Məhkəmə qərarları › İş №2-1(112)-5428/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5428/2022

26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5428/2022 26.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “köşkün götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3 saylı binanın və 159 saylı orta məktəbin yaxınlığında yerləşən və qanunsuz fəaliyyət göstərən meyvə-tərəvəz köşkünün götürülməsinin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh olan Nəsimi rayon İcra Hakimiyyəti (bundan sonra – cavabdeh) ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3 saylı binanın və 159 saylı məktəbin yaxınlığında qeyri-qanuni olaraq meyvə-tərəvəz köşkü fəaliyyət göstərir. Bu köşkdə antisanitariya hökm sürür, qanunsuz fəaliyyət göstərilir. Bu köşkə elektrik xətti iddiaçının yaşadığı binadan çəkilmişdir və binada yerləşən şəbəkə yalnız binada olan 69 mənzilə hesablanaraq quraşdırılmışdır. Həmin köşkə elektrik xəttinin binadan çəkilməsi əlavə yüklənməyə səbəb olur. Bu köşkün fəaliyyət göstərməsi ətraf mühitə, dövlətin maraqlarına ziyan vurur. O, köşkdə antisanitar vəziyyətin olması ilə bağlı Respublika Gigiyena və Epidemilogiya Mərkəzinə müraciət etmiş, ərizəsinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə baxılmışdır və xx.xx.2021-ci il tarixdə verilmiş cavabda keçirilən baxış zamanı köşkdə meyvə-tərəvəz məhsullarının vergi uçotuna alınmadan qanunsuz olaraq satışının həyata keçirildiyinin müəyyən edilməsi və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi olmadığı üçün sözügedən obyektdə plandankənar yoxlamanın aparılmasının mümkün olmadığı qeyd edilmişdir. İddiaçı köşkün götürülməsi ilə bağlı tədbir görülməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, tədbir görülməsi səlahiyyətinin Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə aid olduğu üçün Birliyə göndərilmiş, lakin Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən bu barədə heç bir tədbir görülməmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə qeyd edilənlər nəzərə alınmaqla iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz” İddiaçının hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olması işdə olan sənədlərlə sübuta yetməmişdir. Belə ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3 saylı binanın yaxınlığında yerləşən köşkün götürülməsini xahiş etsə də, həmin koşkün yerləşdirilməsinin iddiaçının hansı hüquqlarını pozduğu müəyyən olunmur. İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillər və yerli baxış zamanı çəkilmiş fotoçəkillərdən məlum olur ki, iddiaçının yaşadığı mənzilin yerləşdiyi evlə mübahisələndirdiyi köşk arasında kifayət qədər məsafə olmaqla, iddiaçının hüquqlarına birbaşa müdaxilə mövcud deyildir. Məhkəmə qeyd edir ki, qanunverici iddianın ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir) (bax: Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 512/2022 saylı qərarı). İş materiallarını tədqiq edən məhkəmə hesab edir ki, hazırkı iddiada iddiaçının hüquqi marağının mövcud olması müəyyən edilmir. İddiaçı iddia ərizəsində həmin köşkə verilən elektrik enerjisinin yaşadığı binada əlavə yüklənməyə səbəb olmasına istinad etsə də, bu halı əsaslandırmamış, elektrik enerjisi ilə təmin olunma zamanı hansı problemlərin yarandığı, bununla bağlı "xxxx" ASC-yə müraciət etməsi, yaranmış problemin aradan qaldırılmasının mümkünsüzlüyü barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən, əgər iddiaçının hazırkı tələbinə marağı məhz bu əsasla yaranmışdırsa, onda elektrik enerjisinin təmini ilə bağlı yaranmış mübahisə üzrə tələb hazırkı cavabdeh inzibati orqana yönələ bilməz. Məhkəmə iclasında iddiaçı hazırkı iddiaya hüquqi marağını köşkün yerləşdiyi ərazinin abadlaşdırılması üçün tədbirlər görmək istəməsi, lakin həmin köşkün bu hala mane olması ilə izah etmişdir. Məhkəmə qeyd edir ki, həmin ərazi iddiaçının qanuni istifadəsində və ya sahibliyində olan ərazi olmadığından iddiaçının həmin ərazini abadlaşdırmaq kimi bir səlahiyyəti, bu səlahiyyətdən irəli gələn hüquq və vəzifələri, daha doğrusu qanun, müqavilə və ya inzibati aktdan irəli gələn tələb hüququ mövcud deyildir. Buna görə də hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar