Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5422/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrdə müvafiq dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun N №-li hərbi hissəyə bölmə rəisi vəzifəsinə təyin oluması haqqında Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli 0184 nömrəli əmrində müvafiq dəyişiklik edilərək səhhəti ilə əlaqədar xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək N №-li hərbi hissədə zabit kimi hərbi xidmət keçmişdir. O, N №-li hərbi hissədə bölmə rəisinin baş köməkçisi vəzifəsində xidmət keçərkən xx.xx.2023-cü il tarixdə heç bir əsas olmadan aşağı vəzifəyə - N №-li hərbi hissədə bölmə rəisi vəzifəsinə keçirilmiş və həmin vəzifədən də ehtiyata buraxılmışdır. Nəticədə ona aşağı vəzifənin vəzifə maaşı əsas götürülməklə pensiya təyin olunmuşdur. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən onun aşağı vəzifəyə keçirilməsi haqqında müvafiq əmrdə dəyişiklik edilərək səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsi qeyd olunmalıdır: 1. o, dəfələrlə səhhətini əsas gətirərək aşağı vəzifəyə keçirilməsini xahiş etmişdir, 2. səhhətində baş verən problemlərlə əlaqədar o, bir neçə dəfə sıra düzülüşlərinə gecikmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə cərrahi əməliyyat olunmuş, 44 günlük “Vətən Müharibəsində” xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu ərazisində “barotravma” xəsarəti almış, xx.xx.2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən “Partlayış travması, Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vəziyyət” xəsarəti almış, aldığı travmalarla əlaqədar tez-tez psixoloji sarsıntılar keçirmiş, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə çətinlik çəkmişdir (əsas: 9851 №-li, xx.xx.2023-cü il tarixli “X1”). Hesab edir ki, onun səhhətindəki problemlər və əvvəlki müraciətləri nəzərə alınmaqla N №-li hərbi hissəyə aşağı vəzifəyə təyin olunması haqqında Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli müvafiq nömrəli əmrində müvafiq dəyişiklik edilərək səhhəti ilə əlaqədar xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsi göstərilməlidir. Bununla əlaqədar o cavabdehə müraciət etsə də ona xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabını əsassız və qanunsuz hesab edir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-25-4/2-5973/23 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Sorğu əsasında əldə edilmiş N nömrəli hərbi hissənin müvafiq məktubunda xidmətə məsuliyyətinin aşağı səviyyədə olması, tutulan iradlara rəğmən tez-tez intizamsızlıqlara yol verməsi, mütəmadi olaraq sıra düzülüşlərinə gecikməsi və üzürlü səbəb olmadan xidmət yerinə gəlmədiyi, xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədə xidmət etdiyi müddətdə bilik və bacarığı ilə həmin vəzifəni əhatə etməməyi və xidməti vəzifələrinin icrası zamanı ciddi nöqsanlara yol verdiyi barədə məlumatlar qeyd edilmişdir. Eyni zamanda məktubda dəfələrlə, xx.xx.2023-cü il tarixdə xidmət yerinə gəlmədiyinə görə “Şiddətli töhmət”, xx.xx.2023-cü il tarixdə xidmət yerinə təyin olunmuş vaxtdan xeyli gec gəldiyinə görə “xəbərdarlıq”, hərbi hissə komandirinin N nömrəli xx.xx.2023-cü il tarixli əmri ilə “Şiddətli töhmət”, xx.xx.2023-cü il tarixdə xidmət yerinə gəlməyərək xx.xx.2023-cü il tarixdə qayıtdığına görə “Şiddətli töhmət” intizam cəzaları verilməsi və komandanlığın göstərdiyi yüksək etimadı doğrultmadığı bildirilmişdir. N nömrəli hərbi hissədə xidmətin tələblərinə cavab vermədiyini nəzərə alaraq, xidmət yerinin digər qoşunlara dəyişdirilməsi barədə qərar qəbul edilməklə, yuxarıda göstərilən halları ehtiva edən həmin hərbi hissənin müvafiq təqdimatı əsasında, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 23 iyun 2023-cü il tarixli müvafiq nömrəli əmri ilə N nömrəli hərbi hissədə bərabər vəzifəyə təyin edilmişdir. Bildirilir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə əsasən hərbi qulluqçuların bərabər vəzifələrə xidmət yerinin dəyişilməsi xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün həyata keçirilir. Həmin maddənin ikinci abzasına əsasən hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir. Həmin Əsasnamədə hərbi qulluqçuların bərabər vəzifəyə xidmət yerinin dəyişdirilməsi zamanı onlara əvvəlcədən xəbərdarlığın edilməsini və ya onlarla razılaşdırılmasını nəzərdə tutan norma mövcud deyil. Bununla da, xidmət yerinin dəyişdirilməsi zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilmədiyi üçün müvafiq əmrin dəyişdirilməsinə əsas yoxdur. Göstərilən hər hansı bir nəticə ilə razı olmadıqda, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət etmək hüququnun olması izah olunmuşdur. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, hazırkı halda mübahisə predmeti Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 23 iyun 2023-cü il tarixli 0184 nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. İddia tələbi xarakterinə görə mübahisələndirmə haqqında iddia növünə aiddir və mübahisələndirmə haqqında iddianının mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri-iddia qaldırmaq səlahiyyətinin olması (İPM-in 35.1-ci maddəsi) və iddia müddətinə riayət edilməsi (İPM-in 38.1-ci maddəsi) mövcüd olmalıdır. Mübahisələndirilən inzibati akt - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 0184 nömrəli əmri 23 iyun 2023-cü il tarixlidir. İddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün yəni 23 iyul 2023cü il tarixdə bilmiş və iddiaçı isə məhkəməyə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 23 iyun 2023-cü il tarixli 0184 nömrəli əmrin mübahisələndirilməsi barədə ərizəni isə 2024-cü ilin yanvar ayının 5-də təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. Cavabdeh məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə araşdırması zamanı, iş materiallarına və iddia ərizənizə əsasən müəyyən olmuşdur ki, mübahisəli xx.xx.2023-cü il tarixli 0184 nömrəli əmrdən daha öncə məlumatlı olduğu halda, qanunla müəyyən edilmiş 30 günlük müddəti buraxmaqla xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmihdir. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı 3-25-4/2-5973/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, hətta məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müvafiq tələblə müraciət edərək əmrin ona aid hissədə ləğv edilməsini tələb etmişdir. Eyni zamanda iş materiallarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 0867 nömrəli əmri ilə ehtiyata buraxılarkən mübahisəli əmrdə göstərilən vəzifəni artıq uzun müddət tutmaqda olmuş, sonuncu əmrlə həmin vəzifədən ehtiyata buraxılmışdır. Bu isə onu deməyə əsas verir ki, mübahisələndirilən əmrdən daha əvvəl məlumatlı olmasına baxmayaraq İPM-də nəzərdə tutulmuş müddətlərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, iddiaçıya İPM-in 24-cü maddəsində nəzərdə tutulmuş, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş və yuxarıda göstərilənlərə münasibət bildirməsi təklif edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, onun tərəfindən iddianın verilməsi üçün prosessual müddət buraxılmışdır. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia müddəti bərpa olunmalıdır. O, xx.xx.2023-cü il tarixdə aşağı vəzifəyə keçirilmişdir. Sağlamlıq vəziyəti isə xx.xx.2023-cü il tarixdə şəhadətləndirilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Mərkəzi Hərbi Hospitalında müalicədə olmuşdur. Yuxarıda göstərilənlərə əsasən buraxılmış iddia müddətinin bərpa olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı izahatında iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixli 0184 nömrəli əmrdən daha əvvəl məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məcəllənin 24.4-cü maddəsinə görə isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçıya məhkəmə tərəfindən yazılı şəkildə hüquqi yardım göstərilməklə dinlənilmə hüququ təmin edilmiş, qanunvericiliyin yuxarıda qeyd olunan normaları məhkəmə iclasında iştirak edən iddiaçıya izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və bununla da iddiaçıya məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilməsi tamamlanmışdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının N nömrəli hərbi hissəyə bölmə rəisi vəzifəsinə təyin olunması haqqında xx.xx.2023-cü il tarixli 0184 nömrəli əmrdə müvafiq dəyişiklik edilərək səhhəti ilə əlaqədar xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3.
Məhkəmə qərarları › İş №2-1(112)-5422/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5422/2024
09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver