Məhkəmə qərarları › İş №2-1(112)-5419/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5419/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5419/2024 06.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər Musa-zadə Simuzər Tahir qızı, X2 və X1 “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı, Musa-zadə Simuzər Tahir qızı, X2 və X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 6 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları İddiaçı (bundan sonra – iddiaçı) Musa-zadə Simuzər Tahir qızı ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1i rayonu, Sarabski küçəsi,ev 16B, 23 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) iddiaçının adına alınmış və daşınmaz əmalkın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. İddiaçı və Musa-zadə Simuzər Tahir qızının birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 adlı uşaqları vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-5318/2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar analarının himayəsində saxlanılmaqla hər uşağa görə 175 manat, cəmin 350 manat alimentin tutularaq Musa-zadə Simuzər Tahir qızına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-392/2023-ci il tarixli qanuni qətnaməsi ilə Musa-zadə Simuzər Tahir qızının əmlak tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən görünür ki, mübahisəli mənzilə tərəflərin ½ hissədə payının tanınması hissədə Musa-zadə Simuzər Tahir qızının iddia tələbi rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Musa-zadə Simuzər Tahir qızı, X2 və X3 mübahisəli mənzildə pasport qeydiyatındadırlar. İddiaçı üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini, müraciətdə göstərilən şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəsini almış qərarı əsasında mümkün olması göstərilməklə imtina edilmişdir. İddia tələbi, iddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum görünür ki, keçmiş həyat yoldaşı, iş üzrə üçüncü şəxs Musa-zadə Simuzər Tahir qızı ona məxsus mənzildə himayəsində yaşayan iki uşağı ilə yaşamasa da, 3 ildir ki, qeydiyyatda qalmış və faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsi, ev 113-də yaşayır. Bu hal isə mülkiyyətində olan şəxsi əmlakına sərəncam vermək hüquqlarını məhdidlaşdırır. Məhkəməyə təqdim edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunur ki, Musa-zadə Simuzər Tahir qızı himayəsində yaşayan uşaqları ilə birlikdə artıq 3 ildir ki, ona məxsus mənzildə yaşamır, övladları ilə birlikdə valideynlərinə məxsus mənzildə yaşayır. Belə olduğu halda hesab edir ki, ailə üzvü olmayan Musa-zadə Simuzər Tahir qızının və onun himayəsində yaşayan uşaqları ilə birlikdə ona məxsus mənzildə formal qeydiyyatda qalmaları mülkiyyətində olan əmlakına maneəsiz sərəncam verməyə məhdudiyyətlər yaradır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Üçüncü şəxs Musa-zadə Simuzər Tahir qızı məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və üçüncü şəxslər həmin mənzildə pasport qeydiyyatındadır. İddiaçı ilə üçüncü şəxs Musa-zadə Simuzər Tahir qızı xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflər arasında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Digər üçüncü şəxslər onların uşaqlarıdır. İddiaçı hazırkı tələbində üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə görə, şəxs yaşayış yerini dəyişdikdə (yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən) müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs S.Musa-zadə iddiaçı ilə nikaha daxil olduqdan sonra, 2019-cu ildə iddiaçının razılığı ilə həmin mənzilə qeydiyyata düşmüşdür. İddiaçı ilə üçüncü şəxs arasında olan nikah pozulmuşdur. Üçüncü şəxsin həmin mənzildə faktiki olaraq yaşamaması və istifadə hüququnun olmaması işin mübahisələndirilməyən halıdır. Bu hal, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə də müəyyən edilir. Baxılan işdə tərəflər arasında olan nikah pozulduğundan üçüncü şəxs S.Musa-zadə iddiaçının artıq ailə üzvü deyil. Məhkəmə vurğulayır ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan mənzilin hazırkı mülkiyyətçisi onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdehin isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Ona görə də, iddia tələbi üçüncü şəxslərdən S.Musa-zadənin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması hissədə əsaslı olmaqla təmin edilməlidir. Lakin digər üçüncü şəxslərə, yəni iddiaçının uşaqlarına dair hissədə məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmir. Belə ki, üçüncü şəxslərdən X2 və X3 iddiaçının ailə üzvü, yəni uşaqlarıdır. Ona görə də, həmin şəxslərə münasibətdə istifadə hüququnun yaranıbyaranmaması, yarandığı halda, itirilib-itirilməməsi və ya xitam verilməli olmasına dair məsələlər mülki mühakimə icraatının predmetidir. Məhkəmə üçüncü şəxslərin anasının himayəsinə verilmələri ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğuna qiymət verərək qeyd edir ki, bu hal üçüncü şəxslərin mübahisəli mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və ya xitamına səbəb olması məsələsi mülki mühakimə icraatı qaydasında araşdırılmalı olması təsir etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsi qeydiyyatı həyata keçirən orqana qeydiyyatdan çıxarılmaya əsas olan halları müəyyənləşdirmək deyil, yalnız artıq hüquqi mübahisə doğurmayan faktlar əsasında (müvafiq icra hakimiyyəti orqanlarının məlumatı, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, qərarı, eləcə də əmlaka dair hüquqla bağlı-yaşayış sahəsindən çıxarma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) qeydiyyatdan çıxarılmanı həvalə etmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, üçüncü şəxslərdən X2 və X1 mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması məsələsi mülki mühakimə icraatında həllini tapdıqdan sonra iddiaçının hazırkı tələblə yenidən inzibati orqana müraciət etmək, təmin olunmadığı halda isə inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. Musa-zadə Simuzər Tahir qızının ünvan 1i rayonu, Sarabski küçəsi, ev 16B, 23 saylı mənzil ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə, yəni X2 və X1 ünvan 1i rayonu, Sarabski küçəsi, ev 16B, 23 saylı mənzil ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi hissədə rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar