Məhkəmə qərarları › İş №2-1(112)-543/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-543/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-543/2025 07.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "X5" Mənzil Tikinti Kooperativi) “çıxarışın və texniki sənədin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "X5" MTK-nın ünvan 1 ünvanında inşa etdiyi 1-ci binanın (bina-l) mansard mərtəbəsində yerləşən, ümumi sahəsi 54kv.m. olan 56A nömrəli mənzilin mülkiyyət hüququları ilə adına qeydiyyatının aparılması, bununla bağlı çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 noyabr 2017-ci il tarixində "X5" MTK ilə müqavilə bağlayaraq, kooperativ tərəfindən ünvan 1 ünvanında tikilmiş 1-ci binanın(bina-1) mansard mərtəbəsində yerləşən, ümumi sahəsi 54kv.m olan 56A nömrəli mənzilin payçısı olmuşdur. Elə həmin tarixlərdə mənzilin pay dəyərini ödəyərək buranı sahiblik və istifadəmə qəbul etmişdir. Həmin dövrdən indiyə kimi mənzil sahiblik və istifadəsindədir. Bildirir ki, bina istismara qəbul edilmişdir və sakinlərə artıq çıxarışlar verilmişdir. Eləcə də,məlumatıma görə,mansard mərtəbəsində sakinlərdən çıxarışlar alanlarda olmuşdur. Yəni,eyni binada eyni mərtəbədə eyni sənədlərə malik olan şəxslərin yaşayış sahələri ilə bağlı hüquqi qeydiyyat aparılaraq onlara müvafiq çıxarışlar verilmişdir. Bu ilin oktyabr ayında 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, sözügedən əmlakının adına qeydiyyatının aparılmasını,çıxarış və texniki sənəd verilməsini xahiş etmişdir. Cavabdeh orqan özünün xx.xx.2023-cü il tarixli cavab məktubu ilə hüququnun qeydiyyatından, çıxarış və texniki sənəd verilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İdarənin mütəxəssisləri tərəfindan əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın texniki mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının Bakə Şəhər İcra Hakimiyyəti başçısının 11 saylı, xx.xx.2017- ci ii tarixli sərəncamı ilə təsdiq edilmiş "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası"nın aktına texniki mərtəbənin yaşayış təyinatlı olması qeyd edilməmişdir. Eləcə də, Mənzil Məcəlləsinin 35-ci maddəsinə istinad edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "X5" Mənzil Tikinti Kooperativi iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı “X5” MTK-nın ünvan 1 ünvanında inşa etdiyi 1-ci binanın (bina-1) mansard mərtəbəsində yerləşən, ümumi sahəsi 54kv.m olan 56A nömrəli mənzilin mülkiyyət hüquqları ilə adına qeydiyyatının aparılması, bununla bağlı çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın texniki mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında texniki mərtəbənin yaşayış təyinatlı olması qeyd edilməmişdir. Həmçinin iddia tələbində mənzilin 1-ci bina, 26 ünvanında yerləşdiyi qeyd olunsa da, istismara icazə sənədində birinci bina 26A qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********83 saylı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, ünvan 6 ünvanda inşa edilmiş 1 saylı yaşayış binasının 56A saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın texniki mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında texniki mərtəbənin yaşayış təyinatlı olması qeyd edilməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. "X5" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, kooperativ tərəfindən Bakı şəhəri, N.Nərmanov r-nu, Ə.Əliyev, 26 küç, ünvanında tikilmiş 1-binanın-, mansard mərtəbəsində,mənzil -56A İddiaçı verməyi, İddiaçı isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş sahə haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. "X5" Mənzil Tikinti Kooperativinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, İddiaçı həqiqətən onun tərəfindən “X5” MTK-nın N.Nərimanov r-nu,Ə.Əİiyev küç-26 ünvanında yerləşən 1-ci binanın, mansard mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 54 kv.m olan 56A № İi mənzilin dəyəri tam ödənilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti xx.xx.2007-ci il tarixli, 27 saylı məktuba cavab olaraq bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 69 saylı sərəncamının 4-cü bəndi, 11954 saylı inşaat pasportu və xx.xx.2006-cı il tarixli, 18/04-403 saylı məktub əsasında hazırlanmış Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956-1989-cu məhəllələrdə tamamlanmaqda olan yaşayış binalarının təqdim etdiyiniz işçi layihəsi ilə tanış olaraq (19 girişli 14 -16, 17, 18-20 mərtəbəli + texmərtəbə + çardaq, 1-ci mərtəbələri - qeyri-yaşayış sahəsi, -3,0m səviyyəsində zirzəmi - yeraltı qaraj; "xxxx" MMCnin işi, müəllif S.Salamzadə) onun memarlıq hissəsini razılaşdırımışdır.Tikinti Bakı Dövlət Memarlıq-Tikinti Nəzarəti Müfəttişliyində qeydiyyatdan keçməlidir. Obyektin xarici mühəndis xətlərinin inşa işləri əlaqədar təşkilatlarla razılaşdırılmış layihə sənədləri əsasında, onların nümayəndələrinin iştirakı və nəzarəti ilə aparılmalıdır. Mühəndis xətlərinin tikintisi başa çatdıqdan sonra icra cizgiləri Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli 3-35/2-74/2024 saylı məktubundan görünür ki, “X5” MTK tərəfindən ünvan 9 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının tikinti və istsimara qəbul sənədlərinin mövcudluğuna dair məlumatın, edildiyi təqdirdə istismara qəbul aktının, eləcə də çoxmərtəbəli yaşayış binasının mərtəbəlilik planının təsdiq edilmiş surətinin verilməsi barədə xx.xx.2023-cü il tarixli 2-1(112)-16178/2023 nömrəli müraciətə (sorğuya) Azərbaycan Respublikasının Dövlə Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 11 saylı sərəncamı ilə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası aktının və həmin binanın mərtəbəlilik planının təsdiq edilmiş surəti göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "xxxx" MMC-yə dair qovluq təqdim edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 3-35/2- 2583/2024 nömrəli xx.xx.2024 cü il tarixli məktubuna əsasən, X5” MTK tərəfindən ünvan 10 ünvanında inşa edilən 1-ci binanın tikinti və istismara qəbul sənədlərinin mövcudluğu ilə bağlı məlumatın, qəbul edildiyi təqdirdə istismara qəbul aktının təsdiq edilmiş surətinin Bakı İnzibati Məhkəməsinə verilməsinə dair xx.xx.2024-cü il tarixli 2-1(112)-3891/2024 nömrəli müraciətə (sorğuya) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 11 saylı Sərəncamı ilə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası aktının təsdiq edilmiş surəti göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********557 nömrəli məktubundan görünür ki, ünvan 11 ünvanda inşa edilmiş binanın mansard mərtəbəsində yerləşən 56A saylı mənzilə dair müayinə aktının, eləcə də çoxmərləbəli yaşayış binasının mərtəbəlilik planının təsdiq edilmiş surətinin, həmçinin “X5” MTK tərəfindən ünvan 11 ünvanda inşa edilmiş binanın mansard mərtəbəsində yerləşən mənzillərin reyestr qeydiyyatı barədə məlumat və hüquqmüəyyənedici sənədlərin surətinin təqdim edilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26 saylı binanın mansard mərtəbəsində yerləşən 978a nömrəli mənzil X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən binanın mərtəbəlilik planının surətinin təqdim edilməsi ilə bağlı aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğundur. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 26, 978a saylı mənzilə dair müvafiq sənədlərin surəti təqdim edilmişdir. "X5" Mənzil Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sizin, “X5” MTK-ya ünvanlanmış 27 yanvar 2025-c il tarixli, 2-1(112)- 543/2025 nömrəli sorğunuza cavab olaraq bildirilir ki, MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 10(on) bloklu bina kompleksinin 1-ci binasının (bina-1) mansard mərtəbəsində yerləşən, ümumi sahəsi 54 kv.m. olan 56A nömrəli mənzili hal-hazırda binanın çardaq hissəsində yerləşən, yaşayış məqsədləri üçün istifadə edilən binanın tərkib hissəsi sahəsidir.Bildirilir ki. bina kompleksi tikilib tamamlanmış. 2019-cu ildə aidiyyəti dövlət orqanı tərəfindən istismara qəbul edilmiş, bina kompleksində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri hüquq sahiblərinin istifadə və mülkiyyətinə verilmişdir. “X5” MTK kooperativ binanın tikintisini başa çatdırdığı üçün artıq fəaliyyətini bitirmişdir və ləğvetmə ilə bağlı proseslərə başlama, müvafiq sənədlərin toplanıb aidiyyəti orqana təqdim olunma mərhələsindədir.MTK rəhbərliyi (təsisçi də direktorları) bir neçə dəfə dəyişdiyi üçün və bina kompleksində idarəetmə sakinlərin istifadəsinə verilmiş və sakinlkər özəl müəssisə cəlb edərək binanın idarəedilməsini həyata keçirirlər. Bina ilə bağlı bir sıra tikinti-inşaat sənədləri, eləcə də bina kompleksi layihəsi hazırki rəhbərlikdə mövcud olmadığından, sözügedən sualların cavablandırılması mümkün olmamışdır. Bununla belə, bildirilir ki, sözügedən mənzilin yerləşdiyi tikili sahəsi bina kompleksinin tərkib hissəsi olduğu üçün hüquq sahibinin - İddiaçı adına müvafiq qaydada sənədləşdirilmiş və ona müvafiq sənədlər (müqavilə, maliyyə arayışı və sxem) təqdim edilmişdir.

24. 10 2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktından görünür ki, ünvan 12 ünvanında yerləşən daşınmaz əmlak hüquqmüəyyən edici sənəd üzrə 2 otaq, ümumi sahəsi 54kv.m, faktiki sahəsi isə 2 otaq yaşayış sahəsi 31.2kv.m, ümumi sahəsi 54kv.m-dır. Mənzil 15+ tex mərtəbəli binanın texniki mərtəbəsində yerləşir. Mənzilin planı idarəyə təqdim edilməyib. Arxivdə mənzil yerləşən binanın layihəsi aşkar edilməmişdir. Bu səbəbdən mənzilin faktiki vəziyyətinə uyğunməlumat üçün tərtib edilmiş plan akta əlavə edildi. İstismara icazədə tex mərtəbədə mənzilin olduğu qeyd edilməyib. Binanın layihəsi olmadığından ərizəçiyə aid tex mərtəbədə yerləşən mənzilin binadakı mənzillərin ümumi sayının tərkibinə daxil olmasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-2-20635 **********35 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 11 ünvanda inşa edilmiş binanın mansard mərtəbəsində yerləşən 56A saylı mənzilə dair müayinə aktının, eləcə də çoxmərləbəli yaşayış binasının mərtəbəlilik planının təsdiq edilmiş surətinin, həmçinin “X5” MTK tərəfindən ünvan 11 ünvanda inşa edilmiş binanın mansard mərtəbəsində yerləşən mənzillərin reyestr qeydiyyatı barədə məlumat və hüquqmüəyyənedici sənədlərin surətinin təqdim edilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır.Bununla əlaqədar olaraq bildirilir ki, eyni məzmunlu sorğu İdarənin arxivinə daxil olmuşdur və **********57 saylı, 13 May 2024-cü il tarixli məktub ilə cavablandırılaraq müvafiq sənədlərin təsdiqlənmiş surəti təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir).

II. İddianın növü və mümkünlüyü

İddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

Məhkəmənin hazırki iş üzrə hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-1(102)-146/2024 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 28-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; - 148-ci maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; - 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.; - 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. - 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; - 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir; - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2018-ci il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2018-ci il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2018-ci il yanvarın 1dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Cavabdeh qurumun imtinası “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında texniki mərtəbənin yaşayış təyinatlı olması qeyd edilməməsi barədədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26 saylı binanın mansard mərtəbəsində yerləşən 978a nömrəli mənzil X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə hesab edir ki, eyni binada və eyni mərtəbədə (mansard) digər şəxslərin mənzil üzərində hüquqlarının hüquqlarının qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunması iddiaçıya münasibətdə bərabər yanaşma prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərlə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Məhkəmə müəyyən edir ki, iddiaçının ona məxsus "X5" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 26 ünvanında inşa etdiyi 1-ci binanın mansard mərtəbəsində yerləşən, ümumi sahəsi 54kv.m. olan 56A nömrəli mənzilin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki sənədin verilməsi üçün “qanuni gözləntisi” var və cavabdehin imtinası qanunun güddüyü məqsədə mütənasib deyil. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X4 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. "X5" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 26 ünvanında inşa etdiyi 1-ci binanın mansard mərtəbəsində yerləşən, ümumi sahəsi 54kv.m. olan 56A saylı mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki sənədin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar