Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5425/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi 6 saylı Bakı Peşə Liseyinin yanında yerləşən 1100 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 691 nömrəli qərarına əsasən Binəqədi rayonu, Naxçıvani küçəsi 6 saylı Bakı Peşə Liseyinin yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün 1100 kv.metr torpaq sahəsi əlavə edilmiş cizgi əsasında onun mülkiyyətinə verilmişdir. Bu barədə Bələdiyyə ilə aralarında 704 nömrəli "Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə" və "Torpaqların alqı-satqısına dair" Akt da bağlanmış və torpaq sahəsinin dəyərini təşkil edən 5500 (beş min beş yüz) manat məbləğində pul tərəfindən bələdiyyənin hesabına keçirilmişdir. Həmçinin, bildirir ki, bələdiyyə qərarı, müqavilə, akt və ona əlavə edilmiş eskiz layihəsi Dövlət Arxivinin Bakı filialında da mövcuddur. O, 2006-cı ildən bu günə kimi həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir və ona ayrılmış torpaq sahəsində sərəncama uyğun olaraq abadlaşdırma işlərini də həyata keçirmişdir. İstifadəsində olan torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlərlə birlikdə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, müraciətlərə heç bir cavab verilməmiş, torpaq sahəsinə baxış keçirilməmiş, ümumiyyətlə, müraciət üzrə heç bir inzibati hərəkətlər aparılmamışdır. Cavabdeh inzibati orqanın hərəkətsizliyi məhkəməyə müraciət etmək üçün əsas vermişdir. Hesab edir ki, cavabdehin onun mülkiyyət hüquqlarını qeydə almamaqdan imtina etməsinə dair öz üzərinə düşən vəzifələri yerinə yetirməkdən imtina etməsi onun mülkiyyət hüquqlarını pozur.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 6 saylı Peşə Liseyinin yanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********60 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin 517 kv.m-dır. Elektron kadastr baza məlumatlarına əsasən sahə daxilindən 225 mm-lik orta təzyiqli qaz xətti keçir. Sahənin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilmədi. Təqdim edilmiş yerləşmə cizgisindəki perimetrik ölçülərdə ciddi uyğunsuzluq vardır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir.
9. İş materiallarına iddiaçı tərəfindən “İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 691 nömrəli, 30 dekabr 2006-cı il tarixli qərarı, bələdiyyə ilə bağlanmış 704 nömrəli, 30 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi, torpaq sahəsinin yerləşmə cizgisi, torpaqların alqısatqısına dair, kassa mədaxil orderinin qəbzi, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 691 nömrəli, 30 dekabr 2006-cı il tarixli qərarının və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcud olması barədə məktub əlavə edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 19 fevral 2025-ci il tarixli, 3-48-2F/2-371/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı barəsində Binəqədi rayon Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 691 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin qərarın və ona əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş ksero surətləri 5(beş ) vərəqdən ibarət olmaqla göndərilir.
11. Cavabdehi xx.xx.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1100 kv.m, faktiki 517 kv.m təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi üzərindəki metal lövhələrlə quraşdırılmış qurğunun çöl divarları ilə sərhədlənib.
12. İddiaçı tərəfindən qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət edilmiş və qaz xəttinin yerinin dəyişilməsi barədə müraciəti müsbət qiymətləndirilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-19248/2025 nömrəli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin bitişik hasar qonşuluğunda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə barədə məlumat aşkar edilməmişdir. Bundan başqa torpaq sahəsinin koordinatlarının əks olunduğu sxemi və ortofoto görüntü təqdim edilmişdir.
14. X1 tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli, 121 nömrəli mütəxəsiss rəyinə əsasən Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 691 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 6 saylı Bakı Peşə Liseyinin (hazırda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Liseyidir) yanında yerləşən 1100 kv.m torpaq sahəsinin sərhədləri daxilində, ətrafında və ona yaxın məsafədə yüksək gərginlikli elektrik xətləri müşahidə olunmadığından torpaq sahəsinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağına düşməsi müəyyən edilməmişdir. Sözügedən 1100 kv.m torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsasları aşağıdakılardır:
1. Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır.
2. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin 517 kv.m-dır.
3. Elektron kadastr baza məlumatlarına əsasən sahə daxilindən 225 mm-lik orta təzyiqli qaz xətti keçir.
4. Sahənin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilmədi.
5. Təqdim edilmiş yerləşmə cizgisindəki perimetrik ölçülərdə ciddi uyğunsuzluq vardır.
22. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
25. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:
23. Qanunvericiliyin tələbindən də, göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.
24. İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 691 nömrəli, 30 dekabr 2006-cı il tarixli qərarına istinad edərək, mübahisə predmeti torpaq sahəsinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın və plan-ölçünün verilməsi tələbini irəli sürmüşdür.
25. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 691 nömrəli, 30 dekabr 2006-cı il tarixli qərarı Dövlət Arxivinin Bakı Filialında aşkar edilmiş, iddiaçıda sözügedən qərarın və ona əlavə edilmiş sənədlərin əsli mövcuddur və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi (mötəbərlilik prezumpsiyası) baxımından həmin sənədlər məhkəmə tərəfindən mötəbər qiymətləndirilir.
26. Belə ki, İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
27. Məhkəmə cavabdeh inzibati orqanın tələbin təmin olunmasından imtinasının əsaslarından biri olan torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin həmin dəlili formal olmaqla iddiaçının hüquqlarını əsassız yerə məhdudlaşdırmağa yönəlmişdir.
28. Bundan əlavə məhkəmə cavabdehin digər dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş X1 tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli, 121 nömrəli mütəxəsiss rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 691 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 6 saylı Bakı Peşə Liseyinin (hazırda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Liseyidir) yanında yerləşən 1100 kv.m torpaq sahəsinin sərhədləri daxilində, ətrafında və ona yaxın məsafədə yüksək gərginlikli elektrik xətləri müşahidə olunmadığından torpaq sahəsinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağına düşmür. Sözügedən 1100 kv.m torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşir. Məhkəmə qeyd edilən mütəxəssis rəyini əsaslandırılmış şəkildə tərtib edildiyindən mötəbər qiymətləndirir.
29. Eləcə də, iş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, iddiaçı ona məxsus torpaq sahəsində olan İddiaçı tərəfindən qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət edilmiş və qaz xəttinin yerinin dəyişilməsi barədə müraciəti müsbət qiymətləndirilmişdir.
30. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
31. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
33. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 691 nömrəli qərarına əsasən Binəqədi rayonu, Naxçıvani küçəsi 6 saylı Bakı Peşə Liseyinin yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün ayrılmış 1100 kv.metr torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlaıkn dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva