Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-542/2022 15.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X16 iştirakları ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı vətəndaşlıq mənsubiyyətini tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra Xidmət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 15.03.2019-cu il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 08 iyul 1960-cı ildə tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olmuşdur. O, 19.04.1979-cu il tarixdə Ağcabədi rayonunda hərbi xidmət keçmişdir. Daha sonra 08.06.1987-ci il tarixdə X33 ilə nikaha daxil olmuşdur. Bu nikahdan onun 3 övladı dünyaya gəlmişdir. O, aşağıda adları qeyd olunan ailə üzvləri ilə birlikdə 24 oktyabr 1999-cu il tarixə kimi Ağcabədi rayonunun Minəxorlu kəndində yaşamış və qeydiyyatda olmuşdur. Həvat yoldaşı X25 - 02.08.1968-ci il təvəllüdlü: oğlu X17 - 20.03.1990-cı il təvəllüdlü; qızı X11 - 01.02.1993-cu il təvəllüdlü; qızı X9 - 01.10.1995-ci il təvəllüdlü. Ona Azərbaycan Respublikasının vətəndaşı kimi 10 dekabr 1998-ci il tarixdə pay torpağı verilmişdir. Eyni zamanda o, Azərbaycan SSR-nin pasportundan istifadə edərək 24.10.1999-cu il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmişdir. O, 31 avqust 2000-ci il tarixində Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və 18.09.2000-ci il tarixdə Rusiya Federasiyasında hərbi qeydiyyata alınmışdır. O, 13 mart 2019-cu il tarixdə cavabdeh Xidmətə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Lakin cavabdeh “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixədək) onun Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmadığını əsas gətirərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında 15.03.2019-cu il tarixli ******* nömrəli qərar qəbul etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bu qanunun qüvvəvə mindivi günədək Azərbaycan Respublikasının vətəndaslığında olmuş şəxslər (o sərtlə ki, Azərbaycan Respublikasının vətəndası bu qanunun qüvvəvə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun) Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Yuxarıda qeyd etdiyi o, 24 oktyabr 1999-cu il tarixədək Ağcabədi rayonu Minəxorlu kəndində yaşayıb və qeydiyyatda olmuşdur. Buna görə də onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalı idir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4-cü maddəsinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər (yəni “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək -1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olan) “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda, eyni zamanda doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndası olmusdursa, bu halda səxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Onun doğum haqqında şəhadətnaməsindən göründüyü kimi valideynlərinin hər ikisi - atası X7, anası X20 Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Göründüyü kimi cavabdeh həm Qanununun, həm də həmin Qaydaların müddəalarını nəzərə almayaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Buna görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddianın heç bir hüquqi əsası yoxdur. İddiaçı X1 vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 13.03.2019-cu il tarixdə Xidmətə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmadığı müəyyən edilərək onun Azərbaycan Respublikası vətəndaşlığına mənsub olmaması barədə 15.03.2019-cu il tarixli ******* nömrəli qərar qəbul edilmişdi. Xidmət sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, onun Azərbaycan Respublikasında pasport qeydiyyatında olması barədə məlumat yoxdur və ölkə ərazisinə Rusiya Federasiyasının vətəndaşı kimi daxil olmuşdur. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). İşin hallarından da (o cümlədən Xidmətə təqdim edilmiş tərcümeyi-haldan) görünür ki, şəxs Rusiya Federasiyasının vətəndaşıdır və 2016cı ildən 2018-ci ilədək Rusiya Federasiyasından Azərbaycan Respublikasına gediş-gəlişlər etmişdir və şəxsin hazırda ölkə ərazisində 14.03.2020-ci il tarixdən 14.03.2022-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazəsi vardır. Buna görə də şəxsə münasibətdə yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. Eyni zamanda iddiaçının Azərbaycan Respublikasının Ağcabədi rayonunda anadan olduğunu nəzərə alınsa Rusiya Federasiyasının vətəndaşlığından imtina etməklə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün müvafiq sənədləri toplayaraq Xidmətə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X30 iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ağcəbədi rayon Arasbar kənd icra nümayəndəliyi tərəfindən 29.11.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 08.07.1960-cı ildə Ağcabədi rayonu, Minəxorlu kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1960-cı ilin iyul ayının 27-ci günündə 62 № ilə qeyd edilmişdir. - Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün ərizə-anketin surətindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı X3 13.03.2019-cu ildə Xidmətə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. - Xidmətin ******* №-li, 15.03.2019-cu il tarixli qərarından görünür ki, 08.07.1960-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. - Xidmətin ******* №-li, 03.03.2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsin uzadılması haqqında” qərarından görünür ki, Rusiya Federasiyası vətəndaşı Suleymanov Mushravanın 05.02.2020-ci il tarixli müraciəti təmin edilmiş, onun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazəsinin müddətinin uzadılması barədə etibarlıq müddəti 14.03.2020-ci il tarixdən 14.03.2022-ci il tarixədək uzadılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********14 №-li, 01.10.2021-ci il tarixli məktubdan görünür ki, dövlət aktının verilməsinə əsas olan sənədlər barədə məlumat aşkarlanmamışdır. - Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası torpağa mülkiyyət huququna dair JN-0006 №-li, 19 dekabr 1998-ci il tarixli Dövlət Aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi rayonu, Minaxorlu kənd sakini İddiaçı və onun ailə üzvləri – X21, X12, X8, X4 Ağcabədi rayon Aqrar İqrar Komissiyasının 15.01.1998-ci il tarixli, 01 №-li qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2.35 ha torpaq sahəsi ayrılmışdır. - Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Minəxorlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin 107 №-li, 24.04.2019-cu il tarixli arayışının surətindən görünür ki, 08 iyul 1960-cı il təvəllüdlü İddiaçı ailə üzvləri – arvadı X26, oğlu X18, qızı X13, qızı X14 ilə birlikdə 24 oktyabr 1999-cu il tarixə kimi Ağcabədi rayonu Minəxorlu kəndində yaşayıb və qeydiyyatda olubdur. - Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Minəxorlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin 145 №-li, 02.07.2021-ci il tarixli arayışından görünür ki, 08 iyul 1960-cı il təvəllüdlü İddiaçı Ağcabədi rayonu Minəxorlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 saylı təsərrüfatbaşına kitabının 141-ci səhifəsində qeydiyyatdadır və hal-hazırda Ağcabədi rayonu Minəxorlu kəndində yaşayır. - Ağcabədi rayon Polis Şöbəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 9/129-911 №-li, 15.01.2021-ci il tarixli və 9/129-4144 №-li, 25.02.2020-ci il tarixli məktublardan görünür ki, X1 qeydiyyatdan çıxması barədə heç bir məlumat yoxdur. Fərdi uçot kartoçkasında bu barədə qeydiyyat aparılmayıb. - Ağcabədi rayon Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 9/129-10160 №li, 20.05.2021-ci il tarixli məktuba əlavə edilmiş fərdi uçot kartoçkasından görünür ki, 08.07.1960-cı ildə anadan olmuş, Ağcabədi rayon, Minəxorlu kəndində yaşayan X2 10.12.1992-ci ildə XXVЖГ seriyalı, 675234 nömrəli pasport verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 42№2733462 nömrəli SSRİ vətəndaşının pasportunun surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı X5 18.07.1996-cı ildən 18.07.2001-ci il tarixədək qüvvədə olan pasport verilmişdir. Dövlət sərhəd xidməti tərəfindən həmin pasportda 24.10.99-cu ildə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 018-1243-1221 №-li, 02.02.2021-ci il tarixli məktubdan görünür ki, 08.07.1960-cı il təvəllüdlü X1 barəsində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat yoxdur. M.Süleymanov Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixədək) X1 ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə BPQMİ-də məlumat müəyyən olunmamışdır (arayış əlavə edilir). Əlavə olaraq bildirilmişdir ki, M.Süleymanov Ağcabədi Rayon Polis Şöbəsi tərəfındən 10.12.1992-ci il tarixdə XXV-JQ seriyalı 675234 nömrəli keçmiş SSRİ pasportu (surəti məktuba əlavə olunur) ilə təmin olunmuş və onun yaşayış yeri Ağcabədi rayonunun Minəxorlu kəndi qeyd olunmuşdur. Lakin Ağcabədi RPŞ-nin qeydiyyat məsələləri qrupunun kartotekasında M.Süleymanovun barəsində yaşayış yeri üzrə qeydiyyatda olmasını və ya qeydiyyatdan çıxmasını təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. - Xidmət tərəfindən məhkəməyə ünvanlanmış 06/86 №-li, 15.12.2021-ci il tarixli məktubdan görünür ki, 08.07.1960-cı il təvəllüdlü İddiaçı 07.10 1998-ci il tarixinədək (Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanun qüvvəyə mindiyi günədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatların əldə olunması məqsədi ilə 08.12.2021-ci il tarixdə DlN-nin Baş Pasport Qediyyat və Miqrasiya idarəsinə yenidən sorğu (sorğuya şəxsin pasportları barədə məlumatlar əlavə olunmuşdur) göndərilmiş və əldə edilmiş cavaba əsasən (bu barədə sistem üzrə məlumatlar məktuba əlavə olunur) şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublıkasının Qanununun qüvvəyə mindiyi günədək yaşayış yerı üzrə qeydıyyatının olmadığı müəyyən edilmişdir. Bu səbəbdən şəxs barəsində onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə inzibatı aktın qəbul edilməsi mümkün deyildir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən yeni sübutlar aşkar olunduğu təqdirdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təkrar müraciət oluna bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, 30.09.1998-ci il tarixdən qüvvədə olan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. - 5-ci maddəsinin 1-ci hissəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. - 5-ci maddəsinin 4-cü hissəsinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 №-li qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın: -1.1-ci bəndinə əsasən bu Qayda «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir; -1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir; -2.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. - 2.2.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. - 3.4.3-cü bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) tələb olunur. - 3.11-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir; - 3.13-cü bəndinə əsasən sorğunun baxıldığı müddətdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. - 4.1-ci bəndinə əsasən aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: - 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Müşrəvan Süleymanov Azərbaycan Respublikasının Ağcəbədi rayonunda doğulmaqla valideynləri Azərbaycan Respublikasının vətəndaşı olsalar da özü hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır və 07.10.1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən sənəd təqdim edilməmişdir Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Müşrəvan Süleymanov «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığından onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanımasından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-542/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-542/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver