşağıdakılardır: bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən dövlət əmlakı; bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak; fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların bələdiyyələrə könüllü maddi yardım şəklində verilən əmlak; varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak; bələdiyyələrə vəsiyyət edilən əmlak; qanunvericilikdə nəzərdə tutulan digər hallarda əldə olunan əmlak Həmin Qanunun 4-cü maddəsinə görə bu Qanunda və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan və bələdiyyələrin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri mənzil-kommunal, sosial və mədəniyyət obyektləri, əhalinin ümumi istifadəsində olan obyektlər və digər dövlət əmlakı onların mülkiyyətinə verilir. İlk növbədə bələdiyyələrin mülkiyyətinə onların fəaliyyətini təmin etmək üçün lazımi inzibati binalar, otaqlar və avadanlıqlar verilir. Qanunvericilikdə özəlləşdirilməsi qadağan edilən və ya müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən dövlət əmlakı istisna olmaqla bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı onların mülkiyyətinə verilə bilər. Bələdiyyə mülkiyyətinə dövlət əmlakı bələdiyyələr tərəfindən bu əmlakdan istifadə etmək imkanı yarandıqda onların müraciəti əsasında verilir. Bu Qanuna uyğun olaraq bələdiyyənin mülkiyyətinə obyektlərin verilməsi qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli 498 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə”yə əsasən: - Bənd 2. Əsasnamə dövlət mülkiyyətində olan və bələdiyyənin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri mənzil-kommunal, sosial və mədəniyyət obyektlərinin, əhalinin ümumi istifadəsində olan obyektlərin və digər dövlət əmlakının bələdiyyələrin mülkiyyətinə verilməsi qaydasını müəyyən edir. Qanunvericiliklə özəlləşdirilməsi qadağan edilən və Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən və ya müvafiq qərar qəbul edilənədək dövlət mülkiyyətində qalan dövlət əmlakı və onun yerləşdiyi torpaq sahələri, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərinin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri istisna olmaqla, bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı onların mülkiyyətinə verilə bilər. - Bənd 5. Bələdiyyə mülkiyyətinə verilə bilən müəssisə və obyektlərinin, binaların, tikililərin, qeyri-yaşayış sahələrin, qurğuların və avadanlıqların, habelə ümumi istifadə obyektlərinin siyahısı və bələdiyyələrə verilməsi müddətləri hər bir bələdiyyə ərazisi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin bələdiyyələr və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. - Bənd 9. Bələdiyyələr onların mülkiyyətinə verilən dövlət əmlakı üzərində mülkiyyət hüququnu aşağıdakı qaydada əlavə edirlər: Bələdiyyə mülkiyyətinə verilən əmlakın siyahısı (o cümlədən inzibati binalar, otaqlar və avadanlıqlar) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra bələdiyyə qurumları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ərizə ilə müraciət edirlər; ərizəyə bələdiyyə qurumunun statusunu təsdiq edən sənədlər əlavə olunmalıdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi daxil olmuş müraciətlərin əsaslığını yoxlayır. Müraciətdə göstərilən dövlət əmlakının, o cümlədən ümumi istifadə obyektlərinin bələdiyyə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdursa, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 gün ərzində müvafiq akt tərtib edilir. Bu Əsasnamə ilə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə verilən daşınmaz dövlət əmlakı üzərində bələdiyyənin mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Göründüyü kimi, bələdiyyə mülkiyyətindəki binalar, tikililər, qeyri-yaşayış sahələri konkret əsaslarla əldə edilir. İşdə olan cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, elektron kadastr məlumatlarına əsasən sözügedən qaraj dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. Lakin iş materiallarında həmin torpağın, yaxud qarajın yuxarıda qeyd olunan qaydada bələdiyyənin mülkiyyətinə verilməsi, bələdiyyənin həmin əmlaka hüquqularının qeydə alınması barədə heç bir sənəd yoxdur. Bələdiyyə tərəfindən qarajın yerləşdiyi torpaq sahəsinin iddiaçıya verilməsi güman olunsa belə, həm xx.xx.2008--ci il tarixli 04 saylı qərarın, həm də xx.xx.2021-ci il tarixli 12 nömrəli qərarın qəbul olunduğu dövrdə qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi mümkündür. Lakin işdən mübahisəli qarajın həm Tofiq Əliyevə, həm də daha sonra iddiaçıya verilməsi zamanı hərrac və ya müsabiqənin keçirilməsi müəyyən olunmur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən sənədlərə aid edilə bilməz. Belə olan halda isə məlum olur ki, cavabdehin imtinası qanunazidd olmamışdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. O da qeyd olunmalıdır ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra əlavə sahə ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5419/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5419/2022
05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver