Məhkəmə qərarları › İş №2-1(112)-5420/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5420/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5420/2024 08.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "əmrin dəyişdirilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək AR Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad olunduqdan sonra aşağı vəzifəyə (Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Hərb məharəti” kafedrasının hərbi məharət silsiləsinin dosenti vəzifəsinə) təyin olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrində müvafiq dəyişiklik edilərək səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməsinin göstərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci ildən 1992-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.2017-ci il tarixədək AR Silahlı Qüvvələrində müxtəlif zabit vəzifələrində xidmət keçmişdir. AR Müdafiə Nazirinin 0628 №li, xx.xx.2017-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1 və 41.0.3 maddəsinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək AR Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.2015-ci il tarixdə həmin vəzifədən azad olunaraq AR Müdafiə Nazirinin sərəncamına çıxarılmış və Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Hərb məharəti” kafedrasında hərb məharəti silsiləsinin dosenti vəzifəsinə təyin edilmişdir. AR Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad edilməzdən əvvəl o, səhhətini əsas gətirərək “öz arzumla” maddəsi ilə ehtiyata buraxılmasını xahiş etsə də müraciəti nəzərə alınmamış və o, AR Müdafiə Nazirinin 1-ci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Müdafiə Nazirinə ünvanlanmış xx.xx.2015-ci il tarixli raportuna əsasən xidməti zərurətlə əlaqədar olaraq aşağı- AR Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Hərb məharəti” kafedrasının hərb məharəti silsiləsinin dosenti vəzifəsinə təyin edilmiş və qeyd etdiyi kimi xx.xx.2017-ci il tarixdə həmin vəzifədən də “xəstəliyə görə” ehtiyata buraxılmışdır. Nəticədə ona Silahlı Qüvvələrin Akademiyasının “Hərb məharəti” kafedrasının hərb məharəti silsiləsinin dosenti vəzifəsinin vəzifə maaşı əsas götürülməklə aşağı məbləğdə pensiya təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə onun AR Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad olunduqdan sonra aşağı vəzifəyə (Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Hərb məharəti” kafedrasının hərb məharəti silsiləsinin dosenti vəzifəsinə) təyin olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrində səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməsi qeyd edilməli idi. Bunun üçün kifayət qədər əsaslar da var idi. Belə ki, o hələ 2011-ci ildən özünü xəstə hesab edir və 2014-cü ilin fevral ayında Türkiyə Respublikası Gülhanə X3 cərrahiyyə əməliyyatına məruz qalmışdır. Həmçinin 2010-cu ildən şəkərli diabet xəstəsidir (əsas: AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 116 №-li, xx.xx.2015ci il tarixli xəstəlik haqqında şəhadətnaməsi). Bu halda ona təyin edilmiş pensiya daha yüksək olan AR Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsinin vəzifə maaşı əsas götürülməklə təyin edilərdi. Hal-hazırda ona Silahlı Qüvvələrin Akademiyasının “Hərb məharəti” kafedrasının hərb məharəti silsiləsinin dosenti vəzifəsinin vəzifə maaşı əsas götürülməklə pensiya təyin edilmişdir ki, bununla da razı deyil. Barəsində baş vermiş qanunsuzluğun və ədalətsizliyin aradan qaldırılması məqsədi ilə AR Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad olunduqdan sonra aşağı vəzifəyə (Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Hərb məharəti” kafedrasının hərb məharəti silsiləsinin dosenti vəzifəsinə) təyin olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrində müvafiq dəyişiklik edilərək səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməsinin göstərilməsi barədə qərar qəbul edilməsi xahişi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xıdmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 165-ci maddəsinə əsasən Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Hazırki halda mübahisə predmeti Azərbaycan Respublikası müdafiə nazirinin 14 avqust 2015-ci il tarixli 0474 nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. İddia tələbi xarakterinə görə mübahisələndirmə haqqında iddia növünə aiddir və mübahisələndirmə haqqında iddianının mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri-iddia qaldırmaq səlahiyyətinin olması (İPM-in 35.1-cı maddəsi) və iddia müddətinə riayət edilməsi (İPM-in 38.1-ci maddəsi) mövcüd olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibatı aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərmişdir kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Mübahisələndirilən inzibati akt-Azərbaycan Respublikası müdafiə nazirinin 0474 nömrəli əmridir. Əmr isə 14 avqust 2015-ci il tarixlidir. İddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün yəni 14 sentyabr 2015-ci il tarixdə bilmiş və iddiaçı isə məhkəməyə Azərbaycan Respublikası müdafiə nazirinin 14 avqust 2015-ci il tarixli 0474 nömrəli əmrin mübahisələndirilməsi barədə ərizəni isə 2024cü ilin yanvar ayının 5-də təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. İşin araşdırılması prinsipi həm mümkünlük, həm də əsaslılıq hallarına aiddir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1,47.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra zabitinin vəzifədən azad edilməsi haqqında xx.xx.2015-ci il tarixli 1353 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alınmışdır: 1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı zabitləri tutduqları vəzifələrdən azad edilsinlər: 1.1. General-mayor İddiaçı - Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kollegiyasının İclasının 13 avqust 2015ci il tarixli 02 nömrəli Protokolundan görünür ki, Kollegiyanın iclasında iştirak edirdilər: general-mayor İddiaçı - Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi. Gündəlik: “Müdafiə Nazirliyində rəhbər vəzifələrə təyinatlar”, Çıxış etdilər: ilk növbədə aşağıda adları qeyd olunan şəxslərin Müdafiə Nazirliyinin müvafiq rəhbər vəzifələrindən azad olunmaları və sərəncama çıxarılmaları barədə Kollegiya üzvlərinə təklif etdi: 1. general-mayor İddiaçı - Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi. Müdafiə Nazirliyinin 13 avqust 2015-ci il tarixli X4 Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi İddiaçı tərəfindən razılaşdırılıb imzalanmışdır. Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin baş Qərargah rəisinin Müdafiə Nazirinə ünvanladığı xx.xx.2015-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli 0474 nömrəli əmri ilə xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikası Silahı Qüvvələrinin Hərbi Akademiyasının Hərbi məharəti kafedrasının hərbi məharət silsiləsinin dosenti vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin xx.xx.2015-ci il tarixli, 155 nömrəli Təyinat vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Silahlı Qüvvələrin Hərbi Akademiyasına hərbi xidməti davam etdirmək üçün getməyi əmr edilmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 0474 nömrəli Əmri . 23 noyabr 2015-ci il tarixli 116 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, İddiaçı Müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş idarəsinin rəisinin xx.xx.2015-ci il tarixli 1/6454 nömrəli göndərişi ilə SQ BKH cərrahiyyə profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Anemnezi: deməsinə görə özünü üç ildir ki, xəstə hesab edir. Xəstəliyi sağ diz oynağında olan şişkinliklə başlamışdır. 2014-cü ilin fevral ayında Türkiyə Respublikası Gülhanə X3 sağ diz oynağının artroskopik meniskektomiya cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra da ağrıları davam etdiyi üçün xx.xx.2015-ci il tarixdə Almaniya Federativ Respublikasında sağ diz oynağının içəri səthlərinin hissəvi sum oynaqla əvəz olunması cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Müalicə bərpa kursu aparılmışdır. 5 ildir ki, şəkərli diabet xəstəsidir. Dieta ilə kompensasiya əldə olunmuşdur. Əvvəllər şəhadətləndirilməmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Rəisinin 25 yanvar 2017-ci il tarixli, 15 nömrəli Əmrindən Çıxarışda qeyd edilmişdir ki, General-mayor İddiaçı, Hərb məharəti kafedrasının Hərb məharəti silsiləsinin dosenti, 25 yanvar 2017-ci il tarixdən öz işlərini və vəzifəsini qəbul etmiş hesab edilsin. Əsas: General-mayor İddiaçı xx.xx.2017-ci il tarixli raportu. Azərbaycan Respublikasının Prezidentinin 22 avqust 2017-ci il tarixli 3188 nömrəli Sərəncamı ilə general-mayor İddiaçı hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində dosenti vəzifəsindən ehtiyata buraxılması qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 2511 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin xx.xx.2023-cü il tarixli 3-25-4/2-6141/2023 №-li məktubunuza cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kollegiyasının iclasının xx.xx.2015-ci il tarixli 02 №-li protokolundan general-mayor İddiaçı Möhsüm oğluna aid hissənin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kollegiyasının xx.xx.2015-ci il tarixli 02 №-li qərarının təsdiq edilmiş kserosurətini ünvanınıza göndəririk. Qeyd edirik ki, general-mayor İddiaçı Möhsüm oğlunun ehtiyata buraxılmasına dair raportun qeydiyyatdan keçməsi barədə məlumat (müsbət halda jurnalda olan müvafiq qeydlərlə vərəqlərin və raportun surətləri) Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün barəsində tərtib edilmiş yeni məlumat vərəqinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi inspeksiyasının rəisi vəzifəsinin vəzifə maaşı göstərilmək şərti ilə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-1976/2018 saylı 10 aprel 2018ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1508/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-1976/2018 saylı 10 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-15/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1 (103)- 1508/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərarı ləğv edilmiş və İddiaçı iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-25-4/2-6401/2023 nömrəli məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisinə ünvanlanmış həqiqi hərbi xidmətdə olarkən aşağı vəzifəyə təyin olunmağınızla bağlı qəbul edilmiş qərarda dəyişiklik edilməsinə dair ərizənizə baxılmışdır. Müraciətdə göstərilən xüsusatların dəqiqləşdirilməsi üçün verilmiş sorğularımız əsasında aşağıdakılar müəyyən edilmişdir. Müdafiə nazirinin Katibliyi İşlər İdarəsinin xx.xx.2023-cü il tarixli 2/2079 nömrəli məktubunda 2015-ci il üzrə daxil olan sənədlərin qeydiyyatı kitabı və Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsi məsələləri üzrə yazışmalar qovluğunun Azərbaycan Respublikası müdafiə nazirinin 5 mart 2020-ci il tarixli qərarına əsasən məhv edilməsi və bu səbəbdən Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində həqiqi hərbi xidmətdə olarkən 2015-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq ehtiyata buraxılmasına dair raportla müraciət etməyinizlə bağlı məlumatın verilməsinin mümkün olmadığı göstərilmişdir. Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının xx.xx.2023-cü il tarixli 1/328 nömrəli məktubunda inspeksiyanın 2015-ci il üzrə "Daxil olan xidməti sənədlərin uçotu jurnalı”nın, “Azərbaycan Ordusunun fəaliyyəti prosesində yaranan sənədlərin saxlama müddətləri göstərilmiş siyahTnın tələblərinə əsasən, saxlama müddəti başa çatdığına görə (beş il) məhv etmə aktına əsasən məhv edildyi üçün ehtiyata buraxılmağınıza dair müraciət etməyiniz ilə əlaqədar sorğumuzun cavablandırılmasının mümkünsüzlüyü qeyd edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2511 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kollegiyasının xx.xx.2015-ci il tarixli iclasının protokolundan və qərardan Sizin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad olunmağınız və sərəncama çıxarılmağınıza dair qərarın qəbul edildiyi görünür. Eyni zamanda, göstərilən məsələ ilə bağlı təklif müzakirə olunarkən heç bir mövqe bildirməməyiniz müəyyən olunmuşdur. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 14/6167 nömrəli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Müdafiə nazirinə ünvanlanmış xx.xx.2015-ci il tarixli raportuna əsasən xidməti zərurətlə əlaqədar olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Hərb məharəti kafedrasının hərb məharəti silsiləsinin dosenti vəzifəsinə təyinatınız təklif olunmuş və Müdafiə nazirinin həmin tarixli müvafiq nömrəli əmrilə qeyd olunan vəzifəyə təyin olunmuşunuz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qanunvericilikdə göstərilmiş qaydada məhkəməyə müraciət etmək hüququnuzun olduğu halda, müvafiq vəzifəyə təyin olunmağınızla bağlı qəbul edilmiş qərar müəyyən edilmiş müddət ərzində tərəfinizdən mübahisələndirilməmişdir. Beləliklə, sonuncu xidmət üzrə yerdəyişməyiniz zaman səhhətinizlə əlaqədar ehtiyata buraxılmağınıza əsas yaradan sənədin mövcudluğu müəyyən olunmadığından, habelə qüvvədə olan qanunvericiliyin, hüquqlarınızın pozulması hallarına yol verildiyi aşkar edilmədiyindən, hazırda xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməyinizlə bağlı qeydin müvafiq əmrə daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilən hər hansı bir nəticə ilə razı olmadıqda, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət etmək hüququnun olması Sizə izah olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının əmrin dəyişdirilməsi tələbi İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi əmrin dəyişdirilməsinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, sözügedən xx.xx.2015-ci il tarixli 0474 nömrəli əmr barədə iddiaçının uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. Belə ki, iddiaçı xx.xx.2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilmiş, özünün bilavasitə iştirakı ilə keçirilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kollegiyasının iclasının xx.xx.2015-ci il iclasında general-mayor İddiaçı Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad olunması və sərəncama çıxarılması Kollegiya üzvlərinə təklif edilmiş və təklif yekdilliklə qəbul edilmişdir. İddiaçı Azərbaycan Respubliaksı Prezidentinin xx.xx.2015-ci il tarixli 1353 nömrəli Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş İnspeksiyasının rəisi vəzifəsindən azad edilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli 0474 nömrəli əmri ilə xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikası Silahı Qüvvələrinin Hərbi Akademiyasının Hərbi məharəti kafedrasının hərbi məharət silsiləsinin dosenti vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 22 avqust 2017-ci il tarixli 3188 nömrəli Sərəncamı ilə general-mayor İddiaçı hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində dosenti vəzifəsindən ehtiyata buraxılmış və ona tutduğu axırıncı vəzifənin təminat xərcliyi əsasında pensiya təyin edilmişdir. İddiaçı qeyd edir ki, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad edilərkən səhhətini əsas gətirərək “öz arzusu” ilə ehtiyata buraxılmağını xahiş etsə də, müraciətinin nəzərə alınmadığı, xx.xx.2017-ci il tarixdə “hərbi məharət” kafedrasının dosenti vəzifəsindən ehtiyata buraxılmaqla həmin vəzifənin vəzifə maaşı əsas götürülməklə pensiya təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən ehtiyata buraxılmağı barədə müraciəti qanunauyğun olaraq baxılaraq müsbət həll olunmuş olsaydı, bu halda ona təyin edilmiş pensiya daha yüksək olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsinin təminat xərcliyi əsas götürülməklə təyin edilərdi. Hazırkı iddiasında iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsi ilə nəzərdə tutulmuş mövqedən çıxış edərək (səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.) Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli 0474 nömrəli əmrinə dəyişiklik edilməsini, əmrin hərbi məharəti kafedrasının hərbi məharət silsiləsinin dosenti vəzifəsinə təyin edilməsinin əsası kimi “xidməti zərurətlə əlaqədar” ifadəsinin “səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə” şəklində dəyişdirilməsini mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirdiyi əmrdən ən tezi özünün iştirakı ilə baş tutmuş kollegiya iclasında Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad olunmasının müzakirəsindən sonra xx.xx.2015-ci il tarixli 0474 nömrəli əmrin verildiyi və həmin əmrlə xx.xx.2015-ci il tarixli, 155 nömrəli təyinat vərəqəsi ilə müvafiq Silahlı Qüvvələrin Hərbi Akademiyasına hərbi xidməti davam etdirmək üçün getdiyi vaxtdan məlumatlı olmuşdur. Təqdim edilmiş xx.xx.2015-ci il tarixli 116 nömrəli xəstəlik haqqında şəhadətnamədə iddiaçının xx.xx.2015-ci il tarixdə Almaniya FR-da sağ diz oynağının içəri səthlərinin hissəvi oynaqla əvəz olunması cərrahiyyə əməliyyatı icra olunduğu, əvvəllər şəhadətləndirilmədiyi, yalnız xx.xx.2015-ci il tarixdən (vəzifəsi dəyişdirildikdən sonra) SQ Baş Klinik Hospitalında müayinə və müalicədə olduğu qeyd edilmişdir. Eyni zamanda işdən müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati Məhkəməsində iddia qaldırarkən iddia ərizəsində hazırkı iddiadakı halları sadalamış, xx.xx.2015-ci il tarixdə AR Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad edildiyini, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad edilərkən səhhətini əsas gətirərək “öz arzusu” ilə ehtiyata buraxılmağını xahiş etsə də, müraciətinin nəzərə alınmadığı, xx.xx.2017-ci il tarixdə “hərbi məharət” kafedrasının dosenti vəzifəsindən ehtiyata buraxılmaqla həmin vəzifənin vəzifə maaşı əsas götürülməklə pensiya təyin edildiyi, xx.xx.2015-ci il tarixdə onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən ehtiyata buraxılmağı barədə müraciəti qanunauyğun olaraq baxılaraq müsbət həll olunmuş olsaydı, bu halda ona təyin edilmiş pensiya daha yüksək olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsinin təminat xərcliyi əsas götürülməklə təyin edilə biləcəyini, lakin tərxis olunduqdan sonra Silahlı Qüvvələrin Akademiyasının hərbi məharət kafedrasının dosenti vəzifəsinin vəzifə maaşı əsas götürülməklə pensiya təyin edildiyini qeyd etmişdir. Həmçinin, həmin iddia üzrə qəbul edilmiş Ali Məhkəmənin 2-1(102)-15/2019 saylı 12 fevral 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Cavabdehin bildirməsinə görə iddiaçı ölkə Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə tutduğu vəzifədən azad edilmiş, müdafiə nazirinin 14 avqust 2015-ci il tarixli əmri ilə sərəncama götürülmüş, 14 avqust 2015-ci il tarixli digər əmri ilə Silahlı Qüvvələr Akademiyasının “hərbi məharət” kafedrasında dosent vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixli əmrlə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 40.1 və 41.0.3 maddəsinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsində nəzərdə tutulan hal olmamış, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən Silahlı Qüvvələr Akademiyasının “hərbi məharət” kafedrasında dosent vəzifəsinə səhhəti və ya yaşı ilə əlaqədar keçirilməmişdir.” Göründüyü kimi iddiaçı xx.xx.2018-ci il tarixdə məhkəməyə iddia təqdim edərkən barəsində olan xx.xx.2015-ci il tarixli 0474 nömrəli əmrin qəbul edildiyini, həmin əmrdə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad edilməsi və Silahlı Qüvvələrin Akademiyasının hərbi məharət kafedrasının dosenti vəzifəsinə təyin edilməsini “səhhəti ilə bağlı olmadığını” bilmiş, eyni zamanda Ali Məhkəmənin 2-1(102)-15/2019 saylı 12 fevral 2019-cu il tarixli qərarında iddiaçının pensiya təminatında “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsində nəzərdə tutulan halın olmadığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən Akademiyanın “hərbi məharət” kafedrasında dosent vəzifəsinə səhhəti ilə əlaqədar keçirilmədiyi və bu əsasdan iddia tələbinin təmin edilmədiyi ilə tanış olmuş və nəticə etibarı ilə pensiya təminatında hüquqi marağının sözügedən MN-nin xx.xx.2015-ci il tarixli 0474 nömrəli əmrinin dəyişdirilməsi ilə əhatə olunduğunu bildiyi halda hazırkı tələblə yalnız xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Başqa sözlə, iddiaçı ən geci xx.xx.2019-cu il tarixdən mübahisələndirdiyi əmrdən və həmin əmrin məzmunundan məlumatlı olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən əmrin rəsmi olaraq təqdim olunmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq hesab edir ki, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan ən tezi xx.xx.2015-ci ildən və ən geci isə xx.xx.2019-cu il tarixdən məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini hər iki halda ötürməklə məhkəmədə iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin: -22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə iddia tələbi üzrə müddətin ötürülməsindən 9 ilə yaxın vaxt keçdiyini nəzərə alaraq iddiaçıya müddətin bərpası barədə ərizənin təqdim edilməsi barədə hüquqi yardım göstərilməsinə zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "əmrin dəyişdirilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar