Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5420/2020 16.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, 7 nömrəli mənzilin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X5 1989-cu ildən 2 nömrəli Şərab zavodunda fəhlə işləmişdir. 2 nömrəli Şərab zavodunda fəhlə işlədiyi dövrdə iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Həyat yoldaşı T.Səfərov iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra 2 nömrəli Şərab zavodunun müdriyyəti və Həmkarlar Komitəsinin xx.xx.1993-cü il tarixli, 36 nömrəli protokol və xx.xx.1994-cü il tarixli 32 nömrəli protokol qərarı ilə zavodun Bakı şəhəri, Yeni Yasamal qəsəbəsi, D.Bünyadzadə küçəsi 12 nömrəli binasında 17,0 kvm. olan 1 otaqlı yaşayış sahəsindən ibarət 7 nömrəli mənzil növbəsindən çıxarılmaqla 3 nəfər ailə tərkibi ilə (o, qızı Yeganə və oğlu Seymur) ona verilmişdir. Onun adına ünvan 1, 7 nömrəli mənzilə dair order veriməsindən imtina edildiyindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı kirayə müqaviləsinin bağlanmasına dair iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2266/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 1 otaqlı, yaşayış sahəsi 16,59 kv.m. olan 7 nömrəli mənzilə dair onun ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Nərimanov Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2266/2019 saylı qərarının icrası olaraq Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 77 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 1 otaqlı, yaşayış sahəsi 16,59 kv.m. olan 7 nömrəli mənzilə dair mənzil-kirayə müqaviləsi onun adına sənəsdləşdirilmiş və o, mənzilin kirayəçisi hesab edilmişdir. Bundan sonra o, həmin mənzilin adına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixdə müraciət etsə də İdarə xx.xx.2020-ci il tarixli, **********64 nömrəli məktubu ilə müraciətinin icrasından imtina etmişdir. İmtinaya əsas kimi 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilməsi qeyd edilmişdir. Cavabdeh orqanın imtina məktubu əsassızdır, onun hüquqları bərpa olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək imtinanın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə Ermənistan, Sisian rayonu, Şəki kəndində doğulmuşdur. - İİİ-ЖГ saylı, xx.xx.1989-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1989-cu il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2266/2019 №-li, xx.xx.2019-ci il tarixli qanuni qüvvəsini almış qərarından görünür ki, İddiaçı iddia tələbi təmin edilmiş və ünvan 2 ünvanında yerləşən, 1 otaqlı, sahəsi 16.59 kv.m. olan 7 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Nərimanov rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. - Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 77 №-li, xx.xx.2020-ci il tarixli məhkəmə qərarının icra edilməsi barədə sərəncamından görünür ki, İddiaçı həyat yoldaşı - X4 1989-cu ildən 2 №-li Şərab zavodunda fəhlə işləmiş, iş yeri üzrə mənzil növbəsinə götürülmüş, iş vaxtı bədbəxt hadisə nəticəsində vəfat etmişdir. 2 №-li Şərab zavodunun müdiriyyəti və Həmkarlar Komitəsinin birgə iclasının xx.xx.1993-cü il tarixli (Protokol № 36) və xx.xx.1994-cü il tarixli (protokol № 32) Qərarı ilə zavodun Yeni Yasamal qəsəbəsi, D.Bünyadzadə küçəsi 12 №-li binasında 1 otaqlı, yaşayış sahəsi 17,0 kv.m. olan 7 №-li mənzili mənzil növbəsindən çıxarılmaqla 3 nəfər ailə tərkibi ilə (özü, oğlu Seymur, qızı Yeganə) İddiaçı verilmişdir. İddiaçı adına sözügedən mənzilə dair yaşayış orderinin verilməsi barədə müvafiq qurumlardan hər hansı bir müraciət daxil olmadığından onun adına orderin verilməsi rəsmiləşdirilməmişdir və onun bu barədə ərizəsinə tərəflərindən imtina məktubu verilmişdir. Bu məsələ ilə əlaqədar İddiaçı məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hazırki Bakı İnzibati Məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(81)-2266/2019 №-li iş üzrə qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 3 12 ünvanda yerləşən 1 otaqlı, yaşayış sahəsi 16,59 kv.m. olan 7 №-li mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Nərimanov RİH-ə həvalə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə qərarının icrası təmin edilmiş, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, D.Bünyadzadə küçəsi, ev № 12 ünvanda yerləşən 1 otaqlı, yaşayış sahəsi 16,59 kv.m. olan 7 №-li mənzilə dair mənzil-kirayə müqaviləsi İddiaçı adına sənədləşdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlandığı xx.xx.2020-ci il tarixli, **********64 №-li məktubundan görünür ki, aparılan araşdırma zamanı vətəndaş İddiaçı qeyd olunan mənzilə dair Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 77 saylı sərəncamın xx.xx.2020-ci il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 2, mənzil 7 ünvanına dair İddiaçı adına xx.xx.1993-cü il tarixli (Protokol № 36) və xx.xx.1994-cü il tarixli (protokol № 32) qərarı mövcud olmuşdur. Uzun müddət dövlət mənzil fondunda olan mənzilə dair order verilmədiyindən iddiaçı məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməklə mübahisəli mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması vəzifəsi Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Məhkəmə qərarının icrası ilə bağlı Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2020-ci il tarixli sərəncamı ilə mübahisəli mənzilə dair mənzil kirayə müqaviləsi İddiaçı adına rəsmiləşdirilmiş, o həmin mənzilin kirayəçisi hesab edilmişdir. İddiaçı mübahisəli yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində onun adına qeydə alınaraq bu barədə çıxarışın verilməsi ilə əlaqədar cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən müvafiq sərəncamın xx.xx.2020-ci il tarixdə verilməsinə və 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə istinad edilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası formal mülahizələrə istinadən verilmiş və əsaslı dəlillərə söykənmir. Göründüyü kimi mübahisəli daşınmaz əmlak Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 77 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı əsasında İddiaçı ayrılsa da, həmin mənzilə dair ilkin hüquqmüəyyənedici sənəd kimi daha əvvəllər xx.xx.1993-cü il tarixli (Protokol № 36) və xx.xx.1994-cü il tarixli (protokol № 32) qərarı mövcud olmuş, iddiaçının mübahisəli mənzil üzrə hüquqları 1993-cü ildən yaranmışdır. Belə olan halda onun barəsində 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməli, mübahisəli mənzilə dair iddiaçının adına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmalı və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməli idi. İddiaçı müvafiq mənzilə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etdiyindən cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin müddəalarına, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci, 24-cü maddələrinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 5 ünvanında yerləşən, 7 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5420/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5420/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver