Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5431/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ölüm haqqında akt qeydi”ndə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZ-İİ № 150497 “ölüm haqqında şəhadətnamə”də “Hacıəhməd” adının “Əhməd” adına düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Ölüm haqqında aktın qeydiyyat kitabı”nda 2020-ci ilin Xİİ ayının 01-ci günündə 1692 №-lə qeyd edilmiş qeyddə dəyişiklik edilərək, xx.xx.2020-ci il tarixdə ölmüş şəxsin adının “Hacıəhməd”dən “Əhməd”ə düzəliş edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, X4 xx.xx.2020-ci il tarixində ölmüşdür. O, atasından miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququnun tanınması üçün Bakı şəhəri 6 saylı Notariat Ofisinə müraciət etmişdir. Lakin Bakı şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli X-189 nömrəli məktubu ilə “Ölüm haqqında şəhadətnamə”də atasının adı “Hacıəhməd” yazıldığı üçün onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. X4 “Həc ziyarəti”nə getdiyinə görə adının əvvəlinə “Hacı” sözü əlavə etmiş və bununla da “Əhməd” adını “Hacıəhməd” adına dəyişdirmişdir. Bundan sonra o, ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, AZ-İİ 150497 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin adı qrafasında göstərilmiş “X5”nun “X10” ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-2900/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə mülki iş üzrə icraata xitam vermiş və qərardadda göstərmişdir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1 -ci bəndində göstərilir, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquq müəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bundan sonra o, Cavabdehnə ərizə ilə müraciət etsə də, lakin həmin qurumun xx.xx.2022-ci il tarixli 49- 05/15 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmiş və “X10”nun “X5” ilə eyni şəxs olması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Sabunçu rayon Qeydiyyat Şöbəsi imtina məktubu ilə əsassız və qanunsuz olaraq onun hüquqlarını pozmuşdur. X2 olması onun şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi ilə təsdiq edilir. AZ-İİ 150497 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin atasının ölümü ilə bağlı tərtib olunması açıq-aşkar aydın olsa da, lakin cavabdeh bu faktları nəzərə almamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyin tələblərinə uyğun olmadığının nəzərə alınaraq, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.1972-ci ildə Dəmirçi kənd XDS İK tərəfindən verilmiş АЗ seriyalı 170911 №li evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1942-ci il təvəllüdlü X10 ilə X11 10 iyul 1972-ci il tarixdə nikaha daxil olmuşlar. İİİ-ЖГ seriyalı, 342164 nömrəli; Vİ-ЖГ seriyalı, 254184 nömrəli; V-ЖГ seriyalı, 396865 nömrəli və V-ЖГ seriyalı, 497337 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, müvafiq olaraq xx.xx.1975-ci il təvəllüdlü X8; xx.xx.1977-ci il təvəllüdlü X9; xx.xx.1977-ci il təvəllüdlü İddiaçı və xx.xx.1980-ci il təvəllüdlü X6 ataları qismində X10 qeyd olunmuşdur. Cavabdeh tərəfindən 23 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 150497 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində “Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması” səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 12-ci ayının 01-ci günündə 1692 №lə qeyd edilmiş şəxsin adı X1 qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 018-7641-1222 №li xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1942-ci il təvəllüdlü X5 xx.xx.2002-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dəmirçi kəndində yaşayış yeri üzrə qeydiyyatda olmuş, lakin şəxsiyyət vəsiqəsi xx.xx.2021-ci il tarixdə ölüm səbəbi ilə fəaliyyətsizləşdirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/2-2786/13 nömrəli məktubdan görünür ki, X10 xx.xx.1972-ci ildə Şərur rayonunun Dəmirçi icra nümayəndəliyində xx.xx.1948-ci il təvəllüdlü Quliyeva (Yusifova) Rəna Həmid qızı ilə nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.1975-ci ildə Tahirə Quliyeva, xx.xx.1977-ci ildə Çingiz Quluyev, xx.xx.1977-ci ildə Aynurə Quluyeva və xx.xx.1980-ci ildə Rəhim Quluyev doğulmuşdur. Ə.Quliyevin nikahı haqqında akt qeydində onun doğum yeri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi yazılmışdır. xx.xx.2020ci ildə Sabunçu rayon qeydiyyat şöbəsində Hacıəhməd Quliyevin ölümü dövlət qeydiyyatına alınmışdır. Həmin akt qeydinin kserosurətini məhkəməyə göndərilmişdir. Həmçinin “’Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ə.Quliyevin doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. - Cavabdeh 05/13-953 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş 0048 8 1692 nömrəli xx.xx.2020-ci il tarixli “Ölüm haqqında akt qeydi”ndən görünür ki, xx.xx.1942-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dəmirçi kəndində doğulmuş X5 xx.xx.2020-ci ildə ölmüşdür. Ölüm faktını təsdiq edən sənəd Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş **********17 №li xx.xx.2020-ci il tarixli tibbi şəhadətnamə olmuşdur. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 577 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq X3 akt qeydləri 1946-cı ildən saxlanıldığından Quliyev Əhməd (Hacıəhməd) Rəhim oğlunun doğumu barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən 05/13-69 №li xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə göndərilmiş 05/69-59 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, 25 mart 1942-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dəmirçi kəndində doğulmuş X7 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 7/54 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim **********18 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”sindən və həmin şəhadətnamənin verilməsinə əsas olan “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”nin surətindən müəyyən olunur ki, xx.xx.1942-ci il təvəllüdlü X5 (şəxsiyyət vəsiqəsi AZE ********) xx.xx.2020-ci il tarixdə ölmüşdür. İddiaçının hazırkı tələblə Cavabdehnə etdiyi müraciətə cavab olaraq, sonuncu tərəfindən verilmiş 49-05/15 nömrəli, 08 yanvar 2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Sabunçu RQŞ-də qeydə alınmış xx.xx.2020-cı il tarixli 1692 saylı ölüm akt qeydində ölənin adı qrafasına "Hacıəhməd” qeyd edilmişdir. Şərur rayon Dəmirçikənd icra nümayəndəliyində qeydə alınmış İddiaçı barəsində 10.02 1978-ci il tarixli 31 saylı doğum, Tahirə Quliyeva barəsində 19 03.1975-ci il tarixli 58 saylı doğum, Çingiz Quliyev barəsində xx.xx.1977-ci il tarixli 21 saylı doğum, Rəhim Quliyev barəsində xx.xx.1980-cı ıl tarixli 58 saylı doğum akt qeydlərində bütün hallarda ata adı "Əhməd" və xx.xx.1972-ci il tarixli 16 saylı nikah akt qeydində də kişinin adı “Əhməd” yazılmışdır. Qeyd edilən sənədlərlə “X10” ilə “X5”nun eyni şəxs olması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmçinin əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İddiaçının iddia tələbi ölüm akt qeydinə dəyişiklik (düzəliş) edilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "mübahisələndirmə haqqında” iddia növünə aiddir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırki işdən müəyyən olunur ki, iddiaçı akt qeydində düzəlişin edilməsi ilə bağlı əvvəlcə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın; - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-nin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum X4nun ölümünün qeydə alınmasına dair “Ölüm haqqında akt qeydləri kitabı”nda 2020-ci ilin 12-ci ayının 01-ci günündə 1692 №-lə qeyd edilmiş qeyddə dəyişiklik (düzəliş) edilərək, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüş şəxsin adının “Hacıəhməd”dən “Əhməd”ə düzəliş edilməsi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5431/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5431/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver