Məhkəmə qərarları › İş №2-1(112)-5427/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5427/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5427/2025 26.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) müraciət etmiş, Filial xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1991-ci il tarixindən 01,06.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan əmək fəaliyyəti dövrü üzrə adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla cəmi sığorta stajı 18 il 3 ay 7 gün təşkil edir. Fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 11 ay 21 gün sığorta stajına uyğun olaraq 18073,28 manat xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 475,69 manat olmaqla, ümumilikdə 18548.97 manat təşkil edir ki, (2024-cü il tarixinə indeksləşdirilmiş) bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2024-cü il tarixli müraciəti zamanı təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən "xxxx" MMC-nin hüquqi, faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün xx.xx.1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək sözügedən müəssisədə əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Bundan sonra iddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında olan bütün qeydlərin əmək (sosial sığorta) stajı kimi tanınması və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu il tarixində Lənkəran şəhərində anadan olmuşdur. xx.xx.2024-cü ildə iddiaçı “Əmək pensiyaları haqqında" Qanuna əsasən yaşa görə əmək pensiyası hüququ verən 65 yaşına çatmışdır. İddiaçı xx.xx.1975-ci il tarixindən əmək faəliyyəti ilə məşğul olmuşdur. Əmək fəaliyyəti ilə bağlı qeydlər Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq iddiaçının əmək kitabçasında işlədiyi idarə, müəssisə, təşkilatların səlahiyyətli şəxsləri tərəfindən doldurulmuş və həmin idarə, müəssisə, təşkilatların möhürü ilə təsdiq olunmuşdur. Yekunda, iki il hərbi xidmətdə olmağı nəzərə alınmaqla, təqribən 31 il 3 aya yaxın əmək stajı vardır. Azərbaycan Respublikasının ƏƏSMN-nin DSMF-nin 18 iyul 2024-cü il tarixli, 3-17-1/2-A-168892/2024-cü il tarixli məktubuna əsasən isə iddiaçının stajı 20 il 2 ay 4 gün təşkil edir. Həmin məktubda DSMF iddiaçının 1975-1978-ci illərdə, 1980-1994-cü illərdə olan əmək stajını qəbul etməmiş və əmək kitabçasında 1991-1994, 1999-2004-cü illərə aid olan hissədə qeydləri əsas olmadan qüsurlu sayaraq hesablamamışdır. Azərbaycan Respublikası ƏƏSMN-nın Dövlət Sosial Müdafiə Fondunun 28 noyabr 2024-cü il tarixli, 3-A1-1/2A-292218/2024 saylı məktubunda isə iddiaçının stajı artıq 18 il 3 ay 7 gündür. Bu məktubda da iddiaçının "BakıXladKombinat"la yanaşı, "xxxx" MMC, "xxxx" MMC-də olan əmək stajı nəzərə alınmamışdır. Azərbaycan Respublikası ƏƏSMN-nin DSMF ona əmək pensiyasının verilməsindən imtina edilməsi ilə bağlı 3 məktub yazmışdır. Bu 3 məktubun hər biri fərqli məzmunludur. Hər məktub iddiaçının əmək stajının müəyyən bir hissəsini şübhə altına alır, hər bir məktuba müəyyən bir stajı var. Əmək kitabçasının hər bir qeydi işlədiyi müəssisə, idarə, təşkilatların səlahiyyətli şəxsləri tərəfindən yazılmışdır. İddiaçının həmin müəssisələrdə əmək haqqı almışdır. Əmək fəaliyyətinin 1990-cu ilə qədər olan hissəsində bir tək hərbi xidmət dövrü nəzərə alınmışdır, bunun səbəbi heç bir məktubda izah olunmamışdır. Cavabdeh iddiaya yazılı etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1998- ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan əmək fəaliyyəti dövrü üzrə adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla cəmi sığorta stajı 18 il 03 ay 07 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 17 il 11 ay 21 gün sığorta stajına uyğun olaraq 18073,28 manat xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 475,69 manat olmaqla, ümumilikdə 18548,97 manat təşkil edir ki, (2024-cü il tarixinə indeksləşdirilmiş) bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2024-cü il tarixli müraciəti zamanı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1999cu il tarixdən xx.xx.2004-cü il tarixədək “Elstar" MMC-də əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən "xxxx" MMC-nin hüquqi, faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək sözügedən müəssisədə əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, xx.xx.1959-cu il tarixdə doğulmuş, 65 yaşı xx.xx.2024-cü ildə tamam olmuşdur. Həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində qadınların yaş həddi 1 iyul 2024 - 30 iyun 2025-ci il üzrə 65 yaşdır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2024 - 30 iyun 2025-ci il üzrə kişilərə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 65 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İddiaçının 65 yaşının xx.xx.2024-cü ildə tamam olması işin mübahisələndirilməyən halıdır. İşin həm də mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçının həmin tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, Filialının xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin Filialın xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 11 ay 21 gün sığorta stajına uyğun olaraq 18073,28 manat xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 475,69 manat olmaqla, ümumilikdə 18548.97 manat təşkil edir ki, (2024-cü il tarixinə indeksləşdirilmiş) bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən bütün dövrlər nəzərə alınsa belə, toplanmış ümumi kapitalın 40320 manata çatması mümkünsüzdür. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2024-cü il tarixə azı 25 il sığorta stajı olmalıdır. İşdə olan İddiaçı məxsus xx.xx.1976-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1975 - xx.xx.1976-cı illərdə X3, xx.xx.1976 - xx.xx.1977-cı illərdə Bakı şəhər Ticarət İdarəsində, xx.xx.1977 - xx.xx.1978-ci illərdə Bakı çörək ticarəti idarəsində, xx.xx.1980 xx.xx.1984-ci illərdə Bakı Soyuducu kombinatında, xx.xx.1985-xx.xx.1987-ci illərdə yenidən Bakı Soyuducu kombinatında, xx.xx.1987 - xx.xx.1988-ci illərdə təkrar Bakı Soyuducu kombinatında, xx.xx.1988 - xx.xx.1991-ci illərdə AzərEnerjiTikinti trestində, xx.xx.1991 - xx.xx.1994-cu illərdə X5 trestində, xx.xx.1994 - xx.xx.1997-ci illərdə Azərbaycan Nəqliyyat Tikinti Dövlət Şirkətində, xx.xx.1998-xx.xx.1999-cü illərdə AzərKontrakt Korporasiyasında müəsissəsinin direktoru vəzifəsində, xx.xx.1999xx.xx.2004-cü illərdə “Elstar" MMC-də baş mütəxəssis vəzifəsində, xx.xx.2016xx.xx.2019-cu illərdə "xxxx" MMC-də direktor vəzifəsində, xx.xx.2023-xx.xx.2023-cü illərdə "xxxx" MMC-də işləmişdir. İşdə olan iddiaçıya məxsus hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1978- xx.xx.1980ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. JV 042154 nömrəli diplomdan görünür ki, İddiaçı 1976-cı ildə Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfı İnstitutuna daxil olmuş və 1983-cü ildə orada mühasibat uçotu ixtisası üzrə tam kursu bitirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi dövrdə, yəni xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Göründüyü kimi, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən xx.xx.2006-cı il tarixədək iş stajını təsdiq edən əsas sənəd şəxsin əmək kitabçası olmuşdur. İddiaçının əmək kitabçasında xx.xx.2006-cı il tarixədək olan qeydlərə, hərbi xidmət və təhsil dövrünə əsasən müəyyən olunur ki, onun həmin tarixə 29 il 1 ay 3 gün ümumi iş stajı mövcuddur (üst-üstə düşən dövrlərdən yalnız biri götürülməklə). İşdən görünür ki, cavabdeh bu halı qəbul etməmiş, onun xx.xx.1999- xx.xx.2004-cü illərdə “Elstar" MMC-də işlədiyi dövrü mübahisləndirmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, işdə olan xx.xx.2005ci il tarixli X2 tərəfindən qəbul edilmiş qərardan görünür ki, Azərbaycan Respublikasında informasiya və telekommunikasiya sahələrində konsaltinq xidmətlərinin göstərilməsi məqsədilə "xxxx" MMC təsis edilmiş, cəmiyyətin nizamnaməsi təsdiq edilmiş, direktor vəzifəsinin icrası X4 tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2005-ci ildə qeydiyyata alınmışdır, təsisçisi Rusiya Federasiyasının vətəndaşı X1. Təsis sənədlərinə əlavə edilmiş kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizədən görünür ki, ərizəyə vurulmuş "xxxx" MMC-nin möhrü ilə iddiaçının əmək kitabçasında olan möhür eynilik təşkil edir. Beləliklə, işin qeyd edilən hallarından görünür ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun xx.xx.1999- xx.xx.2004-cü illərdə “Elstar" MMC-də işlədiyi göstərilsə də, həmin MMC xx.xx.2005-ci ildə təsis edilmiş, xx.xx.2005-ci ildə isə qeydiyyata alınmışdır. Belə olan halda aydındır ki, iddiaçının əmək kitabçasındakı xx.xx.1999- xx.xx.2004cü illərdə “Elstar" MMC-də işləməsi barədə qeyd həqiqətə uyğun olmamaqla mötəbər deyildir. Buna görə də həmin illər onun iş stajına daxil edilə bilməz. İddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövrə gəldikdə, məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İddiaçı barəsində məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər nəzərə alındıqda aydın olur ki, onun yalnız 2023-cü ilin aprel, may, iyun və iyul ayları üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmiş dövrləri mövcuddur. Bu isə o deməkdir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixə 25 ildən az sosial sığorta stajı olmuşdur. Belə olan halda aydın olur ki, iddiaçının 65 yaşının tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan ikinci tələb, staj tələbi ödənilmir. Məhkəmə onu da qeyd edir ki, ƏPQ-nin 22-1-ci maddəsinə görə: -maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Göründüyü kimi, qanunverici 2019-cu il yanvarın 1-dən etibarən şəxsin 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajının 25 il kimi hesablanmasını müəyyən etmişdir. Lakin işdən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edildiyindən ona Qanunun 22-1.1-ci maddəsinin tətbiqi də mümkünsüzdür. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının 25 il sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar