Məhkəmə qərarları › İş №2-1(112)-5427/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5427/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5427/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların qeydiyyata alınmasl” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 58-194-251 nömrəli BTK tərkibində iddiaçınım adına ayrılmış, 0,12 ha sahəyə malik 2041 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan bağ-torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı, müvafiq hüquqverici sənədləri də əlavə etməklə, cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətinə verilmiş 23 may 2022-ci il tarixli **********26 saylı cavabda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 251 nömrəli BTK nəzdində İddiaçı adına ayrılmış 2041 nömrəli bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 251 nömrəli BTK nəzdində İddiaçı adına 251 nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd (həmçinin ərizəyə surəti əlavə edilmiş order) idarənin arxivində aşkar edilməmişdir. İddiaçı müraciəti ilə bağlı cavabı qənaətbəxş hesab etməyərək xx.xx.2022-ci il tarixdə iddiaçıya yenidən müraciət ünvanlamış , lakin bu günə qədər onlardan cavab almamışdır. Hesab edir ki, bir vətəndaş olaraq iddiaçının müraciətinə inzibati orqan olaraq cavabdeh tərəfindən düzgün yanaşılmamışdır. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Abşeron ərazisində olan bağlarla bağlı sərəncamlar və ona əlavə edilmiş sənədlər cavabdehin arxivində olmalıdır. Belə ki, cavabdeh Bakı şəhər İH-nin Bağlar idarəsinin hüquqi varisi hesab olunur. İddiaçıda Goradil bağlar sahəsində 251 saylı BTK kooperativin tərkibində ona 0,12 ha torpaq sahəsi ayrıldığı barədə 56 saylı order var. İddiaçı ona məxsus 2041 saylı bağ sahəsinin yerləşdiyi sahəyə dair sxematik planın surətini də təqdim etmişdir. Bütün bu sənədlər təsdiq edir ki, iddiaçının bağ sahəsinə aid sənədlər reyestr idarəsinin arxivində olmalıdır. Bu sənədləri tapıb aşkar etmək cavabdehin vəzifəsidir. Cavabdeh tərəfindən iddiçıya ünvanlanmış imtina məktubundan görünür ki, əslində torpaq sahəsi üzərində hüquqlara dair qeydiyyatın aparılmasından imtina üçün heç bir əsas mövcud deyil. Cavabdehin iddiaçının ünvanına göndərdiyi məktubda istinad olunmağa çalışılan hallar bəhanə xarakterlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsində göstərilir ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş şərtlərə uyğun olmalıdır. Müvafiq halda bu qeydiyyatın aparılması üçün zəruri olan bütün sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim olunmuşdur. Cavabdeh isə bu sənədlərin onların arxivində olmasını təsdiq edən arayış tələb edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.İddiaçı belə bir müraciət də etmişdir. Bu sənədlərin arxivdə aşkar edilməməsi isə cavabdehin problemidir. Torpaq sahəsi fərdi qaydada deyil, 25 nəfərlə birlikdə kollektiv qaydada verilmişdir. Bu şəxslərin əksəriyyətinin onlara ayrılmış torpaq sahəsinə olan hüquqlarına dair dövlət qeydiyyatı aparılmışdır. Goradil bağ sahəsində 58-194-251 saylı BTK tərkibində olan kollektivin bir hissəsinin sənədləri arxivdə mövcuddur, digər hissəsi, yaxud, iddiaçının sənədləri arxivdə aşkar edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycn Respublikası Qanununun yalnız 15-ci maddəsinin müddəalarında göstərilən əsaslar mövcud olduqda ərizənin icrasından imtina edilə bilər. Müvafiq halda bu hallardan heç biri mövcud deyil. İddiaçı zəruri hüquqverici sənədləri təqdim edir, bu sənədlərin arxivdə surətlərinin saxlanmasına məsuliyyət daşıyan şəxs iddiaçı deyil. Cavabdehin iddiaçının ünvanına göndərdiyi məktubdan göründüyü kimi müaciətinə diqqətlə yanaşılmamışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciət etdiyi halda, iddiaçıya tamamilə qeyri-müəyyən və anlaşılmaz cavab verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, özəlləşdirilməsini tələb etdiyi torpaq sahəsi 27 ildir ki, onun istifadəsindədir. Bu torpaq sahəsinin yerləşdiyi ərazidə yüzlərlə vətəndaşa ev tikmək üçün sahə ayrılmışdır və evlər tikilmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda gətirdiyi səbəb bəhanədir. Belə olan halda məhkəmə qaydasında hüquqlarının bərpa edilməsini tələb etmək zərurətində qalmışdır.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz məktubunda qeyd olunur ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Məlumat üçün bildirilir ki, İddiaçı 251 nömrəli BTK nəzdində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 2041 nömrəli bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsi barədə xx.xx.2022ci və xx.xx.2022-ci il tarixli ərizələr ilə İdarəyə müraciət etmişdir. İdarə tərəfindən cavab olaraq **********26 saylı, xx.xx.2022-ci il və **********13 saylı, xx.xx.2022-ci il tarixli məktublarla bildirilmişdir ki, İddiaçı adına 251 nömrəli BTK nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində 0.12 hektar torpaq sahəsi olan 2041 nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd (həmçinin ərizə ilə təqdim edilən 7 nömrəli order) İdarənin arxivində aşkar edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edirik.

4. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya verilmiş cavab məktubunda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “Baş sahələrinin ayrılması, bölünməsi və ada keçirilməsinə dair” xx.xx.1994-cü il tarixli, 1802 nömrəli sərəncamına əsasən Goradil ərazisində 251 saylı BTK tərkibində olan vətəndaşlara verilən bağ sahələrinin siyahısı sərəncama əlavə edilməmişdir.

5. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyd olunan bağ sahəsinə dair məlumatın verilməsi barədə məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 251 nömrəli BTK nəzdində İddiaçı adına 2041 nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd (həmçinin ərizəyə surəti əlavə edilmiş order) İdarənin arxivində aşkar edilməmişdir.

6. İşin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının hazırki tələblə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinin olmaması səbəbindən iddianın mümkün sayılmamalı olduğunu bildirdi.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək hazırki tələblə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmədiyini bildirdi.

II. İddianın növü və mümkünlüyü

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

9. İddiaçının faktiki olaraq məhkəməyə təqdim etdiyi iddia tələbi ilə bağlı cavabdeh orqana rəsmi müraciəti olmamışdır. Belə ki, iddiaçının cavabdeh quruma müraciəti 2041 saylı bağ sahəsinin ayrılmasına dair sənəd və məlumatların təqdim edilməsi ilə bağlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı müvafiq müraciətlə (Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 58-194-251 nömrəli BTK tərkibində iddiaçının adına ayrılmış, 0,12 ha sahəyə malik 2041 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair) əvvəlcə aidiyyəti inzibati orqana (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) müraciət etməlidir.

10. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah ediliyindən iddia tələbinin mümkün sayılmaması məhkəməyə müraciət hüququnun pozulması ilə nəticələnmir.

11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

12. Məhkəmə həmçinin qeyd edir ki, Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar