Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5419/2023 17.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə qarşı “icra sənədi üzrə icraatın dayandırılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 (bundan sonra – iddiaçılar) cavabdeh Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-739 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul etmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-739 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən borclu İddiaçı1 MMC-dən 1997221,05 ABŞ dolları pul tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi, tələbin İddiaçı1 MMC-yə məxsus “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsal avadanlığına və İddiaçı2 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-739 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli 2(102)-4616/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-739 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli 2(102)-4616/2022 saylı qərarından cavabdeh İddiaçı1 MMC tərəfindən əlavə kassasiya şikayəti verilmiş və şikayət Ali Məhkəmənin Plenumu tərəfindən icraata götürülmüşdür. Qeyd olunanlar nəzərə alınaraq iddiaçılar tərəfindən “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-739 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması” barədə ərizə ilə Xətai rayon İcra şöbəsinə müraciət olunmuş, lakin sonuncu xx.xx.2022-ci xx/xx-244460/16 saylı məktubla cavab verərək icraatın dayandırılmasının mümkün olmadığını bildirmişdir. Halbuki iddiaçının əlavə kassasiya şikayəti təmin olunacağı və İddiaçı1 MMC-nin ziyanına olan məhkəmə qərarı ləğv olunacağı, həmin müddətdə artıq tələb yönəldilmiş əmlakın hərracdan satılmış olduğu halda müəssisənin və İddiaçı2 mülkiyyət hüquqlarının bərpası mümkünsüz olacaqdır. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-739/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “AER” firmasına və İddiaçı2 qarşı iddia ərizəsi, daha sonra isə idida ərizəsinə əlavələr ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" QSCdən "xxxx" ASC-nin xeyrinə 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 275.390,51 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 2.271.611,56 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmçinin 17 fevral 2016-cı il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 602,8 ABŞ dolları məbləğində gündəlik faizin və 602,80 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın İddiaçı2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), "xxxx" QSC-yə məxsus olan Tetra-laval şirkətindən alınan “Straytlan-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və X1 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" MTK-da 145,25 kv.m olan pay hüququna yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, İddiaçı2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra İddiaçı2 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə olmaqla ümumilikdə 1.997.221 ABŞ dolları, 05 (beş) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın İddiaçı2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan “Tetralaval” şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və X1 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" Mənzil Tikinti Kooperativində 145,25 kv.m olan pay hüququna yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ilkin satış qiymətinin 3.000.000 (üç milyon) manat müəyyən edilməsi, qeyd olunan əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, əmlakların satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 1.997.221 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir) ABŞ dolları, 05 (beş) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə İddiaçı2 və X1 qaytarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamədən iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin olunmuş və cavabdeh İddiaçı1ndən 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 1.997.221 ABŞ dolları, 05 (beş) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manat ilə, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin İddiaçı2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), İddiaçı1nə məxsus olan Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin, Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığının likvid dəyəri 650.000 manat müəyyən edilməsi, qeyd olunan əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, əmlakların satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 1.997.221 ABŞ dolları, 05 (beş) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) satıldıqdan sonra İddiaçı2 tərəfindən 1 ay ərzində tərk edilməzsə, həmin qeyri-yaşayış sahəsinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini aldığından xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli xx/xx- 244460/16 saylı məktubundan görünür ki, icraatda olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-739 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə başlanmış icra icraatı zamanı icra sənədində qeyd olunan əmlakların açıq hərracdan satılaraq tələbkara olan borcun ödənilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə Capital Auction MMC-nə məktub göndərilmişdir. Məktubda qeyd olunmuşdur ki, mövcud qanunvericilikdə əlavə kassasiya şikayəti verildiyi zaman icraatın məcburi qaydada dayandırılması məsələsi öz əksini tapmadığından ərizənizdə qeyd etdiyiniz xüsusatları nəzərə alaraq icraatın və hərracın keçirilməsinin dayandırılması mümkün deyildir. İddiaçı hazırda bu imtinanı mübahisələndirərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-739 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul etmək vəzifəsinin Xətai rayon icra şöbəsinə həvalə edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017- ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1. icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin (hərəkətsizliyin) qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır;
2. icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra -- Qanun) 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün nəzərə alınmalıdır ki, Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Belə şikayətlərə bu qaydada baxılması ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, göstərilmiş Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Bu səbəbdən icra məmurunun qərar və hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi istinad edilən Qanun deyil, Azərbaycan Respublikası Mülki Prosessual və İnzibati Prosessual Məcəllələri çıxış edirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da Azərbaycan Respublikası İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. İcra qurumunun fəaliyyəti zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, əslində bu qərarlara məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Göstərilənlərə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Oxşar hüquqi mövqe yuxarı instansiya məhkəmələrinin qərarlarında da öz əksini tapmışdır. İşdən görünür ki, iddiaçı cavabdehin mülki məhkəmə icraatı qaydasında qəbul olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-739 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılmamasından ibarət hərəkətsizliyini mübahisələndirir, hansı ki, iddiaçı ilə cavabdeh arasında yaranmış bu mübahisə icra sənədinin icrası qaydasında həyata keçirilən fəaliyyətlə bağlıdır. Belə olan halda, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, hazırkı mübahisəyə inzibati mübahisə kimi ayrıca iddia qaydasında inzibati məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova