Məhkəmə qərarları › İş №2-1(112)-5422/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5422/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5422/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Mamedovi Pakhradin (İddiaçı) etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh Azərbaycan Respublikasının inİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Mamedovi Pakhradin (İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə hüquqların qeydə alınaraq çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhər İcraiyyə Komitəsinin 01.04.1994-cü il tarixli 461 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsi üzərində hüquqların qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin bağ sahəsinə çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 113№-li kooperativin 27 saylı orderi ilə Ləhiş bağ sahəsində ona Bakı şəhər İcraiyyə Komitəsinin 01.04.1994cü il tarixli 461 saylı sərəncamı ilə 0,12 ha torpaq sahəsi olan 6097 a saylı bağ sahəsi ayrılmışdır. Həmin sərəncamın icrası ilə bağlı 18 fevral 2021-ci il tarixdə ərizə ilə cavabdeh quruma müraciət edib. 19 mart 2021-ci il tarixdə ona çıxarışın verilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır.

3. Cavabdeh qurum tərəfindən iddiaya verilən etirazda bildirilir ki, icarə müqaviləsi hazırda xarici ölkənin vətəndaşı olan şəxsin adınadır və bağ sahəsinin azalmasına dair razılıq ərizəsi təqdim edilməmişdir. Bundan əlavə, bağ sahəsi Bilgəh-Kürdəxanı dairəvi yolunun mühafizə zonasında yerləşir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçülərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli 11.09.2015-ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində müəyyən edilir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək edən bağ sahəsinin faktiki ölçüsü üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına etiraz etmədiyini bildirdi.

5. Məhkəmənin hazırki iş üzrə qərardadı ilə iddia tələbinin Bakı şəhəri Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsinin faktiki ölçüsü 831 kv.m. sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.

6. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar

8. Əsli məhkəmə iclasında tədqiq edilmiş və notariat qaydasında təsdiq edilmiş surəti iş materiallarına əlavə olunmuş Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatı inkişafı və istismarı birlilyi Ləhiş bağlar sahəsindəki 113№-li kooperativin 17 №-li orderinə əsasən Bakı şəhəri icraiyyə komitəsinin 01.04.1994-cü il tarixli 461 nömrəli qərarı ilə Ləhiş bağlar sahəsində 113 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 6097a №-li bağ İddiaçı ayrılmışdır.

9. Əsli məhkəmə iclasında tədqiq edilmiş və notariat qaydasında təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş arxiv arayışına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 461 №-li 01.04.1994-cü il tarixli Sərəncamına əsasən İddiaçı – Ləhic BTK№113 bağ 6097a saylı bağ sahəsi ayrılmışdır (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1998-ci il 6/333№-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195№-li qətnaməsinə əsasən; Əsas: Fond -478, siyahı-1, sax.vah-155).

10. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqəyə əsasən əcnəbinin Azərbaycan dilində soyadı və adı qrafasında: İddiaçı; ingilis dilində surname, given name qrafasında: Mamedov Phakhradin; doğulduğu yer və tarix Gürcüstan, 09.08.1957-ci il; vətəndaşlığı Gürcüstan qeyd edilmişdir.

11. Azərbaycan dilinə tərcümə edilərək notariat qaydasında təsdiq edilmiş doğum haqqında şəhadətnaməyə əsasən 09.08.1957-ci il təvəllüdlü Gürcüstanda doğulmuş İddiaçı atasının adı Agaməli Bahadur, anasının adı Hamzali Kimatdır.

12. Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinə əsasən iddiaçının şəxsi nömrəsi **********7 olmaqla adı Pakhradin, soyadı Mamedovi, Azərbaycan dilinə tərcümədə soyadı Məmmədov, adı Fəxriddin kimi tərcümə olunaraq notariat qaydasında təsdiq olunmuşdur. Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən verilmiş pasporta əsasən iddiaçının şəxsi nömrəsi **********7 olmaqla adı Pakhradin, soyadı Mamedovi, Azərbaycan dilinə tərcümədə soyadı Məmmədov, adı Fəxriddin kimi tərcümə olunaraq notariat qaydasında təsdiq olunmuşdur.

13. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, Ləhiş bağ massivi 6097a saylı bağ sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 1200 kv.m, faktiki sahəsi 831 kv.m. olmaqla 369 kv.m. azdır. Sözügedən bağ sahəsi yeni çəkilmiş yolun kənarında (5,0 m aralı məsafədə) yerləşir.

14. Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən yolun qorunma (mühafizə) zolagı barədə məktubuna əsasən, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 113 №-li kooperativin 17 saylı orderi ilə Ləhiş bağ sahəsindəki İddiaçı Bakı şəhəri İcraiyyə Komitəsinin 01 aprel 1994-cü il tarixli 461 nömrəli sərəncamı ilə 0,12 ha torpaq sahəsi olan 6097a saylı bağ sahəsi Bilgəh-Kürdəxanı dairəvi avtomobil yolunun (Bilgəh-Pirşağı avtomobil yolu) qorunma (mühafizə) zolağına düşən hissəsinin olub-olmaması barədə məlumat verilməsi ilə bağlı müraciətə aidiyyəti üzrə baxıldığı və “Avtomobil yollar haqqında” Azərbaycan Respublikasının Qanununun 15-1-ci maddəsinə əsasən (Avtomobil yollarının qorunma (mühafizə) zolaqları) Yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edildiyi bildirimişdir. Bu səbəbdən Bilgəh-Kürdəxanı dairəvi avtomobil yolu yaşayış məntəqəsindən keçdiyi üçün (Sabunçu rayonu) sözügedən torpaq sahəsinin (6097a saylı bağ sahəsi) yerləşdiyi ərazinə qorunma (mühafizə) zolağı nəzərə alınmır.

15. İddiaçı ilə X4 arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi notartiat qaydasında Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 3M-805 nömrə ilə qeyd olunaraq 01.05.2021-ci il tarixdə təsdiqlənmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindəki 6097a nömrəli bağ ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün öhdəlikləridir. Müqavilənin 2.2-ci bəndinə əsasən, “Alıcı” əmlakın bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətini, yəni 20.000 (iyirmi min) manatını “Satıcıya” notariusun bankdan açılan depozit hesabı vasitəsilə ödəyir, “Satıcı” isə həmin pulu qəbul edib torpaq sahəsinə hüquqmüəyyənedici sənədləri (çıxarış, texniki pasport) aldıqdan sonra əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi öhdəsinə götürür.

III.İddianın növü

16. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

19. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

21. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nə əsasən, (1) həmin sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir. (2). Nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Komitənin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. (3). Plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur.

22. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün təsviri inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış və plan və ölçü qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

23. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

25. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

IV. İddianın mümkünlüyü

26. Miqrasiya Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir.

27. Miqrasiya Məcəlləsinin 44.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).

29. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

30. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X3rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).

31. Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).

32. Məhkəmə qeyd edir ki, əcnəbinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi həmin şəxsin ölkə ərazisində şəxsiyyətini təsdiq edir və həmin vəsiqəyə əsasən, iddiaçının soyadı və adı İddiaçıdir (bax 10 və 27-ci bəndlər). Doğum haqqında şəhadətnaməsinə əsasən isə iddiaçının ata adı Bahadurdur (bax 11 bənd). Bu səbəbdən Ləhiş bağ massivindəki 6097a saylı bağa dair hüquqmüəyyənedici sənədlərin iddiaçıya məxsusluğunun məhkəmə qaydasında müəyyən edilməsi, bu səbəbdən iddianın mümkün sayılmaması ifrat formallıq hesab olunmaqla subyektiv hüquq və maraqların tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsinə zərər yetirmiş olar.

33. İddia mümkündür.

V. Məhkəmənin mövqeyi

34. Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü hissəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

35. Torpaq Məcəlləsinin 49-cu maddəsinə (Torpaq üzərində xüsusi mülkiyyət hüququ) əsasən:

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

3. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir.

4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

37. Cavabdeh qurum tərəfindən bildirilən etirazın dəlilləri məhkəmə tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, torpaq sahəsi yeni çəkilmiş yolun kənarında (5,0 m aralı məsafədə) yerləşsə də (bax 13-cü bənd), 6097a saylı bağ sahəsi yaşayış məntəqələrinin hüdudlarında yerləşdiyindən həmin yolda mühafizə zolağı nəzərə alınmır (bax 14-cü bənd). Belə ki, “Avtomobil yollar haqqında” Azərbaycan Respublikasının Qanununun 15-1-ci maddəsinə əsasən (Avtomobil yollarının qorunma (mühafizə) zolaqları) Yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Cavabdeh tərəfindən istinad edilən “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçülərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli 11.09.2015-ci il tarixli qərarına əsasən göstərilən ölçülər avtomobil yollarının qorunma (mühafizə) zolaqları müəyyən edildiyi təqdirdə nəzərə alınmalıdır.

38. İddiaçının əcnəbi olması səbəbindən onun adına mülkiyyət hüquqlarının qeydə alınmasının yolverilməzliyinə münasibətdə məhkəmə qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir (bax 35ci bənd). Həmin normaya əsasən torpaq sahəsi torpaq vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçdiksə bir il müddətində əcnəbinin mülkiyyətində qala bilər. Məhkəmə hesab edir ki, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələri əvəzsiz qaydada vətəndaşların mülkiyyətinə verilmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən (vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi) vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən torpaq sahəsi əvəzsiz olaraq ona verildiyindən mülkiyyət hüquqlarının qeydə alınmasına iddiaçının qanuni gözləntisi vardır. Belə ki, X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

39. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic );

40. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı)

41. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı ilə Azərbaycan Respublikası vətəndaşı arasında torpağın alqı-satqısına dair əsas müqavilənin imzalanmasına dair razılaşma əldə edilərək ilkin müqavilə bağlanmışdır və torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı həyata keçirildikdən sonra özgəninkiləşdirilməsi razılaşdırılmışdır (bax 15-ci bənd). Azərnaycan Respublikasının Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.4-ci maddəsinə əsasən, İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.

42. Göründüyü kimi qanunverici də əcnəbinin mülkiyyətinə düşmüş torpaq sahəsinin özgəninkiləşdirmə niyyətinin bəyanı kimi (məsələn ilkin müqavilənin bağlanması) hüquqi alətləri mümkün sayır. İlkin müqavilə əsas müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır və bu, bu müddət torpaq sahəsinin əcnəbinin mülkiyyətində qalmasına qanunvericinin yol verdiyi müddətlə üst-üstə düşür (bax 35-ci bənd).

43. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının əcnəbi olmasına baxmayaraq, adına qeyd edilən 6097a saylı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydiyyatının Torpaq Məcəlləsinin 49-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olduğunu hesab edir (bax 35-42-cı bəndlər).

44. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı tərəfindən torpaq sahəsinin faktiki ölçülərinə uyğun olaraq qeydə alınması da mübahisələndirilmir (bax 5 və 13-cü bəndlər).

45. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

46. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

47. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

48. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

49. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsinin faktiki ölçüsü 831 kv.m. sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Mamedovi Pakhradin (İddiaçı) Bakı şəhəri Ləhiş bağ massivində yerləşən 6097a saylı bağ sahəsinin faktiki ölçüsü 831 kv.m. sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar