Məhkəmə qərarları › İş №2-1(112)-5432/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5432/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5432/2022 29.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona pensiya hüququnun xx.xx.2016-cı il tarixdən yarandığı üçün pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixinə qədər olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən yenidən hesablanması və ötən müddət üzrə yığılmış pensiyanın ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1953-cü ildə Qazax rayonu, Ağköynək kəndində doğulmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2016-cı il tarixdən etibarən yaranmışdır. Həmin dövrə uyğun olaraq dövlət qulluğu vəzifəsində işləyən şəxslərin qulluq stajına görə əlavələr və staj ilə bağlı zəruri olan minimum hədd həmin dövrdə qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir. Bu isə müvafiq olaraq olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları ilə tənzimlənir. İşin hallarından görünür ki, onun 63 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur. O, xx.xx.1970-ci il tarixdən müxtəlif vəzifələrdə kəsintisiz fəaliyyət göstərdiyindən, onun ümumi iş stajı 12 ildən çox təşkil edir. Bu hal özlüyündə ona dəlalət edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 7-ci maddəsində nəzərdə tutulan yaş və stajı ilə bağlı şərtlər ödənildiyindən, iddiaçının yaşa görə əmək pensiyası hüququ məhz xx.xx.2016-cı il tarixdən, yəni 63 yaşı tamam olduğu vaxtdan yaranmış olur. Həmin dövrdə qüvvədə olan pensiya münasibətlərini tənzimləyən qanunvericilikdə vətəndaşın dövlət qulluqçusu kimi pensiya almaq hüququ üçün minimum hədd 5 il müəyyən olunmuşdur. Hesablama qaydası isə 5 il üçün dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarıda qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarına uyğun aparılır. Əlbətdə bu növ iddialarda təkcə stajın yox, həmçinin işlədiyi vəzifəsinin dövlət qulluğu hesab olunub-olunmaması mühüm rol oynayır. Bunun müəyyən edilmsəi isə müvafiq olaraq Siyahıda göstərilən vəzifələr əsasında müəyyən edilir. Həmin Siyahının 2-ci bəndinə 1991ci il oktyabrın 18-dən “İnzibati və yardımçı vəzifələrin təsnifatı toplusu” qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin təsnifatı toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin Siyahının 2.12-ci yarımbəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında şöbə müdiri (rəisi) vəzifəsi “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların, yerli bölmələrin aparatında sektor müdiri vəzifəsinə, bölmə rəhbəri – bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 24.1-ci bəndinə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rayon (şəhər) statistika idarələri (şöbələri) göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kollegiyasının 17 yanvar 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası rayon, şəhər statistika idarələri şöbələri haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən yerli statistika orqanları ərazidə statistika və uçot işinə rəhbərlik edən yerli iqtisadi dövlət idarəetmə orqanı olmuşur və Dövlət Statistika Komitəsi sistemində fəaliyyət göstərmiş, bilavasitə yuxarı dövlət statistika orqanına tabe olmuşdur. Şərh olunan qanunvericiliyin müddəaları əsasında müəyyən edilmişdir ki, onun xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi Əzizbəyov rayon Statistika İdarəsinin şöbə müdiri (müdir müavini) vəzifələri “İnzibati və yardımçı vəzifələrinin” Təsnifat Toplusunda dövlət qulluqçusu vəzifələrinə aid edilmişdir. Bu isə onu göstərir ki, həmin dövrlər nəzərə alınmaqla onun 8 il 08 ay 05 gün dövlət qulluğu üzrə stajı var ki, həmin staj əsasında onun əmək pensiyasının dövlət qulluqçusu kimi nəzərdə tutulan əlavələr ilə birgə hesablanması mümkündür. İddianın mümkünlüyü ilə bağlı hissədə qeyd edir ki, tərəfindən dövlət qulluqçusu kimi əlavələri nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə ərizə ilə müraciət etməsinə baxmayaraq, ərizə xx.xx.2021-ci il tarixdə, H41 saylı nömrə ilə qeydiyyata alınsa da, ərizə üzrə müvafiq cavab verilməmişdir. Hesab edir ki, iddia mümkün hesab edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama cavabdeh tərəfindən hər hansı bir münasibət təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş iddiaçının adına 23 sentyabr 1970-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Əzizbəyov rayon İnformasiya-Hesablama Stansiyasında iqtisadçı-normalayıcı, müvəqqəti olaraq stansiya üzrə rəis müavni, rəis vəzifəsini icra edən, rəis vəzifələrində; xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Azərbaycan Kommunist Partiyasının Əzizbəyov rayon Komitəsində instruktor vəzifəsində işləmişdir. İşdə olan iddiaçıya məxsus pensiya işindən müəyyən edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən Komissiyasının 133 nömrəli, 17 iyu 2016-cı il tarixli qərarı ilə xx.xx.2016-cı il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixdə daxil olmuş ərizəsinə əsasən, o, dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Filialın xx.xx.2021-ci il tarixli **********4 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmiş, əmək pensiyasının məbləğ 277 manat, 24 qəpik müəyyən edilmişdir. Ötən dövr üzrə xx.xx.2018-xx.xx.2021-ci illər üzrə fərq məbləği hesablanmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası X3 tərəfindən xx.xx.2022-ci il tarixli, PHŞ-3-2-2022-3248 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1 -ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçı 1981-1985-ci illərdə Əzizbəyov Rayon İnformasiya-Hesablama Stansiyasında işlədiyi müddətin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi ilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahının 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) yalnız Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin Təsnifat Toplusunda Azərbaycan SSR Nazirlər Sovetinin 5 noyabr 1973-cü il tarixli 360 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSR-də, DQMV-də, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamə”nin 28-ci hissəsinə əsasən dövlət statistikasının rayon və şəhər məlumat hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında işləmişdir. Dövlət statistikası rayon və şəhər məlumat hesablama stansiyalarının (mərkəzlərinin) bütün xərcləri təsdiq edilmiş istehsal-maliyyə planlarına və xərclər smetalarına uyğun olaraq onların təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına ödənilmişdir. Adıçəkilən Əsasnamə “Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 30 mart 1988-ci il tarixli 114 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür. "Ölkədə statistika işlərinin əsaslı surətdə yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 17 avqust 1987-ci il tarixli 294 nömrəli Qərarı ilə bağlı Azərbaycan SSR Dövlət Statistika Komitəsinin 31 avqust 1987- ci il tarixli 3 nömrəli əmrinin 2-ci bəndinə əsasən, rayon məlumat hesablama mərkəzləri (stansiyaları) rayon statistika idarələrinə çevrilmişdir və statistika idarələrinin fəaliyyəti “Dövlət müəssisəsi (birliyi) haqqında” Qanuna uyğun olaraq təsərrüfat hesabı əsasında həyata keçirilmişdir. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Əlavə olaraq bildirilmişdir ki, “Azərbaycan SSR Dövlət Statistika Komitəsinin təşkilati strukturunun təkmilləşdiriliməsi haqqında“ Azərbaycan SSR Nazirlər Sovetinin 1 noyabr 1988-ci il tarixli 389 nömrəli Qərarına Əlavəyə əsasən Əzizbəyov Rayon Statistika İdarəsi Komitənin mərkəzi aparatının strukturunda nəzərdə tutulmamışdır. Qeyd edilən aktlara əsasən Əzizbəyov Rayon İnformasiya-Hesablama Stansiyası təsərrüfat hesabına maliyyələşdirildiyi və Azərbaycan SSR Dövlət Statistika Komitəsinin mərkəzi aparatının strukturunda nəzərdə tutulmadığı üçün həmin qurumda İddiaçı 1981-1985-cı illərdə işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxil edilmir. İddiaçı 1985-1990-cı illərdə Azərbaycan Kommunist Partiyasının Əzizbəyov Rayon Komitəsində işlədiyi müddətlə bağlı bildirilir ki, yuxarıda qeyd edilən Siyahının 1.6-cı bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında instruktor vəzifəsi Təsnifat Toplusunda göstərilən rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırmaya əsasən İddiaçı 1985-1990-cı illərdə Azərbaycan Kommunist Partiyasının Əzizbəyov Rayon Komitəsində instruktor vəzifəsində işlədiyi müddət dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən Komissiyasının 133 nömrəli, 17 iyun 2016-cı il tarixli qərarı ilə xx.xx.2016-cı il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixdə daxil olmuş ərizəsinə əsasən, o, dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Filialın xx.xx.2021-ci il tarixli **********4 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmiş, əmək pensiyasının məbləğ 277 manat, 24 qəpik müəyyən edilmişdir. Ötən dövr üzrə xx.xx.2018-xx.xx.2021-ci illər üzrə fərq məbləği hesablanmışdır. İddiaçı pensiya hüququnun xx.xx.2016-cı il tarixdə yarandığı üçün pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixinə qədər olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən yenidən hesablanmasını və ötən müddət üzrə yığılmış pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Qanunun sözügedən dövrədək qüvvədə olmuş redaksiyasının yuxarıda qeyd edilən müvafiq maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğnin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçının dövlət qulluğu stajına daxil edilərək, müvafiq əlavələrin hesablanmalı olduğunu iddia etdiyi müddət onun xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Əzizbəyov rayon İnformasiya-Hesablama Stansiyasında iqtisadçı-normalayıcı, müvəqqəti olaraq stansiya üzrə rəis müavini, rəis vəzifəsini icra edən, rəis vəzifələrində; xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Azərbaycan Kommunist Partiyasının Əzizbəyov rayon Komitəsində instruktor vəzifəsində işlədiyi müddətdir. X3 tərəfindən daxil olmuş cavab məktubuna əsasən isə müəyyən edilmişdir ki, iddiaçının dövlət qulluğu stajına hesablanmalı olan dövrlər onun xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Azərbaycan Kommunist Partiyasının Əzizbəyov rayon Komitəsində instruktor vəzifəsində işlədiyi müddətdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə sözügedən maddənin tətbiq edilməsi üçün ilkin zəruri şərt dövlət qulluğu vəzifəsində10 ildən yuxarı qulluq stajının olmasıdır ki, məhkəmə araşdırması zamanı iddiaçının dövlət qulluğu stajının 10 ildən yuxarı olması öz təsdiqini tapmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar