Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5433/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin müraciət etdiyi və hüquqlarının pozulduğu xx.xx.2022-ci il tarixdən hazırki iddia üzrə məhkəmə qərarının qüvvəyə mindiyi tarixədək ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, oktyabr 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi qaydasında ödənilməsi və etimad hüququnun posulduğu barədə barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdən yaranmış pensiya hüququna görə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-484/217 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Bu zaman məhkəmə qərarı ilə xx.xx.1980-ci ildən xx.xx.1986-cı ilədək Ali Təhsl müəssisəsində (X5) əmək stajı olduğu müəyyən edilmişdir. Oktyabr 2021-ci ildən əmək fəaliyyətini dayandırdığından, xx.xx.2022-ci il tarixdə DSMF-yə elektron müraciət edərək, ərizəsində fəlsəfə doktoru elmi dərəcəsinin olduğunu və işləmədiyini bildirməklə, əlavənin kartına köçürülməsini xahiş etmiş, sonuncu tərəfindən ona işlə təmin oluncağı barədə cavab verilmişdir. xx.xx.2024-cü il tarixdə fəlsəfə doktoru elmi dərəcəsinə görə prezident təqaüdünün təyinatı ilə bağlı müraciət etmiş, sonuncu tərəfindən müraciətindən imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, əmək kitabçasında təhsil illəri ilə bağlı Elmi Təhsil müəssisəsində staj kimi göstərilməməsi, 2000-ci ildən 2006-cı ilədək Elmi işlər üzrə direktor müavini çalışdığı "xxxx" QSC-nin elmi müəssisə olmadığı göstərilmişdir. Hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" QTSC-nin nizamnaməsində Qanunun 21.4-cü maddəsinə əsasən ali idarəetmə orqanı olaraq elmi şuranın fəaliyyəti müəyyən edilmədiyinə görə həmin müəssisə elmi müəssisə və təşkilat hesab edilmir. Bu səbəbdən iddiaçının sğzügedən müəssisədəki əmək fəaliyyəti dövrünün təqaüdün təyin edilməsi üçün iş stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. İddiaçının X5nda aldığı 5 il 6 ay təhsil dövrü isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-484/217 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən ümumi sığorta stajına daxil edilmişdir. Həmin müddətin ümumi ümumi sığorta stajına daxil edilməsi həmin müddətin Fərmana əsasən təqaüdün təyin edilməsi üçün iş stajı kimi nəzərə alınması deyil. İddiaçıya müvafiq məhkəmə qərarına əsasən xx.xx.2015-ci il tarixdən pensiya təyin edildiyindən, o, Fərmanın qəbul edilməsindən sonra pensiya hüququ yaranacaq şəxs deyil, deməli sözügedən təqaüd ona əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2021-ci il tarixədək qüvvədə olan 19.2-ci maddəsinə əsasən) ödənilə bilərdi. Lakin iş materiallarından göründüyü kimi, iddiaçıya xx.xx.2015-ci il tarixdən pensiya təyin edilsə də, o fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə almamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR 28 fevral 1986-cı ildə verilmiş MB seriyalı 362964 №li diplomun surətindən müəyyən olunur ki, iddaçı 1980-ci ildə X3 daxil olmuş 1986-cı ildə həmin institutu bitirmişdir. "xxxx" QTSC-nin nizamnaməsindən müəyyən olunur ki, Cəmiyyət hüquqi şəxs kimi xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 1442 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara əsasən o, xx.xx.1986-cı ildən xx.xx.2000-ci ilədək Azərbaycan Milli Elmlər X2 müxtəlif vəzifələrdə, xx.xx.2000-ci ildən 30.12.205-ci il tarixədək "xxxx" QTSC-də işləmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş "xxxx" QTSC-nin nizamnaməsində Qanunun 21.4-cü maddəsinə əsasən ali idarəetmə orqanı olaraq elmi şuranın fəaliyyəti müəyyən edilmədiyinə görə həmin müəssisə elmi müəssisə və təşkilat hesab edilmir. Bu səbəbdən sözügedən müəssisədəki əmək fəaliyyəti dövrünün təqaüdün təyin edilməsi üçün iş stajı kimi nəzərə alınması mümkün hesab edilmir. Ümumi sığorta stajı (14 il 3 ay) Fərmanla tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi Fərmanın tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Təhsil üzrə Dövlət Agentliyinin 03 fevral 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" QSC Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə daxil olan qurum deyil, həmçinin qeyd olunan müəssisənin elmi müəssisə və ya təşkilat hesab edilib-edilməməsinə dair Agentlikdə hər hansı bir məlumat yoxdur. - Azərbaycan Milli Elmlər Akademiyasının 25 aprel 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" QSC AMEA-nın strukturuna daxil deyldir və AMEA-da "xxxx" QSCnin hansı fəaliyyətlə məşğul olması barədə heç bir məlumat yoxdur. - "xxxx" QSC-nin 07 may 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Fiz-Riyz. Ph.Dr. İddiaçı cəmiyyətdə xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək Elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. Həmin dövrdə qeyri-büdcə təşkilat və müəssisələrdə Elmi fəaliyyətə qüvvədə olmuş AR Kontitusiyasının 51-ci maddəsi ilə Yaradıcılıq azadlığı kimi rəvac verilmiş və İİ bəndində “Dövlət elmi texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir”di. Elmi fəaliyyəti xüsusi olaraq tənzimləyən hər hansı bir qanun mövcud olmamışdır. Cəmiyyət elmi fəliyyəti Dövlət qeydiyyatına alınmış Nizamnaməsinə və sahibkarlıq fəaliyyətinə dair qanunvericilik aktlarına əsasən həyata keçirmişdir. Cəmiyyətn 2001-2006-cı illər ərzində yarımkeçirilən fizikası sahəsində elmi tədqiat istiqamətləri Yarımkeçirici cihazların fizikası sahəsində olmuşdur. Tədqiqatlara elmi rəhbərliyi bu sahədə yüksək təcrübəyə malik olduğundan bilavasitə İddiaçı rəhbərlik etmiş və tədqiqatın tətbiqi hissəsi İT Registr Xüsusi Konstruktor Bürosu ilə əməkdaşlıq şəraitində həyata keçirilmişdir. TƏTBİQ EDİLƏ HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar. 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. ... Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. ... Maddə 25. Sığorta stajının təsdiq edilməsi qaydası. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”. 3-cü bəndi: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. Azərbaycan Respublikası Əmək Məcəlləsi: ... Maddə 87. 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. 87.6. Xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və təsdiq edilir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 1999-cu il tarixli 122 saylı Fərmanı: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”: Bəbd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 30 dekabr 2020-ci il tarixli 1229 №li Fərmanı: - 1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi və onun aylıq məbləğinin elmlər doktoru elmi dərəcəsinə görə 300 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manat müəyyən olunması qərara alınmışdır.
2. Müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: ...... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
Məhkəmə işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının X5nda aldığı 5 il 6 ay təhsil dövrünün elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il çalışma müddətinə daxil edilib-edilməməsi, habelə Mübahisə İddiaçının 2000-2006-cı illərdə Elmi işlər üzrə direktor müavini çalışdığı "xxxx" QSC-nin, elmi müəssisə və təşkilat hesab edilib-edilməməsi ilə bağlıdır. İlk növbədə qeyd edilməlidir ki, təhsil dövrünün və özəl elmi müəssisə və ya təşkilatda çalışma dövrünün elmi müəssisə (təşkilatda) və ya təhsil müəssisəsində çalışma müddətinə daxil edilməsini birbaşa təsbit edən qanunvericilik aktı mövcud deyildir. Bu isə hüquq normasının tətbiqi ilə bağlı inzibati orqanın qiymətləndirmə azadlığının mövcudluğuna işarə edir və İPM-in 73.3.2-ci maddəsinə əsasən inzibati aktın qəbulu zamanı hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. İnzibati orqan olan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı isə iddiaçının təhsil müddətinin ümumi sığorta stajına daxil edilməsini qiymətləndirmə azadlığına uyğun olaraq təqaüdün təyin edilməsi üçün iş stajına nəzərə alınmasına aid olmadığı nəticəsinə gəlmişdir. Bu baxımdan iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçının 2000-2006-cı illərdə Elmi işlər üzrə direktor müavini çalışdığı "xxxx" QSC-də elmi müəssisə və təşkilat hesab edilmir. Belə ki, “Elm haqqında” Qanunun 10.4-cü maddəsinin 11-16-cı maddələri ilə əlaqəli mənasına görə 6 qurumu elmi müəssisə və təşkilatlara aid edir: (1) dövlət ali elmi təşkilatı; (2) Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən elmi tədqiqat institutu; (3) ali təhsil müəssisəsi nin elmi qurumları; (4) NK tərəfindən statusu verilən elmi mərkəz; (5) təcrübikonstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr; (6) qeyrikommersiya hüquqi şəxs olan ictimai birliklər və fond formasında təşkil edən elmi işçilərin ictimai qurumları. Qeyd edilənlərdən yalnız 5-ci Eksiton QSC-yə uyğun gələ bildiyindən QSC-nin həmin müəssisəyə uyğunluğu yoxlanmalıdır. Bunun üçün aşağıdakılar müəyyən edilməlidir: (1) QSC-nin məhsul nümunəsi və istehsal üçün zəruri olan texniki sənəd hazırlaması. (2) QSCnin nizamnaməsində elmi və ya elmi-texniki şura və onun təşkili qaydalarının olması, (3) nizamnamədə ali idarəetmə orqanının elmi şurası kimi nəzərdə tutulması. Həmin əlamətlərə uyğun gəlməyən QSC “Elm haqqında” Qanunun məqsədləri baxımından elmi müəssisə və təşkilat sayıla bilməz. "xxxx" QSC də təsvir edilən əlamətlərə uyğun gəlmədiyindən elmi müəssisə və təşkilat sayıla bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı “Elm haqqında” Qanun qüvvəyə minməmişdən (xx.xx.2016-ci il tarixdən) əvvəl "xxxx" QSC-də çalışsa da, hazırki halda “Elm haqqında” Qanunun yuxarıda təsvir edilən müddəaları şərhedici norma qismində çıxış etdiyindən onun hüquqi qüvvəsi geriyə təsir edə və həmin müddəalara uyğun qiymətləndirmə aparıla bilər. Belə ki, Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2025-ci il tarixli 2-1(102)-120/2025 nömrəli qərarında şərhedici normanın zamana görə tətbiqi barədə belə bir hüquqi mövqe formalaşdırmışdır ki, şərhedici normanın zamana görə tətbiqi ilə yeni hüquq normasının zamana görə tətbiqi fərqlənir. Şərhedici normalar izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiq edilir. Başqa sözlə, təbii olaraq “geriyə” tətbiq ediləndir. Yeni hüquq normaları isə şəxsin hüquqi vəziyyətini ağırlaşdırdıqda geriyə şamil edilə bilmir, amma şəxsin hüquqi vəziyyətini yüngülləşdirdikdə qüvvəsi geriyə şamil edilə bilər. İcraedici və ya qanunverici orqan tərəfindən normativ hüquqi aktın və ya onun müəyyən müddəalarının şərhedici xarakterli normalar kimi qanunvericiliyə daxil edilməsi, həmin normaların məhkəmə tərəfindən müstəqil şəkildə şərhedici norma, yaxud yeni norma kimi qiymətləndərilməsinə mane olmur. Bu baxımdan iddiaçının "xxxx" QSC-də çalışma müddəti onun elmi müəssisədə (təşkilatda) çalışma dövrü kimi qiymətləndirilə bilməz. Odur ki, aparılmış qiymətləndirmənin nəticəsi olaraq iddia təmin olunmamalıdır.
NƏTİCƏ HİSSƏSİ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev