Məhkəmə qərarları › İş №2-1(112)-5428/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5428/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5428/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri ilə bağlı yaradılmış Komissiyaya qarşı “mənzillə təmin edilmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin üzərinə 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət hesabına mənzillə təmin olunmağım öhdəliyinin və vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildən 2015-ci ilədək, yəni 22 il Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmət etmişdir, hazırda ehtiyatda olan polkovnik-leytenant və İ Qarabağ müharibəsi veterandır. Xidmət etdiyi müddət ərzində Müdafiə nazirinin müvafiq əmrləri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcə, 2-ci dərəcə, 3-cü dərəcə, o cümlədən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi" yubileyi, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubileyi və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubileyi medalları ilə təltif edilmişdir. İddiaçı tərəfindən uzun illər qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunmaq üçün ilkin olaraq cavabdehlərdən Maliyyə Nazirliyinə müraciət edilmişdir. Maliyyə Nazirliyinin müraciətə cavab məktubunda əvvəllər mənzillə təmin olunmağı əlaqədar həmin evin təhvil verilməsi və daha geniş mənzillə təmin olunmağı bildirilmişdir. Bununla bağlı daha sonra Müdafiə Nazirliyinə müraciət edilmişdir. Müdafiə Nazirliyindən verilmiş cavab məktubunda əvvəllər dövlət hesabına mənzillə təmin olunmuş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılmasının nəzərdə tutulmadığı qeyd edilmişdir. ‘‘Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə“ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi göstərilmişdir. Bu Fərmanın 1 -ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmışdır. Komissiyaya verilən tapşırıqda konkret olaraq dövlət vəsaiti hesabına mənzil verilməsi qadağan olunan şəxslərin siyahısı qeyd edilmişdir. Həmin siyahıya nəzər yetirilsə, ona verilmiş imtinanın qanunsuz və əsassız olması bir daha öz təsdiqini tapar. Qeyd olunan Fərmanda əvvəllər mənzillə təmin olunmuş hərbi qulluqçulara dövlət hesabına mənzillə təmin olunması lə bağlı qadağa nəzərdə tutulmamışdır. Belə ki, əvvəllər dövlət hesabına iddiaçıya verilmiş mənzil 28 kv.metr sahədən ibarətdir və həmin mənzil hazırda iddiaçının həyat yoldaşı X2 mülkiyyətindədir. Ailə tərkibinin 4 nəfər olması, 2 övladının yetkinlik yaşına çatması qeyd edilən mənzildə ailə üzvləri ilə bir yerdə yaşanılmasını mümkünsüz edir. Bu səbəbdən də mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var və Prezidentin müvafiq Fərmanında qeyd edilmiş hərbi qulluqçu kateqoriyasına aid edilməlidir. İddiaçı hesab edir ki, cavabdehlərin hərəkətləri tamamilə qanuna ziddir və əsassızdır. Cavabdehlərin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni ‘‘qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır.

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiya tərəfindən əvvələr (Müdafiə Nazirliyi tərəfindən verilən məlumata əsasən Siz əvvələr mənzillə təmin edilmişsiniz) mənzillə təmin edilmiş hərbi qulluqçuların daha geniş mənzillərlə təmin edilməsi ilə bağlı (ailə tərkibi imkan verdiyi halda, verilmiş mənzili geri qaytarmaqla, habelə mənzil təminatı ilə bağlı ərazi seçimi qoymamaq şərti ilə bölgüsünün Komissiyanın sərəncamında olan mənzillər hesabına həll edilməsi mümkün hesab edilir) müvafiq sənədlərə Komossiyada baxilması ücün Müdafiə Nazirliyinə təqdim edilməsi tövsiyyə olunur.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Sözügedən Fərmanın ikinci hissəsi ilə yaradılmış Komissiyaya əvvəllər Müdafiə Nazirliyi tərəfindən şəxsi mülkiyyətinə mənzil verilmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması həvalə olunmamışdır.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011 ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Bu Fərmanda dəyişilik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021 -ci il tarixli 1476 nömrəli Fərmanı ilə həmin Fərmanın adında və 1 -ci hissəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusu”nun sözləri ilə, əvvəz edilmişdir. Həmin Fərmanın birinci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə düşən vəzifə dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq və həmin siyahını komissiyaya təqdim etməkdir. İddiaçının həmin şərtlərinə uyğun olmadığından müvafiq siyahıya daxil edilə bilməz. Çünki İddiaçı 26 iyul 993-cü il tarixli, 027661 nömrəli orderilə Müdafiə Nazirliyinin mənzil fonduna aid olan ünvan 1 ünvanında yaşayış sahəsi ilə təmin olunduğu üçün iddiaçı bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 35, 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı 1993-cü İldən 2015-ci ilədək, yəni 22 il Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmət etmiş, xidmət illəri ərzində müdafiə nazirinin müvafiq əmrləri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcə, 2-ci dərəcə, 3-cü dərəcə, o cümlədən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi" yubileyi, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubileyi və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubileyi medalları ilə təltif edilmiş, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanının tələblərinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək dövlət vəsaiti hesabına təmin olunduğu mənzilin daha geniş mənzillə əvəz edilməsinə dair inzibati öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, həmin iddia tələbi rədd edilməlidir. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanı ilə dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2021 -ci il 15 noyabr tarixli 1476 nömrəli “Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərmanına əsasən qeyd edilən “Komissiyanın” sədri Azərbaycan Respublikasının maliyyə naziri təyin edilmişdir. Sözügedən Fərmanın 1-ci hissəsi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət keçmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilsin. Lakin adıçəkilən Fərmanda hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması, o cümlədən yeni mənzilin verilməsi və ya verilmiş mənzillərin dəyişdirilməsi ilə bağlı tapşırıq (səlahiyyət) nəzərdə tutulmamışdır. İddia ərizəsindən görünür ki, ididaçı əvvəllər Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin olunmuşdur. Eyni zamanda diqqətə çatdırılır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin əsasən 51.2-1-ci maddəsinə əsasən həmin Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. Göstərilənlərə və Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən məhkəmədən iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir.

7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə cavabdeh qismində Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri ilə bağlı yaradılmış Komissiya nəzərə alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin cavabdeh qismində prosessual iştiraklarına xitam verilmişdir.

8. İş materiallarında olan Müdafiə Nazirliyi Maliyyə İdarəsi tərəfindən verilmiş MV 016721 nömrəli müharibə veteranı vəsiqəsinə əsasən İddiaçı müharbə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

9. İddiaçı məxsus EZ ******* nömrəli Hərbi Bilet iş materiallarına əlavə olunmuşdur.

10. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM 167095 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Nərimanov rayonu, Kaveroçkin küçəsi, 34 saylı evin, 28,0 yaşayış sahəsindən ibarət 1 otaqlı 19 saylı mənzili X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1305 saylı reyestr kitabında 196010 səhifəxx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır.

11. Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi 4 №-li Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 107 nömrəli Arayışa əsasən Əzimov X1, 34 №-li evin 19 №-li ünvanında qeydiyyatdadır:

1. X5 1973

2. X8 - 1994

3. X7 - 1995

12. İddiaçı xidməti ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş vəsiqələr iş materiallarına əlavə edilmişdir.

13. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

15. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. Dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə müvafiq Komissiya yaradıldığından məhkəmə hesab edir ki, iddiaya cavab verən şəxs qismində məhz Komissiya çıxış etməli, Maliyyə Nazirliyi Komissiyanın katibliyi funksiyalarını həyata keçirdiyindən müvafiq yazışmalar da qeyd edilən ünvana göndərilməlidir.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu:

1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. ...Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

19. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanı: Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi və ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsinə imkan vermişdir. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə təkan vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.

20. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət hesabına mənzillə təmin olunmağı tələb etmişdir.

21. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı 1993-cü ildən 2015-ci ilədək, yəni 22 il Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmət etmiş olması, xidmət illəri ərzində müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcə, 2-ci dərəcə, 3-cü dərəcə, o cümlədən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” yubileyi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubileyi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubileyi medalları ilə təltif edilmiş olması, eyni zamanda hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilmiş olması işin münahisəsiz hallarıdır.

22. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, İddiaçı xx.xx.1993-cü il tarixli, 027661 nömrəli order əsasında Müdafiə Nazirlyinin fonduna aid olan ünvan 2 ünvanında 19 saylı mənzillə təmin edilmişdir. Daha sonra müvafiq mənzil üzərində mülkiyyət hüququ iddiaçının arvadı X2 adına qeydiyyata alınmışdır (Qeydiyyat Vəsiqəsi iş materiallarına əlavə edilmişdir).

23. Məhkəmə qeyd edir ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanının qəbul edilməsinin məqsədi Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə, mənzilməişət problemlərinin həll edilməsinə təkan verməkdir.

24. X4 tapşırılmışdır ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın.

25. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 7-ci maddəsinə əsasən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.

26. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.

2. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.

27. Məhkəmə nəzərə alır ki, İddiaçı 1993-cü ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmət keçməyə bağlamış və ünvan 2, 19 saylı mənzil Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarına uyğun olaraq hərbi qulluqçu kimi Müdafiə Nazirliyinin balansında olan evlərdən ayrılmış (bu, işin mübahisəsiz halıdır) və həmin mənzil daha sonra iddiaçı tərəfindən arvadının xeyrinə imtina edilərək onun tərəfindən özəlləşdirilmişdir.

28. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən normaların sistemli (normaların əlaqədə izahı) təfsiri onu deməyə əsas verir ki, Fərman hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillərlə təmin olunmayanlara şamil olunduğundan iddiaçının təkrarən müvafiq siyahıya daxil edilərək mənzillə təmin olunması tələbi uğurlu hesab edilə bilməz.

29. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

30. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

32. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

33. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar