Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5424/2022 29.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə mərhum atası X1 adına Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivindəki 25 saylı evə mülkiyyətə dair çıxarış vermək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yerli icra hakimiyyətinin sərəncamına əsasən fərdi yaşayış evinin iddiaçının mərhum atasının adına sənədləşdirilməsinə icazə verilmişdir.Atasının ölümündən sonra isə əmlak miras qalmışdır. Bundan sonra iddiaçı ərizə ilə cavabdehə müraciət edilmiş və mərhumun adına arayış (çıxarış) verilməsi xahiş edilmişdir. Lakin cavabdeh müraciəti üzrə rəsmi cavab verməmişdir. Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədər təqdim edilməmişdir. Həmçinin, X2 məxsus fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə Sabunçu rayon İcra Hakimiyyəti başçısının 717 nömrəli Sərəncamı 08 noyabr 2007-ci il tarixli olmaqla, həmin Sərəncamda istinad olunan “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanının Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşları yaşadıqları tikillilərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsinin təmin edilməsi barədə” 7-ci və 8-ci bəndləri xx.xx.2006-cı il tarixli 412 nömrəli Fərmana əsasən qüvvədən düşmüş hesab edilmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi 2 №-li Tərəvəzçülük Südçülük sovxozunun ərazisində yerləşir. Bundan sonra iddiaçı iddia tələbiə dəqiqləşmə verərək məhkəmədən Bakı şəhəri, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivindəki 25 saylı evə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iddiaya münasibətdə cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün 3 əsas gətirir:
1. Sabunçu rayon İcra Hakimiyyəti başçısının 717 nömrəli Sərəncamının 08 noyabr 2007-ci il tarixli olması;
2. Torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi;
3. Torpaq sahəsinin 2 №-li Tərəvəzçülük Südçülük sovxozunun ərazisində yerləşməsidir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların mərhumun adına əmlaka dair arayışın (çıxarışın) verilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlak üzərində dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əhatə olunur ki, bu sənədlərdən biri də icra hakimiyyəti tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar təşkil edir. İşin faktiki hallarından görünür ki, iddiaçının fərdi yaşayış evinə münasibətdə təqdim etdiyi hüquqmüəyyənedici sənəd qismində yerli icra hakimiyyəti orqanının sərəncamı çıxış edir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının 717 saylı, 08 noyabr 2007-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhəri, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində 2 otaqlı, tikinti sahəsi 101,8 m2, ümumi sahəsi 78,01 m2 , yaşayış sahəsi 34,96 m2, təsərrüfat otağının sahəsi 18,24 m2, açıq eyvan sahəsi 17,01 m2 olan 1200 m2 torpaq sahəsində tikilmiş 25 saylı evə vətəndaş X1 adına texniki pasport və qeydiyyat vəsiqəsinin icazə verilməsi qərara alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən vətəndaş X1 adına həmin evə texniki pasportun və qeydiyyat vəsiqəsinin verilməsi xahiş olunmuşdur. Nəzərə alınmalıdır ki, hal-hazırda iddiaçıya daşınmaz əmlakın mərhuma məxsus olması haqqında arayışın (çıxarışın) verilməsindən imtinanın əsasında yerli icra hakimiyyəti orqanının 717 saylı sərəncamının xx.xx.2006-cı il tarixdən sonra qəbul edildiyi dayanır. Belə ki, cavabdeh qeyd edir ki, həmin Sərəncam,Sərəncamda istinad olunan “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanının 7-ci və 8-ci bəndləri qüvvədən düşdükdən sonra qəbul edilmişdir. Lakin, cavabdeh göstərilən imtinanı məktubda və etirazda qeyd etsə də nəzərə almamışdır ki, 2007-ci il tarixli sərəncamın əsasında Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 saylı Fərmanının və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 249 saylı, xx.xx.2002-ci il tarixli Sərəncamı dayanır. Məhkəmə qeyd etmək istəyir ki, müvafiq araşdırma zamanı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 249 saylı, xx.xx.2002-ci il tarixli Sərəncamı müəyyən olunmasa da, bu hal vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, hazırki mübahisənin hüquqi əsasını məhz “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanı təşkil edir. Belə ki, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanına əsasən Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması problemlərinin və bununla bağlı digər məsələlərin həlli məqsədilə aşağıdakilar qərara alınmışdır:
1. Etnik təmizləmə nəticəsində Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlılara Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası" əsasında verilən "Qaçqın" statusu öz qüvvəsində saxlanılsın;
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, müvafiq şəhər və rayon icra hakimiyyətləri, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Tikinti və Arxitektura Komitəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası, Bakı şəhəri və respublikanın digər rayonlarının ərazilərində qaçqınların məskunlaşdıqları yerlərdə ayrıayrı və imkan olduğu hallarda qaçqınların yığcam yerləşdirilməsi üçün qəsəbə şəklində fərdi yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin təqdim edəcəyi siyahı əsasında həmin ərazilərdə nəzərdə tutulmuş normalara uyğun müvafiq torpaq sahələrinin ayrılmasını təmin etsinlər. 7.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin.
8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu Fərmanın 2-ci bəndində göstərilən torpaq sahələrinin və onların üzərində yerləşən tikililərin digər qanuni mülkiyyətçilərinin olub-olmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsini iki ay müddətində təmin etsin. Azərbaycan Respublikasının Prezidentinin 25 may 2006-cı il tarixli 412 nömrəli Fərmanı ilə “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanının 7-ci və 8-ci bəndləri qüvvədən düşmüş hesab edilmişdir. Bəhs edilən müddəalardan görünür ki, Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması problemlərinin və bununla bağlı digər məsələlərin həlli məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 22 avqust 2001-ci il tarixdə Fərman imzalanmış, həmin Fərman əsasında torpaq sahələrinin və onların üzərində yerləşən tikililərin digər qanuni mülkiyyətçilərinin olub-olmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin iki ay müddətində rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə (yerli icra hakimiyyətləri orqanı ilə birlikdə) tapşırılmışdır. Məhkəmə diqqətə çatdırır ki,Azərbaycan Respublikasının Prezidentinin Fərmanında Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması problemlərinin həlli və daimi yaşayış yerlərinin mülkiyyətinə verilməsi ilə bağlı sənədləşmənin həyata keçirilməsi üçün müəyyən müddət təsbit edilmişdir ki, bu müddət iki ay təşkil etmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin mövqeyinə görə, əgər Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlıların daimi istifadəsində olan tikili ilə bağlı akt 2006-cı ilin may ayının 25-dən əvvəl qəbul edilibsə, bəzi qrup şəxslərin mülkiyyət hüququnu qeydə aldırmaq hüququ yaranır, əgər hər hansı səbəbdən, həmin səbəb iddiaçının iradəsindən asılı oldu və ya olmadı akt (hazırki halda:Sərəncam) həmin tarixdən sonra ayrılıbsa daşınmaz əmlaka mülkiyyət hüququ əldə edilmir. Göründüyü kimi, inzibati mübahisənin yaranmaması üçün inzibati icraat haqqında qanunvericiliyin təməl prinsiplərindən biri kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələbləri pozulmuşdur. Maddənin tələbindən də görünür ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Məhkəmə hesab edir ki, burada kökündə “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanı çıxış etdiyi müddətcə onun əsasında Sabunçu Rayon İcra Hakimiyyətinin sərəncamının 2006-ci il may ayının 25-dən sonra və ya əvvəl qəbul edilməsi faktiki hal kimi oxşar hal kimi nəzərə alınmalı və hər iki qrup şəxs barəsində də eyni qərar qəbul edilməlidir. Doğrudur ki, Sabunçu Rayon İcra Hakimiyyəti digər yerli icra hakimiyyətləri kimi “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanını qısa müddət ərzində (iki ay) icra etməli olsa da həmin Fərmanda göstərilənləri bir-neçə ildən sonra icra edilmişdir. Lakin qeyd olunan, yəni Sabunçu Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını gec yerinə yetirməsi iddiaçının təməl konstitusion hüquqlarından biri kimi mülkiyyət hüququnu pozmamalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı göstəriş konkretdir və heç bir haldan asılı edilməmişdir. Başqa sözlə Fərmanın qəbulundan sonra Sabunçu Rayon İcra Hakimiyyəti (yerli icra hakimiyyəti) bilavasitə həmin sənədləşmə işlərini həyata keçirməli idi. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Bu yanaşma həmçinin, İ.Əhmədov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 02 iyun 2022-ci il tarixli Qərarında da göstərilmişdir. Adıçəkilən Qərarda qeyd olunmuşdur ki, “Hazırkı işdə Müdafiə Nazirliyinin razılığı ilə dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş mübahisəli əmlaka dair icarə və alğı-satqı müqavilələrinin qanunvericiliyin hər hansı imperativ qaydasına zidd olmasına dair dəlillərin mövcud olmadığı halda məhkəmələr müqavilələri etibarsız hesab etmiş, ərizəçilərin qeyd edilən dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli torpağı vicdanlı şəkildə əldə etmələrini nəzərə almamışlar.” Göründüyü kimi Konstitusiya Məhkəməsi eyni mövqeyini yuxarıda göstərilən qərarda nümayiş etdimiş, mübahisələrdə vətədaşların dövlət qurumalarının hərəkətlərinə etimad göstərdiklərinin nəzərə alınmasını təsbit etmişdir. İndiki halda isə cavabdeh Sabunçu Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Prezidentinin Fərmanının gec icra etməsini iddiaçının ziyanına şərh edir. Məhkəmə hesab edir ki, bu zaman sərəncamın 2006-ci il may ayının 25-dən sonra qəbul edilməsi iddiaçının ziyanına şərh edilməməli, Sabunçu Rayon İcra Hakimiyyətinin 2007-ci il sərəncamının əsasında duran Azərbaycan Respublikası Prezidentinin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanı əsas götürülməlidir. Başqa sözlə desək yerli icra hakimiyyəti orqanı tərəfindən fərdi yaşayış evinin iddiaçının adına sənədləşdirilməsi ilə bağlı sərəncam 2006-ci il may ayının 25-dən sonra qəbul edilsə də (Fərmanın 7 və 8-ci bəndələri qüvvədən düşəndən sonra), bu hal iddiaçının təqsiri olmadan bilavasitə yerli icra hakimiyyətinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanının gec icra edilməsi ilə bağlı olmuşdur. Beləliklə bu əsas daşınmaz əmlakın mərhuma məxsus olması barədə arayışın (çıxarışın) verilməsindən imtina əsası kimi qiymətləndirilə bilməz. Cavabdeh tərəfindən verilmiş imtinanın əsasında duran ikinci hala münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçının tələbi fərdi yaşayış evinin mərhuma məxsus olması barədə arayışın (çıxarışın) verilməsi ilə bağlı olduğundan torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəndlərin olub-olmamasının müəyyən edilməsi zərurəti aradan qalxmışdır. Cavabdehin imtina əsası kimi göstərdiyi üçüncü dəlil - mübahisəli əmlakın 2 №-li Tərəvəzçülük Südçülük sovxozunun ərazisində yerləşdiyi ilə bağlı olmuşdur. Məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, birincisi, cavabdeh fərdi yaşayış evinin sovxozun ərazinsə yerləşdiyini iddia etsə də, bununla bağlı mötəbər dəlil (ayrıc aktı, ortofoto və s.) təqdim edə bilməmişdir. Digər tərəfdən isə qeyd olunmalıdır ki, hüququn yarandığı anda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sovxozun ərazisində yerləşməsi qeyri-mümkündür. Belə ki, artıq 1995-ci ildən etibarən sovxozların, kolxozların, təsərrüfatlararası və digər-kənd təsərrüfatı istehsalı müəssisələrinin (bundan sonra sovxoz və kolxozların) istifadəsindəki (balansındakı) torpaqdan və əmlakdan pay almaq hüququ olan şəxslər tərəfindən təsərrüfatın (müəssisənin) hər hansı təşkilati-hüquqi formasının könüllü seçilməsinə və yaradılmasına təminat verilməsi ilə bağlı islahat aparılmış, bələdiyyə mülkiyyətinə veriləcək torpaqlar bələdiyyələr yaradılanadək müvafiq yerli icra hakimiyyətlərinin sərəncamında saxlanılması qərara alınmışdır. Göründüyü kimi sovxozun ərazisində yerləşən torpaqların dövlət mülkiyyətinə (bələdiyyə və ya yerli icra hakimiyyəti) keçməsi təkzib olunmazdır. Formalaşmış inzibati məhkəmə praktikasından məlum olduğu kimi sovxozların ərazisində yerləşən torpaq sahələri yerli icra hakimiyyətlərinin balansına qaytarılmışdır. Məhkəmə hazırki mübahisə üzrə qeyd etmək istəyir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sovxozun ərazisində yerləşib-yerləşməməsindən asılı olmayaraq, bu hal imtina əsası kimi qiymətləndirilə bilməz. Çünki, yerli icra hakimiyyəti orqanı “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında” xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanından irəli gələn səlahiyyətlərini icra etmiş və fərdi yaşayış evinin qanuni əsaslar ilə iddiaçının mərhum atasının adına sənədləşdirilməsinə icazə verilməsi barədə iradə ifadəsini nümayiş etdirmişdir. Beləliklə Məhkəmə hesab edir ki, cavabdehin imtinasının üçüncü dəlili də əsassızdır. Məhkəmə son olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mərhum atasının Ermənistan Respublikasından 1988-1992-ci illərdə çıxarılıb-çıxarılmaması istiqamətində əlavə araşdırmanın aparılmasına zərurət olmamışdır. Belə ki, bu hissədə araşdırmanın aparılması Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, həmçinin müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanlarına tapşırılmışdır. Hazırda Sabunçu rayon İcra Hakimiyyətinin Sərəncamı qüvvədə olduğundan, Məhkəmə hesab edir ki, yerli icra hakimiyyəti öz səlahiyyətli çərçivəsində müvafiq araşdırma aparmış və araşdırmanın nəticəsində iddiaçının mərhum atasının fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsinin verilməsini xahiş edərkən mərhumun Ermənistan Respublikasından 1988-1992-ci illərdə çıxarılması qənaətinə gəlmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, mərhum X4 tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən bağ sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. Son olaraq cavabdeh etiraza əlavədə hazırki tələbə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9800/2021 saylı iş üzrə baxıldığını iddia etsə də, məhkəmə bildirir ki, həmin iş məhz keçid nömrəsi dəyişən hazırki 2-1(112)-2156/2022 işdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivindəki 25 saylı evə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov