Məhkəmə qərarları › İş №2-1(112)-5431/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5431/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5431/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin, X2 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli, 37052 saylı Mərdəkan ərazisindəki 217 nömrəli bağ sahəsinin X7ya mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın iddiaçılara verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin, X2 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli, 37052 saylı Mərdəkan ərazisindəki 217 nömrəli bağın istifadəyə verilməsinə dair müqaviləyə əsasən, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün iddiaçılara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.

2. Sonradan iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin, X2 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli, 37052 saylı Mərdəkan ərazisindəki 217 nömrəli bağ sahəsinin X7ya mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın iddiaçılara verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ” kimi qəbul edilməsini xahiş etmişdirlər.

3. Məhkəmənin 19 mart 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçıların ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin, X2 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli, 37052 saylı Mərdəkan ərazisindəki 217 nömrləi bağın istifadəyə verilməsinə dair müqaviləyə əsasən Gülbacı Məşədiyevaya ayrılmışdır. X7 xx.xx.2018- ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra 23 saylı notariat ofisində qanun üzrə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilməklə miras əmlak 1/2 hissədə müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsi iddiaçının sahiblik və isitfadəsində verildikdən bu günə qədər torpaq sahəsindən maneəsiz istifadə edirlər. Həmin 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmiş, müraciəti qəbul olunaraq qeydiyyata alınmış və müraciətinin icrasından imtina edilmişdir, imtinaya səbəb sənədlərin surət olması, torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsini, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşməsinin idarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini və göstərilən torpaq sahəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata ahnmış sahənin bir hissəsinə uyğun gəlməsini əsas gətirmişlər. İddiaçılar tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilata müraciət edilmiş və idarənin xx.xx.2024-cü il tarixli məktubu ilə X7ya məxsus olan 217 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin 37052 saylı arxiv qovluğunda mövcud olmasını və həmin müqavilənin təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxoz rəhbərinin (direktor və s.) əmri daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. İddiaçılar cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər.

5. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin 2047B saylı özəl bağ sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən, torpaq sahəsinin yerləşməsi İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. 217 saylı bağ sahəsinin göstərilən sahəyə aidiyyəti yoxdur, göstərilən torpaq sahəsi X3 (fin : 2VRS9ZV) adına daşınmaz əmlakın dövlət reyestrində **********46 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahənin bir hissəsinə uyğun gəlir. Əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə sahəsi 0.12 ha qeyd edilsə də, faktiki 0.1134 ha təşkil edir.

İİ. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və cavabdeh inzibati orqan imtina məktubu verilmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş digər iddiaçı və cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdirlər. Оdur ki, məhkəmə işə digər iddiaçı və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Parl-X4 Departamenti X2 və istismarı Biriliyi Mərdəkan ərazisindəki 217 nömrəli bağın istifadəyə verilməsi haqqında 37052 saylı, 06 fevral 2006-cı il tarixli müqaviləyə əsasən, bir tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən, gələcəkdə “birlik” adlandırılacaq X2 və İstismarı Birliyi, digər tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 26 saylı sərəncamı əsasında hərəkət edən, gələcəkdə “istifadəçi” adlandırılacaq Məşədiyeva Gülbacı olmaqla, Birlik Əzizbəyov rayonunun Mərdəkan ərazisində 0,12 ha torpaq sahəsi olan 217 nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verir və istifadəçi həmin bağı istifadəsinə götürür. Bakı şəhəri 23 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2641 nömrəli məktubunda qeyd edilmişdir ki, vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar ünvan 1 ünvanında qeydiyyatda olmuş xx.xx.2013-cü il tarixdə vəfat etmiş Məşədiyeva Gülbacı adına Bakı şəhəri 23 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə vərəsəlik işi açılmış, vərəsələrin dairəsi və miras əmlakdan ona çatası pay miqdarı aşağıdakı kimi müəyyən edilmişdir. Oğlu – İddiaçı2 1/2, qızı İddiaçı1 1/2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-M-1513/02-8/2024 **********07 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən, torpaq sahəsinin yerləşməsi İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahənin bir hissəsinə uyğun gəlir. Əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə sahəsi 0.12 ha qeyd edilsə də, faktiki 0.1134 ha təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-M-1519-8/2024 **********11 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi 217 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə Gülbacı Məşədiyeva arasında bağlanılmış xx.xx.2006-cı il tarixli 37052 nömrəli arxiv qovluğunda mövcuddur. xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, bağ sahəsi 2047B saylı özəl bağla ümumi hasar daxilində yerləşir, ara sərhəd şərtidir, darvaza var, bağ sahəsində İ tövlə və İİ s/q var, bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Beləki, sxematik xəritəyə əsasən bağ sahəsinin həqiqi yeri göstərilən sahədən təqribi 4200-4300 metr cənub-şərq istiqamətində yerləşməlidir. X3 **********946 nömrəli xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 217 nömrəli bağ ünvanında yerləşən 0.12 ha torpaq sahələri (faktiki 0.1134 ha torpaq sahəsi) İddiaçı2 və İddiaçı1 adına özəlləşdirilməsinə və çıxarışın verilməsinə etiraz etmir və gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 217 saylı bağ sahəsinə dair idarəsinin arxivində saxlanılan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

İV. Məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

6. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

7. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

11. İş materiallarından göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismar Biriliyi ilə iddiaçıların vərəsəsi olduqları Gülbacı Məşədiyeva arasında bağlanılmış müqavilə mövcuddur.

12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. 13.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). Hazırda cavabdeh qeyd edilən halların iddiaçılara münasibətdə mövcud olmasını müəyyən edilməmişdir.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etssdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Hüquqların dövlət qeydiyyatına alınması mülkiyyət hüququnun tanınması və qorunması məqsədilə həyata keçirilən bir prosesidir. Bu proses mülkiyyətin hüquqi statusunu rəsmi şəkildə təsdiqləyir və mülkiyyət sahiblərinin hüquqlarını qorumaq üçün əhəmiyyətlədir.

15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;” “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07.03. 2016-ci il tarixli, 818 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin; 2.2. dövlət əmlakının Registrində, meşə, su və digər sahəvi dövlət kadastrlarında torpaqlarla bağlı mövcud məlumatların, habelə aidiyyəti dövlət orqanları tərəfindən torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində həyata keçirilən tədbirlərin, torpaqlardan istifadənin vəziyyətinin müəyyən olunması məqsədi ilə aparılan monitorinqlərin nəticələri barədə məlumatların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsini, həmin sistemin daşınmaz əmlakın vahid dövlət kadastrına və daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiyasını təmin etsin; 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Yuxarıda sadalanan normaların və işin faktiki hallarının birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə bağ sahəsinin ayrılmasına dair icra hakimiyyəti orqanı tərəfindən verilmiş order hüquqmüəyyənedici sənəd kimi göstərilmişdir. Belə olan halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Bu da iddiaçıların hazırki iddia tələbində haqlı olduqlarına əsas verir. İddiaçıya torpaq sahəsinin yerləşməsi İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi barədə cavabdehin etirazında bildirdiklərinə gəldikdə, məhkəmə qeyd edir ki,cavabdeh torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılmasını həyata keçirməlidir. Cavabdehin torpaq sahəsinə digər fiziki şəxsin (X5) qeydiyyata alınmış sahəsinin bir hissəsinə uyğun gəlməsi barədə etirazın hallarına gəldikdə isə, iş materiallarında olan X3 **********946 nömrəli xx.xx.2025 nömrəli notariat qaydada təsdiq edilmiş ərizəsi, həmin şəxs ilə iddiaçılar arasında göstərilən torpaq sahəsi üzərində mübahisəsinin olmamasına əsas verir. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıların müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir Beləliklə, məhkəmə müəyyən etmişdir ki, bağ sahəsinin iddiaçıların vərəsəsinə ayrılması barədə hüquqmüəyyənedici sənəd qüvvədədir. Torpaq sahəsinin ayrıldığı və həmin sahənin iddiaçıların istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbindən də göründüyü kimi İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh isə həmin maddənin tələblərini nəzərə almadan formal imtina əsası ilə çıxış etmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

17. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin, X2 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli, 37052 saylı Mərdəkan ərazisindəki 217 nömrəli bağ sahəsinin X7ya mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın iddiaçılara verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

18. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin, X2 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli, 37052 saylı Mərdəkan ərazisindəki 217 nömrəli bağ sahəsinin X7ya mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı1 və İddiaçı2 verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar