Məhkəmə qərarları › İş №2-1(112)-5423/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5423/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5423/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı və X6 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “yaşayış yeri üzrə qeydiyyatlarının bərpa olunması” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “yaşayış yeri üzrə qeydiyyatın bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, əri X6, övladları X7 və X8 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən evə pasport qeydiyyatlarının bərpa edilmələri ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddia ərizəsində (giriş hissəsində) iddiaçı qismində X6 da qeyd olunmasının qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçılardan İddiaçı xx.xx.1973cü il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatsız olaraq yaşayır. Həmin ünvanda yerləşən ev onun mülkiyyətindədir. O, sözügedən ünvanda yerləşən mənzili aldıqdan sonra 149 saylı MKİS-ə müraciət etmiş, o, və ailə üzvləri qeydiyyata alınmışdır. Lakin, bir müddət sonra naməlum səbəblərdən qeydiyyatdan çıxarıldıqlarını öyrənmişdir. o, yəni İddiaçı, əri X12, övladları X13 və X14 hal-hazırda heç bir yerdə pasport qeydiyyatında deyillər, bu isə onlara bir sıra narahatçılıqlar yaradır. O, və ailə üzvləri yaşayış yeri üzrə qeydiyyatlarını bərpa etdirmək üçün Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etsələr də, qanuni müraciətləri cavabsız qalmışdır. Elə ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçının nümayəndəsi və vəkilini dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Səbail RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, İddiaçı (xx.xx.2013-cü il AZE № 0*******), X12 (xx.xx.2013-cü il AZE № 07778933) və 2004-cü il təvəllüdlü X13 (xx.xx.2018-ci il AZE № 18210026) ünvan 1 ünvanında qeydiyyatda olmuşlar. Bakı şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 25 №li xx.xx.2015-ci il tarixli və 01 saylı xx.xx.2019-cu il tarixli arayışlarından müəyyən olunur ki, X12 xx.xx.2013-cü ildən hal-hazıradək 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə (arvadı İddiaçı, oğlanları X13 və X14) icarədarı X3 olmuş ünvan 3 ünvanında yaşayırlar. Bakı şəhəri Səbail RPİ-nin QŞVŞ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, İddiaçı, X12, X13 və X14 xx.xx.2013-cü ildən xx.xx.2018-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olmuşlar. Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən (AZ-İ seriyalı 077280 №li) müəyyən olunur ki, X12 ilə X2 2004-cü ilin aprel ayının 16-cı günündə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən (İ-ИЕ 212784) görünür ki, X6 anası kimi X3 qeyd olunmuşdur. Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş (təkrar) ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən (AZ-İİ seriyalı 120418 №li) müəyyən olunur ki, X3 xx.xx.2006-cı ildə ölmüşdür. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş polis idarəsi tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 049-53578/3M-3219 saylı məktubda sonuncuya bildirilmişdir ki, X4 müraciəti əsasında aparılmış xidməti araşdırma zamanı hazırki iş üzrə iddiaçının və onun ailə üzvlərinin ünvan 1 ünvanına Cavabdeh qeydiyyat məsələləri bölməsinin əməkdaşları tərəfindən əsassız olaraq Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla qeydiyyata alındıqları müəyyən olunduğundan həmin idarə tərəfindən qeydiyyatları ləğv olunmuş, qeydiyyatı həyata keçirən əməkdaş intizam məsuliyyətinə cəlb olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışlardan müəyyən olunur ki, İddiaçı, X12, X13 və X14 xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmışlar. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Bakı şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 149 saylı mənzil kommunal istismar sahəsi tərəfindən verilmiş 58 №li xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, A.İsmayılzadə küçəsi özü/tikmə 38 a balansda deyil, məişət tullantılarının daşınması haqqında məlumat vərəqi mərhum X1 adınadır. Bakı şəhər Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 065-29751-1220 saylı məktubda Səbail RPİ-nin Q və ŞVŞ-nin baş inspektoru Bəxtiyar Aslanovun DİN-nin 2010-550 nömrəli əmri ilə təsdiq edilmiş Təlimatın tələblərini pozaraq yeni yaşayış yeri üzrə qeydiyyata alınma barədə müraciət edən vətəndaşlardan yaşayış sahəsinə köçməyə əsas verən sənədləri tələb etmədən vətəndaşlar İddiaçı və X10 ünvan 6 38 a ünvanına əsassız olaraq yaşayış yeri üzrə qeydiyyata almaqla haqlı şikayətə zəmin yaratması müəyyən edilmiş, göstərilən məsələ üzrə Bakı şəhəri BPİ-nin Qeydiyyat və X5 araşdırma aparılmışdır. Aparılmış araşdırmanın nəticəsi olaraq Bakı şəhəri BPİ-nin Q və ŞVİ-nin xx.xx.2018-ci il tarixli, 049-1295-1218 N°-li məktubuna əsasən vətəndaşlar İddiaçı və X15 xx.xx.2018-ci il tarixdə Səbail rayonu, A.İsmayılov küçəsi ev Ö/T 38 a ünvanından qeydiyyatdan çıxarılmışlar. İş materiallarında olan rabitə (“xxxxxxxx” MMC AZ 1003) qəbzindən müəyyən olunur ki, iddiaçı hazırki tələbə xx.xx.2020-ci il tarixdə cvabdeh inzibati orqana müraciət etmiş, lakin etdiyi müraciəti sonunci tərəfindən cavablandırılmamışdır Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsaslıdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. İddiaçıların və onların yetkinlik yaşına çatmayan uşaqlarının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanuni əsaslar olmadığı halda cavabdeh inzibati orqan onları qeydiyyatdan çıxarmaqla qanunvericiliyin yuxarıda qeyd oluan tələblərini tələblərini pozmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçılar İddiaçı və X6 və onların yetkinlik yaşına çatmayan uşaqları X13 və X8 ünvan 3 ünvanına qeydiyyatlarının bərpa olunması vəzifəsi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı və X6 və onların yetkinlik yaşına çatmayan uşaqları- xx.xx.2004cü il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X8 ünvan 3 ünvanına qeydiyyatlarının bərpa olunması vəzifəsi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar