Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5432/2025 08.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı XXX, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı XXX-in cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “maddi yardımın ödənilməsi və s.” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı XXX cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə hər iki valideyn himayəsindən məhrum olmuş, tənha, sosial yardıma ehtiyacı olan, İİ qrup əlil şəxs kimi ona hər il verilən 150 manat birdəfəlik maddi yardımın miqdarının kommunal xərclər, reabilitasiya üçün xəstəxana xərci, yol xərcləri və digər xərclər nəzərə alınmaqla artırılaraq 500 manat müəyyən olunması və maddi yardımla bağlı müraciətlərinə qanunamüvafiq qaydada və mahiyyəti üzrə əsaslandırılmış cavab verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı son olaraq məhkəməyə təqdim etdiyi ərizəsində hər iki valideyn himayəsindən məhrum olmuş, tənha, sosial yardıma ehtiyacı olan, İİ qrup əlil şəxs kimi iddiaçıya hər il verilən 150 manat birdəfəlik maddi yardımın miqdarının kommunal xərclər, reabilitasiya üçün xəstəxana xərci, yol xərcləri və s. nəzərə alınmaqla artırılaraq 2000 manat müəyyən olunması və maddi yardımla bağlı iddiaçının müraciətlərinə qanunamüvafiq qaydada və mahiyyəti üzrə əsaslandırılmış cavab verilməsi, 2021-ci ildə X4 ilə əlaqədar ona ödənilməmiş 30 manat maddi yardımın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hər iki valideyn himayəsindən məhrum olmuş, tənha, sosial yardıma ehtiyacı olan, İİ qrup əlil şəxsdir. Cənab Prezidentin əlil və kimsəsiz şəxslərə diqqət və qayğısı nəticəsində, həmçinin “X4” münasibəti ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Sosial Xidmətlər Agentliyi sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə, əlillərə hər il bayram sovqatları verir, birdəfəlik maddi yardımlar göstərir. İddiaçı da hər il aidiyyəti üzrə həmin birdəfəlik maddi yardımın alınması üçün Sosial Xidmətlər Agentliyinə müraciət ünvanlayır. Lakin cavabdeh qurum “İnzibati icraat haqqında” qanunun 13-cü maddəsində göstərilən “Etimad hüququnun qorunması” prinsipini pozaraq 2019-cu ildə ona 200 manat birdəfəlik maddi yardım verdiyi halda, heç bir rəsmi və yazılı əsas göstərmədən növbəti illər bu məbləği azaldaraq 150 manat müəyyən etmişdir. O cümlədən, 3 dekabr “X4” münasibəti ilə hər il cavabdeh qurum tərəfindən 30 manat ödənildiyi halda, 2021-ci ildə bu məbləğ ödənilməmişdir. Cari ilin iyun ayında bu il üçün olan 150 manat birdəfəlik maddi yardımı aldığı zaman miqdarla bağlı narazılığını bildirmişdir. Məsələ ilə bağlı cavabdeh quruma dəfələrlə müraciətlər etmişdir. Hər il verilən birdəfəlik maddi yardımlar və bayram sovqatı ilə bağlı məsələlər Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin nəzarətindədir. Odur ki, bu məsələdə ona köməklik göstərilməsi üçün iddiaçı Azərbaycan Respublikasının 1-ci vitse Prezidentliyinə 4 oktyabr 2024-cü ildə müraciət ünvanlamışdır. xx.xx.2024-cü il tarixdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 nömrəli Çağrı Mərkəzindən iddiaçıya edilən telefon zəngində əməkdaş bildirmişdir ki, həmin müraciət 30 oktyabr tarixində ƏƏSMN-də qeydiyyata alınıb və “vətəndaşın müraciəti icra olunacaq” kimi cavab qeyd olunur. Lakin cavabdeh qurum ödənilən birdəfəlik maddi yardımla bağlı şablon cavab vermişdir. Sonuncu belə şablon mətnli cavab məktubları cavabdeh qurumdan iddiaçıya xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Sosial Xidmətlər Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlilliyi olan şəxslərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiyası”nın 2024-cü il 06 iyun tarixli 05 nömrəli protokolu əsasında İddiaçı ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlilliyi olan şəxs kimi 150 manat məbləğində birdəfəlik maddi yardım ayrılmış və ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Mövcud vəziyyətdə vətəndaşlara kommunal, reabilitasiya üçün xəstəxana, yol və digər xərclərin ödənilməsi həm qanunvericilik baxımından mümkünsüzdür, həm dövlət büdcəsinin və Agentliyin imkanları xaricindədir. Bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “3 dekabr-Beynəlxalq əlilliyi olan şəxslər günü münasibəti ilə sosial müdafiəyə daha çox ehtiyacı olan əlilliyi olan şəxslərə birdəfəlik maddi yardımın verilməsi haqqında” 2024-cü il 09 dekabr tarixli 3-17/3-2-204/2024 nömrəli əmri əsasında müvafiq siyahı üzrə əlilliyi olan şəxslərin hər birinə 30 manat məbləğində birdəfəlik maddi yardım verilməsi ilə bağlı qərar qəbul edilmiş və iddiaçı qeyd olunan əmr əsasında birdəfəlik maddi yardımıla təmin olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin arzuladığı məqsədə nail ola bilmədiyindən müvafiq tələblə cavabdehə qarşı məhkəmədə iddia irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin dəqiqləşdirilmiş formada təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının sonuncu müraciətinə baxılmış və etirazda göstərilən dəlillərə uyğun məzmunda cavab verilərək məsələnin həllindən imtina edilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilir ki, “Əlilliyi olan şəxslərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiya”nın xx.xx.2023-cü il tarixli qərarı əsasında sosial-məişət problemlərinin həll edilməsinə köməklik göstərilməsi məqsədilə Siz 150 manat məbləğində birdəfəlik maddi yardımla təmin edilmisiniz.” -“Əlilliyi olan şəxslərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiya”nın 2024-cü il 06 iyun tarixli 05 nömrəli protokolu əsasında birdəfəlik maddi yardım ayrılan əlilliyi olan şəxslərin siyahısının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi olan şəxs kimi 150 manat verilmişdir. -3 dekabr – X4 münasibəti ilə birdəfəlik maddi yardım olunacaq sosial-müdafiəyə daha çox ehtiyacı olan 20000 nəfər əlilliyi olan şəxslərin 2024-cü ilə aid adlı Siyahısında (12 №-li) İddiaçı XXX-in adı göstərilmişdir. -DOST Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki: “Nazirliyin “3 dekabr – X4 münasibəti ilə birdəfəlik maddi yardımın verilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********1 nömrəli Sərəncamı əsasında 30 (otuz) AZN məbləğində birdəfəlik maddi yardım xx.xx.2020-ci il tarixdə Azərpoçtun 4 saylı poçt filialının 1044 saylı poçt şöbəsi tərəfindən ödənilmişdir. -"xxxx" MMC-nin 4 saylı poçt filialı tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, İddiaçı Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə hər birində 30 AZN olmaqla, ümumilikdə 90 AZN pul köçürməsi edilmişdir. -Cavabdeh tərəfindən məhkəmənin müvafiq sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Nazirliyin “3 dekabr-Beynəlxalq əlilliyi olan şəxslər günü münasibəti ilə sosial müdafiəyə daha çox ehtiyacı olan əlilliyi olan şəxslərə birdəfəlik maddi yardımın verilməsi haqqında” 2021-ci il 26 noyabr tarixli **********4 nömrəli əmri əsasında müvafiq siyahı üzrə əlilliyi olan şəxslərin hər birinə 30 manat məbləğində birdəfəlik maddi yardım verilməsi ilə bağlı qərar qəbul edilmişdir. Lakin həmin əmr əsasında tərtib edilmiş mövcud siyahı üzrə iddiaçıya 30 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilir ki, Nazirliyin “Əlilliyi olan şəxslərin tibbi reabilitasiya və sosialməişət problemlərinin həllinə köməklik göstərən komissiya”sı tərəfindən Agentlik vasitəsilə sosial müdafiəyə daha çox ehtiyacı olan əlilliyi olan şəxslərə birdəfəlik maddi yardım verilməsi növbəlilik qaydasında həyata keçirilir. Beləliklə, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi 3 hissədən ibarətdir:
1. Hər iki valideyn himayəsindən məhrum olmuş, tənha, sosial yardıma ehtiyacı olan, ikinci qrup əlil kimi ödənilməyən birdəfəlik maddi yardımın ödənilməsi. 2. “X4” ilə əlaqədar 2021-ci ildə ona ödənilməmiş 30 manat maddi yardımın ödənilməsi. 3. Maddi yardımla bağlı müraciətlərinə mahiyyəti üzrə əsaslandırılmış cavabların verilməsi. Məhkəmə birinci tələblə bağlı qeyd edir ki, iddiaçı bu hissədə ona əsaslanmışdır ki, son beş ildə birdəfəlik maddi yardım ayrılan əlilliyi olan şəxs kimi ona 300 manat verilməli olduğu halda, hər il cəmi 150 manat, ümumilikdə 750 manat ödənilmişdir. Tələb etdiyi 2000 manat məbləğin 1250 manat hissəsi isə cavabdehin hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyanın kompensasiya edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə himayədar ailə və övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə AR Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş bölgü siyahısından görünür ki, Fərmanda göstərilmiş vəzifələrin icrası ilə bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə vəsait ayrılması tapşırılmışdır. İş materiallarında olan sənədlərdən və məhkəmə iclaslarında aparılmış araşdırmalar ilə müəyyən edilmişdir ki, Əmək və X2 Nazirliyi üzrə sərəncama əsasən “Əlilliyi olan şəxslərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiyası” yaradılmış və həmin Komissiyanın qərarı ilə sosial müdafiəyə daha çox ehtiyacı olan əlilliyi olan şəxslərə növbəlilik qaydasında birdəfəlik maddi yardımın ayrılması nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, müvafiq qanunvericlikdə əlilliyi olan şəxslərə ödənilən birdəfəlik maddi yardımın məbləği nəzərdə tutulmamışdır. Belə ki, əlilliyi olan hər bir şəxs birdəfəlik maddi yardımın ödənilməsi üçün aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət edir. Bundan sonra daxil olmuş müraciətlər araşdırılmaqla sosial müdafiəyə daha çox ehtiyacı olan əlilliyi müəyyən edilmiş şəxslərin sənədləri müvafiq komissiyaya təqdim edilir. Komissiya tərəfindən isə dövlət büdcəsindən ayrılmış vəsait üzrə həmin şəxslərin əlillik dərəcələrinə uyğun olaraq birdəfəlik maddi yardımın məbləğini müəyyənləşdirir. Komissiyanın 14 nömrəli, 2021-ci il tarixli protokolundan görünür ki, 2021ci ildə İ dərəcə əlilliyi olan şəxslərə 200 manat, İİ dərəcə əlilliyi olan şəxslərə 150 manat, İİİ dərəcə əlilliyi olan şəxslərə 100 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya isə ikinci dərəcə əlilliyi olan şəxs kimi 150 manat ödənilməsi həyata keçirilmişdir. “X4” ilə əlaqədar 2021-ci ildə 30 manat maddi yardımın ödənilməməsi məsələsinə gəlincə isə əvvəlki illərdən fərqli olaraq Komissiyanın qiymətləndirməsinə əsasən iddiaçıya həmin məbləğin ödənilməsi məqsədəuyğun hesab edilməmişdir. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. İnzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. İnzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin Məcəllənin 74-cü maddəsinə görə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə qeyd edir ki, əlilliyi olan şəxslərə birdəfəlik maddi yardımın verilməsi dövlət büdcəsindən cavabdeh inzibati orqana konkret məqsəd üçün ayrılmış vəsaitin həmin qurum tərəfindən “daha çox maddi yardıma ehtiyacı olan” və “müraciət üzrə növbəlilik” meyarlarına uyğun müəyyənləşdirilir. Göründüyü kimi, müvafiq məqsəd üçün vəsaitin ayrılması və bölüşdürülməsi dövlətin ixtiyarına aid edilmiş məsələdir və Əmək və Əhalinin Müdafiəsi Nazirliyi və tabeliyindəki Sosial Xidmətlər Agentliyi dövlətin bu sferadakı səlahiyyətlərini yerinə yetirən orqanlar kimi həmin vəsaitdən səmərəli istifadə üçün tədbirlər görmək məsuliyyətini daşıyır. Bu meyar dövlət büdcəsindən müvafiq məqsəd üçün ayrılan vəsaitdən ehtiyacı olan əlilliyi müəyyən edilmiş şəxslərin növbəlilik üzrə hər birinin faydalanmasına və həmin vəsaitin ədalətli bölgüsünə xidmət edir. Əks halda qanunverici maddi yardımın verilməsi üçün “daha çox maddi yardıma ehtiyacı olan” və “müraciət üzrə növbəlilik” anlayışından istifadə etməzdi. Başqa sözlə, iddiaçının hazırkı istəklərinin qeyd olunan tələblərə uyğun olması baxımından qiymətləndirilməsi inzibati orqana verilmiş hüquqdur. Buna görə də, məhkəmənin qənaəti belədir ki, iddiaçının qaldırdığı məsələ cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərində olduğundan, İPM-in 73.3.1 və 73.3.2-ci maddələrinin tələbləriə görə iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyula bilməz. Məhkəmə həmçinin vurğulayır ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuzluğu üzrə xüsusatlar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqamın” 5.2-ci bəndinin Əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı bir sıra vəzifələrin həyata keçirilməsi (minimum əmək haqqının yeni səviyyəsi müəyyən edilərkən əlilliyi olan şəxslərin pensiyalarının ona uyğunlaşdırılmasının təmin edilməsi, pensiyaların artırıldığı halda əlilliyi olan şəxslərin pensiyalarının yenidən hesablanmasının vaxtında həyata keçirilməsi, müvafiq reabilitasiya vasitələri ilə təmin edilmə və s.) həvalə edilsə də, maddi yardımın verilməsi ilə tapşırıq nəzərdə tutulmamışdır. İddianın mənəvi ziyan hissəsi ilə bağlı bildirilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İstinad olunan Qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddianın əsaslılığının müəyyən edilməsi üçün ilk növbədə konkret halda cavabdehin təqsirli hərəkətlərinin (hərəkətsizliyinin) olub-olmaması, olduğu təqdirdə isə bu hərəkətlərin (hərəkətsizliyin) həqiqətən iddiaçıya zərər vurulması ilə nəticələndiyi aydınlaşdırılmalıdır. Hansı ki, hazırkı işin araşdırılan halları ilə cavabdehin təqsirli davranışı və bu xüsusda iddiaçıya zərər vurulması müəyyən edilməmişdir. İddia tələbinin iddiaçının maddi yardımın ödənilməsi ilə bağlı müraciətlərinə qanunamüvafiq qaydada və əsaslandırılmış qaydada cavab verilməsinə münasibətdə bildirilir ki, məhkəmə araşdırması dövründə cavabdeh inzibati orqan tərəfindən iddiaçının müxtəlif tarixli, oxşar məzmunlu müraciətlərinə cavab verilməsinə dair məktublar və həmin məktubların poçt vasitəsilə göndərilmə reyestrləri məhkəməyə təqdim edilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.5-ci maddəsinə əsaəsn, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Belə olan halda, iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verildiyindən iddianın təmin edilməsi üçün əsas yoxdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunazidd olmadığından iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov